Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-288/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Beyi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, 28 may küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Otacar” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı 85 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunu ünvan 1 ünvanda yerləşən avtobus dayanacağında saxlamaq istəyərkən ehtiyatsızlıqdan həmin dayanacaqda avtobus gözləyən Zərərçəkmiş şəxs qol nahiyyəsindən vurduqdan sonra sonuncu avtobusa minərək ona iradını bildirən zaman o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs zərbələr endirərək, ona ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayət olunan sol bud-çanaq oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sağ təpə nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-yə məxsus 85 saylı xətt avtobusunda sürücü işləyir. xx.xx.2023-cü il tarixdə də hər gün olduğu kimi işə gəlib və ona təhkim olunmuş “Otacar” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtobusun sükanı arxasına əyləşib və hərəkətə başlamışdır. Saat 17 radələrində ünvan 1 ünvanda yerləşən avtobus dayanacağına yaxınlaşan zaman orada sərnişinlərin sıxlığı səbəbindən avtobusu saxlayan zaman bir nəfər əvvələr tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin qolundan bilmədən avtobusun sağ tini ilə toxunmuşdur. Avtobusu saxladıqdan sonra Zərərçəkmiş şəxs avtobusa qalxıb və harada olduğunu, nə üçün dayanacağa gec gəldiyini soruşmuşdur. O, isə yollarda sıxlıq səbəbindən gec gəldiyini bildirmişdir. Bundan sonra Nurəddən onun oturduğu oturacağa doğru yanaşaraq “yalançının ....” deyərək onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. O, da əsəbləşərək Nurəddinlə ilk öncə sözlə mübahisə edib sonradan isə əllə mübahisəyə keçmişdir. Zərərçəkmiş şəxs ona qarşılıq verdiyindən o, oturduğu hissədə olan arakəsməni açaraq Nurəddinə bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra Nurəddin avtobusdan düşmüşdür. Nurəddin bu dəfə də avtobusun orta girişindən avtobusa minmiş, o, isə Nurəddinlə sözlə mübhaisəni davam etdirərək avtobusdan düşməsini istəmişdir. Nurəddin də avtobusdan düşmüşdür. O, yenidən avtobusun sükanı arxasına əyləşərək yoluna davam etmişdir. Sonradan ona məlum olub ki, baş vermiş hadisə ilə bağlı Nurəddin DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 17 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağında duraraq 85 saylı xətt avtobusunu gözləməyə başlamışdır. Həmin vaxt dayanacaqda çoxlu adamlar olmuşdur. Həmin vaxt "xxxx" MMCyə məxsus 85 saylı xətt avtobusu gələrək kobud şəkildə sərnişin dayanacğına daxil olduqda avtobusun qabaq sağ künc tərəfi onun sol qoluna dəymişdir. Bundan sonra o, da ətrafda avtobus gözləyən sərnişinlər kimi həmin avtobusa minərək kartı vurub içəri daxil olduqdan sonra həmin avtobus sürücüsünə bir qədər asta sürməsini, ehtiyyatlı olmasını, avtobusun sağ küncünün onun çiyninə dəydiyini bildirmişdir. Həmin sürücü ondan üzr istəmək əvəzinə onun özünü avtobusun altına atdığını bildirirək onu təhqir etməyə, sözlü mübahisə yaratmağa başlamışdır. Bundan sonra sürücü, sonradan adının Elşad olduğunu bildiyi şəxs oturmuş olduğu sükanın arxasından duraraq avtobusun içərisində onun üzərinə hücum edib, ona yaxınlaşaraq yumruq və təpiklə bədəninin müxtəlif hissələrindən vurmuşdur. O, mübahisə yaratmamaq üçün Elşada heç nə deməyərək avtobusdan düşmüşdür. Orta qapıdan yenidən avtobusa minmək istəyən zaman sürücü bu dəfə də onun üzərinə gələrək onun avtobusdan düşməyi üçün təhqirlərini davam etdirmişdir. O, artıq mübahisəyə son qoymaq üçün avtobudan düşmüşdür. Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş və aldığı xəsarətlə bağlı məhkəmə tibbi ekspertizasından keçmişdir. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Cinayət 12-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır. Hadisə qeyd olunan ünvanda yerləşən avtobus dayanacağında baş vermişdir. Cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2023-cü il tarixli 1548 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sağ təpə nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin 39-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 47-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 19 aprel 2024-cü il tarixdə Əzizov X1 rayonu, Asif Məhərrəmov küçəsi, ev 64 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 100-108-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Otacar” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı 85 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusunda qeydə alınmış video görüntü olan 01 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlini etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (4 gün) çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-288/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-288/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver