Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-294/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X3 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1, sonuncunu və onun qızı Minarə Orucovanın əvvəllər əlliliyə görə aldıqları pensiyasını bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edib aldatmaqla 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Tərtər” restoranının yaxınlığında 7500 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4, əllilik dərəcəsi və pensiya almasına köməklik edəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 2023-cü ilin aprel ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində ortaq tanışları Zərərçəkmiş şəxs1 vasitəsilə hissəhissə olmaqla ümumilikdə 12000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5, əvvəllər əlliliyə görə aldığı pensiyasını bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Tərtər” restoranının yaxınlığında ortaq tanışları Zərərçəkmiş şəxs1 vasitəsilə 8000 manat və 2023-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs5 Masallı şəhəri, H.Əliyev prospektində quraşdırılmış ödəmə aparatı vasitəsilə kart hesabına göndərdiyi 500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs5 qızma ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2, əvvəllər əlliliyə görə aldığı pensiyasını bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 02 aprel 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvandan mobil telefonuna yüklədiyi tətbiq vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 300 manat və 200 manat olmaqla cəmi 500 manat, 07 aprel 2023- cü il tarixdə 600 manat və 500 manat olmaqla cəmi 1100 manat, 10 aprel 2023-cü il tarixdə 1200 manat, 17 aprel 2023-cü il tarixdə 1500 manat, 19 japrel 2023-cü il tarixdə 200 manat, 20 aprel 2023-cü il tarixdə 300 manat, 01 may 2023-cü il tarixdə 1000 manat və 2023-cü ilin may ayının əvvəllərində 2100 manat olmaqla ümumilikdə 7900 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3, əvvəllər əlliliyə: görə aldığı pensiyasını bəıpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla 04 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 1500 manat, 2023-cü ilin ortalarında Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Keşlə Bazarı”nın yaxınlığında 3500 manat və 2023-cü ilin dekabr ayının axırlarında həmin ünvanda 3000 manat olmaqla ümumilikdə 8000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, ibtidai istintaq orqanı tərəfindən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etməklə iş üzrə ibtidai istintaq aparmış müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, cinayət işi materialları ilə 17 iyun 2025-ci il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında tanışlıq edilməsi və təqsirləndirilən şəxsin protokolu imzalamaqdan imtina etməsi əks etdirilsə də, həmin tarixdə müstəntiqin və müdafiəçinin Təcridxanaya daxil olmadığı müəyyən edilmişdir. Bu da işin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Təqsirləndirilən şəxs barəsində istintaqı yekunlaşan cinayət işinin materialları ilə tanış edilməmişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs dövlət ittihamçısı və müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etdi və bildirdi ki, ibtidai araşdırma zamanı müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olmamış, ümumiyyətlə müdafiəçini və müstəntiqi görməmişdir. Belə ki, müdafiəçini sadəcə iki dəfə görmüş, onlar da ilkin tutulması zamanı və sonuncu dəfə 24 iyun tarixində prokurorun həbsin uzadılması ilə bağlı təqdimatına baxılarkən olmuşdur. Onun ümumiyyətlə ibtidai istintaqın bitməsindən məlumatı olmamış, bu barədə məlumatı müstəntiq şifahi şəkildə ona bildirmişdir. İyun ayında saxlanıldığı təcridxanadan cəmi 02 günlük MSY-yə keçirilmiş və MSY-də də müstəntiq onun yanına gələrək cinayət işinin bitdiyini və artıq məhkəməyə göndərildiyini şifahi qaydada bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslər hər biri ayrı-ayrılıqda vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1 və 285.4-cü maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3 və 303.3.8-ci maddəsinə əsasan məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verdikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir; 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, tərəflərin fikirlərini dinləyərək, cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müstəntiq tərəfindən prosessual qanunvericiliyin müddəalarına riayət edilməməsi və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Məcəllənin 284— 286-cı və 288-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284cü, 285.1-ci və 285.4-cü maddələri imperativ olaraq müəyyən edir ki, ittiham aktının tərtib edilməsindən əvvəl müstəntiq ibtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verməli, onların cinayət işinin bütün materialları ilə tanış olmasını təmin etməli, bu tanışlıq üçün vaxtı məhdudlaşdırmamalıdır. 250060169 nömrəli cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işinin istintaq materialları ilə tanış etmə protokolundan görünür ki, müdafiə tərəfi cinayət işi materialları ilə xx.xx.2025-ci il tarixdə saat 10:40-dan saat 12:05-dək olan müddət ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında vaxt məhdudiyyəti qoyulmadan tanış olması qeyd edilmişdir (səh-230). Bundan sonra müdafiə tərəfi xx.xx.2025-ci il tarixli vəsatətlə müraciət etmiş və müstəntiq həmin vəsatətə baxaraq xx.xx.2025-ci il tarixdə “vəsatətin rədd edilməsi haqqında” qərar qəbul etməklə təqsirləndirilən şəxs və müdafiəçisinə göndərilmişdir (səh-231-233). Bundan sonra da müstəntiq prosessual hərəkətlərə davam edərək xx.xx.2025-ci il tarixdə saat 10:10-da ittiham aktını tərtib etməyə başlamışdır (səh-239). Məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına müvafiq sorğu verilmiş və cavab olaraq 23 iyul 2025-ci il tarixli məktubla bildirilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Kamran Namazov və 25 saylı Vəkil Bürosunun vəkili Xalid Nəbiyev xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə həbsdə saxlanılan Təqsirləndirilən şəxs ilə 3 saylı İstintaq Təcridxanasında görüşməyiblər. Eyni zamanda Rzalı X2 Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Nərimanov RPİ-nin MSY-nə etap edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsinə dair protokolda qeyd edilən saatda (xx.xx.2025-ci il, saat 10:40-12:05) və məkanda (3 saylı İT) ümumiyyətlə müstəntiq təqsirləndirilən şəxsi məhkəməyədək icraat materialları ilə tanış etməmiş, ümumiyyətlə Təcridxanaya daxil olmamışdır. Həmçinin, müdafiəçinin də həmin tarixdə İstintaq Təcridxanasına giriş etmədiyi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs ittiham aktının surətinin ona təqdim edilmədiyini bildirmiş və məhkəmə tərəfindən iş üzrə ittiham aktı ilə təmin olunmuşdur. Göstərilən bu hallar özü təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsinə dair prosessual hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə müdafiəçinin iştirakı da formal olmuş, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam həyata keçirilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi prosedurunun formal şəkildə, reallıqda isə ümumiyyətlə həyata keçirilməməsi, təqsirləndirilən şəxsin müdafiə hüququnun da kobud şəkildə pozulmasıdır. Bu, sadəcə prosessual qaydanın pozuntusu deyil, cinayət mühakimə icraatının fundamental prinsiplərindən olan çəkişmə prinsipinin və tərəflərin bərabərliyi prinsipinin pozulmasıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs dövlət ittihamçısı və müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etdi və bildirdi ki, ibtidai araşdırma zamanı müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olmamış, ümumiyyətlə müdafiəçini və müstəntiqi görməmişdir. Belə ki, müdafiəçini sadəcə iki dəfə görmüş, onlar da ilkin tutulması zamanı və sonuncu dəfə 24 iyun tarixində prokurorun həbsin uzadılması ilə bağlı təqdimatına baxılarkən olmuşdur. Onun ümumiyyətlə ibtidai istintaqın bitməsindən məlumatı olmamış, bu barədə məlumatı müstəntiq şifahi şəkildə ona bildirmişdir. İyun ayında saxlanıldığı təcridxanadan cəmi 02 günlük MSY-yə keçirilmiş və MSY-də də müstəntiq onun yanına gələrək cinayət işinin bitdiyini və artıq məhkəməyə göndərildiyini şifahi qaydada bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınmış müdafiə hüququ, şəxsin ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini və bu ittihamın əsaslandığı sübutları bilməsini, bunun əsasında öz müdafiə mövqeyini qurmasını zəruri edir. Materiallarla tanışlıq imkanından məhrum edilən təqsirləndirilən şəxs, əslində, səmərəli və effektiv müdafiə imkanından da məhrum edilmiş olur ki, bu da Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə Konvensiyanın 6-cı maddəsinin pozuntusudur. Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır və hər bir şəxs səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedentlərində dəfələrlə vurğulamışdır ki, Konvensiya ilə təmin edilən hüquqlar nəzəri və ya xəyali deyil, praktiki və səmərəli olmalıdır. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır... Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər.” Sadalanan normaları nəzərə alaraq, məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla, şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Məhz bu səbəbdən, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan halda, məhkəməyədək icraat zamanı yol verilmiş bu pozuntu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci və 303.3.8-ci maddələrinin tələbləri baxımından kobud pozuntu hesab edilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün mütləq əsas kimi qiymətləndirilməlidir." Beləliklə, ********* saylı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilən ittiham zamanı müstəntiq tərəfindən prosessual qanunvericiliyin müddəalarına riayət edilməməsi, təqsirləndirilən şəxsin müdafiə hüququnu pozması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinin pozulması müəyyən edilir ki, həmin pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına da münasibət bildirilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində 01 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək, 24 iyun 2025-ci il tarixdə isə məhkəmənin qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmış, ittiham aktı xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş və cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 iyul 2025-ci il tarixdə bitdiyindən, məhkəmə tərəfindən hazırlıq iclasının yekun qərarı qəbul edilənə qədər uzadılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 4 (dörd) ay 9 (doqquz) gün həbsdə olmuşdur. CPM-nin 159.7.2-ci maddəsinə əsasən, az ağır cinayətlər üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti 7 (yeddi) aydan artıq ola bilməz. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə azadlıqda qalarsa istintaqdan yayınma riski və zərərçəkmiş şəxslərə, şahidlərə təsir göstərə bilməsi ehtimalları nəzərə alınaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay, yəni 25 avqust 2025-ci il tarixədək uzadılmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, ********* nömrəli cinayət işi üzrə istintaqı aparmış Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verdiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri 25 avqust 2025-ci il tarixədək uzadılmalı, ibtidai istintaq zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda verilmiş vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 25 avqust 2025-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-294/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-294/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver