Məhkəmə qərarları › İş №1(005)-287/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-287/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-287/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X5, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Şahid1 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından keçməklə evin həyətyanı sahəsinə, daha sonra evin giriş qapısının kilidini fiziki güc tətbiq edib sındırma üsulu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, orada yumuşaq mebel-kreslonun üzərində olan Şahid1 işlədiyi Zərərçəkmiş şəxs MMC-nə məxsus bir ədəd “HP 250 G5” markalı, “İntel Core İ7” xüsusiyyətli notebooku gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs MMC-nə 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam radələrində Ayna Sultanova heykəlinin yanında avtobusa əyləşib 28 may metrosansiyası istiqamətində gedərkən, yolda tıxac olduğuna görə avtobus dayanmalı olmuş və avtobusdan düşmüşdür. Piyada ünvan 3 ünvanın qarşısından keçən zaman mişar daşları ilə hasara alınmış köhnə fərdi yaşayış evində işıq yanmadığından həmin evdə heç kəs olmadığını bilmiş və pula ehtiyacı olduğundan həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Saat 18:30 radələrində evin arxa tərəfində hasarın bir hissəsinin uçmuş yerindən həyətə daxil olmuş, həyətdəki fərdi yaşayış evinin qapısına yaxınlaşmış, evin qapısının üzərində olan kilid köhnə və yararsız olduğundan bir qədər əli ilə təzyiq edib qapını açıb içəri daxil olmuşdur. Bundan sonra evdə yumşaq qoltuq altı olan oturacağın (kreslonun) üzərində bir ədəd “HP” markalı noutbuk olduğunu görərkən həmin noutbuk kompyuterini adapteri ilə birlikdə götürüb digər otaqdan tapdığı sellofan torbaya qoymuşdur. O, Gənclik metrostansiyası istiqamətinə getmiş, orada yaşayış binasının birinci mərtəbəsində yerləşən kompyuter, dizayner, surətçıxarma kimi işlərlə məşğul olan bir ofisə yaxınlaşaraq əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Nicat adlı şəxsə özünə məxsus olan noutbuku satmaq istədiyini bildirmişdir. Həmin şəxs noutbuku haradan əldə etdiyini soruşduqda ona noutbuku işlənmiş vəziyyətdə dostundan aldığını, belə ki, telefonunun qiyməti 150 manat olduğunu, öz telefonunu verib dostlu ilə həmin noutbuku dəyişdirdiyini, kirayəşin yaşadığından, kirayə pulunu verə bilmədiyi üçün satmaq istədiyini bildirmişdir. Eyni zamanda Niacata noutbuku 200 manata satdığını bildirsə də, sonuncu həmin qədər pulu olmadığını dediyi üçün onunla 130 manata razılaşıb noutbuku ona satmışdır. Həmçinin Nicata özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini, həmçinin noutbuku satmağına dair qəbz yazıb vermiş, əldə etdiyi 130 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Bravo” marketlər şəbəkəsi Zərərçəkmiş şəxs MMC-nə məxsusdur. “Bravo” marketlər şəbəkəsində yer axtaran (RETAİL) işləyən Şahid1 yaşadığı evindən bir ədəd “HP 250 G5” markalı “İntel Core İ7” xüsusiyyətli bir ədəd noutbukun oğurlanması barədə müraciəti ilə tanış olmuşdur. Oğurlanmış həmin noutbuk “Bravo” marketlər şəbəkəsinə yəni, Zərərçəkmiş şəxs MMC-nə məxsusdur. Şahid1 xx.xx.2022-ci il tarixdə gecə saat 01:30 radələrində həmin noutbukun yaşadığı ünvan 4 ünvandan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Qeyd olunan noutbuk Zərərçəkmiş şəxs MMC-nə məxsus olduğundan hadisə nəticəsində maddi ziyan Zərərçəkmiş şəxs MMC-nə vurulmuşdur və Zərərçəkmiş şəxs MMC tərəfindən nümayəndəsi qismində iştirak etməyi üçün etibarnamə verilmişdir. Həmin noutbuk 2.500 manata alınmışdır. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi X8 Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyanın ödənildiyini göstərərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 18 iyun 2022-ci il tarixdə “Bravo” super marketklər şəbəkəsinin baş ofisində yer axtaran (RETAİL) şöbəsində işə başlamışdır. Həmin vaxtdan ona çalışdığı işlə əlaqədar olaraq yuxarıda qeyd etdiyi şöbə tərəfindən “HP” markalı notbuk kompyuteri verilmişdir. Həmin noutbuk kompyuterini yaşadığı Nərimanov rayonu, Məmməd Araz küçəsi 135 ünvanında saxlamış, lazım olduqda götürüb aparıb baş ofisə işlərini görüb qurtardıqdan sonra gətirib yaşadığı evə qoymuşdur. xx.xx.2022-ci il tarixdə gecə saat 01: 30 radələrində yaşadığı evə gələn zaman evin giriş qapısı üzərində olan kilidin sındırıldığını görüb dərhal evə daxil olduqda görmüşdür ki, evdən yalnız yuxarıda qeyd etdiyi “Bravo” super marketklər şəbəkəsinin baş ofisinə məxsus “HP” markalı noutbuk kompyuteri naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə telefonla məlumat vermiş, daha sonra isə ərizə ilə müraciət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ölkə xaricində olacağı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 3-cü vərəqində olan “Baxış keçirilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Şahid1 şikayət ərizəsi əsasında ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar qeyd olunan ünvana baxış keçirilmişdir. Hadisə baş verən M.Araz küçəsi 135 ünvanı köhnə mişar daşları ilə hasara alınmışdır. Hasardan içəriyə giriş üçün dəmir darvaza qoyulmuşdur, dəmir darvaza ağ rənglə rənglənmiş, həyətdə köhnə bir mərtəbəli mişar daşından tikilmiş yaşayış üçün qismən yararlı iki otaq bir mətbəxdən ibarət ev var. Evin giriş qapısı ağ rəngli taxtadandır, üzərindəki kilid sındırılmış vəziyyətdə aşkar olundu. Otaqda bir ədəd çarpayı, bir ədəd yumşaq qoltuq, altı (kreslo) bir ədəd, masa, iki ədəd oturacaq stulu, bir ədəd elektrik qızdırıcısı vardır. Evin döşəməsi taxtadandır, üzərində isə xalça sərilmişdir, evin bayıra baxan şüşə pəncərəsi vardır. Digər ikinci otaqda yataq dəsti, mətbəxdə isə mətbəxə aid əşyalar, qaz sobası, soyuducu, mebel dəsti aşkar olundu. Cinayət işinin 43-cü vərəqində olan “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞnin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 51, 85, 242-247-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Şahid2, Təqsirləndirilən şəxs ona satdığı bir ədəd “HP 250 G5” markalı “İntel Core İ7” xüsusiyyətli nooutbuku, həmçinin sonuncu ona nootbuku satarkən verdiyi şəxsiyyət vəsiqəsinin kserosurətini və bir ədəd qəbzi təqdim etmişdir. Odur ki, Şahid2 təqdim etdiyi “HP 250 G5” markalı “İntel Core İ7” xüsusiyyətli nooutbuk, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və bir ədəd qəbz tərəfindən götürülmüşdür. Cinayət işinin 68-69-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-98-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin X4 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/345 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “HP 250 G5” markalı İntel Core İ7 xüsusiyyətli noutbukun istifadədə olması nəzərə alınaraq 2022-ci ilin dekabr ayına orta bazar qiyməti 650 manat müəyyən edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 6 ay azadılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 123-127-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-221/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması hökm edilmişdir. Cinayət işinin 144-150-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd “HP 250 G5” markalı İntel Core İ7 xüsusiyyətli noutbukun iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edildiyi gündən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 20 dekabr 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı müddət 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd “HP 250 G5” markalı İntel Core İ7 xüsusiyyətli noutbukun zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd “HP 250 G5” markalı İntel Core İ7 xüsusiyyətli noutbukun zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar