Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-289/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Anar adlı şəxsdən 12 may 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Ştutqart” marketinin yaxınlığında 30 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,490 qram kustar üsulla hazırlanmış bir büküm psixotrop maddə metamfetamin əldə edib əl çantasında daşıyaraq saxlamış, 18 may 2021-ci il tarixdə işlədiyi Nərimanov rayonu Azadlıq prospekti 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi”ndən saat 10-50-də işdən çıxarkən, mərkəzin nəzarətçisi Şahid4 tərəfindən onun əl çantasına baxış keçirilərkən, əl çantasının içərisindən həmin psixotrop maddə metamfetamin aşkar edilmiş, bu barədə akt tərtib edilərək Nərimanov RPİ-nin 16-cı PB-yə məlumat verilmiş, bundan sonra polis bölməsinin əməkdaşları “ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-yə gətirmişlər, orada saat 17:30-da video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilərkən onun çantasından şəffaf sellofana bükülmüş bir bükümdə 0,490 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir narkotik vasitə olan “şüşə” adı ilə tanınan metamfetamindən istifadə edir. Əvvəllər “Bakı Sağlamlıq Mərkəzi”ndə xadiməçi kimi çalışmışdır. 12.05.2021-ci il tarixdə öz istifadəsi üçün Anar adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Ştutqart” mağazasının yanında səhər saatlarında görüşüb ondan 30 manata 1 ədəd bükümdə “şüşə” adı ilə tanınan metamfetamin almış və əl çantasına qoymuşdur. Həmin bükümdəki maddədən 3 dəfə istifadə etmiş və onu əl çantasında saxlamışdır. 17.05.2021-ci il tarixdə saat 16:30 radələrində həmişə olduğu kimi işə getmiş və 18.05.2021-ci il tarixdə səhər 11:00-da işdən çıxarkən mərkəzin nəzarətçisi Ləman Şabazzadə həmişə olduğu kimi əşyalarında yoxlama aparmışdır. Bu zaman əl çantasına baxarkən orada olan gödəkçənin arasına bükdüyü şəffaf rəngli sellofanı görmüş və sellofanın içərisinə baxarkən orada siqaret qutularını, 03 ədəd alışqanı və içərisində “şüşə” adı ilə tanınan metamfetamin olan 01 ədəd bükümü aşkar etmişdir. Bundan sonra orada işləyən əməkdaşların və onun iştirakı ilə nəzarətçi Namiq Əsgərov tərəfindən akt tərtib edilmiş və daha sonra bununla bağlı Nərimanov RPİ-nin 16-cı PB-yə məlumat verilmişdir. Bu səbəbdən “Bakı Sağlamlıq Mərkəzi”nə gəlmiş polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı PB-yə gətirmişlər. Polis bölməsində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində və çantasında saxlanılan hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, o, könüllü surətdə əlində olan şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisindən 02 ədəd siqaret qutuları aşkar olunmuşdur. Siqaret qutularına baxış zamanı oradan müxtəlif əşyalarla yanaşı şəffaf sellofana bükülmüş, içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Həmin bükümün içərisindəki maddə qablaşdırılmış, protokol yazılmış və imzalanmışdır. Digər əşyalar isə ona qaytarılmışdır. “Bakı Sağlamlıq Mərkəzi”ndə yoxlanış zamanı, polis bölməsinə gətirilən və orada şəxsi axtarış keçirilən zaman ona qarşı fiziki güc və təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili XXX Ramin İsmayıl oğlu ifadəsində göstərdi ki, 18 may 2021-ci il tarixdə 16-cı Polis Bölməsində xidmətdə olarkən təxminən saat 14:00 radələrində növbətçi hissəyə “Bakı Sağlamlıq Mərkəzi”ndən orada xadimə işləyən bir şəxsin əl çantasından narkotik vasitəyə bənzər maddənin aşkar olunması barədə məlumat daxil olmuşdur. Bundan sonra o, baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin sağlamlıq mərkəzinə getmiş və orada həmin mərkəzin nəzarətçisi Şahid4 və X5 ilə görüşmüş və onlara mərkəzdə xadimə işləyən Təqsirləndirilən şəxs əl çantasından yoxlanış zamanı narkotik vasitəyə bənzər maddənin aşkar edildiyi və bu barədə akt tərtib olunduğu bildirilmişdir. Bundan sonra onlar əvvəllər tanımadığı Təqsirləndirilən şəxs və nəzarətçi X4 Nərimanov RPİ-nin 16-cı PB-yə dəvət etmişlər. Faktla bağlı araşdırma polis bölməsinin baş təhqiqatçısı Mələk Məmmədovaya həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildildən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Sonra təhqiqatçı onun üzərinə müdafiəçisinin və onların iştirakı ilə video çəklişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində və çantasında saxlanılan hər hansı bir qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü surətdə əlində olan şəffaf sellofanı təqdim etmiş və həmin sellofanın içərisindən 02 ədəd siqaret qutusu aşkar edilmişdir. Siqaret qutularının birinin içərisindən şəffaf sellofana bükülmüş, içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs əl çantasında iş üzrə əhəmiyyət kəsb etməyən şəxsi əşyalar da olmuşdur. Daha sonra siqaret qutusu içərisindən çıxan maddə qablaşdırılmış, protokol yazılmış və imzalanmışdır. Çantadan aşkar edilmiş digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaret qustusundan çıxan bükümün içərisində “metamfetamin” olduğunu, həmin maddəni 12.05.2021-ci il tarixdə öz istifadəsi üçün “Anar” adlı şəxsdən Xətai rayonu ərazisində 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs işlədiyi yerin nəzarətçisi tərəfindən əl çantasının içərisi yoxlanılarkən həmin maddənin aşkar edildiyini və bu barədə akt tərtib olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zaman və üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir fiziki güc və təziq tətbiq olunmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, iş üzrə digər şahid XXX Ramin İsmayıl oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzin”də nəzarətçi kimi fəaliyyət göstərir. Onun xidməti vəzifəsi Mərkəzə daxil olan və çıxan şəxslərə nəzarət etmək, Mərkəzdə işləyən əməkdaşların işdən çıxarkən onların əl çantalarına baxış keçirmək, kənar şəxsləri icazə olmadan Mərkəzə buraxmamaq, Mərkəzin giriş-çıxış hissələrinə nəzarət etməkdən ibarətdir. 18 may 2021-ci il tarixdə nəzarətçi Şahid4 “Bakı Sağlamlıq Mərkəzi”ndə xadiməçi işləyən Təqsirləndirilən şəxs işdən çıxan zaman sonuncudan əl çantasını yoxlanışa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əlində olan əl çantasını ona təqdim etmiş və o, çantanın içərisinə baxdıqda orada müxtəlif əşyalarla yanaşı paltara bükülmüş sellofanda 2 qutu siqaret qutusu görmüş və qutuların içərisinə baxdıqda orada müxtəlif əşyalarla yanaşı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddəni aşkar etmişdir. Həmin maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-yə məlumat vermiş və müvafiq akt tərtib etmişdir. Polis əməkdaşları “Bakı Sağlamlıq Mərkəzi”nə gəlmiş, Təqsirləndirilən şəxs və onu 16-cı PB-yə dəvət etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildildən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, daha sonra təhqiqatçı onun üzərinə müdafiəçisinin və onların iştirakı ilə video çəklişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində və çantasında saxlanılan hər hansı bir qanunsuz əşya varsa təqdim edilməsi təklif olunduqda Təqsirləndirilən şəxs könüllü surətdə əlində olan şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisindən 02 ədəd siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutularının içərisindən isə müxtəlif əşyalarla yanaşı içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Həmin siqaret qutusu içərisində olan büküm qablaşdırılmış, protokol yazılmış, protokola iştirakçılar tərəfindən imzalanmışdır. Çantadan aşkar edilmiş digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs başqa hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaret qustusundan çıxan bükümün içərisində “metamfetamin” olduğunu, həmin maddəni 12.05.2021-ci il tarixdə öz istifadəsi üçün “Anar” adlı şəxsdən Xətai rayonu ərazisində 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi”ndə nəzarətçi kimi fəaliyyət göstərir. Onun xidməti vəzifəsi Mərkəzdə işləyən əməkdaşların işdən çıxarkən əl çantalarına baxış keçirməkdən ibarətdir. 18 may 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində işdən çıxan xadiməçi Təqsirləndirilən şəxs əl çantasını yoxlanışa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əlində olan əl çantasını ona təqdim etmiş və o, çantanın içərisinə baxdıqda orada müxtəlif əşyalarla yanaşı paltara bükülmüş sellofanda 02 ədəd siqaret qutusu görmüş və qutuların içərisinə baxdıqda orada müxtəlif əşyalarla yanaşı siqaretin gümüşü rəngli kağızına bükülmüş, ağ rəngli kristal şəkilli maddəni aşkar etmiş və həmin maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, o, həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, nəzarətçi Namiq Əsgərovu çağırmış və sonuncu, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-yə məlumat vermiş, bu barədə müvafiq akt tərtib olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi”nə gəlmiş polis əməkdaşları Təqsirləndirilən şəxs və Namiq Əsgərovu 16-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs əl çantasına baxış keçirilən zaman ona qarşı zor və təzyiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid4 və X5 tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli aktdan görünür ki, “Bakı Sağlamlıq Mərkəzi”nin Terapiya şöbəsində xadimə işləyən Təqsirləndirilən şəxs əlində olan əl çantasından paltara bükülmüş sellofanda 2 qutu siqaret qutusu götürülmüş və qutuların içərisinə baxdıqda orada 3 ədəd alışqan və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2021-ci il tarixli protokoldan görünür ki, 18.05.2021-ci il tarixdə saat 14:40 radələrində Nərimanov RPİnin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 8 ünvanda yerləşən “Bakı Sağlamlıq Mərkəzi”ndə xadimə işləyən Təqsirləndirilən şəxs saxlanılaraq saat 15:00 radələrində şübhəli şəxs qismində 16-cı PB-yə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi”nin nəzarətçisi X3, Nərimanov RPİ 16-cı PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili XXX Ramin İsmayıl oğlunun və “Yusifbəyli və Partnyorları” vəkil bürosundan dəvət olunmuş vəkil X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində “Buta Farm” yazısı olan şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisində 01 ədəd “Pall Mall” markalı və 01 ədəd “Rothmans” markalı siqaret qutuları aşkar edilmişdir. “Pall Mall” markalı siqaret qutusuna baxış zamanı orada kəsik falqalar, bir ədəd alışqan, “Rothmans” markalı siqaret qutusunun içərisində isə 01 ədəd alışqan və siqaretin gümüşü rəngli kağızına, eyni zamanda şəffaf sellofana bükülmüş, içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan büküm aşkar olunaraq götürülmüşdür. Eyni zamanda ona məxsus qara rəngli əl çantasından 01 ədəd “Garnier” markalı qolaltı dezodorant, 01 ədəd nəm salfet, 01 ədəd qara rəngli qutunun içərisində qara rəngli gün eynəyi, 01 ədəd “Qalazolin” burun damcı dərmanı, 01 ədəd saç darağı, 01 ədəd qol saatı və pul qabı aşkar olunmuşdur. Pul qabının içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, “xxxx” ASC-yə məxsus maaş kartı, metro üçün gediş kartı, 10 qəpik pul, özünə və oğluna məxsus 3x4 fotoşəkil, Təqsirləndirilən şəxs məxsus Dövlət Sosial Siğorta Şəhadətnaməsi, 02 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasları, qara rəngli gödəkçə və 01 ədəd “Redmi Note 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 12.05.2021-ci il tarixdə Babək prospektində Anar adlı şəxsdən 30 manata almışdır. Həmin narkotik maddəni qara rəngli əl çantasında öz istifadəsi üçün saxlamışdır. 18.05.2021-ci il tarixdə səhər saatlarında xadimə işlədiyi ünvan 10 ünvanda yerləşən “Bakı Sağlamlıq Mərkəzi”ndən növbədən çıxarkən nəzarətçi X5 tərəfindən həmişə olduğu kimi üzərində yoxlama aparılarkən həmin narkotik vasitə aşkar olunmuşdur. Bu barədə məlumat verildikdən sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saat 15:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli, 6/1968 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manatdır; “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “CD-diskinə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə 18.05.2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PBdə video kamera vasitəsi ilə lentə alınmış və CD diskə köçürülmüş görüntülərə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, Bakı Sağlamlıq Mərkəzinin nəzarətçisi X3 tərtib etdiyi akt əsasında 18.05.2021-ci il tarixdə saat 14:40 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 8 ünvanda yerləşən Bakı Sağlamlıq Mərkəzindən orada xadimə işləyən Təqsirləndirilən şəxs saxlanılaraq saat 15:00 radələrində şübhəli şəxs qismində 16-cı PB-yə gətirilməsi ilə bağlı ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bakı Sağlamlıq Mərkəzinin nəzarətçisi X3, Nərimanov RPİ 16-cı PB-nin CA baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili Ramin İsmayıl oğlunun vəkil X6 iştirakları ilə Təqsirləndirilən şəxs xadimə işlədiyi Bakı Sağlamlıq Mərkəzində üzərində aşkar olunmuş içərisində “Buta Farm” yazısı olan şəffaf sellofanı təqdim etdiyi, həmin sellofanın içərisində 01 ədəd “Pall Mall” markalı və 01 ədəd “Rothmans” markalı siqaret qutuları aşkar edilmişdir. “Pall Mall” markalı siqaret qutusuna baxış zamanı orada kəsik falqalar, 01 ədəd alışqan, “Rothmans” markalı siqaret qutusunun içərisində isə 01 ədəd alışqan və siqaretin gümüşü rəngli kağızına, eyni zamanda şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan büküm aşkar olunaraq götürüldüyü, eyni zamanda ona məxsus qara rəngli əl çantasında 01 ədəd “Garnier” markalı qolaltı dezodorant, 01 ədəd nəm salfet, 01 ədəd qara rəngli qutunun içərisində qara gün eynəyi, 01 ədəd “Qalazolin” burun damcı dərmanı, 01 ədəd saç darağı, 01 ədəd qol saatı və pul qabı aşkar olunmuşdur. Pul qabının içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, “xxxx” ASC-yə məxsus maaş kartı, metro gediş kartı, 10 qəpik pul, özünə və oğluna məxsus 3x4 fotoşəkil, Təqsirləndirilən şəxs məxsus Dövlət Sosial Siğorta Şəhadətnaməsi, 02 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əskinasları, qara rəngli gödəkçə və 01 ədəd “Redmi Note 7” markalı mobil telefon aşkar edilərək götürüldüyü aydın görünmüşdür. Şübhəli Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 12.05.2021-ci il tarixdə Babək prospektində Anar adlı şəxsdən 30 manata aldığını, həmin maddəni qara rəngli əl çantasında öz istifadəsi üçün saxladığını, 18.05.2021-ci il tarixdə səhər saatlarında xadimə işlədiyi ünvan 8 ünvanda yerləşən Bakı Sağlamlıq Mərkəzindən növbədən çıxarkən nəzarətçi X5 tərəfindən həmişə olduğu kimi üzərində yoxlama aparılarkən həmin narkotik vasitənin aşkar olunduğunu, bu barədə məlumat verildikdən sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saat 15:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nə gətirildiyini, aşkar olunmuş psixotrop maddənin qablaşdırıldığı, möhürlə möhürləndiyi müəyyən olunmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdıqdan sonra iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 27 may 2021-ci il tarixli, 1627 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd “CD” markalı video disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əl çantasından aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,490 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,440 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,490 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: qadın olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan 152 saylı MKİS-in rəisi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (18-20 may 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd “CD” markalı video disk cinayət işinin materiallarında saxlanılmalı, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi (0,440 qram) məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd “CD” markalı video disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi (0,440 qram) məhv edilsin. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-289/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-289/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver