Məhkəmə qərarları › İş №1(005)-294/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-294/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-294/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ ХХХХХХХХХХХХХХХХ sədrliyi, ХХХХХХХХХХХХХХХХХХqızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 6 ünvanda qeydiyyatda olan və ünvan 2 mənzil 30 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanda yerləşən “X13” MMC-nin tikinti ofisində, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, həmin cəmiyyətin baş memarı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyyələrinə yumruq və başı ilə zərbələr endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tədqiq edilmiş, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallar, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə protokolları, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildən başlayaraq “X13” MMC-də mühafizəçi işləmiş və həmin vaxtdan Zərərçəkmiş şəxs tanımışdır. Hadisədən bir müddət əvvəl ona məxsus torpaq sahəsinin satışı ilə əlaqədar yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib narazılığını bildirdikdə, sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək telefon əlaqəsini kəsmişdir. O, sonra bir neçə dəfə Zərərçəkmiş şəxs zəng etsə də, telefon zənglərinə cavab verilməmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs işlədiyi ofisə getmiş, orada onu küçəyə dəvət etsə də, sonuncu ofisi tərk etməkdən imtina etdikdə əsəbi olduğu üçün yumruqla onun sifətinə bir zərbə endirmiş, bu vaxt orada olan əməkdaşlar yaxınlaşaraq onları aralamışlar. Sonradan tutduğu əməldən peşman olub zərərçəkənlə barışıq əldə etmək istəmiş, lakin Zərərçəkmiş şəxs onu bağışlamamışdır. Məhkəmə baxışı zamanı da zərərçəkəndən üzr istəmişdir. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində işlədiyi "X13" MMC-nin təsisçisi Tağı İbrahimov özünə məxsus torpaq sahəsini satmaq istədiyini bildirib müştəri olacağı halda bu barədə ona məlumat verilməsini xahiş etmişdir. Bundan sonra, əvvəllər "X13" MMC-də mühafizəçi işləmiş Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək torpaq sahəsinə şərik olduğunu və qiymətini müştəriyə ucuz deməsinə görə kobud şəkildə iradını bildirəndə, heç bir səbəb olmadan onun və Tağı İbrahimovun ünvanına nalayıq ifadələr işlətməyə başlamışdır. O, sonuncunu sakitliyə dəvət etsə də, Təqsirləndirilən şəxs sakitləşməyib söyüşlərlə onu və ailə üzvlərini söyməkdə davam etdikdə məcbur qalıb onunla telefon əlaqəsini kəsmiş, bir daha onun zənglərinə cavab verməmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən "X13" MMCnin ofisində olarkən, Təqsirləndirilən şəxs ora daxil olmuş, onu görən kimi nə səbəbdən telefon zənglərinə cavab verməməsini əsas gətirərək, ailə üzvlərinin ünvanına nalayıq ifadələr işlətmiş, sonra da qolundan tutub küçəyə söhbətə dəvət etdikdə o, imtina edərək nə sözü varsa orada deməsini bildirmişdir. Təqsirləndirilən şəxs onu və ailə üzvlərini nalayıq söyüşlərlə söyməkdə davam edərək əlləri ilə yaxasından tutmuş, sonra yumruq və başla sifətinə ardıcıl zərbələr endirmişdir. Məhkəmədə şahid "X13" MMC-də podratçı vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən "X13" MMC-nin ofisində olarkən Təqsirləndirilən şəxs ofisə daxil olmuş, orada Zərərçəkmiş şəxs görən kimi nə səbəbdən telefon zənglərinə cavab verməməsini deyərək onun və ailə üzvlərinin ünvanına nalayıq ifadələr işlətmiş və qolundan tutub onu küçədə söhbət etməyə dəvət etmişdir. Zərərçəkmiş şəxs küçəyə çıxmaqdan imtina etdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutmuş, sonra yumruq və başı ilə onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirmişdir. Bu zaman yaranmış səs-küyə otaq və binanın dəhlizində olan şəxslər onları aralaşdırmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaqda davam etməsinə imkan verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 oxşar məzmunlu ifadələr verərək, həqiqətən xx xxxx 2020-ci il tarixdə “X14” MMC-nin ofisində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş "X13" MMC-də mühafizəçisi vəzifəsində işləyən X4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində "X13" MMC-nin tikinti ofisində səs-küy yarandığını görüb ofisə daxil olanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmasının, sonuncunu söyərək onunla dalaşmasının və yumruqla Zərərçəkmiş şəxs sifətinə xəsarətlər yetirməsinin şahidi olmuşdur. Bu zaman orada olan cəmiyyətin əməkdaşları və digər şəxslərlə birlikdə onlar aralaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan və əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sübutlar tədqiq edilmişdir: Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü əks etdirən və iş üzrə maddi sübut olan 1 ədəd CD formatlı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs paltarının yaxasından tutaraq sifət nahiyəsindən zərbələr endirir, sonra orada olan şəxslər onları aralaşdırırlar. Hadisə 29 saniyə davam etmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anotomiya Birliyi" X15 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, 215 saylı ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz ətrafının, sol gicgah və sol almacıq nahiyələrinin şişkinli hematomaları, sol göz yarığının daralması, gözün ağlı qişasına qansızına, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası, hər iki bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilər, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir (cild İ, iş vər.17-18). İş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji- Anotomiya Birliyi" X11 təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, T166/2020 saylı ekspert rəyindən aydın olur ki; 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol göz ətrafının, sol gicgah və sol almacıq nahiyələrinin şişkinli hematomalan, sol göz yarığının daralması, gözün ağlı qişasına qansızma, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası, hər iki bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə, yəni xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aiddir (cild İİ, iş vər.71-73). İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X6" X17 tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 345 saylı komission ekspert rəyindən məlum olur ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol göz ətrafının, sol gicgah və sol almacıq nahiyələrinin şişkinli hematomalan, sol göz yarığının daralması, gözün ağlı qişasına qansızma, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası, hər iki bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr təsirindən törənmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd edilən nəticə istər ilkin, istərsə də təkrar rentgen müayinənin aparıcı radioloqlar tərəfindən sol almacıq sümüyündə sümük-travmatik dəyişiklik olmaması ilə öz təsdiqini tapıb (cild İİ, iş vər.153-156). İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan səxsin tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1. maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild İ. iş vər.135-136). Cinayət işinə əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-520/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild İİ. iş vər.24-28). Cinayət işində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-552/2020 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və müddəti xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir (cild İİ, iş vər. 24-28). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221.1. maddələri ilə elan olunmuş ittihama hissəvi xitam verilməklə onun əməli CM-nin 221.1. maddəsinə tövsif edilmişdir (cild İİ, iş vər.74-101). İşdə olan xx xxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1. maddəsi ilə yenidən ittiham elan edilmiş, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİ, iş vər. 109-110). Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli qərarla təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1. maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmişdir (cild İİ, iş vər. 157-169). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-175/2018 nömrəli hökmünə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.3.2. maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunaraq 6 (altı) il 3 (üç) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur (cild İİ. iş vər.41-57). İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 17/74 № 209270/18 saylı məlumat məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-175/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2. maddəsi ilə təqsirli bilinərək 6 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının vaxtı başa çatmış və bu səbəbdən məhkum şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan “xxxx” MTK-nın edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan “xxxx” Mənzil Tikinti Kooperativinin xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs barədə tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində qonşularla və MTK əməkdaşları ilə normal münasibətlərdə olmuş, sakinlərin rəğbətini qazanmışdır kimi xarakterizə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları vardır. Cinayət hadisəsinin baş verdiyi ünvanda quraşdırılmış müşahidə kameralarının qeydə aldığı Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə məlumatların əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, eləcə də işdə olan digər obyektiv dəlillərlə tam sübuta yetirilmiş və məhkəmə belə nəticəyə gəlir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığı, zərərçəkən şəxslə barışıq əldə etməyə cəhd göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində üç azyaşlı övladının və ailədə yeganə qazanc gətirən şəxs olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırki əməli şərti məhkum edilməklə sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.4. maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv qiymətləndirib cəza təyini zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin ləğv edilməməsi qənaətinə gəlir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 71.4. maddəsinin müddəalarına görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələnin həlli məhkəmənin səlahiyyətinə buraxılmışdır. Digər tərəfdən, işin halları - əməlin törədilməsinin motivi və şəraiti, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, habelə onu səciyyələndirən hallar - himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqların olması, bütün məhkəmə baxışı dövründə törətdiyi əmələ tənqidi yanaşmaqla zərərçəkənlə barışıq əldə etmək cəhdləri, ondan üzr istəməsi nəzərə alınmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş sınaq müddəti halhazırda başa çatmış və o, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Beləliklə məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, müəyyən olunmuş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması əsaslıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 52-1. maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs 29aprel 2020-ci il tarixdən 24iyun 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1(bir) ay 25 (iyirmi beş) günün 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla 3 (üç) ay 20 (iyirmi) gün təyin edilmiş cəzaya hesablanmalı və üzərində qəti olaraq 8 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilməklə, cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2. maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1. maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1. maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu vasitəsilə vəkili X10 ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: ХХХХХХХХХХХХХХ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1(bir) ay 25 (iyirmi beş) günün 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla 3 (üç) ay 20 (iyirmi) gün təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, saat 22:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. İş üzrə maddi sübut 1ədədCD diskcinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X10 “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu vasitəsilə 180 (yüz səksən) manat ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim ХХХХХХХХХХХ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar