Məhkəmə qərarları › İş №1(005)-285/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-285/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-285/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq, daşımış və 03 may 2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanın qarşısında DİN-nin ƏÇPA 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmiş, polis bölməsində video çəkiliş vasitəsi ilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,460 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatdadır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Təxminən bir ilə yaxındır narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər də bir neçə dəfə almış olduğu, hazırda xatırlamadığı “İnstagram” sosial şəbəkədə yerləşdirilmiş Türkiyə Respublikasına məxsus mobil nömrə istifadə edən, adını bilmədiyi və tanımadığı şəxsdən 03 may 2021-ci il tarixdə səhər saatlarında 01 ədəd bükümdə narkotik vasitə göndərilməsini xahiş etmişdir. Həmin şəxs də bir büküm üçün 20 manat göndərməyini, həmin pulu isə ödəmə terminalı vasitəsilə onun kart hesabına köçürülməsini dedikdən sonra yaşadığı ünvana yaxın yerdə ödəmə terminalı vasitəsi ilə “Whatsapp” vasitəsilə ona göndərilən “KapitalBank”a məxsus, hazırda xatırlamadığı şəxsin hesabına 20 manat ödəniş etmişdir. Bundan sonra ona bildirilmişdir ki, narkotik vasitəni ünvan 2 ünvanında yerləşən binanın girişindən götürsün. O, 03.05.2021-ci il tarixdə saat 08 radələrində qeyd edilən yerdən narkotik vasitəni götürüb cibinə qoyub üzərində saxlayaraq piyada gedərkən, ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu sorğu sual etdikdə o, üzərində narkotik vasitə olduğundan həyəcanlanmış və bu səbəbdən polis əməkdaşları hərəkətlərindən şübhələnərək onu Nərimanov RPİ-nin 16-cı PB-yə dəvət etmişlər. Polis Bölməsində olan video çəkilişlə onun üzərinə baxış keçrilmiş və ondan üzərindəki əşyaları təqdim etməsi xahiş edilmişdir. Bu zaman o, əynindəki şalvarının cibindən narkotik vasitə heroini təqdim etmiş və həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın PB-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 03 may 2021-ci il tarixdə saat 08:00 radələrində post yoldaşı, polis nəfəri Şahid2la xidmət aparan zaman ünvan 3 ünvanda yerləşən binanın qarşısında bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından və qaçdığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratı yaratdığından onun yayınaraq getməsinə imkan verməyib, onu Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-yə dəvət etmişlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-yə gəlmişdir. Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması bölmənin təhqiqatçısı Novruz Novruzova həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs xidməti otağa aparmışlar. Daha sonra təhqiqatçının dəvəti ilə bölməyə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü təqdim etmiş və həmin təqdim edilmiş bükümün içərisinə təhqiqatçı tərəfindən baxılarkən müəyyən edilmişdir ki, həmin bükümün içərisində spesifik qoxuya malik tozşəkilli maddə vardır. Həmin vaxt bükümdə olan maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulanda, o, bükümün içərisində olan maddənin narkotik vasitə olduğunu bildirib onu 03 may 2021-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 20 manata ödəmə terminalı vasitəsilə özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş, həmin narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın PB-nin polis nəfəri Şahid2 və Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 may 2021-ci il tarixli protokoldan görünür ki, 03.05.2021-ci il tarixdə saat 08:00 radələrində ƏÇPA-nın 1ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Nərimanov rayonu, Azadlıq prospekti 146 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 08:30 radələrində şübhəli şəxs qismində 16-cı PB-yə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri Şahid1, Şahid2 və Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins parçadan olan şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 03.05.2021-ci il tarixdə səhər saatlarında əvvəllər də alqı-satqı etdiyi Türkiyə Respublikasına məxsus mobil nömrə istifadəçisi olan, adını bilmədiyi şəxsdən 20 manata almış və həmin pulu yaşadığı ünvanın yaxınlığında ödəmə terminalı vasitəsi ilə onun hesabına göndərmişdir. Həmin şəxs ona bildirmişdir ki, göndərdiyi narkotik vasitəni saat 08 radələrində ünvan 2 ünvanın girişindən götürsün. O, həmin narkotik maddəni binanın girişindən götürərək əynindəki mavi rəngli şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxlamışdır. 03.05.2021-ci il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti 146 saylı ünvanın qarşısı ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2021-ci il tarixli, 6/1779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində sellofan bükümdə təmiz çəkisi 0,460 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; “Diskə baxış keçirilməsi barədə” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin ilkin mərhələsində 03 may 2021-ci il tarixdə, saat 08 radələrində Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 03 may 2021-ci il tarixdə protokola əlavə edilmiş 1 ədəd diskin baxışı aparılmışdır. Baxış zamanı aydın olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki göy rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs üzərində daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılan zaman digər əşya və ya şübhəli maddə aşkarlanmır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 0,460 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq çəkisi 0,410 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir; “Maddi sübut kimi tanınma haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 06 may 2021-ci il tarixli, 1403 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,460 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə saat 08:30 radələrində saxlanılmış və onun barəsində 04 may 2021-ci il tarixdə “polisin nəzrəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 04 may 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0,410 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar