Məhkəmə qərarları › İş №1(005)-294/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-294/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-294/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “KAMANDAR NƏSİBOV VƏ PARTNYORLARİ” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Rusiya Federasiyası, Altay diyarı, Biyski şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində tibb bacısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu gizir rütbəsi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hospitalına tibb bacısı vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2023-cü ilin aprel ayından iyun ayınadək ünvan 1 ünvanında yerləşən «Beta market» ərzaq mağazasında olan «Saga» tipli ödəniş terminalı vasitəsilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini, 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində Zərərçəkmiş şəxs1 ümumi dəyəri 4000 (dörd min) manat təşkil edən 750 əyarlı qızıldan hazırlanmış 29,37 qram çəkidə boyunbağı, bilərzik və iki ədəd üzük dəstindən ibarət qızıl-zinət əşyalarını, 2023-cü ilin iyun ayından avqust aymadək olan müddət ərzində isə Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan ünvanlarda ödəniş terminalı və mobil tətbiq vasitəsilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 26000 (iyirmi altı min) manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 50000 (əlli min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində baş tibb bacısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu gizir rütbəsi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hospitalına tibb bacısı vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nəsirəddin Tusi küçəsində yerləşən «A+ market» mağazasının qarşısında Zərərçəkmiş şəxs2nm əvvəlcə 2000 (iki min) manat və 1445 (bir min dörd yüz qırx beş) manat ekvivalentində 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pulunu, 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “Oba market” mağazasındakı “Milliön” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2nm ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 1000 (bir min) manat, 12 iyun 2023-cü il tarixdə qeyd olunan ünvanda Zərərçəkmiş şəxs2nm “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 350 (üç yüz əlli) manat, 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalındakı “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2nm ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 1000 (bir min) manat, 12 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 əri Şahid vasitəsilə “Birbank” mobil tətbiqi ilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 350 (üç yüz əlli) manat, həmin gün Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “Yeni market” mağazasındakı “eManat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 500 (beş yüz) manat, 16 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 əri Şahid vasitəsilə “Birbank” mobil tətbiqi ilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 150 (bir yüz əlli) manat, 18 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 əri Şahid vasitəsilə “Birbank” mobil tətbiqi ilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 350 (üç yüz əlli) manat, 23 avqust 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs2mn əri Şahid vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 460 ünvanında “Birbank” mobil tətbiqi ilə ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan hesaba 200 (iki yüz) manat məbləğində pul vəsaiti köçürməsinə nail olub həmin vəsaitləri ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 7345 (yeddi min üç yüz qırx beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və öz müdafiəsi üçün əsassız dəlillər gətirərək ifadələrində göstərmişdir ki, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 26 iyul 2021-ci ildən 26 yanvar 2023-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. 26 yanvar 2023-cü il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. 15 oktyabr 2022-ci ildən 04 noyabr 2022-ci il tarixədək «kəskin appendisit» diaqnozu ilə təxminən 3 (üç) həftə müddətində Müdafiə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə orada müalicə alan zaman tanış olmuşdur. 2022-ci ilin oktyabr-noyabr aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alarkən Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, onu DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalında tibb bacısı kimi işə düzəltsin. Lakin hərbi xidmətdə olan zaman Zərərçəkmiş şəxs1 bu barədə heç bir konkret vəd verməmişdir. Ehtiyata buraxıldıqdan sonra, yəni 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq DTX-nin hospitalında işə düzəlmək üçün köməklik göstərməsini yenidən xahiş etmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən hissəhissə olmaqla bir neçə dəfəyə 20-25 min manat məbləğində pul almışdır. Lakin Zərərçəkmiş şəxs1 ona konkret olaraq nə vaxt və hansı məbləğdə pul köçürməsini dəqiq bilmir. Çünki həmin pullar hissə-hissə olmaqla çox xırda məbləğlərdə, təxminən 4-5 ay müddətində ona məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına köçürülmüşdür. Həmin kartı 2023-cü ilin təxminən fevral ayında "xxxx" ASC-dən əldə etmişdir. Heç vaxt Zərərçəkmiş şəxs1 hədə- qorxu ilə pul tələb etməmiş və hədə-qorxu gəlməklə ondan 26 000 (iyirmi altı min) manat məbləğində pul almamışdır. Zərərçəkmiş şəxs1 işə düzəlmək üçün ona verdiyi 20 000 (iyirmi min) manat məbləğində pulun bir hissəsini öz qızıl-zinət əşyalarını lombarda girov qoymaqla əldə edib ona vermişdir. Qaradağ rayon polis idarəsində araşdırma aparılan zaman həmin vəsaitin 7500 (yeddi min beş yüz) manatını Zərərçəkmiş şəxs1 qaytarmışdır. Yerdə qalan məbləği də ona qaytaracaqdır. Zərərçəkmiş şəxs2 isə onu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hospitalına gizir rütbəsi ilə tibb bacısı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə ümumilikdə təxminən 7345 manata yaxın pul almışdır. Dövlət Təhlükəsizliyi Xidmətində işləyən qohumu və ya tanışı yoxdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatmaq üçün yalandan onlara demişdir ki, guya əmisi DTX-də işləyir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs1 7500 manat, Zərərçəkmiş şəxs2 isə 1.000 manat qaytarmışdır. Etdiyi əməldən peşmandır, azadlığa çıxarsa zərəri ödəməyə söz verir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zərərçəkmiş şəxs1 münasibətdə mülki iddianı qismən qəbul etdiyini və Zərərçəkmiş şəxs1 münasibətdə 25.000 manat pul aldığını, həmin puldan 7.500 manat pulu ona geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında mülki işçi kimi işə qəbul olunmaqla 2002-ci ildən 2013-cü ilədək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Ələt hərbi hospitalında tibb bacısı vəzifəsində işləmişdir. 2005ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində çavuş rütbəsi ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və 2013-cü ildən etibarən baş çavuş rütbəsi ilə ünvan 3 ünvanında yerləşən Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində tibb bacısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Əsgər Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci ildən 04 noyabr 2022-ci il tarixədək «kəskin appendisit» diaqnozu ilə təxminən 3 (üç) həftə müddətində Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində stasionar müalicədə olmuşdur. Həmin ərəfələrdə, yəni 2022-ci ilin oktyabr ayında Baş Klinik Hospitalın rəhbərliyi tərəfindən Təxirəsalınmaz cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsinə baxış keçirilən zaman müəyyən nöqsanlar aşkar olunduğu üçün rəhbərlik tərəfindən cərrahiyyə bölməsinin bütün əməkdaşlarına, o cümlədən ona töhmət elan olunacağı bildirilmişdir. Həmin vaxt cərrahiyyə bölməsində stasionar müalicədə olan əsgər Təqsirləndirilən şəxs bunu eşidib ona və digər tibb bacılarına dayısı Asif Muradovun polkovnik rütbəsi ilə Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifədə işlədiyini və narahatçılığa əsas olmadığını bildirib zərurət olarsa həmin şəxsin vasitəsilə onlara lazımi köməklik göstərəcəyini vəd etmişdir. DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalında əmək haqqı yüksək olduğu üçün Təqsirləndirilən şəxs dayısının Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifədə işlədiyini söylədikdə ona inanıb qərara gəlmişdir ki, DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalında tibb bacısı kimi işə düzəlmək üçün ondan xahiş etsin. Bu barədə Təqsirləndirilən şəxs bildirib köməklik göstərməsini xahiş etdikdə Təqsirləndirilən şəxs heç bir problem olmadığını bildirib onun mobil telefon nömrəsini öz telefonunda qeyd edərək hərbi xidmətdən tərxis olunduqdan sonra dayısı Asif Muradovun vasitəsilə onu təmənnasız olaraq gizir rütbəsi ilə DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalına tibbi bacısı vəzifəsinə təyin etdirəcəyini vəd edərək ayda 2500 (iki min beş yüz) manat əmək haqqı alacağını bildirmişdir. 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs müalicəsi yekunlaşdığı üçün cərrahiyyə bölməsini tərk edib xidmət etdiyi hərbi hissəyə yollanmışdır. Bundan sonra bir neçə ay müddətində, konkret olaraq 2023-cü ilin mart ayına kimi Təqsirləndirilən şəxslə heç bir əlaqə və ünsiyyəti olmamışdır. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vuraraq hal-əhval tutduqdan sonra DTXnin Hərbi-tibb baş idarəsinin hospitalında tibb bacısı kimi işə düzəlmək üçün ondan 20 000 (iyirmi min) manat pul istəmişdir. Həmin məbləği dərhal verə bilməyəcəyini dedikdə Zahit etiraz etməyib razılaşaraq «WhatsApp» vasitəsilə özünə məxsus 4169 7388 4681 2331 nömrəli bank kartının fotoşəkilini ona göndərib 20 000 (iyirmi min) manat pulu 2023-cü ilin iyun ayına kimi həmin karta köçürməsini istəmişidr. Bu məqsədlə o, 2023-cü ilin aprel ayından iyun ayınadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 ünvanında yerləşən «Beta market» ərzaq mağazasında olan «Saga» tipli ödəniş terminalı vasitəsilə Zahitin 4169 7388 4681 2331 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 20 000 (iyirmi min) manat pul köçürmüşdür. 2023-cü ilin iyun ayında bir neçə dəfə Zahitlə zəngləşib danışaraq DTX-nin hospitalında nə vaxt işə başlayacağını soruşmuşdur. Zahit hər dəfə müxtəlif bəhanələr gətirib ondan əlavə pul tələb etməyə başlamışdır. Etiraz edərək Zahitə 20 000 (iyirmi min) manat müqabilində onu DTX-nin hospitalında tibb bacısı kimi işə düzəldəcəyini vəd etdiyini xatırlatdıqda Zahit əlavə pul verməyəcəyi təqdirdə onun işini həll etməyəcəyini bildirib DTXdə işə düzəlmək üçün guya ona rüşvət verdiyini iddia edərək bununla əlaqədar barəsində polisə şikayət edərək onu həbs etdirəcəyi ilə hədələmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb Zahitə əlavə olaraq pul verməyə razılaşmışdır. Onu hədələdiyi üçün 2023-cü ilin iyul ayından sentyabr ayına kimi Zahitə hissə-hissə olmaqla ümumilikdə 26000 (iyirmi altı min) manat pul vermişdir. Həmçinin Zahitin tələbi ilə 21 iyul 2023- cü il tarixdə özünə məxsus 750 əyarlı qızıldan hazırlanmış ümumilikdə 29 (iyirmi doqquz) qrama yaxın boyunbağı, bilərzik və iki ədəd üzükdən ibarət qızıl-zinət əşyalarını pul əldə edə bilməsi üçün lombarda girov qoymaq məqsədi ilə Zahitə vermişdir. Zahit ona məxsus qızıl-zinət əşyalarını elə həmin gün, yəni 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən lombarda girov qoyaraq müqabilində 2000 (iki min) manat pul əldə etmişdir. Sonuncu dəfə Zahitin tələbi ilə 2023-cü ilin avqust ayının sonlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 ünvanında yerləşən «Beta market» ərzaq mağazasmdakı «Saga» tipli ödəniş terminalı vasitəsilə onun 4169 7388 4681 2331 nömrəli bank kartına 300 (üç yüz) manat pul köçürmüşdür. Zahit DTX-də işə düzəlmək üçün ona 20 000 (iyirmi min) manat rüşvət verdiyini iddia edərək hədə-qorxu ilə tələb etməklə 2023-cü ilin iyul-avqust ayları ərzində onun 26000 (iyirmi altı min) manat pulunu və 4000 (dörd min) manat dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirmişdir. 2023-cü ilin sentyabr ayında Zahitin onu aldatdığını başa düşüb onun barəsində Qaradağ rayon polis idarəsinə şikayət etmişdir. Zahit eyni üsulla onun iş yoldaşı Zərərçəkmiş şəxs2 da aldadaraq sonuncunun 7000 (yeddi min) manata yaxın pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona maddi zərərə görə 43000 manat, mənəvi zərərə görə 4000 manat, əldən çıxmış faydaya görə 3000 manat, ödənilən dövlət rüsumu 240 manat, ümumilikdə 50240 manat zərər dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi zərərə görə 43000 manat, mənəvi ziyana görə, 4000 manat, əldən çıxmış faydaya görə 3000 manat, ödənilən dövlət rüsumuna görə 240 manat, cəmi 50.240 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətə qəbul olunmaqla həmin vaxtdan 2017-ci ilədək ünvan 3 ünvanında yerləşən Müdafiə Nazirliyinin Baş X2 Kordiologiya şöbəsinin baş tibb bacısı vəzifəsində işləmişdir. 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində baş tibb bacısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Əsgər Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci ildən 04 noyabr 2022-ci il tarixədək «kəskin appendisit» diaqnozu ilə təxminən 3 (üç) həftə müddətində Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə şöbəsinin cərrahiyyə bölməsində stasionar müalicədə olmuşdur. 2023-cü ilin may ayında iş yoldaşı Zərərçəkmiş şəxs1 ondan 2700 (iki min yeddi yüz) manat borc pul istəmişdir. Pulu nə məqsədlə istədiyini soruşduqda İlahə 2022-ci ilin oktyabr-noyabr aylarında cərrahiyyə bölməsində stasionar müalicədə olmuş Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifədə işləyən dayısının vasitəsilə onu DTX-nin Hərbi- Tibb baş idarəsinin hospitalında tibbi bacısı kimi işə düzəldəcəyini vəd etdiyini bildirib məhz bu məqsədlə Zahitə vermək üçün ondan 2700 (iki min yeddi yüz) manat borc pul istədiyini bildirmişdir. Uzun illərdən bəri İlahəni tanıdığı üçün etiraz etməyərək ona 2023-cü ilin sonuna kimi qaytarmaq şərti ilə növbəti gün yaşadığı ünvanda 2700 (iki min yeddi yüz) manat borc pul vermişdir. Təxminən bir ay sonra, 2023-cü ilin iyun ayının əvvəllərində işdə olan zaman İlahə Təqsirləndirilən şəxs onu tezliklə DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalına işə düzəldəcəyini vəd etdiyini bildirib ondan həmin hospitalda işləmək niyyətinin olub-olmadığını soruşmuşdur. DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalında əmək haqqı yüksək olduğundan İlahədən xahiş etmişdir ki, onun barəsində Zahitlə danışsın və əgər mümkündürsə, Zahit onu da həmin hospitala tibb bacısı kimi işə düzəltsin. Aidə razılaşaraq bu barədə Zahitlə danışacağını bildirmişdir. Növbəti gün təxminən saat 15 radələrində Zahit ***-***-**-** mobil telefon nömrəsindən ona zəng vuraraq İlahə ilə onun barəsində danışdığını bildirib 5800 (beş min səkkiz yüz) manat pul verəcəyi təqdirdə DTX-da məsul vəzifədə işləyən qohumunun vasitəsilə 2023-cü ilin sentyabr ayında onu DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalına gizir rütbəsi ilə tibb bacısı vəzifəsinə təyin etdirəcəyini vəd etmişdir. Zahit söhbət əsnasında həmçinin DTX-nin hospitalında tibbi bacısı vəzifəsində işləyən şəxslərin yüksək əmək haqqı aldığını bildirib təyinatdan sonra ayda minimum 2000-2500 (iki min - iki min beş yüz) manat əmək haqqı alacağını söyləmişdir. Bu barədə əri Şahid ilə danışıb məsləhətləşdikdən sonra Zahitə DTX-nin hospitalında işə düzəlmək üçün 5800 (beş min səkkiz yüz) manat pul verməyə razılaşmışdır. Sonra icazə alıb işdən çıxaraq evə getmişdir. Evdən 2000 (iki min) manat və 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul götürərək Zahitə zəng etmiş, ona işə düzəlmək üçün hələlik 2000 (iki min) manat və 850 (səkkiz yüz əlli) ABŞ dolları verəcəyini, yerdə qalan məbləği isə tədricən hissə-hissə olmaqla 2023-cü ilin sentyabr ayına kimi ona verəcəyini bildirmişdir. Zahit etiraz etməyib razılaşaraq Xətai rayonu, Əhmədli qəsəbəsi, Nəsirəddin Tusi küçəsində yerləşən «A+ market» mağazasının qarşısında görüşməyi təklif etmişdir. Razılaşaraq taksi avtomobili ilə həmin ünvana getmiş və Xətai rayonu, Əhmədli qəsəbəsi, Nəsirəddin Tusi küçəsində yerləşən «A+ market» mağazasının qarşısında Zahitlə görüşərək ona 2000 (iki min) manat və 1445 (bir min dörd yüz qırx beş) manat ekvivalentində 850 (səkkiz yüz əlli) ABŞ dolları pul vermişdir. Zahit pulu sayıb qəbul etdikdən sonra yerdə qalan məbləği də bir neçə gün ərzində ona çatdırmasmı istəmiş və bu məqsədlə özünə məxsus 4169 7388 4681 2331 nömrəli plastik bank kartının fotoşəkilini «WhatsApp» vasitəsilə ona göndərmişdir. Razılaşaraq 09 iyun 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “Oba market” mağazasmdakı “Milliön” ödəmə terminalı vasitəsilə Zahitə məxsus həmin bank kartına 1000 (bir min) manat, 12 iyun 2023-cü il tarixdə isə həmin terminal vasitəsilə 350 (üç yüz əlli) manat pul göndərmişdir. 13 iyun 2023-cü il tarixdə saat 12 radələrində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işdə olarkən Zahitin tələbi ilə hospitalda yerləşən “eManat” ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 4681 2331 nömrəli plastik bank kartına 1000 (bir min) manat pul köçürmüşdür. Beləcə, Zahitə ümumilikdə 5795 (beş min yeddi yüz doxsan beş) manat pul vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Zahit «WhatsApp» vasitəsilə bir neçə dəfə ona zəng vuraraq işini həll etmək üzrə olduğunu, lakin işə qəbul olunması barədə müvafiq əmrin imzalanması üçün təcili olaraq DTX-nin Hərbi-tibb baş idarəsinin kadrlar şöbəsinin əməkdaşına 1000 (bir min) manat pul verməli olduğunu bildirib həmin məbləği ona göndərməsini istəmişdir. Zahitə inanıb etibar edərək bu barədə əri Rəşadla danışıb məsləhətləşdikdən sonra Rəşad 12 iyul 2023-cü il tarixdə saat 16 radələrində öz mobil telefonu ilə “Birbank” mobil tətbiqindən istifadə etməklə Zahitin 4169 7388 4681 2331 nömrəli bank kartına 350 (üç yüz əlli) manat pul göndərmişdir. Elə həmin gün, yəni 12 iyul 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “Yeni market” mağazasmdakı “eManat” ödəmə terminalı vasitəsilə Zahitə məxsus həmin bank kartına 500 (beş yüz) manat pul köçürmüşdür. 16 iyul 2023-cü il tarixdə isə əri Rəşad onun xahişi ilə öz mobil telefonu ilə “Birbank” mobil tətbiqindən istifadə etməklə Zahitin 4169 7388 4681 2331 nömrəli bank kartına 150 (bir yüz əlli) manat pul göndərmişdir. Buna baxmayaraq, Zahit müxtəlif bəhanələr gətirərək guya işə qəbul olunması barədə əmrin imzalanmaq üzrə olduğunu bildirib ondan əlavə pul istədiyi üçün əri Rəşad onun xahişi ilə öz mobil telefonu ilə “Birbank” mobil tətbiqindən istifadə etməklə Zahitin 4169 7388 4681 2331 nömrəli bank kartına 18 iyul 2023-cü ildə 350 (üç yüz əlli) manat, sonuncu dəfə 23 avqust 2023-cü il tarixdə isə 200 (iki yüz) manat pul göndərmişdir. Beləcə, DTX-nin Hərbi-tibb baş idarəsinin hospitalında tibbi bacısı kimi işə düzəlmək üçün ümumilikdə Zahitə 7345 (yeddi min üç yüz qırx beş) manat pul vermişdir. 2023-cü ilin avqust ayının sonlarında bir neçə dəfə Zahitə zəng vuraraq nə vaxt işə çıxacağını soruşmuşdur. Zahit hər dəfə guya işə qəbul olunması barədə əmrin artıq imzalandığını bildirib tezliklə işə çağırılacığmı bildirsə də, heç bir xəbər çıxmadığını görüb Zahitdən şübhələnməyə başlamışdır. Bir müddət sonra isə Zahit ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Əri Rəşadın “Birbank” mobil tətbiqi ilə Zahitə göndərdiyi pul vəsaitləri də ona məxsus olmuşdur. Zahit onu aldadaraq ümumilikdə 7345 (yeddi min üç yüz qırx beş) manat məbləğində pulunu ələ keçirmişdir. Həmin məbləgdən 1.000 manatını qaytarmışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs2 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləyir. 2023cü ilin yay aylarında arvadı Aidə Zahit adlı şəxsin onun iş yerini 5000 (beş min) manat müqabilində Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına dəyişməyi təklif etdiyini bildirmişdir. Aidə onun razılığı ilə bu məqsədlə Zahitə 5000 (beş min) manat pul vermişdir. Bundan sonra Zahit Aidədən 800 (səkkiz yüz) manat, daha sonra isə 1000 (bir min) manat məbləğində pul almışdır. Sonuncu dəfə o, 23 avqust 2023-cü il tarixdə saat 17:10-da Aidənin işi ilə əlaqədar işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən "xxxx" MMC-də olan zaman mobil tətbiq vasitəsilə Zahitin bank kartına 200 (iki yüz) manat məbləğində pul göndərmişdir. ümumilikdə 7345 (yeddi min üç yüz qırx beş) manat məbləğində pulunu ələ keçirmişdir. Ümumilikdə arvadının 7345 (yeddi min üç yüz qırx beş) manat məbləğində pulunu ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-195/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 09 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-278/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan 4500 manat ödənilmişdir. “Cinayət əməlinin tövsif edilməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Baxış keçirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169 7388 4681 2331 nömrəli bank kartı ilə 01 mart 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixdək olan müddət ərzində aparılmış maliyyə əməliyyatlarında cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan, Qaradağ rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" ASC-dən götürülmüş zəruri məlumatlara 17 yanvar 2024-cü il tarixdə baxış keçirilməklə nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına bağlı olan ******************** nömrəli bank hesabına 01 mart 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixdək olan müddət ərzində müntəzəm olaraq müxtəlif məbləğlərdə pul vəsaitləri, o cümlədən 09 iyun 2023-cü il tarixdə 1000 (bir min) manat, 12 iyun 2023-cü il tarixdə 350 (üç yüz əlli) manat, 13 iyun 2023-cü il tarixdə 1000 (bir min) manat, 12 iyul 2023-cü il tarixdə 350 (üç yüz əlli) manat, 12 iyul 2023-cü il tarixdə həmçinin 500 (beş yüz) manat, 16 iyul 2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, 18 iyul 2023-cü il tarixdə 350 (üç yüz əlli) manat, 23 avqust 2023-cü il tarixdə isə Şahid tərəfindən 200 (iki yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə tərəfimdən iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 2023-cü ilin aprel ayından iyun ayınadək olan müddət ərzində «Saga» tipli ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4169 7388 4681 2331 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti köçürdüyü hadisə yerini - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 ünvanında yerləşən «Beta market» ərzaq mağazasını əyani olaraq göstərməklə həmin xüsusatı ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmiş, xx.xx.2024-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim olunmuş “VotzapApp” smartfonlar üçün ani mesajlaşma sistemi vasitəsilə mütəmadi olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mütəmadi olaraq mənt mesajları göndərməsi, sonuncunun ona “50.000 manat pulumu almısan məndən, qaytar” mesajına cavab olaraq Zərərçəkmiş şəxs1 “əvvəlcə 30.000 manat, iki ay isə 20.000 manatı qaytaracağına dair ” vədlər verməsini özündə əks etdirən mesajlar mövcud olması müəyyən edildi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2024-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 30 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən, xx.xx.2003-cü ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 28 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 1(005)-294/2024 saylı qərarına əsasən AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində 61840/24 nömrəli axtarış işi olan, xx.xx.2003-cü ildə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan 3000 manat ödənilmişdir. Beləliklə Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan ümumilikdə 7500 manat ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərəri qismən ödəməsini və müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 28 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi zərərə görə 43000 manat, mənəvi ziyana görə, 4000 manat, əldən çıxmış faydaya görə 3000 manat, ödənilən dövlət rüsumuna görə 240 manat, cəmi 50.240 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş zərərdən 7500 manat məbləğində pul ona ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 42.500 manat maddi zərər və ödənilmiş 240 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 02 ay 28 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il (üç) 03 ay 02 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 42.500 manat maddi zərər və ödənilmiş 240 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar