Məhkəmə qərarları › İş №1(005)-290/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-290/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-290/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 maddələri ilə ittiham olunmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə, hazırlıq iclası gedişində aşağıda qeyd edilən, məhkəmə istintaqı ilə aradan qaldırıla bilməyən və təqsirləndirilən şəxsin xeyrinə olan halları araşdırmaq üçün cinayət işi ibtidai istintaqa geri qaytarılmalıdır. Təqsirləndirilən şəxs, digər iştirakçı Şahid1 idarə etdiyi avtomaşına yol hərəkəti qaydalarını pozmaqla ziyan vurması qeyd edilsə də, bu barədə avtotexniki ekspertizanın rəyi yoxdur. Buna baxmayaraq iş üzrə mülki iddia həmin epizod üzrə təmin edilmiş və Zərərçəkmiş şəxs2 zərərçəkmiş kimi tanınmışdır. Bu barədə istintaqda vəsatət verilsə də, təmin edilməmiş və müdafiə hüququ pozulmuş, 09.06.2021-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi qismində Nümayəndə cinayət işi materialları ilə tanış olsa da, tanış olma protokoluna düzəliş edilmişdir (iş v.271). Eləcə də olan Zərərçəkmiş şəxs1 iş materialları ilə tanış olma protokolunun tanış olma tarixi hissəsinə düzəliş edilmişdir (iş v.270). Cinayət işində Təqsirləndirilən şəxs cəlb, ittiham qərarında guya Zərərçəkmiş şəxs1 Şahid1 idarə etdiyi avtomaşının güzgü hissəsinə dəyərək yıxılması və Təqsirləndirilən şəxs onun üzərində keçməklə ağır bədən xəsarətləri vurması, Şahid1 hərəkətləri nəticəsində zərərçəkmişə bədən xəsarətləri vurulmaması göstərilsə də, avtomaşına baxış protokolunda Şahid1 avtomaşınının güzgü hissəsində hər hansı bir xəsarət olmaması, zərərçəkmişin bud hissəsindən zərbə alması, məhz bud hissəsindən aldığı ağır bədən xəsarətlərinin Şahid1 avtomaşını tərəfindən yetirilməsi işdə olan videogörüntüdən açıq-aşkar görünməsinə baxmayaraq, istintaq dövründə təqsirləndirilən şəxsin xeyrinə olan və digər şəxsin cinayət iştirakçısı olmasını təsdiq edən bu fakt araşdırılmamış, Zvezdina Zemfıra təqsirləndirilən şəxs qismində cəlb edilməmiş və bu xüsusat üzrə digər şəxsin əməlinə qiymət verilməsi mümkün deyildir. Zərərçəkmiş şəxs istintaq dövründə verdiyi ifadəsində də məhz Zvezdina Zemfıranın avtomaşınının ona dəyməsi nəticəsində zərbədən huşunu itirdiyini bildirir və güzgünün dəyməsi nəticəsində zərərçəkmişin huşunu itirməsi və yıxılması mümkünsüzdür. Lakin Şahid1 avtomaşını və təqsirləndirilən şəxsin avtomaşını üzrə müvafiq ekspertizalar keçirilməmiş, avtomaşınlarda olan əzik, zərbə izləri üzrə zərərçəkmiş şəxsə hansı iştirakçı tərəfindən hansı zərbələrin dəyməsi araşdırılmamışdır ki, nəticə etibarilə bu təqsirləndirilən şəxsin etmədiyi əmələ, etmədiyi epizod üzrə digər şəxsin təqsirinin onun üzərinə qoyulması ilə nəticələnmişdir və bu yolverilməzdir. Zərərçəkmiş şəxsin paltarları üzrə də ekspertiza keçirilməmiş, hansı maşının rəng, lif izləri və s əlamətlər ilə dəyməsi nəticəsində bədənin məhz bud hissəsinin qırılmasına səbəb olmuş xəsarətin Zvezdina və ya təqsirəndirilən şəxsin avtomaşını vasitəsilə baş verməsi müəyyən edilməmişdir. Odur ki, aradan qaldırıla bilinməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə olduğundan və Zvezdinanın təqsirinin müəyyən edilməməsi, özünə aid olmayan epizodun təqsirləndirirlən şəxsə aid edilməsi, prosessual pozuntuların məhkəmə istintaqı zamanı aradan qaldırıla bilinməməsi səbəbindən cinayət işinin qeyd edilən xüsusatların aradan qaldırılması üçün və müdafiə hüququnun pozulmasının bərpa edilməsi üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs vəsatətin məzmununa uyğun çıxış edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, ibtidai istintaq zamanı onun hüquqları əsaslı şəkildə pozulmuşdur. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi X4 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, hadisənin törədilməsində əsas təqsirli olan Şahid1 barəsində cinayət işinin başlanması rədd olunmuş, onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarın qəbul edilməsinin əsası kimi Şahid1 hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 guya yüngül bədən xəsarətləri almış olması faktı götürülmüşdür. Hesab edir ki, istintaq orqanının bu nəticəsi əsaslı hesab edilə bilməz. İş materiallarına görə bu nəticə guya Zərərçəkmiş şəxs1 birinci avtomobilin yan güzgüsünə dəyməsinə dair öz ifadəsilə əsaslandırılmışdır. Halbuki, Zərərçəkmiş şəxs1 ifadəsində birinci avtomobil tərəfindən vurulduğu anda yıxıldığını və huşunu itirdiyini bildirmişdir. Belə olan halda Zərərçəkmiş şəxs1 işin faktiki halları barədə əlavə heç bir məlumat verməmiş və huşunu itirməsi səbəbindən ətraflı ifadə vermək iqtidarında olmamışdır. Göründüyü kimi Şahid1 barəsində qəbul edilmiş qərarın əsası barədə əsaslı şübhəli hallar yaranmış olur. Digər bir halda Zərərçəkmiş şəxs1 sol dirsək oynağından xəsarət alması faktı, onun özü tərəfindən tamamilə təkzib olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş olması faktı üzrə Şahid1 tərəfindən qəbul edilmiş qərar əsassızdır. Bu kimi hallar istintaq orqanı tərəfindən kobud pozuntulara yol verilməsinə dəlalət edir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsinə etiraz etdi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: -cinayət işinin 131-135-ci vərəqələrinə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertizası və X3” X5 20.05.2021-ci il tarixli, 276 nömrəli rəyini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, ekspert rəyinin nəticə hissəsi tam şəkildə iş materiallarına əlavə edilməmiş və bununla da cinayət prosesi iştirakçılarının məhkəməyədək icraat materialları ilə tanış olmaq hüququ təmin edilməməklə cinayət prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. -cinayət işinin 270-ci vərəqində olan “Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolu nəzərdən keçirərkən müəyyən edilmişdir ki, həmin protokolun tanış olma tarixi hissəsinə xüsusi vasitələrlə düzəlişlər edilmiş və tanış olma tarixi hissəsi dəyişdirilmişdir. -cinayət işinin 271-ci vərəqində olan “Zərərçəkmiş şəxsin nümayəndəsinin cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolu nəzərdən keçirərkən müəyyən edilmişdir ki, həmin protokolun tanış olma tarixi hissəsinə xüsusi vasitələrlə düzəlişlər edilmiş və tanış olma tarixi hissəsi dəyişdirilmişdir. -cinayət işinin 272-ci vərəqində olan “Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolu nəzərdən keçirərkən müəyyən edilmişdir ki, həmin protokolun tanış olma tarixi hissəsinə xüsusi vasitələrlə düzəlişlər edilmiş və tanış olma tarixi hissəsi dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaqı həyata keçirən orqan məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair cinayət prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cinayət işinin 270-ci vərəqində olan “Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolunda, cinayət işinin 271-ci vərəqində olan “Zərərçəkmiş şəxsin nümayəndəsinin cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolunda və cinayət işinin 272-ci vərəqində olan “Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 iyun 2021-ci il tarixli protokolunda tanış olma tarixi hissəsinə xüsusi vasitələrlə düzəlişlər edildiyindən və tanış olma tarixi hissəsi dəyişdirildiyindən cinayət prosesi iştirakçılarının məhkəməyədək icraatın materialları ilə hansı tarixdə tanış olduğu, onlar materiallarla tanış olduqdan sonra protokola və cinayət işinin materiallarına müvafiq dəyişiklik edildiyi barədə məhkəmədə əsaslı şübhələr yaranmışdır. Bundan başqa, cinayət işinin 131-134-cü vərəqələrinə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertizası və X3” X5 20.05.2021-ci il tarixli, 276 nömrəli rəyi tam şəkildə iş materiallarına əlavə edilməmişdir və cinayət işinin 135-ci vərəqi isə ümumiyyətlə mövcud deyil. Belə olan halda cinayət prosesi iştirakçılarının məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair cinayət prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Bundan başqa, ittiham aktında iş üzrə “Toyota Prius” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa hissəsinin əzildiyi, avtomobilin hər iki yan nişanlandırıcı işıqlarının qırıldığı qeyd edilmiş və cinayət işinin 51-ci vərəqinə istinad edilmişdir. Lakin, cinayət işinin 51-ci vərəqində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 04.04.2021-ci il tarixli protokolda yalnız avtomobilin arxa hissəsinin əzildiyi göstərilmiş, yan nişanlandırıcı işıqların vəziyyəti barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu hal ittiham aktının düzgün tərtib edilmədiyi və iş üzrə tədqiq edilmiş sübutlarla uzlaşmadığı qənaətinə gəlməyə əsas verir. Halbuki, mühüm prosessual sənəd kimi ittiham aktı da istintaq zamanı tədqiq edilmiş sübutlara və cinayət işinin materiallarına əsaslanmalıdır. Məhkəmə, qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 85.3-cü maddəsinin tələbinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Məhkəmə, göstərilən istintaq hərəkətinin, yəni proses iştirakçılarının cinayət işinin materialları ilə tanış olmasının rəsmiləşdirilməsi zamanı müstəntiq tərəfindən yol verilən və yuxarıda qeyd edilən pozuntuların həmin istintaq hərəkətinin həyata keçirilməsini şübhə altına qoymasını əsas götürür və hesab edir ki, təqsirləndirilən şəxsin cinayət prosesi iştirakçılarının məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair tələblərin pozulması ilə yanaşı, onu eyni zamanda cinayət işinin materialları ilə tanış olduqdan sonra vəsatət vermək hüququndan (CPM-287) da məhrum etmişdir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu hesab olunur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması üçün əsasdır. 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.3-cü maddəsində isə qeyd olunur ki, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı məhkəmə, məhkəməyədək icraat zamanı həmin məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində 05.04.2021-ci il tarixində istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Hazırda həmin Qərarla təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi üçün müəyyən olunmuş əsaslar, həmçinin CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263-1.1ci maddəsi ilə təqsirləndiriliən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi X2 vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar