Məhkəmə qərarları › İş №1(005)-286/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-286/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-286/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xızı rayonunun Künövşə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının 17-də, saat 02 radələrində ünvan 1 ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı **-XY-*** dövlət nömrə nişanlı avtomaşının salonundan sonuncuya məxsus 1020 manat dəyərində “Samsung S20” markalı mobil telefonu və onun üzərində olan 15 manat dəyərində ***-***- **-** nömrəli simkartı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1035 manat ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.05.2021-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə piyada olaraq hərəkət etmişdir. Yola gedərkən bir nəfər şəxsin “Ford” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşından düşərək maşının qapılarını açıq saxlayıb mağazaya girməsini görmüşdür. Bu zaman o, gizli şəkildə avtomaşına yaxınlaşmış və görmüşdür ki, avtomaşının salonunda 01 ədəd “Samsung” markalı mobil telefon vardır. O, ilk öncə mobil telefonu götürmək istəməsə də, bədənində ağrılar olduğundan məcbur qalaraq avtomaşının qapısını açmış və salondakı “Samsung” markalı mobil telefonu götürərək cəld bir şəkildə yolun qarşı tərəfinə keçmişdir. Daha sonra Papanin adlanan yerə gəlmişdir ki, mobil telefonu kiməsə satsın. Lakin gecə saatları olduğundan mobil telefonu sata bilməmişdir. Sonradan bilmişdir ki, onu polis əməkdaşları axtarırlar və o da qorxusundan telefonu satmamış və həmin telefonu istintaqa təqdim etmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, 17.05.2021-ci il tarixdə saat 01 radələrində özünə məxsus “Ford” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Duz zavodundan çıxaraq yaşadığı ünvana doğru hərəkət etmişdir. ünvan 3ğazadan su almaq üçün avtomobili yolun kənarında saxlayaraq mağazaya daxil olmuşdur. Həmin vaxt o, maşının qapılarını açıq vəziyyətdə qoymuş və özünə məxsus “Samsung S20” markalı mobil telefon isə avtomobilin salonunda qalmışdır. O, mağazaya daxil olaraq su alıb təkrar maşına əyləşərək yaşadığı ünvana gəlib, maşını binanın qarşısında park edib evə qalxmışdır. Evdə olduğu zaman mobil telefon lazım olduğundan evdə telefonu axtarsa da, tapa bilməmiş və elə zənn etmişdir ki, avtomobildə unutmuşdur. Lakin avtomobilə baxış keçirən zaman özünə məxsus mobil telefonu tapmadıqda, telefonunun oğurlandığını aşkar etmişdir. Telefonunun oğurlandığını yaşadığı ünvanda aşkar etsə də, həmin telefon Nərimanov rayonu, Ziya Bünyadov prospekti 98 ünvanında yerləşən mağazaya daxil olduğu zaman oğurlanmışdır. Bu səbəbdən o, ünvan 5 ünvanda yerləşən həmin mağazaya qayıtmış və orada ona tanımadığı şəxslər bildirmişlər ki, ona məxsus mobil telefonu avtomaşından Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin telefonu hadisədən 5 ay bundan qabaq 2.100 manat qiymətə almış və hazırda işlənmiş vəziyyətdə 1700 manat təşkil edir. Həmçinin mobil telefonun üzərində olan özünə məxsus ***-***-**-** mobil nömrəni isə 15 manata almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 may 2021-ci il tarixli “Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 17.05.2021-ci il saat 01 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 98 saylı ünvanın qarşısında saxladığı “Ford Transit” markalı **-XY-*** dövlət nömrə nişanlı avtomaşınının salonundan “Samsung S20” markalı mobil telefonun Təqsirləndirilən şəxs oğurlamasını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir; “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3 tərəfindən Nərimanov rayonu, Z.Bünyadov prospekti 98 saylı ünvanda baş vermiş oğurluq hadisə ilə əlaqədar hadisə yerinə gəlib Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti 98 saylı ünvanın qarşısıdır. Birtərəfli avtomobil yolunun kənarıdır. Avtomobil yolu asfalt örtüklüdür. Avtomobil yolunun kənarında piyada yolu və market vardır. Market bir mərtəbədən ibarət olmaqla qarşısında piyada yolunun üzərində marketə məxsus 02 ədəd soyuducu qoyulmuşdur. Həmçinin avtomobil yolunun kənarında fərdi yaşayış evləri vardır. Baxış zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-XY-*** dövlət nömrə nişanlı avtomaşınının salonunu göstərdi və özünə məxsus “Samsung S20” markalı mobil telefonunun Təqsirləndirilən şəxs oğurlamasını bildirdi; “Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında” 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd “Samsung S20” markalı mobil telefonun götürülməsi qərara alınmışdır; “Könüllü təqdim olunan əşyaların götürülməsi barədə” 18 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3, cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə Nərimanov rayonu, Z.Bünyadov prospekti 98 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı **- XY-*** dövlət nömrə nişanlı avtomaşından gizli olaraq oğurladığı ona məxsus 01 ədəd “Samsung S20” markalı mobil telefonu könüllü olaraq təhqiqata təqdim etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/3343 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, “SAMSUNG” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İNTEGRAL” firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş 2020-ci ildə istehsal edilmiş “Samsung Qalaxy SM-G980F/DS 128 GB” markalı mobil telefonun təzə vəziyyətdə, 17 may 2021-ci il tarixə, onun istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, mənəvi-fiziki köhnəlməsini və qeyd edilən qüsurları nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 1020,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 75 (yetmiş beş) manatdır; 05 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X3, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar olaraq icraatında olan HK-1-579 sayla qeydiyyata alınmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs ona məxsus Samsung S20 markalı mobil telefonu təhvil vermişdir; “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, “Samsung S20” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, oğurlanmış əmlakı zərərçəkmiş şəxsə qaytarmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut - “Samsung S20” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xızı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “Samsung S20” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar