Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-291/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X13 şikayətini onunla əsaslandırmışdır ki, barəsində şikayət etdiyi şəxs, hüquqlarını müdafiə etdiyi X1 əridir. X14 Quliyeva ilə birgə nikah münasibətlərində olduğu ərəfədə (müddətdə) ümumi birgə təsərrüfat aparmaqla, Bakı şəhərində tikinti işlərini həyata keçirən, "xxxx" MTK-dan mənzil almışlar. Daha sonra, tərəflərin arasında olan nikah pozulmuş və nikah dövründə əldə edilmiş əmlakların məhkəmə qayadasında bölünməsinə dair bir çox məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisələrdən biri də, X4 ilkin iddiaçı, X5 da qarşılıqlı iddiaçı olduğu və hal-hazırda da Nərimanov rayon Məhkəməsinin icraatında olan, 2(005)-864/2024 nömrəli mülki işdir. Göstərilən iş üzrə məhkəmənin hazırlıq iclasları davam edir və bu hazırlıq iclaslarından biri də 04 aprel 2024-cü il tarixdə keçirlmişdir. Ancaq hazırlıq iclasının keçirilməsindən 1 (bir) gün qabaq, yəni 03 aprel 2024-cü il tarixdə Quliyev Vasif ona aid olan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə elektron məhkəmə sistemində yerləşdirilməklə yanaşı, hətta 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında müzakirə edilərək, müvafiq qərardad qəbul olunmuşdur (ərizənin icraata götürülməməsi və geri qaytarılması barədə). Qeyd edilən ərizədə Vasif Quliyev ona böhtan ataraq, bilə-bilə, yalan uydurma və özünün qəsdən şəxsi maraqları üzərindən barəsində hansısa cinayətləri törətməyi barədə, həm yazılı, həm də məhkəmənin hazırlıq iclasında açıq şəkildə ifadə və sözlərlə birbaşa bildirmişdir. Nəzərə çatdırmaq istəyir ki, qeyd edilən məhkəmə iclası açıq məhkəmə iclası olmuş, orada işə baxmış hakim, məhkəmə iclasının katibi, işdə iştirak edən tərəflərin sayı iki şəxsdən (nəfərdən) artıq olduğundan, orada olan bütün şəxslər Vasif Quliyevin onun barəsində məhkəmədə bildirdiyi böhtanları bilmişlər və məlumatlı olmuşlar. Vasif Quliyev məhkəməyə təqdim etdiyi ərizənin giriş hissəsində (birinci səhifədən başlayaraq davamı 2-ci səhifədə), ərizənin 2-ci səhifəsinin sonuncu abzasından başlayan "1-ci yarımbəndində" - hansı ki, 3-cü səhifədə 2-ci yarımbəndə kimi davam edir, daha sonra, 6-cı səhifənin birinci abzasından başlayaraq, 7-ci abzasın birinci abzasına qədər davam etmiş, 7-ci səhifənin ikinci abzası bütünlüklü, həmçinin 8-ci abzasın sonuncu abzasından, yəni "2-ci yarım başlığın"dan başlayaraq, davamı 9-cu səhifədə olan və ərizənin "xahiş edirəm hissəsi"nin 6-cı bəndi bütünlüklə barəmdə həqiqəti əks etdirməyən, yalan və onun tərəfindən bilə-bilə böhtan məlumatlar qeyd etmişdir (bildirmişdir). Ərizədə göstərilən məlumatlar vahiddir, sadəcə olaraq ərizənin müxtəlif səhifə və abzaslarında təkrarlanmaqla, eləcə də sonda "məhkəmədən xahiş edirəm hissəsinin 6-cı bəndində birbaşa onun ünvanına böhtan atmaqla, mülki iş üzrə işə vəzifəli şəxs olaraq cəlb olunmağını istəmişdir (ərizənin kserosurəti hazırki şikayətə əlavə olunur). Bu məlumatlar isə; ”13 saylı vəkil bürosunun vəkili X2 saxtalaşdırılmasında təşkilində bir başa iştirak etmək (qrupa halında), rüşvət tələb etmək, təhdid etmək, iş üzrə hakimi aldatmaq, yalan ifadə vermək, yalandan ibarət etirazlar və məktublar məhkəməyə təqdim etmək və s" ibarət olmuşdur. Göründüyü kimi, qeyd edilən ifadələrin hər birində cinayət amilləri barədə olan məlumatlar göstərilmişdir. X15 bunları qəsdən, bilə-bilə yalan olduğunu dərk edə-edə yazılı şəkildə məhkəməyə təqdim etmiş, yuxarıda qeyd etdiyi kimi, hətta məhkəmə çıxışı zamanı da məhkəmə zalında birbaşa səsləndirmişdir. Lakin, bu xüsusatlar tərəfindən törədilməsi ehtimal edilən cinayət əməlləridir. Belə ki, əgər bu əməllər həqiqətən baş vermiş olsa idi, cinayət məsuliyyətinə cəlb edilməli idi və cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada da məsuliyyətə cəlb olunmağı istisna olunmayacaqdı. X16 belə halların olmadığını, bilə-bilə yalan olduğunu dərk edərək, bu ifadə, söz və cümlələri məhkəmədə rəsmi qaydada bildirmiş, sonra da şifahi olaraq da dəfələrlə səsləndirmişdir. İlk böhtan məlumat "sənədlərin saxtalaşdırılmasında təşkilində bir başa iştirak etmək (qrupa halında)" olan məlumatdır. İstinad olunan bu hal, AR-nın CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibli əməli olmaqla, böyük ictimai təhlükə törətməyən cinayətdir. Yəni, Vasif Quliyevin qeyd etdiyi qaydada tərəfindən belə bir əməl törədilmiş olsa idi, onda bu cinayət hüquq normasının tələbləri əsasında məsuliyyətə cəlb olunmalı idi və barəsində də müvafiq ittihamedici hökm çıxarılmalı idi. Ancaq belə bir əməlin törədilməsi ilə bağlı heç bir ibtidai istintaq orqanında və məhkəmədə nə iş olub, nə də ki bunu təsdiq edəcək hansısa qanuni qüvvəyə minmiş qərar vardır. Digər tərəfdən, Vasif Quliyevin onun barəsində bu qaydada böhtan məlumatların yayılması artıq heç bir hüquqi əsasa söykənmədən, ancaq onun özünün uydurmasından başqa bir şey olmamışdır. İkinci böhtan olan məlumat "rüşvət tələb etmək" barədə böhtanın atılmasıdır. Belə ki, rüşvət tələb edilməsi AR-nın CM-nin 311-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli olmaqla, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aiddir. Özü də burada, Vasif Quliyevin qeyd etdiyi ifadədə guya o rüşvət tələb etmiş və Vasif Quliyev də bununla razılaşmadığından, tərəfindən buna görə digər məhkəmə müstəvisində məhkəmə mübahisələri başlamışdır və s. Qeyd etmək istəyir ki, rüşvət tələb olunması özü CM-nin qeyd olunan norması və həmin Məcəllənin 29-cu maddəsinin tələbləri əsasında başa çatmayan bir əməli özündə ehtiva edir. Bunu təsdiq və ya sübut edəcək bir dənə də olsun nə məhkəmə, nə də ki hansısa bir orqanın yekun qərarı olmamışdır. Nəticədə, məlumatın yalan olduğunu bilə-bilə barəsində belə bir böhtanın yayılmasını qəsdən həyata keçirmişdir. Digər tərəfdən, rüşvətin tələb olunması CM-nin 311-ci maddəsi ilə törədildiyi halda, burada artıq Cinayət Məcəlləsinin 308-ci maddəsi və digər normalarının da törədilməsi istisna edilmir. Üçüncü böhtan olan məlumat, “təhdid etmək”lə bağlı ifadələrdir ki, burada kimi təhdid etməyi və bunun hansı səbəblərdən həyata keçirməyi barədə konkret göstərilmir. Sadəcə olaraq, özünün iddia tələblərini əsaslı olmasını təsdiq etmək və tərəfimizdən məhkəməyə təqdim etdiyimiz qarşılıqlı iddia tələblərinin rədd olunmasına nail olmaq məqsədi ilə yazdığı və bildirdiyi böhtanlardır. Digər böhtan "yalan ifadə vermək" adlı məlumatın ərizədə dəfələrlə təkrar-təkrar göstərilməsidir. Birincisi, qeyd edilən xüsusat CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir. Bu əməl böyük ictimai təhlükə törtəməyən cinayətlər kateqoryasına aid olan cinayətdir. Nərimanov rayon Məhkəməsinə Vasif Quliyev tərəfindən verilmiş ərizədə iş üzrə hakim aldatmaqla yalan ifadələrin verilməsi halında həmin maddə ilə onun məsuliyyəti istisna olunmaya bilərdi, əgər həmin əməli törətdiyini təsdiq edəcək hər hansı bir sübut olsa idi. Ancaq aydın görünür ki Vasif Quliyev bu məlumatları da heç bir hüquqi mənbyə söykənmədən yaymış və bilə-bilə barəmdə böhtan atmışdır. Yuxarıda sadalanan xüsusatlar birbaşa ona dəlalət edir ki, Vasif Quliyev barəmdə yalan olduğunu bilə-bilə həmin məlumatları məhkəmə prosesində yaymışdır. Yuxarıda qeyd etdi ki, həmin məhkəmə prosesi kütləvi çıxış olmaqla, orada iştirak edən şəxslərin sayı iki nəfərdən çox olmuşdur. Hətta, işə baxmış məhkəmə, Vasif Quliyevin vermiş olduğu ərizənin icraata götürmədən geri qaytarılması barədə, 04 aprel 2024-cü il tarixli, 2(005)-864/2024 nömrəli qərardad qəbul etmişdir. Qərardadda ərizənin mülki prosessual qanunvericiliyin tələbləri baxımından icraata götürülməməsinin hüquqi aspekti dəqiqliklə geyd olunmuşdur. Eyni zamanda, qəradadda o da təsdiq olunur ki, əgər Vasif Quliyevin qeyd etdiyi cinayət xarakterli əməllər (yəni Vasif Quliyevin barəmdə böhtan olaraq yaydığı və heç bir hüquqi sənədlə (qərarla və ya hər hansı bir digər) müəyyən olunmayan məlumatlar) məhkəmə prosesində öz təsdiqini tapacağı təqdirdə, bu barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi istisna olunmur (qərardad şikayətə əlavə olunur). Yəni, işə baxan məhkəmə özü təsdiq edir ki, Vasif Quliyevin səsləndirdiyi və irəli sürmüş olduğu bu fikir və ifadələr cinayət xarakterli əməllərdir və onların törədilməsi təsdiq olunarsa, barəsində cinayət məsuliyyətinə cəlb olunacağı dolayı qaydada mümkündür. Ancaq həmin məlumatların baş vermədiyini, tərəfindən törətməyini bilə-bilə, yalan olduğunu dərk edə-edə bu hərəkətləri törətmişdir. Yəni, 04 aprel 2024-cü il tarixdə Nərimanov rayon Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak edən bütün şəxslər, hətta işə baxan hakim də bu haqda məlumatlı olmuşlar. Bütün bunlar onu bildirir ki, Vasif Quliyev bilə-bilə yalan məlumatlar yaymaqla çalışmışdır ki, onu bu məlumatlarla nüfuzdan salsın, məni cinayətkar adlandırsın və s., bu kimi mənliyi və xasiyyətilə eynilik təşkil etməyən məlumatlar səsləndirmişdir (yaymışdır). AR-nın CM-nin 147.1-ci maddəsi belə bir hallara görə böhtan cinayətinin tərkib əlamətlərinin olmasını göstərir. Halhazırda, X4 əməli qeyd edilən maddənin tərkib əlamətlərini tam şəkildə yaratmış və onun barəsində də müvafiq tədbirlər görülməyincə, yalan, şərəf və ləyaqətimi alçaldan məlumatları yaymaqda davam etməkdədir və edəcəkdir. Çünki, Vasif Quliyevin ərizəsi Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qaytarıldıqdan sonra, O (Vasif Quliyev), X6 və "xxxx" MTK-ya qarşı 24 aprel 2024cü il tarixdə yenidən iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində olan bütün mətn hissəsi elə vaxtı ilə Nərimanov rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbinin həcmin artırılması barədə verdiyi Ərizənin mətni ilə tam eynilik təşkil etmişdir. Yəni, ərizənin mətni dəyişdirilmədən, ancaq giriş hissəsində "iddia ərizəsi" ifadəsini qeyd etməklə (yazmaqla) məhkəməyə yenidən təqdim etmişdir. Bu zaman iddia tələblərində yenə də böhtan məlumatları təkrarlamağa başlamış, yenidən barəmdə olan, həqiqəti əks etdirməyən yuxarıda sadalanan məlumatları təkrarən bildirarfşdir (iddia ərizəsinin kserosurəti şikayətə əlavə olunur). Bütün bu qeyd edilənlər onu göstərir ki, Vasif Quliyev onun barəsində böhtan məlumatlarının yayılması ilə məşğuldur və bunu da ona görə edir ki, vəkillik fəaliyyətimlə bağlı Elmira Quliyevanın hüquqlarının müdafiə olunmasından əl çəksin və onun xeyri üçün qanunazidd addımlar atsın. Ancaq belə hallara yol vermədiyini görən Vasif Quliyev də öz növbəsində barəsində böhtan məlumatların yayılması ilə məşğul omaqdan başqa yol seçə bilmir. AR-nın CPM-nin 37.2-ci maddəsi CM-nin 147-ci maddəsi üzrə cinayət təqibinin xüsusi ittiham qaydasında həyata keçirilməsini şərtləndirir. Yəni, yuxarıda qeyd olunan hər iki hüquq norması Vasif Quliyevin əməlində böhtan cinayətinin tərkib əlamətlərinin olduğu, bunun üçün cinayət təqibinin xüsusi ittiham qaydasında! aparılması və cinayəti törətmiş şəxs tərəfindən törətmiş əməlinə görə də məsuliyyətə cəlb edilərək müvafiq cəza verilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş X13 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə iclası açıq məhkəmə iclası olmuş, orada işə baxmış hakim, məhkəmə iclasının katibi, işdə iştirak edən tərəflərin sayı iki şəxsdən (nəfərdən) artıq olduğundan, orada olan bütün şəxslər Vasif Quliyevin onun barəsində məhkəmədə bildirdiyi böhtanları qeyd etsə də, qeyd olunan hərəkətlər X13 tərəfindən törədilməsi ehtimal olunur. Məhkəmə iclasında hakim və məhkəmə iclasının katibinin olması iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi kimi nəzərdə tutula bilməz. (kütləvi çıxış). Belə ki, məhkəmə iclasında mülki məhkəmə icraatında qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdehlər "xxxx" MTK və X7 qarşı “müqavilənin, maliyyə arayışının, ərizənin və protokoldan çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddiaçı X4 “iddia tələbinin həcminin artırılması” barədə vəsatətinə baxılmış, proses iştirakçısının əməlində hər hansı bir cinayət tərkibini müəyyən edilsə idi, xüsusi qərardad qəbul edilə bilərdi. Qüvvədə olan mülkiprosessual məcəlləyə uyğun olaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X3 Ramil Alim oğlu barədə səsləndirdiyi fikirləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində göstərmişdir. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-291/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-291/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver