Məhkəmə qərarları › İş №1(005)-288/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-288/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-288/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumlugu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, 12 yanvar 2022-ci il tarixdə, saat 00:20-də Bakı şəhəri Nərimanov rayonu "Çerment” körpüsü adlanan yerdə şəxsiyyəti istintaqa Şahid1 kimi məlum olan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi islehlak miqdarından artiq miqdarda - bir ədəd bükümdə olan narkotik vasitə heroini 18 manata əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 10:30-da ünvan 2 ünvanın yaxınlığında halsız vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin NMB-in əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə olmaqla siqaretin gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,363 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə -heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyil. Təxminən 1 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 11.01.2022-ci il tarixdə axşam saatlarında bədənində ağrılar olduğu üçün əvvəldən tanıdığı Natiq adlı şəxslə istifadəsində olan ***-***- **-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamış və öz istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroin istəmişdir. Daha sonra onlar Bakı şəhəri Nərimanov rayonu, “Çermen” körpüsü adlanan yerdə görüşmək qərarına gəlmişlər və 12.01.2022-ci il tarixdə, saat 00:20 radələrində danışdıqları yerdə görüşərək Natiq adlı şəxsdən 18 manat qarşılığında 1 büküm narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 10:30 radələrində ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O. həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət elmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, şalvarının sol yan cibindən 1 ədəd “Samsung Galaxy” markalı, “J6" modelli mobil telefonunu, sağ yan cibindən isə 2 manat pulunu təqdim etmişdir. Sonra təhqiqalçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə olunmamışdır. Daha sonra üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır.Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə üzdən görmədiyi internet vasitəsilə tanıdığı Şahnur adlı şəxsdən 60 manat pul müqabilində “kakos” yəni narkotik vasitə heroin almışdır. Belə ki, Şahnurun ona sosial şəbəkədə göndərdiyi, lakin sonradan mobil telefonundan öz ehtiyatsızlığından pozulan, bu səbəbdən seriya nömrəsini xatırlamadığı elektron bank kartına həmin məbləğdə pulu xatırlamadığı ərazidə yerləşən “MilliÖn" terminalı vasitəsi ilə köçürdükdən sonra bu barədə Şahnura bildirmiş və bir qədər sonra ona narkotik vasitə heroini Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsində gizlədildiyi bildirmişdir. O da, 11 yanvar 2022-ci il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu Dərnəgül qəsəbəsinə gedib oradan 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabı götürüb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, həm özü istifadə etsin həm də, müştəri olanda satıb qazanc əldə etsin. 13 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 4 ünvanın yaxınlığında taksi sürücüsü Elmarla birlikdə dayanarkən orada onlara 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onları Nərimanov RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsinə gəldikdən sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq, bununla bağlı hüquq və vəzifələrim izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ona təklif elmişlər ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. O da, başqa çıxış yolu olmadığından məcbur olub polis əməkdaşlarına üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə 01 ədəd üzərində “İnstant Coffee” yazıları olan palıdı rəngli içərisində narkotik vasitə heroin olan plasmas qabın olduğunu deyərək əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin qabı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, şalvarının sol yan cibindən ümumilikdə 3 manat pulu, eləcə də əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən 01 ədəd “HTC” markalı telefon aparatını və şəxsiyyət vəsiqəsini könüllü olaraq təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilinəsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o nə Təqsirləndirilən şəxs, nə də ki, digər hər hansı bir şəxsə psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs isə yalnız 1 büküm narkotik vasitə heroin vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə, saat 10:30 radələrində Nərimanov RPİ-nin NMB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 2 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığım görmüşlər və həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından psixotrop maddə və ya narkotik vasitələrin təsiri altında olduğundan və üzərində psixotrop maddə və ya narkotik vasitə olmasından şübhələnib onu Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi Nərimanov RPİ-nin NMB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirərək həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla idarənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı polis mayoru Rafiq Ağəliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Tahir Qurbanov dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və o şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izalı edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, şalvarının sol yan cibindən 1 ədəd “Samsung Galaxy" markalı, ”J6“ modelli mobil telefonunu, sağ yan cibindən isə 2 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini bədənində ağrılar olduğu üçün 12.01.2022-ci il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri Nərimanov rayonu, “Çerment" körpüsü adlanan yerdə tanışı Şahid1 alaraq üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 yanvar 2022-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2022-ci il tarixli, 6/202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,363 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,363 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,313 qram. Məhkəmə narkoloji ekspertizasının 12.02.2022-ci il tarixli, 682 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 12 yanvar 2022-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etdi. Bundan başqa o, şalvarının sol yan cibindən 1 ədəd “Samsung Galaxy" markalı, “J6” modelli mobil telefonunu, sağ yan cibindən isə 2 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini bədənində ağrılar olduğu üçün 12.01.2022-ci il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri Nərimanov rayonu, “Çerment” körpüsü adlanan yerdə tanışı Şahid1 alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, 44 nömrəli möhürlə möhürlənmişdir. Axtarış aparılan zaman “Honor 20 Pro” modelli mobil telefonla çəkiliş aparılmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğlunun üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,363 qram olan narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitə heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin Təqsirləndirilən şəxs adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Nərimanov rayon Məhkəməsinin 03.06.2013-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 233-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı rayon Məhkəməsinin 23.05.2014-cü il tarixli qərarı ilə 05 ay 08 gün müddətinə şərti azad edilmişdir.Məhkumlugu ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,363 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (12-14 yanvar 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3( üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,313 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar