Məhkəmə qərarları › İş №1(005)-289/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-289/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-289/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmişin hüquqi varisi –X16 oglunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1986-cı ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü kimi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Murad küçəsi ev 47 A-da qeydiyyatda olmaqla Abşeron rayonu, Məhəmmədi kəndi, Əl-çıraq qəsəbəsi, ev 118-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə saat 00:40 radələrində "BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısından keçən hissəsində üzü "20 Yanvar" metrostansiyası istiqamətində 80 km/saat sürətlə yolun 5 zolaqlı sağ hərəkət hissəsinin soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun əks hərəkət istiqaməti ilə ayırıcı zolağından hərəkətə başlayaraq soldan sağa keçməkdə olan piyada X2 hərəkət hissəsində təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişin açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, diffuz baş beynin ödemi, sağ təpə sümüyünün gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, əsas sümüyüün xətti sınığı, sağ baldır sümüklərinin sınığı, döş qəfəsinin küt travması iki tərəfli heıuopnevmatoraks. sağ göz ətrafı nahiyənin hematoması, üst və alt dodağın sağ və sol əlin sıynqları xəsarətləri alaraq 15 avqust 2021-ci ildə xəstəxanada ölməsinə səbəb olmuşdur. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 avqust 2021 -ci il tarixdə saat 00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Nissan Maxima minik markalı ** KR *** d.q.nişanlı avtomobillə Mərdəkan qəsəbəsində tanımadığı şəxsiyyəti haqqında məlumatı olmadığı bir nəfər kişi cinsindən olan şəxs müştəri qismində avtomobilinə əyləşmiş, onun dediyi 20 Yanvar istiqamətində hərəkətə başlamış, saat 00:40 radələrində 80 km/saat sürətlə Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətinə hərəkətdə olarkən, 5 zolaqdan ibarət yolun sağ hərəkət hissəsində soldan 2-ci zolaqla düzünə hərəkət edirmiş, bu zaman onunla paralel soldan birinci zolaqda markası və dövlət qeydiyyat nişanına fikir vermədiyi sedan tipli avtomobil hərəkət edirmiş, həmin avtomobil onu ötməyə çalışmış, buna görə də piyada özünü onun avtomobilinə çırpdığı anadək həmin avtomobil onunla yanaşı hərəkət etmiş və həmin avtomobilin ön hissəsi onun avtomobilinin ön hissəsindən İ metr irəlidə olmuş, ondan sol zolaqda olan avtomobil onun hərəkət zolağına yaxın idarə etmiş, belə ki, həmin avtomobil soldan birinci zolağın sağ tərəfi ilə zolaqları ayıran xəttə həddindən artıq yaxın hərəkətdə olmuşdur. O isə avtomobilini soldan ikinci zolağın sol tərəfinə yaxın idarə etmişdir. Belə ki həmin avtomobillə onu idarə etdiyi avtomobilin arasında təxminən 0,5-1 metr məsafə olmuşdur. Düzünə hərəkətdə olduqları zaman piyada, keçid olmayan yerdən yolun Koroğlu metrostansiyasından üzü 20 Yanvar dairəsi istiqamətində olan hərəkət hissəsinin sol tərəfindən ayırıcı zolaqdan yola daxil olmuşdur. Belə ki, o hadisəni belə təsəvvür edir. lakin konkret olaraq piyadanın yola daxil olduğunu görməmişdir. Birinci zolaqla hərəkət edən avtomobilin sürücüsü qəflətən piyadanın qaçaraq ona tərəf gəldiyini görüb, idarə etdiyi avtomobili qəfil nisbətən sola tərəf çəkərək cüzi tormozlama edərək saxlamadan sürərək getmişdir. Həmin zaman piyada qaçışını davam etdirib onun hərəkət etdiyi zolağa daxil olmuşdur. Məhz bu anda o piyadanı görmüşdür. Onun ayırıcı zolaqdan yola daxil olmasını isə görməyib. O piyadanı, soldan birinci zolaqla soldan ikinci zolağın ayrıcı xəttinə 0,5 metr qalmış görmüşdür. Piyada onun hərəkət etdiyi zolağa daxil olanda, ayırıcı xəttdən 05 metr onun hərəkət zolağına qaçaraq daxil olub özünü onun idarə etdiyi avtomobilə çırpmışdır. O ani vaxtda əyləci sıxıb avtomobilin sükanını sağa doğru çəksə də nəticədə həmin şəxs onun avtomobilinə dəymişdir. Çünki o elan edilmiş ittahmla razı deyil. Avtomobili isə 1-1,5 metr gedib dayanmışdır. Zərbənin təsirindən piyada eyni hərəkət istiqamətində soldan birinci hərəkət zolağına düşmüş, baş vermiş məlum yol-nəqliyyat hadisəsi nəticəsində özü xəsarət almamış vurduğu piyada isə hadisə yerində yerə uzanıİı vəziyyətdə qalmışdır. Onu özü avtomobilinə mindirərək 5 nömrəli xəstəxanaya aparmışdır. Orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Xəstəxanadan onun məlumatlarını polisə vermişlər və bundan sonra Polis İdarəsindən onunla əlaqə saxlayaraq araşdırmada iştirak etməyini xahiş etmişlər. Ani olaraq baş verən bu hadisənin qarşısını tam olaraq almaq imkanı tapmadığından piyada idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sol tərəfinə dəymişdir. Düşünür ki, piyada onunla paralel hərəkətdə olan Sedan tipli avtomobilin qarşısından qaçaraq hərəkət etmiş, həmin avtomobil onu vurmamaq üçün idarə etdiyi avtomobili hərəkət etdiyi zolağın soluna tərəf çəkmiş, belə ki, o, piyadanı bir qədər gec görmüş, həmin zaman artıq piyada onun avtomobili ilə tam qarşı-qarşıya olduğundan o piyadanı vurmamaq üçün sol tərəfində boş yer oldugunu görüb avtomobilini həmin tərəfə çəkmişdir.Həmin avtomobilin sürücüsü piyadanı vurmamaq üçün avtomobili sola çəkdiyi anda piyada qaçaraq onun hərəkət zolağına daxil olmuşdur. Piyadanı gördüyü zaman artıq aralarında 1 metr məsafə qalmışdır. Piyadanı gördüyü andan vurduğu ana qədər təxminən 1-2 saniyə vaxt keçmişdir. İdarə etdiyi avtomobil yol-nəqliyyat hadisəsi baş verən zaman saz vəziyyətdə idi, avtomobili ayıq halda idarə etmişdir. Özünü qismən təqsirli bilir, hadisədən sonra zərərçəkəni xəstəxanaya aparmışdır. Xəstəxana olarkən zərərçəkənə 2.500 manat, ölümündən sonra 4.200 manat baş daşı xərci, 3.000 və 1200 manat, ümumilikdə 11.000 manata qədər xərc çəkmişdir. İlkin olaraq zərərçəkənin hüquqi varisi ondan şikayətçi olmamış, bu barədə notarial qaydada ərizə də vermişdir. Lakin sonradan əlavə xərc tələb etdiyindən ərizəsini geri götürmüşdür. Ailəlidir, himayəsində azyaşlı övladları var, taksi fəaliyyəti ilə məşgul olur, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Hadisəni qəsdən törətməyib, peşmandır və belə olmasını istəməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 izahatında göstərmişdir ki, mərhum X10 onun oğludur. Yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə axşam saat 00 radələrində baş vermişdir. Məlumat üçün bildirir ki, Əli həmin gün 2 nəfər dostları ilə görüşəcəkdi. Hadisə baş verən zaman dostlarının ona dediklərinə görə Əli onlarla birlikdə Z.Bünyadov prospekti ilə üzü Koroğlu istiqamətindən sağ tərəfində taksiyə əyləşmiş daha sonra Əlinin əşyaları yolun digər tərəfində tanışında qaldığından yolun əks tərəfinə keçərək əşyalarını götürmək üçün yolu keçmiş, ortadakı səkiyə qədər gəlib dayanmış yolda sağa daha sonra sola baxaraq yolun boş olmasını görüb yolu keçmək istəyərkən soldan birinci hərəkət zolağında oğlunu Rüfət adlı çəxs idarə avtomobillə yüksək sürətlə vurmuşdur. Eyni zamanda hüqiqu varis bildirdi ki, Təqsirləndirilən şəxs 8.000 manata kimi xərc çəkmişdir. O da istintaq zamanı Təqsirləndirilən şəxs şikayətçi olmamağı ilə bağlı notarial ərizə vermişdir. Həmin ərizəni verəndə məzmununu anlamamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahis qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Əli Bayramov onun iş yoldaşı olmuşdur. xx.xx.2021-ci il tarixdə Əli və Mənsur ilə birlikdə işlədikləri restorandan çıxaraq taksi ilə evə getdikləri zaman, Ziya Bünyadov prospekti ilə üzü Koroğlu metrosu stansiyası istiqamətində hərəkətdə olarkən tuneldən çıxıb birinci keçidi keçdikdən sonra Əli taksini saxlatdırıb yolun əks tərəfindən əşyasını götürəcəyini bildirib avtomobildən düşmüşdür. Adi yerişlə gözləyəgözləyə yolu keçməyə başlamış, yolun ortasındakı səkidə dayanaraq yolun əks tərəfinə eyni hərəkət surəti ilə keçmişdir. Daha sonra yolda Əlini maşın vurmuş, onlar sürücü ilə birlikdə Əlini xəstəxanaya çatdırmışlar. Hadisədən sonra Əli yolun soldan ikinci zolağında uzanıqlı vəziyyətdə qalmışdır. Məhkəmə iclasında şahis qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki,Əli Bayramov və Bəhmən Bayramov adlı şəxsləri tanıyır. Əli Bayramovu baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölməsindən bir neçə həftə öncə tanımışdır. Belə ki, onunla birlikdə restoranda ofisiant işləyirdi. xx.xx.2021-ci il tarixdə gecə saatlarında o, Əli və digər dostu Şahid ilə birlikdə işlədikləri Niaqara adı altında fəaliyyət göstərən restorandan çıxaraq evlərinə getmək üçün taksi çagırmışlar. Hazırda həmin taksinin nömrəsini eləcə də dövlət nömrə nişanını xatırlamır. Bundan sonra onun yaşadığı evə tərəf gedərkən Əli Z.Bünyadov prospektinin üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olduqları zaman Socar YDM-ə çatmamış, piyada keçidləri olan yerdə tuneldən çıxdıqdan və 1-ci keçidi keçdikdən sonra 2-ci keçidə çatmamış taksiyə yolun kənarında saxlamağını və əks tərəfdən çanta götürəcəyini demiş, avtomobildən düşərək qarşı tərəfə keçmək üçün yolu keçmiş və orada qəfil səs eşitmişdir, düşüb təcili qarşı tərəfə keçəndə Əlini avtomobilin vurduğunu görmüş, həmin zaman Əlini vuran avtomobilin konkret olaraq onu necə vurmasını görməmiş, çünki əlində telefon olmuş və başı qarışıq olmuşdur. Lakin ** KR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Əlini vurduğunu görmüşdür. Həmin zaman avtomobil yolun üzü 20 Yanvar metrostansivası tərəfə gedən hərəkət hissəsində soldan ikinci zolaqda dayanmış vəziyyətdə olmuş, Əli isə soldan ikinci zolaqda uzanıqlı vəziyyətdə qalmışdı. Bundan sonra sürücü ilə birlikdə Əlini xəstəxanaya aparmışlar. O Əlinin atasına ümumi olaraq avtomobilin Əlini səkidən düşəndə vurduğunu demişdir. Lakin yəqin ki o səhv anlayaraq Əlini avtomobilin məhz birinci zolaqda vurduğu kimi başa düşüb. Hadisə zamanı yanında olan digər dostunun adı Şahiddur. Hadisə saat təxminən xx.xx.2021-ci il tarixdə saat 01 radələrində baş vermiş, nə Əli nə də onlar spirtli içki qəbul elməmişlər. Məhkəmə iclasında dindirilmiş ekspert X8 ifadəsində vermiş olduğu 16 dekabr 2021-ci il tarixli, 8/3230 saylı rəyi müdafiə edərək bildirdi ki, istintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafə onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyükdür. Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında*' Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindilmiş X3 ifadəsində göstərdi ki, mərhum X4 əmisidir. Hadisəni eşidən kimi xəstəxanaya getmiş və mərhumun aparata qoşulmasını görmüşdür. Hadisəni törədən tərəfdən Rüfətin qohumu Mikayıl adlı şəxs, onlar tərəfdən isə o özü öz aralarında xərclərlə bağlı məsrəfləri həll etmişlər. Qardaşı oğlu aparata qoşulu idi, xəstəxana xərclərin onu avtomobillə vuran tərəf ödəmişdi. Qardaşı oğlu 5-6 gün xəstəxanada qalmış, sonra rəhmətə getmişdir. Mərhumun üç, yeddi, qırx xərclərini Təqsirləndirilən şəxs ailəsi çəkmişdir. 4200 baş daşına, 3.000 manat və sonra onun yanında qırx mərasimində 1200-1300 manata qədər pul ödəmişlər. Yas mərasimi üçün heyvan, ət alınması üçün, bazarlıq xərclərini də ödəmişlər. Xəstəxanada nə xərc çəkilib dəqiq bilmir. Əvvəldən belə razılıq olmuşdu ki, yasa bütün xərclər çəkiləcək, qardaşının ailəsi şikayətçi olmayacag. Hətta qardaşı və onun arvadı şikayətçi olmamaqla bağlı notarial qaydada ərizə də yazmışdılar. Lakin sondaran o, görmüşdür ki münasibətlər pisləşmiş, lakin səbəbini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtomobilə baxış keçirilməsi haqqında” 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5, ********** saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutub “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə duracaqda baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin avtomobil gümüşü metallik rəngli 10 KR88 d.n.nişanlı avtomobildir. Avtomobilin ön sol hissəsi və ön şüşəsinin sağ aşağı tərəfi əzilmiş vəziyyətdədir. Nəqliyyat vasitəsi üzərində hadisə zamanı yaranmış izlər olduğundan nəqliyyat vasitəsinin şəkli çəkildi. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində ünvan 2 ünvanın arxasında duracaqda keçirilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərarla “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və faktiki sahibinə təhvil verilmişdir. 11 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə tibb ekspertizasının 25 avqust 202l-ci il tarixli, 105 saylı rəyi ilə müəyyən edilmişdir ki, X4 meyiti üzərində olan xəsarətlər açıq kəllə- beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, diffuz baş beynin ödemi, sağ təpə sümüyünün gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı,əsas sümüyünün xətti sınığı, sağ baldır sümüklərinin sınığı, döş qəfəsinin küt travması iki tərəfli hemopnevmatoraks, sağ göz ətrafı nahiyənin hematoması, üst və alt dodağın sağ və sol əlin sıyrıqları həyati olub ölümündən əvvəl bərk küt əşyaların təsirindən törənmişlər, xx.xx.2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. -X4 ölümünə səbəb baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, sağ təpə sümüyünün gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı və əsas sümüyünün xətti sınığı nəticəsində inkişaf edən baş beynin travmatik ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2021 -ci il tarixdə saat 09:30 da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 dekabr 2021 -ci il tarixli, 8/3230 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafə onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyükdür. Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında*' Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş etibarnamənin surətindən də görünür ki, X6 ** KR *** dövlət qediyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən verilmiş xx.xx.2021 -ci il tarixli, 016-144816-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AC 051284 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması qeydə alınmamışdır. Respublika Narkoloji Mərkəzlərindən təqdim edilmiş xx.xx.2021 -ci il tarixli sərxoşluq vəziyyətlərinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman sərxoş vəziyyətdə olmamamışdır. İstintaq zamanı verilmiş sorğu əsasında xx.xx.2021-ci il tarixli 01\04-348 nömrəli məktubla istintaqa təqdim edilən içərisində 9 ədəd faylda videogörüntülərin əks olunduğu 03 ədəd CD diskə Nərimanov RPİ-nin İŞ-də “HP LE 1901" markalı kompyuterdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, disklərin birində 3 ədəd fayl vardır. CCTV 59 2 X_Bunyadov_pr_keçidin _ya...xx.xx.2021 10:39 Bideo (MP4) 923288KB adlı 2-ci faylda ünvan 3 ünvanın yaxınlığında quraşdırılmış kameraların yaddaşında olan görüntülərdə yol nəqliyyat hadisəsinin baş verməsinə dair hər hansı dəqiq görüntüyə baxmaq mümkün olmamışdır. Belə ki, hadisə gecə saat 00:40 radələrində baş verdiyindən və həmin zaman avtomobillərin işıqları kameraya düşdüyündən hadisə kameranın görüntü dairəsinin sonunda baş verdiyindən hadisənin baş vermə mexanizmi ilə bağlı hər hansı sübut əhəmiyyəti kəsb edən halı müəyyən etmək mümkün olmamışdır. Video görüntünün sadəcə olaraq 00:40- 00:42-ci dəqiqələrində avtomobillərin qəfil yolda dayanması və qəza işıqlarını yandırması görünür. Diskə baxış zamanı hadisənin baş vermə mexanizmi görünmür. Video görüntülərin əks olunduğu diskə baxış ilə əlaqədar tərəfimdən protokol tərtib olunmuş, həmin disk öz qablaşdırmasından çıxarılaraq digər qablaşdırmada qablaşdırılaraq hadisənin baş verməsini təsdiq etdiyindən sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli 01\04-348 nömrəli məktubla istintaqa təqdim edilən içərisində 9 ədəd faylda videogörüntülərin əks olunduğu 03 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ekspert rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri olmaması barədə ifadəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə saat 00:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısından keçən hissəsində üzü "20 Yanvar" metrostansiyası istiqamətində 80 km/saat sürətlə yolun 5 zolaqlı sağ hərəkət hissəsinin soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun əks hərəkət istiqaməti ilə ayırıcı zolağından hərəkətə başlayaraq soldan sağa keçməkdə olan piyada X2 hərəkət hissəsində təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən kifayət qədər məsafədə olmuş və onun tormozlanma əməliyyatı apararaq yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmaq imkanı olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021 -ci il tarixli, 8/3230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini qismən etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olmaqla onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - xx.xx.2021-ci il tarixli 01\04-348 nömrəli məktubla istintaqa təqdim edilən içərisində 9 ədəd faylda videogörüntülərin əks olunduğu 03 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalı, “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə ehtiva edən 9 ədəd faylda videogörüntülərin əks olunduğu 03 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar