Məhkəmə qərarları › İş №1(005)-291/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-291/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-291/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 32, mənzil 1-də qeydiyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 146 ünvanının qarşısında olarkən, X1 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki tünd qara rəngli cins şalvarın sol yan cibində ağ rəngli dəmir siqaret qutusunun içərisində bir ədəd şəffaf polietilen bükümdə 0,656 qram narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə isə 0,150 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 6-7 aya yaxın müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində o, tanış arı Şahid1 və Şahid2 ilə birlikdə ona məxsus olan etibarnamə əsasında idarə etdiyi Mersedes benz 190 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş Nərimanov rayonu Azadlıq prospekti 146 ünvanının qarşısında dayanıb söhbət edərkən bu zaman 4 nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan şübhələndikləri üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli dəmir siqaret qutusunun içərisindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə isə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şəffaf polietilen bükümdə olan narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə isə psixotrop maddə olan metamfetamin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2020-ci il tarixdə səhər saatlarında internet vasitəsi ilə 70 manata almışdır. Təqdim etdiyi narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid2 təxminən beş ilə yaxın müddətdir ki, tanıyır onlarla yaxın tanışlıq münasibətləri var, hala hazırda münasibətləri davam edir. xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində o, tanışı Şahid2 və Təqsirləndirilən şəxsla Mi'həsənin idarə etdiyi Mersedes Benz 190 markalı 90 BM-235 dövlət qeydiyyat nişanlı avtomobildə oturub Nərimanov rayonu Azadlıq prospekti 146 ünvan nn qarşısında söhbət edərkən bu zaman dörd nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan şübhələndiklərinə görə avtomobillə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərimdə hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, üzərində qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmetin olmadığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 09:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin ərazisində Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 146 ünvanının qarşısında X1 Alayının 1ci Patrul Bölüyünün əməkdaşları Tiran Məmmədov, Ceyhun Mirzəli, Şahid5 və Şahid6la xidmət aparan zaman üç nəfər adlarını sonradan bildiyi "Mirhəsən", “Nyaz” və “Miribrahim" adlı şəxslər Miribrahimin idarə etdiyi Mersedes Benz 190 markalı 90 BM-235 dövlət qeydiyyat nişanlı avtomobildə oturduqlarını görmüşlər. Onlar özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları tərəfindən saxlarılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxlərin şəxsiyyətləri müəyyən edilmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid2 Nazi moğlu və Şahid1durlar. Xidməti otaqda ayrı-ayrılıqda video kamera çəkilişinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli üzərində yaşıl yarpaq şəkili olan dəmir siqaret qabını və üzərində olan şəxsi əşyalarını könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən ağ rəngli üzərində yaşıl yarpaq şəkili olan dəmir siqaret qabının içərisindən bir büküm narkotik vasitə heroin və bir büküm isə psixotrop maddə metamfetamin olduğunu həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xx.xx.2020-ci il tarixdə səhər saatlarında internet vasitəsilə 70 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxsla birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş Şahid1 və Şahid2 hər birinin üzərlərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmiş axtarış zamanı Şahid1 və Şahid2 üzərlərindən qanunla qadağan edilmiş əşya maddə və pretmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz 190 markalı 90 BM-235 dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılmışdır. Baxış zamanı avtomobilin arxa oturacağın ayaq altından ağ rəngli polietilen torbaya qoyulmuş suvener xəncər və mobil telefonları aşkar olunmuşdur. Avtomobildə digər qanunla qadağan olunmuş əşya, maddə və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Alayının 1-ci Patrul Bölüyünün əməkdaşları Şahid7, Şahid5 və Şahid6 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, onların məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 15-16); Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən ağ rəngli üzərində göy rəngli cizgilər olan dəmir siqaret qabını təqdim etmiş, qabın içərisində dağılmış vəziyyətdə qəhvəyi rəngli spesifik qoxuya malik maddə olmuşdur. Əlavə olaraq 01 ədəd göy rəngli ətrafında spesifik qoxuya malik qəhvəyi rəngli toz şəklində maddə olan ülgüc kağız qabını, 01 ədəd içərisində spesifik qoxuya malik tünd qəhvəyi rəngli toz şəklində maddə olan kiçik ölçülü bükümü və 01 ədəd ağ rəngli içərisində spesifik qoxuya malik şəffaf rəngli maddə olan siqaret kağızı təqdim etmiş və təqdim etdiyi qabın içərisində metamfetaminin və “kakos” adı ilə tanınan heroin olmasını bildirmişdir. (i.v. 22-23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs ...Təqsirləndirilən şəxs ..” əl yazıları olan zərfdəki 01 ədəd üzərində yarpaq şəkli olan metal qutuda 01 ədəd bükümdə təmiz çəkisi 0.656 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.150 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 ədəd içərisində göy rəngli kağız qutucuqda və üzərində yarpaq şəkli olan metal qutuda heroinin izləri müəyyən edilir. QEYD: Heroinin təmiz çəkisi - 0.656 qr., tədqiqata sərf edildi-0.05 qr, qalıq-0.606 qr. Metamfetaminin təmiz çəkisi-0,150 qr., tədqiqata sərf edildi-0,04 qr., qalıq-0,110 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 manatdır. (i.v. 26-29); Nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş etibarnamə ilə idarə etdiyi “Mersedes” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş paketin içərisində 01 ədəd təxminən 30-35 sm uzunluğu, 4 sm eni və iri dəmir tutacağı olan kəsici-deşici alət vardır. (i.v. 34-35); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 87-88); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxsə qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 107-109); Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 110-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Nizami RPİ-nin icraatında olan Təqsirləndirilən şəxs CM-nin 185.2.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2012-ci il tarixdə məhkəməyə göndərilmişdir. (i.v. 134-135); Maddi sübut kimi tanıma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 0.656 qram olan narkotik vasitə heroin və 0.150 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan təmiz çəkisi 0,606 qram heroin və 0,110 qram psixotrop maddə -metamfetaminin Nərimanov RPİ-də məsul saxlanışa verilmişdir. (i.v. 144); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəf küt, ucu deşici xassəyə malik suvenir xəncərdir. Soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manatdır. (i.v. 152-154); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 1916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 155-156). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət cəza müddətinə daxil olunmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 173.90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı – 0.606 qram çəkidə heroin və psixotrop maddənin qalığı 0.110 qram çəkidə metamfetamin məhv edilməli, 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı – 0.606 qram çəkidə heroin və psixotrop maddənin qalığı 0.110 qram çəkidə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 173 (bir yüz yetmiş üç) manat 90 (doxsan) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar