Məhkəmə qərarları › İş №1(005)-29/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-29/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-29/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs hüquqi varisi X7 iştirakları ilə, xx xxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə vəfat edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi üzrə sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X4 həbsdən azad edilməsinə köməklik edəcəyi ilə bağlı yalan vədlər verib aldatmaqla 19 iyun 2023-cii il tarixdə ünvan 2 ünvanın yaxınlığında etibarnamə verilməsinə görə 500 manat, 2023-cü ilin iyun ayının axırlarında həmin ünvanda Ramil Cabbarova çatdırılması üçün 510 manat, 2023-cü ilin iyul ayının ortalarında ünvan 3 ünvanda yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında 2000 manat, 24 iyul 2023-cü il tarixdə yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi. Emin Quliyev küçəsində yerləşən “Rifah Markefdə quraşdırılmış ödəniş aparatı vasitəsilə bank kartına göndərdiyi 1500 manat və 1500 manat olmaqla cəmi 3000 manat, 2023-cü ilin avqust ayının axırlarında yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi. Emin Quliyev küçəsində yerləşən evdən mobil telefonuna yüklənmiş proqram vasitəsilə bank kartına göndərdiyi 300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6310 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2, barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işinin xitam edilməsinə köməklik etməklə bağlı yalan vəd verib aldatmaqla 26 oktyabr 2023-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən '‘Nərimanov” metrostansiyasının yaxınlığında quraşdırılmış Ödəniş aparatı vasitəsilə bank kartına göndərdiyi 2300 manat və 27 oktyabr 2023-cü il tarixdə 3800 manat, 2023-cü ilin oktyabr ayının axırlarında ünvan 5 ünvanda yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 6600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 köhnə tanışları vasitəsilə tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X4 barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Ramil Cabbarovun hüquqlarını oğlu Araz Məmmədov müdafiə etmişdir. Lalə Məmmədova ondan ağsaqqal kimi, köməklik istəmişdir və ona verdiyi pullarla həbsxanada olan Ramil Cabbarov üçün ərzaq alınıb aparılmasını və və ona pul verilməsini xahiş etmişdir. Digər pullar isə vəkil ilə müqavilə bağlanması məqsədilə alınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul almamış, hansısa işinə köməklik edəcəyi barədə vəd verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 eyni ərazidə yaşadıqları üçün tanıyır. Onun barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi üzrə köməklik edəcəyi barədə heç bir söz deməmiş, heç bir vəd verməmiş, oğlu Araz Məmmədov, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Eyvazın barəsində istintaqı aparılan cinayət işi üzrə Eyvazın hüquqlarını müdafiə etdiyinə görə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi üçün ağsaqqal kimi məndən köməklik istəmişdir. Eyvazdan aldığı təxminən 5000 manat pulun 3200 manatını zərərçəkmiş şəxsə vermiş, qalan pulları isə Eyvazın deməsinə əsasən hazırda xatırlamadığı digər şəxslərə vermişdir. Yəni, niyyəti Eyvazın pulunu ələ keçirmək olmamışdır. Zərərçəkmiş şəxs2, onun barəsində olan cinayət işi üzrə köməklik edəcəyi barədə heç bir söz deməmiş, buna görə Eyvazdan heç bir məbləğdə pul almamışdır. Məhkəmənin sualına cavab olaraq hazırda hər iki zərərçəkmiş şəxsə qeyd olunan pullar qaytarılmış və barışıq əldə edilmişdir. Pulları özü ələ keçirməsə də qaytarmışdır ki, cinayət işi yekunlaşsın. Heç bir dələduzluq əməli törətmədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, X8 ilə ər-arvad münasibətində yaşasa da, rəsmi nigahları olmamışdır. Ramil Cabbarovla ailə kimi yaşadığı müddət ərzində onunla münasibəti yaxşı olmuşdur. 2023-cü ilin iyun ayında ona məlum olmuşdur ki. Ramil tanımadığı şəxslərə qarşı dələduzluq etdiyinə görə barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işinin istintaqı aparılır. İstintaq dövründə Ramilin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ramilin tanışı olan Ruslan Qasımovla əlaqə saxladıqda vəkil tanışının olduğunu, həmin vəkillə əlaqə saxlayıb cavab deyəcəyini bildirmişdir. Səhərisi günü istifadəsində olan mobil telefonuna zəng gəlmiş və danışan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, uzun müddət prokurorluq orqanlarında işlədiyini, Araz adlı oğlunun hazırda vəkil işlədiyini deyib Ramilin həbsdən azad olunması işində ona köməklik edəcəyini bildirmişdir. Həmin şəxsə öz razılığını bildirmiş və Təqsirləndirilən şəxs, istifadəsində olan mobil telefonun "Whatsapp" proqramına oğlu Araz Məmmədovun şəxsiyyət vəsiqəsinin kserosurətini göndərib, etibarnamə verməsini xahiş etmiş, Araz Məmmədovla görüşüb etibarnamə vermiş və Araz ona demişdir ki, 500 manat dövlət rüsümu ödəmək lazımdır. Etiraz etməmiş və 19 iyun 2023-cü il tarixdə ünvan 7 ünvanın yaxınlığında etibarnamə verilməsinə görə Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib bildirmişdir ki, vəziyyəti pisdir, müstəntiq onun adını Ramillə birlikdə cinayət törətməkdə hallandırıb, bunun həlli üçün prokurorla danışmalıdır. 2023-cü ilin iyun ayının axırlarında Təqsirləndirilən şəxs yenidən onun mobil telefonuna zəng edib demişdir ki, Araz yaxın günlərdə Ramilin yanına gedib onunla görüşəcəkdir. Ona görə də həmin günü ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb ona 510 manat pul vermişdir ki, oğlu Araz, həmin pulu Ramilə çatdırsın. 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə ona bildirmişdir ki, Ramilin işinin həlli üçün 2000 manat pul lazımdır. Etiraz etməmiş və həmin günü Nərimanov rayonu ərazisində yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında ona 2000 manat pul vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən zəng edib özünü adının hallanmaması ilə bağlı əlavə 3000 manat pul lazım olduğunu demiş, onun sözlərinə inandığına görə 24 iyul 2023-cü il tarixdə yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən “Rifah Market”də quraşdırılmış ödəniş aparatı vasitəsilə 1500 manat və 1500 manat olmaqla cəmi 3000 manat pul göndərmişdir. 2023-cü ilin avqust ayının axırlarında Təqsirləndirilən şəxs onun mobil telefonuma zəng edib, oğlu Arazın Ramillə görüşə getdiyini, yol pulu kimi ona 300 manat pul verməsini bildirmiş, ona görə də Təqsirləndirilən şəxs kart hesabına yaşadığı evdən 300 manat pul göndərmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, ona verdiyi pulları Ramilə verməmiş, bundan başqa, Ramilin həbsdən azad olunmasına görə heç bir iş görməmişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla 6310 manat pulunu ələ keçirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2023-cü ilin təxminən oktyabr ayında Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində cinayət işinin istintaqı aparılan zaman Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs onun barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işinin Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsindən 178.1-ci maddəsinə tövsif edilməsini, bundan sonra isə cinayət işini xitam etdirəcəyini bildirərək bunun üçün 5000 manat pul istəmiş, onun sözlərinə inandığına görə razılaşmış və 26 oktyabr 2023-cü il tarixdə 2300 manat, 27 oktyabr 2023-cü il tarixdə isə 3800 manat məbləğində pulları Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov" metrostansiyasının yaxınlığında quraşdırılmış ödəmə aparatı vasitəsilə onun göndərdiyi bank kartına göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onunla müqavilə bağlamağa görə 1500 manat pul istəmiş və həmin pulu 2023-cü ilin oktyabr ayının axırlarında Nərimanov RPİ-nin yerləşdiyi inzibati binanın yaxınlığında ona vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 6600 manat pul alsa da, bunun qarşılığında heç bir iş görməmiş, barəsində olan cinayət işinin xitam olunması üçün heç bir köməklik etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vermiş olduğu pulları qaytarmasını dedikdə sonuncu ona bir qədər gözləməsini, barəsində olan cinayət işini xitam etdirəcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs bundan sonra heç-bir iş görməmiş və aldığı pulları ona qaytarmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs onun ümumilikdə 6600 manat pulunu ələ keçirmiş, lakin barəsində olan cinayət işi üzrə heç bir köməklik etməmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulların 3200 manatım barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsə qaytarmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri, 25 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1 və X3 tanıyır. Belə ki, Lalə X1 barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan cinayət işində müdafiəçi qismində iştirak etmişdir. Lakin, atası Zərərçəkmiş şəxs1 X4 həbsdən azad edilməsi adı ilə Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul almamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 barəsində olan cinayət işinin həll edilməsi adı ilə Zərərçəkmiş şəxs2 heç bi məbləğdə pul almamışdır. İttiham aktında göstərilən məbləğlər vəkil oxidmətlərinin göstərilməsi üçün bağlanılmış müqavilələrin məbləği, zərərçəkmiş şəxsə istintaq dövründə ödənilmiş məbləğdir və Ramil Cabbarova həbsxanada qaldığı müddətdə verilmiş və ona istifadəsi üçün alınmış ərzaqların məbləğidir. Atası Təqsirləndirilən şəxs tərəfindən artıq heç bir məbləğ alınmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş əlavə şahid X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Onun vəkili Araz Məmmədov olmuşdur. Araz Məmmədov həbsxanada olduğu müddətdə onun yanına gəlib-getmişdir. Həmin vaxtlar evdən ona pul verdiklərində ona çatdırmışdır. Məbləğlər barədə dəqiq xatırlamadığını qeyd etmişdir. Məhkəmə iclasında hüquqi varisi X11 çıxış edərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 5000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvllər məhkum olunmamışdır. “Baxış keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-ııin 26 yanvar 2024-cii il tarixli, 2024/1 1 1/2402 saylı məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə “X9” adlı fayl, həmin faylın içərisində isə “xx.xx.2023”. “xx.xx.2023” və “xx.xx.2023” adlı faylların yerləşdirilmişdir. “xx.xx.2023” adlı tayla baxış keçirilərkən müəyyən edilmişdir ki. həmin faylda 28 ədəd görüntü var. Həmin görüntülərdə bir nəfər kişi cinsindən olan şəxs, batıkomat aparatı və bir nəfər şəxsin bankomatdan 50 manatlıq pul əskinasını çıxarır. “xx.xx.2023” adlı layla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda 28 ədəd görüntü var. Həmin görüntülərdə əlində mobil telefon olan bir nəfər kişi cinsindən olan şəxs, bankomat aparatı və bir nəfər şəxsin bankomatdan 50 manatlıq pul əskinasını çıxarır. “xx.xx.2023” adlı fayl a baxış keçirilərkən müəyyən edilmişdir ki. həmin faylda 28 ədəd görüntü var. Həmin görüntülərdə bir nəfər kişi cinsindən olan şəxs, bankomat aparatı və bir nəfər şəxsin bankomatdan 50 və 100 manatlıq pul əskinaslarını çıxarır. Məhkəməyə təqdim olunmuş və iş materiaları ilə birlikdə tətqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və iş materiaları ilə birlikdə tətqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan teleqramdan və xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və iş materiaları ilə birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və iş materiaları ilə birlikdə tədqiq edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-541/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkna tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 02 (iki) ay müəyyən edilmişdi, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır Məhkəməyə təqdim olunmuş və iş materiaları ilə birlikdə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-527/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti istintaq müddəti həddində, yəni 26 may 2024-cü il tarixədək müəyyən edilmiş, ev dustaqlığında saxlanılma müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hüquqi yardımın göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Abdulrahmanova Lalə ilə Araz Məmmədov arasında 500 manat müqabilində müqavilə bağlanmışdır. “Maddi ziyanın ödənilməsinə dair” xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, ********* saylı cinayət işi üzrə Araz Məmmədov tərəfindən 3200 manat zərərçəkmiş şəxs X2 ödənilmişdir. Təqsirləndirilən şəxs hüquqi varisi oğlu X11 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs hüquqi varisi qismində təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamını həcminin yenidən müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, ittihamın məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs etibarnamə verilməsinə görə Zərərçəkmiş şəxs1 500 manat pulunu xx.xx.2023-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirmişdir. Lakin məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Abdulrahmanova Lalə ilə Araz Məmmədov arasında 500 manat müqabilində müqavilə bağlanmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 6600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə məhkəmə ittihamda hesablamada yanlışlığa yol verilməsini nəzərə almaqla (belə ki, ittiham üzrə vurulmuş ziyanın 2300 manat, 2800 manat, 1500 manat olduqda ümumi məbləğ 7600 manat göstərilməli olduğu halda 6600 manat qeyd edilmişdir.) istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi puldan 3200 manatının zərərçəkmiş şəxsə verilməsini bildirmiş, həmçinin məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qəbzdən də aydın olur ki, ********* saylı cinayət işi üzrə Araz Məmmədov tərəfindən 3200 manat digər cinayə işi üzrə zərərçəkmiş şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5810 manat məbləğində, Zərərçəkmiş şəxs2 4400 manat məbləğində ziyan vurulmaqla həmin həcmdə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı belə yekun nəticəyə gələrək hesab edir ki, onun ittihamının həcminin azadılması ittihamın rəqəm ifadəsi olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsinə təsir etmir, əməlin tövsifinin dəyişdirilməsi üçün əsaslar yaranmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenum Qərarının 42-ci bəndinə əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-in 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxarır bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə. Beləliklə, məhkəmə qeyd edilənlərlə əlaqədar hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli Azərbaycan Respublikasının CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatı üçün hər iş saatına görə 6 (altı) manat olmaqla 480 (dörd yüz səksən) manat, məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatı üçün hər iş saatına görə 11 (on bir) manat olmaqla 495 (dörd yüz doxsan beş) manat, ümumilikdə cəmi 975 (doqquz yüz yetmiş beş) manat məbləğində vəsait «De Fendo» Vəkil Bürosunun hesabına vəsait ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 44, 39, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 44.2.1-1-ci maddələri tətbiq edilməklə ona həmin maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatı üçün hər iş saatına görə 6 (altı) manat olmaqla 480 (dörd yüz səksən) manat, məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatı üçün hər iş saatına görə 11 (on bir) manat olmaqla 495 (dörd yüz doxsan beş) manat, ümumilikdə cəmi 975 (doqquz yüz yetmiş beş) manat məbləğində vəsait «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar