Məhkəmə qərarları › İş №1(005)-285/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-285/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-285/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1991 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, 19.11.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə saat 15:56-da ünvan 2 ünvanında yerləşən «Ailə Market»in içərisində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, heç bir səbəb olmadan mağazanın icarədarı Zərərçəkmiş şəxs yaxınlaşaraq əvvəlcə bir neçə dəfə yumruqla onun üz və çiyin nahiyəsindən vurmuş, daha sonra cibində saxlayaraq özü ilə gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanan tipli zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı cib bıçağını çıxarıb onun burun nahiyəsinin sağ yan tərəfindən və başının təpə hissəsindən vuraraq, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin və burun çəpərinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müdddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol almacıq nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ayrı ayrılıqda təmiz çəkiləri 0,170 qram və 0,423 qram olan iki bükümdə təmiz çəkisi 0,593 qram heroini və bir bükümdə təmiz çəkisi 0,228 qram olan psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış və 04 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verildikdən sonra, 05 yanvar 2022-ci il tarixdə saat 00:30-da orada MSY-nin əməkdaşları tərəfindən «Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 63 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən qeyd olunmuş çəkidə iki büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs təxminən 7-8 aydır tanımış, Orxan Ağdamlı olmaqla Bakı şəhəri, Yasamal rayonunda yaşamış, lakin onun yaşadığı məhlənin yaxınlığındakı ünvan 3 ünvanında yerləşən «Ailə Market» mağazasını icarəyə götürüb işlətmiş, həmin marketdən gündəlik alış-veriş etdiyi üçün Zərərçəkmiş şəxs ilə münasibəti yaranmış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 04 yanvar 2022-ci il tarixdə saat 15:56-da Orxanın icarəyə götürüb işlətdiyi «Ailə Market»ə daxil olarkən onunla salamlaşmış, lakin Orxanın onunla görüşməsi xoşuna gəlməmiş, belə ki, Orxan onunla yaxşı danışmamış, bu zamanı Orxanın ona yuxarıdan aşağı baxmasını, yəni özünü ondan üstün tutmasını fikirləşmiş, bu isə ona pis təsir etmiş, sonra çölə çıxmış və təxminən 1-2 dəqiqə sonra mağazaya qayıtmış, həmin vaxt Orxan mağazanın qarşısında saxladığı özünə məxsus «VAZ-2106» markalı avtomobilin içində oturub telefonuna baxmış, mağazaya daxil olduqda cibində saxlayıb gəzdirdiyi dəstəyi qara rəngli, düyməli bıçağı çıxartmış, məqsədi Orxanı başa salıb onu cəzalandırmaq olmuşdur ki, heç kimə yuxarıdan aşağı baxmasın, bu məqsədlə Orxana yüngül xəsarət yetirmək istəmiş, Orxanın mağazaya girdiyini görüb əvvəlcə yumruqla onun üzündən və qolundan vurmuş, sonra isə bıçağı onun burun nahiyyəsinə atıb yüngül cızmış, həmin vaxt Orxan aşağı əyildikdə təpə nahiyəsindən də bıçaqla vurub yüngül xəsarət yetirmiş, bu zaman mağazada olan Orxanın qardaşı onlara yaxınlaşıb onu kənara çəkmiş və Orxanın xəsarət aldığını görərək onu maşına otuzdurub xəstəxanaya aparmış, bu zaman hadisə yerini tərk etməyərək mağazanın qarşısında dayanıb gözləmiş, az sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları gəlib onu mağazanın qarşısından götürüb şöbəyə aparmışlar. Orada törətdiyi cinayət əməlini etiraf etmiş və Orxana xəsarət yetirdiyi dəstəyi qara rəngli, düyməli bıçağı polis əməkdaşlarına təhvil vermiş, sonra bu barədə protokol tərtib edilmişdir. Orxanı vurub xəsarət yetirməsi mağazanın içində olmaqla təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, mağazada yalnız Orxan və onun qardaşı Kənan olmuş, həmin vaxt Orxanın qardaşı Kənana xəsarət yetirməmişdir. mağazaya girən zaman Orxanın onunla salamlaşmağı xoşuna gəlməmiş, Orxanı öldürmək məqsədi və niyyəti olmamış, sadəcə onu cəzalandırmaq istəmiş, Orxan aşağı əyildiyinə görə təsadüf başından vurmuş, daha doğrusu yüngül xəsarət yetirmək istəmişdir. Bundan başqa o, göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməli ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli bilinərək Nərimanov RPİ-nin MSYyə təhvil verildikdə orada MSY-nin əməkdaşları tərəfindən üzərinə şəxsi baxış keçirilmiş və həmin vaxt könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxlayıb özü ilə gəzdirdiyi içərisində kakos adı ilə tanıdığı narkotik vasitə və şüşə adı ilə tanıdığı psixotrop maddə olan ağ rəngli kağız parçasını bükülmüş cəmi 3 (üç) ədəd bükülünü çıxarıb onlara təqdim etmiş, sonra polis əməkdaşları təqdim etdiyi bükülüləri qablaşdıraraq bu barədə protokol tərtib etmiş, həmin protokol ucadan oxunaraq düzgün olması imzalarla təsdiq edilmiş, Nərimanov RPİ-nin MSY-də üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin sol iç cibindən aşkar olunaraq götürülmüş iki büküm narkotik vasitə olan heroini və bir büküm psixotrop maddə olan metamfetmini təxminən bir ay əvvəl şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almış, ancaq hansı məbləğdə pul verməsi yadında qalmamış, həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş, bir hissəsini isə öz istifadəsi üçün üzərində saxalayıb gəzdirmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, üstündən aşkar olunub götürülmüş narkotik vasitəni satmaq istəməmiş, hissə-hissə istifadə etməsi bir neçə büküm narkotik vasitə almış, narkotik vasitə almağın necə təhlükəli olduğunu bildiyi üçün bir neçə bükümü bir dəfəyə almış və həmin narkotik vasitəni bir müddət istifadə etmək istəmiş, tutulanadək aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş, bir hissəsini isə istifadəsi üçün üstündə saxlayıb gəzdirmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən 7-8 aydır ünvan 2 ünvanında yerləşən «Ailə Market» mağazasını icarəyə götürüb işlədir. 04 yanvar 2022-ci il tarixdə saat 15:56da icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən «Ailə Market»in qarşısında özünə məxsus VAZ 2106 markalı avtomobilin içində oturub telefonuna baxan zaman mağazanın yaxınlığında yaşayan Təqsirləndirilən şəxs mağazaya girdiyini görüb arxasınca getmiş və mağazada ona yaxınlaşaraq nəsə lazım olub-olmadığını soruşmuş, həmin vaxt Sabir heç nə istəmədiyini bildirərək çölə çıxmış, sonra maşına qayıtmış, bu zaman Bakı şəhərində qonaq olan böyük qardaşı Şahid1 mağazanın içində olmuş, maşında oturan zaman müştəri kimi tanıdığı və heç bir ədavəti olmayan Təqsirləndirilən şəxs cibindən dəstəyi qara rəngli düyməli bıçağı çıxararaq açmasını və əlində tutub yenidən mağazaya daxil olmasını görmüş, qardaşı Kənan mağazada olduğuna görə narahat olaraq yenidən Sabirin arxası ilə mağazaya daxil olmuş və bu dəfə də ondan «Sabir sənə nəsə lazımdır qulluğundayam» deyib ona yaxınlaşmış, bu zaman gözləmədiyi halda Sabir yumruqla sağ və sol gözünün altından, sol çiynindən vurmuşdur. Sonra isə bıçağı üzünə tərəf atmış, həmin vaxt bıçaq burun nahiyəsinin sağ yan tərəfindən dəyərək kəsmiş və zərbədən aşağı əyilmiş, bu zaman Sabir ikinci bıçaq zərbəsini başının təpə hissəsindən vurmuş və bıçaq başını kəsdiyindən qan açılmış, bunu görən qardaşı Kənan araya girərək Sabiri ondan aralayıb kənara çəkmiş və burnundan, başından qan gəldiyi üçün onu maşına mindirib 5 saylı Xəstəxanaya aparmışdır. Orada ilkin tibbi yardım göstərilərək burnuna və başına tikiş qoyulmuş, sonra isə evə buraxılmış, hazırda özünü normal hiss edir. Sabirin bu hərəkətləri mağazanın içində olmaqla təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, mağazada isə yalnız qardaşı Kənan olmuş, müştəri kimi tanıdığı və heç bir ədavəti olmayan Sabirin səbəbsiz yerə onu vurmasını hələ də başa düşə bilməmiş, çünki aralarında heç bir söz-söhbət olmamış və Sabir mağazaya girdikdə onunla kobud davranmamış, əksinə mehriban şəkildə Sabirə «sənə nə qulluq edim» demiş, həmin vaxt Sabir qardaşı Şahid1 xəsarət yetirməmiş, eləcə də mübahisə zamanı Sabirə əl qaldırmamışdır. İcarədarı olduğu ünvan 2 ünvanında yerləşən «Ailə Market»in içində və qarşısında müşahidə kamerası olmamış, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk etməmiş və ona heç bir yardım göstərməmiş, maşına oturub qardaşı Kənanla birlikdə xəstəxanaya gedənə qədər Təqsirləndirilən şəxs mağazanın qarşısında dayanıb onlara baxmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs kiçik qardaşıdır və subaydır, Orxan 2021-ci ilin fevral ayından əmisi Araz Əliyevin evində yaşamış və təxminən 7-8 aydır ünvan 2 ünvanında yerləşən «Ailə Market» mağazasını icarəyə götürüb işlədir. O, 02 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə əmisinin yaşadığı ünvana qonaq gəlmişdir. 04 yanvar 2022-ci il tarixdə səhər saat 09 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə onun icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən «Ailə Market»ə getmiş, həmin günü saat 15:56-da mağazanın içində piştaxtanın arxasında olan zaman əvvəllər tanımadığı, mağazanın yaxınlığında yaşayan, sonradan adını bildiyi Sabir adlı şəxs mağazaya daxil olmuş, həmin vaxt qardaşı Orxan mağazanın qarşısında olan özünə məxsus «VAZ 2106» markalı avtomobilin içində olmuş və Sabirin mağazaya girdiyini görərək onun arxası ilə mağazaya gəlmiş, sonra Sabirə yaxınlaşıb ona nəsə lazım olub-olmadığını soruşmuş, həmin vaxt Sabir heç nə istəmədiyini bildirib mağazadan bir şey almadan çölə çıxmışdır. Orxan da onun arxasınca çölə çıxmış və maşında oturmuş, bundan təxminən 2-3 dəqiqə sonra Sabir adlı şəxs yenidən mağazaya daxil olmuş və cibindən dəstəyi qara rəngli düyməli bıçağı çıxararaq əlində saxlamış, bunu görən Orxan yenə də onun arxasınca mağazaya qayıtmış və bu dəfə də Sabirdən «sənə nəsə lazımdır, qulluğundayam» deyib ona yaxınlaşmış, bu zaman Sabir heç bir söz demədən yumruqla Orxanın sağ və sol gözünün altından, sol çiynindən vurmuş, sonra bıçağı Orxanın üzünə tərəf atmış, həmin vaxt bıçaq Orxanın burun nahiyəsinin sağ yan tərəfindən dəyib kəsmiş, Orxan əli ilə üzünü tutub aşağı əyildikdə isə Sabir ikinci bıçaq zərbəsini onun başının təpə hissəsindən vurmuş, həmin zərbədən Orxanın başından qan açılmış, bunu gördükdə onlara yaxınlaşaraq Sabirin qolundan dartıb Orxandan aralamış, sonra isə Orxanın burnundan və başından qan gəldiyini görüb onu maşına mindirmiş və 5 saylı Xəstəxanaya aparmışdır.Xəstəxənada Orxana ilkin tibbi yardım göstərilərək burnuna və başına tikiş qoyulub evə buraxılmış, hazırda qardaşı Zərərçəkmiş şəxs özünü normal hiss etmişdir. Sabirin bu hərəkətləri mağazanın içində olmaqla təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, mağazada isə qardaşı Orxan və Sabir olmuş, qardaşı Orxan onu bıçaqla vuran Sabiri mağazanın müştərisi kimi tanımış, bildiyi qədər aralarında ədavət və düşmənçilik olmamış, Sabir səbəbsiz yerə qardaşı Orxanı vurmuş, çünki həmin vaxt və ya əvvəllər onların aralarında heç bir söz-söhbət olmamış, hadisə günü Sabir mağazaya girdikdə isə onunla kobud davranılmamış, əksinə Orxan mehriban şəkildə Sabirə «sənə nə qulluq edim» demişdir. Hadisə zamanı onun və qardaşı Orxanın tərəfindən Sabirə xəsarət yetirilməmiş, həmin vaxt onların mübahisələrinə müdaxilə etməmiş, sadəcə Sabirin qardaşı Orxanı bıçaqla vurmasını gördükdə onların arasına girib ayırmış və Orxanı Sabirin əlindən almış, ancaq Sabirə əl qaldırmamışdır.Hadisədən sonra qardaşı Zərərçəkmiş şəxs Sabirin onu nə üçün bıçaqla vurmasını soruşduqda o, bunun səbəbini bilmədiyini demiş, qardaşı Orxanın icarəyə götürüb işlətdiyi «Ailə Market» mağazasının içində və qarşısında müşahidə kamerası olmamış, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk etməmiş və Orxana heç bir yardım göstərməmişdır. Orxanı maşına mindirib xəstəxanaya apararkən Sabir mağazanın qarşısında dayanıb onlara baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri-növbətçisi Şahid2 ifadəsində göstərmişdir ki, 04 yanvar 2022-ci il tarixdə saat 09.00-dan, 05 yanvar 2022-ci il tarixdə saat 09.00-a kimi növbədə olmuş, 05 yanvar 2022-ci il tarixdə saat 00:30da xidməti iş yerimdə olarkən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmiş 20 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs üzərinə «Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 63 nömrəli qərarına əsasən, həmin günü onunla xidmətdə olan, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 və Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2 iştirakı ilə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən üç ədəd ağ kağıza bükülü vəziyyətdə bükümlər, on bir manat pul, ağ metal rəngli bir ədəd boyunbağı, bir ədəd qara rəngli kəmər və bir ədəd «Umico» bonus kartı aşkar edilərək götürülmüş, sonra tərəfindən Təqsirləndirilən şəxs sual edilərək gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüş, üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlərin içərisindəki maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs vəkil İlham Məmmədovun iştirakı ilə həmin bükümlərin 01 ədədi psixotrop maddə olan metamfetamin, 02 ədədi isə narkotik vasitə olan heroin olmasını, həmin maddələri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını, qiymətinin yadında qalmadığını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, baxış zamanı aşkar olunub götürülmüş həmin üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlər tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs, vəkil X6 və Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən imzalanmış və bu barədə tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2016-cı ildən isə Bakı şəhər, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri vəzifəsində xidmət göstərir, hazırda polis baş serjantı rütbəsindədir. 04 yanvar 2022-ci il tarixdə saat 09.00dan, 05 yanvar 2022-ci il tarixdə saat 09.00-a kimi növbədə olmuş, 05 yanvar 2022-ci il tarixdə saat 00:30-da xidməti iş yerimdə olarkən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Təqsirləndirilən şəxs üzərinə «Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 63 nömrəli qərarına əsasən, həmin günü onunla xidmətdə olan, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, Şahid2 və Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2 iştirakı ilə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən üç ədəd ağ kağıza bükülü vəziyyətdə bükümlər, on bir manat pul, ağ metal rəngli bir ədəd boyunbağı, bir ədəd qara rəngli kəmər və bir ədəd «Umico» bonus kartı aşkar edilərək götürülmüş, sonra tərəfindən Təqsirləndirilən şəxs sual edilərək gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüş, üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlərin içərisindəki maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs vəkil İlham Məmmədovun iştirakı ilə həmin bükümlərin 01 ədədi psixotrop maddə olan metamfetamin, 02 ədədi isə narkotik vasitə olan heroin olmasını, həmin maddələri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını, qiymətinin yadında qalmadığını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, baxış zamanı aşkar olunub götürülmüş həmin üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlər tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək imzalanmış və bu barədə tərəfindən müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskin görüntülərinə baxış keçirilməsi barədə” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 05 yanvar 2022-ci il tarixdə saat 00:30-da qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin MSY-də yerləşən xidməti otaqdır. Videogörüntüdən görünür ki, oradakı şəxslər Nərimanov RPİ-nin MSY-nin polis nəfəri-növbətçisi, polis baş serjantı Şahid2, onun sağ tərəfində dayanmış şəxs Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3, qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs yanındakı şəxs isə müdafiəçisi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X3r. Görüntünün sonunda Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X2 iştirakı baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən üç ədəd ağ kağıza bükülü vəziyyətdə bükümlər aşkar edilib masanın üzərinə qoyulur. Sonra Nərimanov RPİnin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi davam etdirilərək ondan on bir manat pul, ağ metal rəngli bir ədəd boyunbağı, bir ədəd qara rəngli kəmər və bir ədəd «Umico» bonus kartı aşkar edilərək masanın üzərinə qoyulur. Daha sonra Nərimanov RPİ-nin MSY-nin polis nəfəri-növbətçisi, polis baş serjantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən aşkar edilərək götürülmüş, üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlərin içərisindəki maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs müdafiəçisi İlham Məmmədovun iştirakı ilə bildirir ki, həmin bükümlərin 01 ədədi psixotrop maddə olan metamfetamin, 02 ədədi isə narkotik vasitə olan heroindir, həmin maddələri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır və qiyməti yadında deyildir. Daha sonra baxış zamanı aşkar olunub götürülmüş həmin üç ədəd ağ kağıza bükülü vəziyyətdə olan bükümlər kağız zərlə qoyularaq qablaşdırılır və möhürlənir, həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi X6, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri-növbətçisi, polis baş serjantı Şahid2 və Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən imzalanır, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülmüş on bir manat pul, ağ metal rəngli bir ədəd boyunbağı, bir ədəd qara rəngli kəmər və bir ədəd «Umico» bonus kartı isə Nərimanov RPİ-nin MSY-nin saxlancına verilməsi üçün götürülür. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022ci il tarixli, 6/20 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zorfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,593 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,170 qr və 0,423 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,228 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 0,593 qram, tədqiqata sərf edildi: ümumi 0,01 qr, qalıq 0,493 qr, metamfetaninin təmiz çəkisi: 0,228 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq 0,178 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 4(005)-10/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X5 Hüquqi Şəxsin 29 yanvar 2022-ci il tarixli, 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 yanvar 2022-ci il tarixli, 352 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X4 X9 Nərimanov rayon şöbəsinin 21 yanvar 2022-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində ənsə nahiyəsinin və burun çəpərinin kəsilmiş yaraları, sol almacıq nahiyəsinin qançırı kimi xəsarətlər aşkar edilmiş, ənsə və burun çəpərinin kəsilmiş yaraları iti kənarlı alətin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol almacıq nahiyəsinin qançırı isə küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir, müddətləri qərarda göstərilən 04.01.2022-ci il tarixə uyğun gəlir, aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə yetirmə nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X4 X9 09 fevral 2022-ci il tarixli, 38/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələrdə qan aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X4 X9 22 fevral 2022-ci il tarixli, 34-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, təqdim olunmuş qatlanan tipli bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparılmış və müəyyən edilmişdir ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir, təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. 13.03.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərara əsasən Cinayət işi üzrə 05 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nin MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ondan aşkar edilərək götürülmüş iki bükümdə ümumi təmiz çəkisi 0,593 qram naroktik vasitə olan heroin və bir büküm 0,228 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,493 qram çəkidə narkotik vasitə olan heroin və 0,178 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş, 04 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞdə Təqsirləndirilən şəxs təqdim etdiyi soyuq silah hesab edilməyən, qatlanan tipli, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı cib bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş, Baxış keçirilməsi və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış 25 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 09.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzası təyin edilmiş, AR Milli Məclisin 20.05.2016-cı il tarixli qərarının 1.5 bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021 -ci il tarixli, 1 (060)-429/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə onun əməlində cinayətlərin residivi olması müəyyən edilməmişdir. Bakı şəhər Probasiya İdarəsinin 11.05.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 19.11.2021 -ci il tarixli, 1 (060)-429/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə qeydiyyata düşməmiş, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmiş, çəkilməmiş cəzası 01 il 11 ay 14 gün təşkil edir. Məhkum barəsində axtarış elan edilməsi haqqında 06.04.2022-ci il tarixli qərar Nərimanov RPİ-nə, tutulması barədə 06.04.2022-ci il tarixli vəsatət Nərimanov Rayon Prokurorluguna göndərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin və İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarlar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,228 qram, heroinin təmiz çəkisi isə 0,593 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin və heroinin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021 -ci il tarixli, 1 (060)-429/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin maddələtin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza müəyyən edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021 -ci il tarixli, 1(060)-429/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 il 11 ay 14 gün = 11 ay 22 gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli (CM-67.1), cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - psixotrop maddə metamfetaminin və heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş cib bıçağı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatı üçün cəmi 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 221.3 maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsinə əsasən 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021 -ci il tarixli, 1 (060)-429/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (11 ay 22 gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və üzərində qəti olaraq ona 5 (beş) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,493 qram heroin və 0,178 rqam psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Nərimanov RPİ-nin saxlancına verilmiş cib bıçağı məhv edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 14 (on dörd) iş saatı üçün cəmi 84 (səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar