Məhkəmə qərarları › İş №1(005)-288/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-288/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-288/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə, Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 24/3-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə, saat 15:30 dəqiqədə adına verilmiş etibarnamə və “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 159-dan keçən hissəsində “Koroğlu” metrostansiyası istiqamətindən üzü Xətai prospekti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlanma xətti) kəsib keçməməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq avtomobili əks istiqamətli hərəkət yoluna çıxardığından, həmin avtomobil qabaq sol tərəfdən qarşı tərəfdən öz hərəkət zolağında Zərərçəkmiş şəxs1 hərəkət etdirdiyi “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi “Mercedes Benz 200” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol pəncənin beşinci barmağının proksimal falanqasının proksimal oynaq kənarının qopma xarakterli yerdəyişən sınığı və qayığabənzər sümüyünün iç kənarının qopmuş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, həmçinin avtomobillərinin zədələnməsi ilə bağlı Zərərçəkmiş şəxs1 7555 və Zərərçəkmiş şəxs2 isə 4115 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir, həmin avtomobili Zərərçəkmiş şəxs2 göstərilən MMC-dən lizinqə götürərək tanış olduğu Namiq adlı şəxsin vasitəsilə 15 yanvar 2021-ci il tarixdə aralarındakı şifahi razılıq əsasında taksi fəaliyyəti ilə məşğul olması üçün ayda 400-450 manat məvacib müqabilində ona vermişdir. Avtomobil etibarnamə ilə ona veriləndən sonra, sürücülük hüququ olmaqla qeyd olunan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 17 fevral 2021-ci il tarixdə, saat 15:20 dəqiqədə idarə etdiyi avtomobillə Heydər Əliyev prospektinə çıxıb müəyyən olunmuş sürət həddində həmin prospektlə “Koroğlu” metrostansiyası istiqamətindən üzü Xətai prospekti istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Saat 15:30 dəqiqədə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisində yerləşən “Bağırov körpü”sü adı ilə tanınan körpünün altından üzü Xətai prospekti istiqamətində çıxışda sol tərəfdən birinci hərəkət zolağında təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman mobil telefonuna zəng gəldiyindən, telefona cavab vermək istəmiş, bu vaxt mobil telefon avtomobilin içərisinə düşdüyü üçün əyilib telefonu götürmək istəyəndə diqqəti yayınmış və idarə etdiyi avtomobil əks istiqamətli hərəkət yoluna çıxdığından, avtomobil sol qabaq tərəfdən sonradan tanıdığı Zərərçəkmiş şəxs1 həmin prospektlə sol tərəfdən birinci hərəkət zolağında üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etdirdiyi “Mercedes Benz 200” minik markalı avtomobilin sol qabaq tərəfi ilə toqquşmuş, nəticədə, yol-nəqliyyat hadisəsi baş verərək, o və digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli xəsarətlər alsalar da, digər hər hansı xəsarət alan olmamışdır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam ödənildiyindən mülki iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etmişdir. 17 fevral 2021-ci il tarixdə, saat 15:20 dəqiqədə idarə etdiyi avtomobillə Heydər Əliyev prospektinə çıxıb müəyyən olunmuş sürət həddində həmin prospektlə Xətai prospekti istiqamətindən üzü “Koroğlu” metrostansıyası istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Saat 15:30 dəqiqədə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisində yerləşən “Bağırov körpü”sü adı ilə tanınan körpünün üzü Xətai prospekti istiqamətində altına girişdə birinci hərəkət zolağında təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman əks istiqamət üzrə, yəni “Koroğlu” metrostansiyası istiqamətindən üzü Xətai prospekti istiqamətində sonradan tanıdığı Təqsirləndirilən şəxs sol tərəfdən birinci hərəkət zolağında hərəkət etdirdiyi “Khazar LX” minik markalı avtomobillə gözlənilmədən idarəetməni itirib təxminən 15-20 metr məsafədən onun hərəkət zolağına çıxdığından, həmin avtomobil qabaq sol tərəfdən onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək o və digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, ona vurulmuş ziyan tam ödənildiyindən tərəfindən verilmiş mülki iddiasını müdafiə etmədiyini bildirdi, onun geri qaytarılmasını və baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, məlum-yol nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuş “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili 14 mart 2020-ci il tarixdə ayda 385,05 manat pul ödəmək şərti ilə 36 ay müddətinə "xxxx" MMC-dən İizinqə götürsə və avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçisi kimi "xxxx" MMC göstərilsə də, 14 aprel 2021-ci il tarixdə öhdəliyini tam icra edərək avtomobilin pulunu tam ödədiyindən avtomobil faktiki onun mülkiyyətinə keçmişdir. 15 yanvar 2021-ci il tarixdə qeyd olunan avtomobil hər gün 20 manat pul ödəmək şərti ilə taksi fəaliyyəti ilə məşğul olması üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs verilmiş və sonuncu həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 20 manat pulu ödəmişdir. Baş vermiş məlum yol-nəqliyyat hadisəsinə gəlincə isə bildirmişdir ki, bu haqda sonradan məlumatlı olmuşdur. Belə ki, sonradan ona aydın olmuşdur ki, 17 fevral 2021-ci il tarixdə, saat 15:30 radələrində avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 159-dan keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” minik markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirdiyi üçün qarşı hərəkət zolağına çıxdığından, həmin avtomobil əks istiqamət üzrə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 200” minik markalı avtomobillə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək hər iki sürücü xəsarətlər almışlar. Başqa hər hansı məlumatı yoxdur. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Cinayət işinin 05-11 vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 tərəfindən hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, Bağırov körpüsünün alt hissəsində aydın, yağışsız havada “Koroğlu” metrostansiyası istiqamətində keçirilmiş hadisə yerinə baxış nəticəsində müəyyən edilmişdir ki, yolun işlək vəziyyəti eniş 2 dərəcədir, yol örtüyü beton asfaltdır və vəziyyəti qurudur. Yolun işlək hissəsinə sağdan və soldan səki birləşir. Ehtiyat hissədən sonra sağdan və soldan körpünün divarlarıdır. Hadisə yerinə baxış zamanı yol nişanları müəyyən olunmamışdır. Hadisə yerinə baxış təbii günəş işığı ilə işıqlandırılmışdır. Hər iki nəqliyyat vasitəsi hadisə yerindədir, “Khazar” markalı avtomobil üzü Xətai prospekti istiqamətində yolun sağ kənarında, “Mercedes” markalı avtomobil isə üzü “Koroğlu” metrostansiyası istiqamətində dayanmışdır. Hadisə yerində şin və tormoz izləri aşkar edilməmişdir. Cinayət işinin 13-cü vərəqində olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə 17.02.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 28-ci vərəqində olan AD seriyalı, 779159 saylı, 14.03.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Cinayət işinin 29-cu vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş 13.02.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti Təqsirləndirilən şəxs verilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Nərimanov rayon Şöbəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 29-M saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol pəncənin beşinci barmağının proksimal falanqasının proksimal oynaq kənarının qopma xarakterli yerdəyişən sınığı və qayığabənzər sümüyünün iç kənarının qopmuş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 17 fevral 2021-cİ İl tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa Az ağır zərər vurmaya aiddir. Cinayət işinin 45-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 53-54-cü vərəqələrində olan “Diskin baxışının aparılması haqqında” 12.04.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib etmiş protokoldan görünür ki, 17 fevral 2021-ci il tarixdə, saat 15:30 dəqiqədə “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 159da yerləşən körpünün üzü “Koroğlu” metrostansiyası istiqaməti üzrə girişində eyni istiqamət üzrə sol tərəfdən birinci hərəkət zolağında hərəkətdə olan zaman əks istiqamət üzrə, yəni Xətai prospekti istiqamətində sol tərəfdən birinci hərəkət zolağında hərəkətdə olan “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirdiyindən, həmin avtomobil “Mercedes Benz 200” minik markalı avtomobilin hərəkət zolağına çıxır və 2 saniyədən sonra, sonuncu avtomobilin hərəkət zolağında hər iki avtomobil qabaq sol tərəfdən toqquşur. Cinayət işinin 55-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 12.04.2021ci il tarixli qərardan görünür ki, 17 fevral 2021-ci il tarixdə, saat 15:30 dəqiqədə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 159-dan keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqdim edilmiş 01 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 70-71-ci vərəqələrində olan “888 saylı” Avtoservisdən təqdim olunmuş 09 aprel 2021-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7555 manat ziyan vurulmuşdur. Cinayət işinin 72-ci vərəqində olan “Real avto” Avtoservisdən təqdim olunmuş 15 aprel 2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4115 manat ziyan vurulmuşdur. Cinayət işinin 75-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 05 may 2021-ci il tarixli, 8/844 saylı ekspert rəyindən görünür ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 145-146-cı vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 26.05.2021-ci il tarixli qərardan görünür ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanınması və sahiblərinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 147-ci vərəqində olan 26.05.2021-ci il tarixli qəbzdən görünür ki, “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır. Cinayət işinin 148-ci vərəqində olan 26.05.2021-ci il tarixli qəbzdən görünür ki, “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. Cinayət işinin 171-172-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə, saat 18:30-dan tutulmuşdur. Cinayət işinin 214-215-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlanıldığı yerdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin müvəqqəti saxla yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 07.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 21.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia verərək, ona dəymiş 2555 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən yazılı ərizə təqdim edilərək ona vurulmuş ziyanın ödənildiyini və məhkəmə iclasında iddia ərizəsini geri götürdüyünü bildirdiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd diskin iş materiallarına əlavə edilməsi, maddi sübut qismində tanınmış avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 29 iyun 2021-ci il – 21 sentyabr 2021-ci il tarixlərdə keçirilmiş 9 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 27 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan - baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqdim edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - “Khazar LX” minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 200” minik markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar