Məhkəmə qərarları › İş №1(005)-285/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-285/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-285/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi «A.İ.M» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1979-cu ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Qazax rayonu, Daş Salahh Ərazi Dairəsi, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və zərərçəkmiş şəxsin rəsmi sənədlərini şəxsi niyyətlə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında Smart avtobus dayanacağında dayanan X5 əlində istifadə etdiyi “İphone14 Pro Max” markalı mobil telefonu görüb sonuncuya birlikdə çay içməyi təklif etmiş və bu bəhanə ilə Yaşar Mamedovu ünvan 4 ünvanın qarşısına apararaq, həmin ərazidə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Yaşar Mamedova yaxınlaşıb qolunu tutaraq ona həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, Yaşar Mamedovun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd 3000 manat dəyərində «İphone 14 Pro Мах» markalı mobil telefonu, qara rəngli gödəkçənin iç cibindən həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 340 manata bərabər 200 ABŞ dolları məbləğində pulu, həmçinin sonuncuya məxsus xx.xx.2019-cu ildə verilmiş, C03109989 nömrəli ümummilli pasportunu, AZE №******** nömrəli şəxsiyyət vəsiqəsini, Rusiya Federasiyası tərəfindən verilmiş pasportu və digər rəsmi sənəd olan xx.xx.2019-cu il tarixdə verilmiş, “ВC” kateqoriyalı, xx.xx.2029-cu il tarixədək müddəti olan AC 922319 nömrəli sürücülük vəsiqəsini götürdükdən sonra dərhal qaçıb hadisə yerindən uzaqlaşaraq, zərərçəkmiş şəxs Yaşar Mamedova ümumilikdə 3340 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmiş və zərərçəkmiş şəxs Yaşar Mamedova məxsus rəsmi sənədləri şəxsi niyyətlə talamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və zərərçəkmiş şəxsin rəsmi sənədlərini şəxsi niyyətlə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında Smart avtobus dayanacağında dayanan X5 əlində istifadə etdiyi “İphone” markalı, “14 Pro Max” modelli mobil telefonu görüb sonuncuya birlikdə çay içməyi təklif etmiş və bu bəhanə ilə Yaşar Mamedovu ünvan 4 ünvanın qarşısına apararaq, həmin ərazidə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Yaşar Mamedova yaxınlaşıb qolunu tutaraq ona həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, Yaşar Mamedovun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd 3000 manat dəyərində «İphone 14 Pro Мах» modelli mobil telefonu, qara rəngli gödəkçənin iç cibindən həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 340 manata bərabər 200 ABŞ dolları məbləğində pulu, həmçinin sonuncuya məxsus xx.xx.2019-cu ildə verilmiş, C03109989 nömrəli ümummilli pasportunu, AZE №******** nömrəli şəxsiyyət vəsiqəsini, Rusiya Federasiyası tərəfindən verilmiş pasportu və digər rəsmi sənəd olan xx.xx.2019-cu il tarixdə verilmiş, “ВC” kateqoriyalı, xx.xx.2029-cu il tarixədək müddəti olan AC 922319 nömrəli sürücülük vəsiqəsini götürdükdən sonra dərhal qaçıb hadisə yerindən uzaqlaşaraq, zərərçəkmiş şəxs Yaşar Mamedova ümumilikdə 3340 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmiş və zərərçəkmiş şəxs Yaşar Mamedova məxsus rəsmi sənədləri şəxsi niyyətlə talamışdır. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 180.2.1, 180.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki , tanıyır və Rusiya Federasiyasında birgə cinayət törətdiklərinə görə 18 il müddətə azadlıqdan məhrum edilmişlər. X6 2023-cü ilin yanvar ayının axırları təsadüfən tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmayıb və yoxdur. Yaşarla ilk dəfə 26 yanvar 2023-cü il tarixdə Gənclik Mall adlanan ticarət mərkəzinin qarşı tərəfində yerləşən avtobus dayanacağında rastlaşmışdır. Həmin vaxt Yaşarın ona məlum olmayan səbəbdən ona baxması diqqətini cəlb etmişdir. O da qarşılıqlı sonuncuya baxıb nə istədiyini bilmək istəmiş, lakin həmin vaxt Yaşar nəsə deməmiş və o da sonuncudan nəsə soruşmamış aralarında hər hansı danışıq olmamışdır. Həmin günün sabahı, yəni 27 yanvar 2023-cü il tarixdə saat təxminən 21 radələrində tanışı Pavellə birlikdə Gənclik Metrostansiyasının yaxınlığında olmuşdur. Həmin gün saat təxminən 22 radələrində Gənclik Mall adlanan Ticarət mərkəzinin qarşı tərəfində avtobus dayanacağına gəldikdə Yaşarın orada olduğunu görmüş, həmin vaxt Yaşar onlara yaxınlaşıb soruşmuşdur ki, “siz Rusiya Federasiyasından gəlmisiniz”. O da cavab olaraq uzun müddət Rusiya Federasiyasında yaşadıqlarını bildirmişdir. Yaşar bildirmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışdır, onun və tanışı Pavelin görünüşündən Rusiyada yaşadıqlarını anlayıb soruşub dəqiqləşdirmək üçün onlara yaxınlaşmışdır. Onunla bir az danışdıqdan sonra o, Yaşara birlikdə hansısa yeməkxanaya gedib çörək yemələrini təklif etmişdir. Aralarında razılıq olduqdan sonra o, tanışı Pavel və Yaşarla birlikdə saat təxminən 22 radələrində həmin yerdən şəhər daxili hərəkət edən nömrəsinə diqqət yetirmədiyi avtobusa əyləşib yemək üçün Keşlə bazarının yaxınlığına gəlmişlər. Həmin yerdə olan yeməkxanalardan birinin bağlı olduğunu görüb sonra piyada digər yeməkxanaya getmək üçün binaların qarşı tərəfi ilə hərəkət etmişlər. Yolda gedərkən diqqət yetirmişdir ki, Yaşarın istifadəsində «İphone 14 Pro Max» markalı mobil telefon vardır. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, yol üstü Yaşan qucaqlayıb telefon aparatını cibindən çıxardıb əlindən alıb ələ keçirdikdən sonra həmin yerdən aralaşsın və sonra telefonu sataraq əldə eldiyi pulları şəxsi tələbatları üçün xərcləsin. Həmin vaxt niyyəti qeyd olunan cinayəti tək törətmək olduğundan bu barədə yanlarında olan tanışı Pavelə nəsə deməmiş, yolda piyada gedərkən tanışı Pavelin istifadəsində olan mobil telefona zəng gəlmiş və o, onlardan xeyli məsafəyə aralaşaraq piyada qarşıda gedib telefonla danışmışdır. Tanışı Pavelin başının qarışıq olmasını görüb düşünmüşdür ki, yanlarında gedən Yaşarı qucaqlayıb cibindən telefon aparatını götürüb əlindən aldıqdan sonra ondan aralaşsın. Buna görə ünvan 5 ünvana çatdıqda yanında olan Yaşarı dayandırıb onu qucaqlayaraq əllərini hərəkətsiz vəziyyətə salıb şalvarının cibində olan mobil telefonu götürmüşdür. Sonra ona olduğu yerdə qalmasını deyərək ondan aralaşmağa başlamışdır. Həmin vaxt Yaşar arxasınca qışqıraraq onun şalvarının cibindən götürdüyü mobil telefonu qaytarmağı desə də ona əhəmiyyət vermədən həmin yerdən aralaşıb onlardan öndə hərəkət edərək telefonla danışan tanışı Pavelə yaxınlaşmışdır. Yaşarın mobil telefonunu götürən zaman tanışı Pavel onlardan xeyli irəlidə hərəkət edib telefon danışığına başı qarışdığı üçün onun Yaşarın cibindən mobil telefonu götürməsini görməmişdir. O, bunu bildiyi üçün Pavelə yaxınlaşdıqda ona Yaşara qarşı törətdiyi hadisə barədə nəsə deməmiş və ona həmin yerdən aralaşıb yaşadıqları evə getməyi bildirmişdir. Onlar birlikdə həmin yerdən aralaşdıqdan sonra Pavellə görüşüb yaşadığı evə getmiş, tanışı Pavel isə öz yaşadığı evə getmişdir. Həmin günün sabahı Yaşarın mobil telefonunu satıb pul əldə etmək məqsədilə tək ünvan 6 ünvanda yerləşən «Lombard Tellecom» adlanan lombarda gəlmiş və həmin telefonu lombarda qoyaraq oradan 1800 manat götürmüşdür. 15 mart 2023-cü il tarixdə tanışı Pavellə görüşüb şəhərdə olarkən polis əməkdaşları onları saxlayıb polis idarəsinə aparmışlar. İdarədə olarkən Yaşarın onlardan şikayətçi olduğunu bilmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki , tanıyır və Rusiya Federasiyasında birgə cinayət törətdiklərinə görə 18 il müddətə azadlıqdan məhrum edilmişlər. X6 2023-cü ilin yanvar ayının axırları təsadüfən tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmayıb və yoxdur. Belə ki, 27 yanvar 2023-cü il tarixdə saat təxminən 21 radələrində tanışı Fuadla birlikdə Gənclik Metrostansiyasının yaxınlığında görüşüb həmin ətrafda gəzmiş, həmin gün saat təxminən 22 radələrində «Gənclik Mall» adlanan Ticarət mərkəzinin qarşı tərəfində avtobus dayanacağına gəldikdə Yaşarın orada olduğunu görmüşlər. Həmin vaxt Yaşar onlara yaxınlaşıb soruşmuşdur ki, “siz Rusiya Federasiyasından gəlmisiniz”. Onlar isə sonuncuya cavab olaraq “uzun müddət Rusiya Federasiyasinda yaşamışıq” demişlər. Yaşar da onlara bildirmişdir ki, uzun müddət Rusiya Federasiyasında yaşamışdır, onun və tanışı Fuadın görünüşündən Rusiyada yaşadıqlarını anlayıb soruşub dəqiqləşdirmək üçür onlara yaxınlaşmışdır. Onlar bir az danışdıqdan sonra Fuad təklif etmişdir ki, birlikdə hansısa yeməkxanaya gedib çörək yesinlər. Aralarında razılıq olduqdan sonra o, tanışı Yaşar və Fuadla birlikdə saat təxminən 22 radələrində həmin yerdən şəhər daxili hərəkət edən nömrəsinə diqqət yetirmədiyi avtobusa yerləşib yemək yemək üçün Keşlə bazarınır yaxınlığına gəlmişlər. Həmin yerdə olan yeməkxanalardan birinin bağlı olduğunu görüb sonra piyada digər yeməkxanaya getmək üçün binaların qarşı tərəfi ilə hərəkət etmişlər. Yolda piyada gedərkən onun istifadəsində olan mobil telefonuma zəng gəlmiş və yanında olan şəxslərdən aralaşıb ailə üzvləri ilə danışmışdır. Həmin vaxt telefon danışığına başı qarışıq olduğu üçün arxasıncı gələn Fuada və Yaşara diqqət yetirməmiş, xeyli telefonla danışdıqdan sonra görmüşdür ki, tanışı Fuad ona yaxınlaşmış, lakin Yaşar onun yanında olmamışdır. O, Fuaddan soruşmuşdur ki, Yaşar haradadır, Fuad ona demişdir ki, Yaşara zəng gəlmiş, işi olduğu üçün onlardan aralaşıb harasa getmişdir. O, başqa nəsə soruşmamış və sonra tanışı Fuaddan aralaşıb yaşadığı evə gəlmişdir. Həmin gündən sonra bir neçə gün işə getdiyi üçün tanışı Fuadla görüşə bilməmişdir. 15 mart 2023-cü il tarixdə tanışı Pavellə görüşüb şəhərdə olarkən polis əməkdaşları onları saxlayıb polis idarəsinə aparmışlar. İdarədə olarkən Yaşarın onlardan şikayətçi olduğunu bilmişdir. Sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayının sonlarında Bakı şəhərinə gəlmiş və Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında qohumugildə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində gəzmək üçün “Gənclik Mall” ticarət mərkəzinə getmiş, orada bir az gəzdikdən sonra pulsuz “wifi”-yə qoşulmaq üçün ticarət mərkəzinin qarşısında olan smart avtobus dayanacağına getmişdir. Həmin vaxt iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb birlikdə çay və ya araq içməyi təklif etmişlər. O, araq içmədiyini bildirmişdir. Həmin şəxslər onlarla birlikdə çay içməyə israr etdiklərinə görə o razılaşmış və ona Keşlə adlanan yerə getməyi təklif etmişlər. Daha sonra onlar avtobusa minmiş, o, Bakı şəhərini yaxşı tanımadığına görə hara getdiklərini bilməmişdir. Bir neçə dəqiqədən sonra avtobusdan düşmüş, həmin şəxslərlə birlikdə binaların arasına getmişlər. O düşünmüşdür ki, yəqin çay evi hansısa binanın altındadır. Həmin şəxlər qəfildən onun qolundan tutmuş, onlardan başında ağ rəngdə papaq olan, iri bədən quruluşlu olanı onun ciblərini yoxlamağa başlamış, əynində olan qara rəngli gödəkçənin iç cibindən ona məxsus xarici pasportu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və Rusiya Federasiyası tərəfindən verilmiş pasportu, daha sonra əynində olan şalvarın sağ yan cibindən ona məxsus 3000 manat dəyərində 256 gb yaddaşlı “İphone 14 Pro Max” markalı mobil telefonunu götürmüşdür. Digər əlində sellofan olan şəxs isə onun qollarından tutmuş, başında ağ papaq olan şəxs onun mobil telefonunu götürən zaman ondan telefonunu tələb etdikdə həmin şəxs onun sol qulaq nahiyyəsinin arxa tərəfindən yumruqla vurmuşdur. O, başında kəskin ağrı hiss etmiş, sonra həmin şəxslər oradan getmişlər. O da tanımadığı bir nəfər şəxsə yaxınlaşıb həmin şəxsin mobil telefonu ilə DİN nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Hazırda ona dəymiş zərər ödənmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində tanınaraq dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, dolanışıq məqsədilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında R.Rüstəmov küçəsi 29 saylı ünvanda olan «Lombard Telecomu işlədir. 28 yanvar 2023-cü il tarixdə əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 işlədiyi lombarda gəlmişdir. Fuad ona yaxınlaşıb bildirmişdir ki, onun pula ehtiyacı var və lombarddan pul götürmək istəyir. O, sonuncudan soruşmuşdur ki, hansı məbləğdə girov pul götürmək istəyir və lombarda ödəyənə kimi hansı əşyanı girov qoymaq istəyir. Fuad ona bildirmişdir ki, 1800 manat girov pul götürmək istəyir və əvəzində öz istifadəsində olan «İphone» markalı 14 PRO MAX modelli telefonu girov qoymaq istəyir. Aralarında razılıq əldə olunduqdan sonra o, telefon aparatını alıb əvəzində Fuad 1800 manat pul vermişdir. Bununla bağlı aralarında müqavilə bağlanılmış, Fuadın şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra həmçinin Fuadın telefonunu girov qoyması barədə şəxsi qeydiyyat dəftərində müvafiq qeydiyyat aparmışdır. Təxminən 1 ay keçmiş, yəni 2023-cü ilin fevral ayının axırları dəqiq xatırlamadığı tarixdə Fuadın istifadəsində olan mobil nömrəyə zəng vurub girovu ödəmək üçün az müddət qaldığı ilə bağlı xəbərdarlıq elmişdir. Həmin günün sabahı Fuad işlədiyi lombarda gəlib görüşdükdən sonra ona demişdir ki, ona əlavə 200 manat versin və girov qoyduğu telefonu satıb pulunu özünə götürsün. O, Fuadın təklifi ilə razı olmamış və girov pulunu ödəməyi bildirmişdir. Fuad getdikdən sonra girov pulunu ödəmək üçün ona dəfələrlə zəng vursada onun zənglərinə cavab verməmiş və müqavilədə göstərilən vaxt bitdiyi üçün Fuadın girov qoyduğu qeyd olunan markalı telefon aparatını 10 mart 2023-cü il tarixdə lombardın içərisində olan telefon satışı vitrininə satış üçün qoyaraq telefon almaq üçün gəlmiş tanımadığı şəxsə 1900 manat məbləğində pula satmışdır. Lakin telefonu satdığı şəxslə bağlı hər hansı qeydiyyat aparmamış, həmin şəxsə məxsus sənəd almamış və buna görə qeyd olunan telefon aparatını kimə satdığını və hazırda harada olduğunu bilmir. 15 mart 2023-cü il tarixdə işlədiyi lombarda polis işçiləri gəlib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və Fuadın işlədiyi lombarda girov qoyduğu telefonla maraqlanmışlar. O, polis əməkdaşlarına hər şeyi olduğu kimi demiş və sonra polis əməkdaşlarından məlum olmuşdur ki, Fuadın işlədiyi lombarda girov qoyduğu telefon aparatı onun özünə məxsus deyil, başqa şəxsə məxsusdur və telefonu həmin şəxsi soyub əlindən alaraq ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən binanın qarşısıdır. Hadisə yerinin yaxınlığında müşahidə kameralarına rast gəlinməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Yekaterenburq şəhərinin Kirov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə RF CM-nin 162-ci maddəsinin 3-cü hissəsinin 5-ci bəndi ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. “Axtarışda olan şəxsin tutulması barədə” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞnə gətirilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞnə gətirilmişdir. “Şəxsin tanınması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Mamedov Yaşar tanınmaya təqdim edilən şəxslərə baxaraq soldan sağa doğru ikinci şəxsin xx.xx.2023-cü il tarixdə ona qarşı soyğunçuluq edən şəxs olduğunu bildirmişdir. “Şəxsin tanınması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Mamedov Yaşar tanınmaya təqdim edilən şəxslərə baxaraq soldan sağa doğru üçüncü şəxsin xx.xx.2023-cü il tarixdə ona qarşı soyğunçuluq edən şəxs olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-381/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 18 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-383/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 18 mart 2023-cü il tarixli, 298 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X5 məhkəmətibbi ekspertizası zamanı onun bədən səthində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saat təxminən 22 radələrində ünvan 5 ünvanına gəlmişlər. Kafe bağlı olduğu üçün binaların qarşısı ilə irəliləmişlər. Yolda piyada gedərkən onun telefonuna zəng gəlmiş və o, Yaşarla Fuaddan aralanmışdır. Xeyli telefonla danışdığı üçün Fuadla Yaşara diqqət ayırmamışdır. Daha sonra telefonla danışığını bitirmiş və Fuadın arxada tək olduğunu görmüşdür. O, Fuaddan Yaşarın hara getdiyini soruşduqda Fuad ona Yaşara zəng gəldiyini və təcili işi çıxdığını demişdir. “Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, saat təxminən 22 radələrində ünvan 5 ünvanına gəlmişlər. Kafe bağlı olduğu üçün binaların qarşısı ilə irəliləmişlər. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Yaşar Mamedovun üzərində olan “İphone 14 Pro Max” markalı mobil telefonu Yaşarı qucaqlayıb cibindən götürüb qaçsın. Bu zaman Pavelə zəng gəlmiş və Pavel telefonla danışmaq üçün onlardan aralanmışdır. Pavelin başının qarışıq olduğunu görüb Yaşarı qucaqlayaraq əllərini hərəkətsiz vəziyyətə salıb şalvarının cibində olan mobil telefonu götürmüşdür. Daha sonra oradan uzaqlaşmış və Paevlin yanına gedərək Yaşarın işi çıxdığını və onların dərhal oradan uzaqlaşmalı olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X13 17 aprel 2023-cü il tarixli, 1062 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X13 17 aprel 2023-cü il tarixli, 1063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “Diskə baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntülərə baxış zamanı kamera avtobusun yalnız qarşı hissəsini göstərir. Həmin görüntüdə üç nəfər şəxsin qarşı-qarşıya əyləşdiyi, onlardan bir nəfər dolu bədən quruluşlu şəxsin qarşısında əyləşmiş arıq bədən quruluşlu şəxslə söhbət etdiyi, avtobus dayanacaqda dayanan anda saat 22:06:03 dəqiqədə hər üç şəxsin bir-birinin ardınca avtobusdan düşüb getdikləri əks olunmuşdur. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 videogörüntüdə əks olunmuş üç nəfərdən dolu bədən quruluşlunun özü olmasını, digər şəxsin Təqsirləndirilən şəxs2 olmasını, eyni zamanda üçüncü şəxsin Yaşar Mamedov olmasını bildirmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, “Baku Bus” markalı avtobusun müşahidə kameralarının qeydə aldığı videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. 22 iyun 2023-cü il tarixli, **********694 nömrəli ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə, Təqsirləndirilən şəxs2 isə məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Əlavə olaraq həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların hər birinin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş zərərin ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin rəsmi sənədlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında talamasını nəzərə alır və onun cəzasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 15 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin rəsmi sənədlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında talamasını nəzərə alır və onun cəzasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 15 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın İş üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar