Məhkəmə qərarları › İş №1(005)-292/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-292/2022

15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-292/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Oğuz rayonu, Xaçmaz ərazi dairəsi, Xaçmaz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhərində «Bolt» taksi xidmətinə sifariş verərək, Zərərçəkmiş şəxs idarə etdiyi «Opeİ Astra» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşmiş və ünvan 2 ünvanda avtomaşından düşərkən gizli olaraq qoltuqaltıdan pul qabı ilə birlikdə içərisində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169****4278 nömrəli bir kartı və “Beynəlxalq Bank” tərəfindən verilmiş 5167***1896 nömrəli maaş kartını götürərək, həmin gün, yəni 12 oktyabr 2021-ci il tarixdə, saat 22:53-də elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə ünvan 3 ünvanında yerləşən metronun çıxışının yaxınlığında dəqiq yeri istintaqa məlum olmayan ünvanda və istintaqa məlum olmayan banka məxsus bankomat vasitəsilə “Beynəlxalq Bank” tərəfindən verilmiş 5167***1896 nömrəli maaş kartına müdaxilə edərək, balansda olan 707 manat 50 qəpik pulu nağdlaşdırıb qanunsuz olaraq ələ keçirmək istəmiş, lakin həmin əməliyyat barədə Zərərçəkmiş şəxs mobil telefonuna mesaj gəldiyindən o, kartı mobil proqram vasitəsi ilə blok etdiyinə görə Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 oktyabr 2021-ci il tarixdə 23:07-də ünvan 3 ünvanında yerləşən "xxxx" X1 Səhmdar Cəmiyyətinə məxsus bankomatdan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169****4278 nömrəli bir kartın balansında olan 1.499 (bir min dörd yüz doxsan doqquz) manat puldan iki dəfəyə, yəni 300 (üç yüz) manat və 500 (beş yüz) manat olmaqla cəmi 800 manat, daha sonra həmin günü gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istintaqa məlum olmayan ünvanda və istintaqa məlum olmayan banka məxsus bankomatdan həmin kartın balansında qalmış 690 (altı yüz doxsan) manat pulu da nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs ümumilikdə 1.490 (bir min dörd yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə saat 22:00-da işi olduğu üçün «Baku Medical» klinikasına getmək istəmiş, həmin vaxt dostu Təbrizə zəng vuraraq onunla birlikdə getməsini xahiş etmiş, Təbriz də ünvan 5 ünvanında yerləşən “Arion Hotel”in yanında kiminləsə görüşəcəyini bildirmişdir. Sonra Təbrizə «istəyirsən bir yerdə gedək taksi sifariş edəcəyəm» demiş, Təbriz də onunla razılaşdığından 3 saylı Sabunçu şəhər xəstəxanasının qarşısına gəlməsini bildirmişdir. Sonra «BOLT» şirkətinə zəng vuraraq taksi sifariş etmiş və «Baku Medical» klinikasının qarşısından 3 saylı Sabunçu şəhər xəstəxanasına, oradan isə Nərimanov rayonunda yerləşən “Arion Hotel”ə gedəcəyini bildirmişdir. Az sonra sifarişi ilə “Opel Astra” markalı avtomobil gəlmiş və qarşı oturacaqda oturmuş və onlar Sabunçu şəhər xəstəxanasına getmişlər. Orada təxminən 1-2 dəqiqə gözləmiş, bu zaman dostu Təbrizə zəng vurmuş, sonra Təbriz gələrək taksiyə əyləşmiş və onun arxa tərəfində oturmuş, sifarişi ilə taksi “Arion Hotel” istiqamətində hərəkət etməyə başlamışdır. Yol boyu tanımadığı sürücü ilə və dostu Təbrizlə müxtəlif mövzularda söhbətlər etmiş, qeyd olunmuş ünvana çatdıqda dostu Təbriz binaların arxasında maşından düşmüş, sonra taksi sürücüsündən maşını bir qədər irəli sürüb binaların qarşısında saxlamasını xahiş etmişdir. Taksini bir qədər qarşıya sürdürməkdə məqsədi dostu Təbrizdən aralanmaq olmuş, çünki taksiyə verməyə pulu olmamış, məqsədi sürücünü aldadıb qaçıb getmək olmuşdur. Fikirləşdiyi kimi dostu Təbrizin düşdüyü yerdən bir qədər aralanıb taksini saxlatdırmış və telefonunu qulağına tutaraq özünü kiminləsə danışırmış kimi göstərərək sürücüyə “bir az gözlə dostum pul gətirir” demiş, sürücü də ona inanaraq çox gözləyə bilməyəcəyini bildirmişdir. Eləcə də o, göstərmişdir ki, taksidən düşərkən qarşı oturacaqların arasında olan qoltuqaltının içərisində gördüyü qara rəngli dəri materialdan olan pul qabını da gizlin götürmüş, ancaq taksi sürücüsünün bundan xəbəri olmamış, qulağında telefon taksidən aralanmış və qaçıb hadisə yerindən uzaqlaşmışdır. Sonra pul qabının içinə baxmış və orada taksi sürücüsünün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, “Socar” iş vəsiqəsi, həmkarlar ittifaqının üzvlük vəsiqəsi, «Beynəlxalq” bank tərəfindən verilmiş maaş kartı və "xxxx"a aid bir kart olmasını görmüş, lakin pul qabında nağd pul olmamışdır. Sonra tək piyada metronun Nərimanov stansiyası istiqamətində getmiş və metronun “McDonalds” tərəfdəki çıxışının qarşısında bankomat olmasını görmüşdür. Sürücü Əsgərə məxsus “Beynəlxalq Bank” tərəfindən verilmiş maaş kartının və ya bir kartın balansına baxmaq və kartların balansında hər hansı bir məbləğdə pul vardırsa çıxartmaq qərarına gəlmiş, çünki pula ehtiyacı olmuşdur. Üstündə bir manat da olsun pulu olmamış, bu səbəbdən taksinin 6 manat 20 qəpik pulunu da verə bilməmişdir. İlk əvvəl taksidən oğurladığı “Beynəlxalq” bank tərəfindən verilmiş maaş kartını adını bilmədiyi bankomata daxil etmiş və məntiqlə fikirləşərək sürücünün şəxsiyyət vəsiqəsinə uyğun təvəllüdünü kod əvəzi yığmış, iki dəfə maaş kartının balansından 100 manat çıxarmaq istəmiş, lakin kod düzgün olmadığı üçün pul çıxara bilməmişdir. Bundan sonra sürücü Zərərçəkmiş şəxs məxsus "xxxx"-a aid bir kartı bankomata daxil etmiş və bu dəfə də sürücünün təvəllüdünü kod olaraq yığdıqda doğru olmasını və həmin bir kartın balansında 1.499 (bir min dörd yüz doxsan doqquz) manat pul olmasını görmüş, sonra bankomata sifariş verərək 1.499 manat pulun hamısını bir dəfəyə balansdan çıxarmaq istəmiş, ancaq sorğu qəbul olunmadığı üçün hissə-hissə olaraq balansdan 300 və 500 manat olmaqla iki dəfəyə cəmi 800 manat pul çıxartmışdır. Daha sonra həmin yerdən aralanıb yaxınlıqda olan ünvanı dəqiq xatırlamadığı yerdə adını bilmədiyi bankomata yaxınlaşmış və həmin bankomatdan balansda qalan 699 manatdan 690 manatını çıxartmış, lakin bankomatda xırda pul olmadığı üçün balansda qalmış 9 manatı çıxara bilməmişdir. Daha sonra Nərimanov metrosunun çıxışının yanında olan taksiyə əyləşib Xətai rayonunda yaşadığı ünvana getmişdir. Həmçinin o, yolda pul qabını içərisindəki sənədlərlə birlikdə tullamış və bu hadisə barədə heç kəsə bildirməmiş, əldə etdiyi 1.490 manat pulu isə öz şəxsi tələbatlarına sərf edib xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Dövlət Neft Şirkətinin 1 saylı nəqliyyat idarəsində kran maşinisti işləyir, 15 gün işdə, 15 gün isə evdə olur. Evdə olduğu müddətdə maddi vəziyyəti ilə bağlı “Opel Astra” markalı avtomobili ilə “BOLT” şirkətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. 12 oktyabr 2021-ci il tarixdə saat 22:00-da «BOLT» taksi şirkətinə ***-***-**-** nömrə tərəfindən verilmiş sifariş əsasında Xətai rayonu, Babək prospektində yerləşən «Baku Medical» klinikasının qarşısından bir nəfər tanımadığı 30-35 yaşlı müştərini “Bolt” şirkətinin göndərdiyi mesajda göstərilmiş “Asiman” adlı cavan bir oğlanı götürərək 3 saylı Sabunçu xəstəxanasına aparmış, oradan isə tanımadığı digər 30-35 yaşlı ikinci şəxsi, cavan bir oğlanı götürmüşdür. Həmin vaxt birinci götürdüyü Asiman adlı müştəri qarşı oturacaqda oturmuş, ikinci tanımadığı müştərinin də qeyd etdiyi kimi təxminən 30-35 yaşı olmuş, həmin şəxs arxa oturacaqda sağ tərəfdə oturmuşdur. «Baku Medical» klinikasının qarşısından birinci götürdüyü Asiman adlı sərnişinlə, 3 saylı Sabunçu xəstəxanasının qarşısından götürdüyü ikinci müştəri bir-birini yaxından tanımış, çünki onlar maşında yol boyu söhbət etmiş, ancaq Asiman adlı qarşıda oturan sərnişin arxadakı sərnişinin adını çəkməmişdir. İkinci sərnişini götürdükdən sonra qarşıda oturan Asimanın sifarişi ilə onları ünvan 7 ünvanda yerləşən binalar olan həyətə aparmalı olmuşdur. Həmin ünvana yaxınlaşdıqda arxada oturan sərnişin binanın baş tərəfində düşmüş, qarşıda oturan sərnişin isə maşını binanın qarşısına sürməyi xahiş etmişdir. Asiman adlı sərnişini sifariş etdiyi ünvana çatdırmış və maşını saxlamış, sonra Asiman maşından düşərək telefonu qulağına qoyub kimləsə danışmağa başlamış, ona isə “bir az gözlə dostum pul gətirir” demişdir. Asimana “çox gözləyə bilmərəm, tez gəl” deyə cavab vermiş, sonra Asiman telefon qulağında danışa-danışa maşından aralanmış və çıxıb getmişdir. Təxminən 20 dəqiqə orada dayanaraq Asimanı gözləmiş, lakin gəlmədiyini görüb onu aldatmasını başa düşmüşdür. Asimanın gəlmədiyini görüb maşını işə salaraq çıxıb getmək istədikdə avtomobilin qoltuqaltı hissəsində saxladığı içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, “Socar” iş vəsiqəsi, maaş kartı, həmkarlar ittifaqının üzvlük vəsiqəsi və balansında 1.499 (bir min dörd yüz doxsan doqquz) manat pul olan "xxxx"-a aid bir kartının olduğu pul qabının yerində olmadığını aşkar etmişdir. Portmanatının olmadığını aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra 17-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Hadisə yerində olduğu müddətdə istifadə etdiyi mobil telefona maaş kartına iki dəfə müdaxilə olunması və kiminsə balansında olan 700 manat 50 qəpik puldan 100 manat çıxartmaq istəməsi barədə mesaj gəlmiş, lakin həmin mesajı qəbul etməmiş və kartı dərhal blok etmişdir. Sonra bir kartını da blok etmək istədikdə artıq gec olmuş, yəni balansında olan 1.499 manat puldan 1.490 manatın çıxarılması barədə mesaj gəlmişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 1.495 (bir min dörd yüz doxsan beş) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 11-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar hadisə yerinə gedilmişdir. Hadisə yeri ünvan 8 ünvanının qarşısıdır. Qeyd olunan yer avtomobillərin hərəkət hissəsidir. Həmin yer vətəndaşların hərəkəti üçün sərbəstdir. Qeyd olunan yerdə vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq edilməsi məlum olmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan “Telefona baxış keçirilməsi haqqında” 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Redmi Note 8” markalı mobil telefona baxış keçirilmişdir. Baxış keçirilən mobil telefon smartfon tipli olmaqla «REDMİ NOTE-8» markalı, iki sim kart girişinə malikdir. Telefon işlənmiş vəziyyətdədir, korpusu və ekranı üzərində adi gözlə görünən zədə yoxdur. Telefonun üzərində "xxxx" MMC mobil operator şəbəkəsinə aid ***-***-**-** nömrə vardır. Telefon işlək vəziyyətdədir. Telefonun korpusu göy rəngli plastik materialdandır. Telefonun proqram menyusuna daxil olub baxış keçirdikdə «Mesajlar» qovluğunda 320 mesaj olması müəyyən edildi. Həmin mesajların içərisində “Azericard” başlığı altında 12 oktyabr 2021-ci il tarixdə saat 22:53:47-də Kart nömrəsi 5167***1896 olan kart hesabından 100 (yüz) manat çıxarılmağa cəhd edilməsi və həmin kartın balansında 707 manat 50 qəpik pul olması, 12 oktyabr 2021-ci il tarixdə saat 23:36:35-də Kart nömrəsi 5167***1896 olan kart hesabından düzgün olmayan PİN-kodun bir neçə dəfə daxil edilməsi və 100 manat çıxarılmağa cəhd edilməsi müəyyən edildi. Daha sonra 01 vərəqədə həmin iki ədəd mesajlar çap edilərək protokola əlavə edildi. Cinayət işinin 108-ci vərəqində olan “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, HTİD/839 saylı məktuba əlavə edilmiş sarı rəngli üzərində «Foska» CD-R 52 x yazısı DVD formatındakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskin yaddaşında ATM081-1 Nərimanov_ch 1-**********0333.... başlığı altında 7.202 KB və ATM081-2 Nərimanov_ch2-**********0336... başlığı altında 8.053 KB olamaqla iki ədəd video vardır. ATM081-1 başlıqlı videogörüntüyə baxış keçirilərkən orada xx.xx.2021-ci il tarixdə 23:03:33-də çəkilmiş 04:58 dəqiqədən ibarət video görüntü olması, həmin görüntüdə Təqsirləndirilən şəxs bankomatın qarşısında dayanaraq kod yığıb kartı daxil etməsi və pulu çıxarıb götürərək oradan çıxıb getməsi əks olunmuşdur, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntüdə 1 şəxs onun özüdür. ATM081-2 başlıqlı videogörüntüyə baxış keçrilərkən orada xx.xx.2021-ci il tarixdə 23:03:33-də çəkilmiş 03:38 dəqiqədən ibarət video görüntü olması, həmin görüntüdə bir nəfər şəxsin bankomatın qarşısında dayanaraq kod yığıb kartı daxil etməsi və pulu çıxarıb götürərək oradan çıxıb getməsi əks olunmuşdur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntüdə əksi olan şəxs onun özüdür. Cinayət işinin 138-141-cı vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 170.3-cü maddə üzrə əməli həmin Məcəllənin 170.1-ci maddəsinə tövsif edilərək cəzası 08 il 02 aya endirilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 149-cu vərəqində olan Oğuz Rayon İHB-nın Xaçmaz kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 154-167-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli, 1(101)-941/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 180.2.1, 180.2.2, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi, onun Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 5 (beş) il, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə 4 (dörd) il, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın əvvəlinin tutulduğu gündən, yəni 13 aprel 2012-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 168-170-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 7(003)-1918/2018 saylı qərarından görünür ki, ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə təqsirli bilinmiş məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsindən həmin məcəllənin 170.1-ci maddəsinə tövsif edilməklə həmin madə ilə azadlıqdan məhrum etmə cəzasının müddətinin bir il həddində müəyyən edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılaraq üç il həddində müəyyən edilməsi, hazırki qərarla Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2-ci maddələri ilə təyin edilmiş, hazırki qərarla üç il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təyin edilmiş, hazırki qərarla üç il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci il maddələri ilə təyin edilmiş səkkiz il müddətə azadlıqda məhrum etmə cəzası ilə qismən toplama yolu ilə üzərində səkkiz il iki ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkməsinin əvvəlinin 13 aprel 2012-ci il tarixdən hesablanmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 171-174-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-415/2019 saylı qərarından görünür ki, ərizənin təmin edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərarı ilə 8 (səkkiz) il 2 (iki) ay həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 180-191-ci vərəqəsində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, HTİD/839 saylı məktuba əlavə edilmiş sarı rəngli, üzərində “Foska” CD-R 52 x yazısı olan DVD formatındakı diskin iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli, 1(101)-941/2012 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 7(003)- 1918/2018 saylı qərarı ilə üzərində 8 (səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-415/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 12 oktyabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar