Məhkəmə qərarları › İş №1(005)-295/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-295/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-295/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili (mülki iddiaçı) “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs, tərcüməçi tərcüməçi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonu, Vurğun kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, hazırda Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Rossmann» mağazasına müştəri qismində bir neçə dəfə daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ümumi dəyəri 1200 (bir min iki yüz) manat təşkil edən 10 ədəd qutuda 80 ədəd «Frizz 1200» markalı, ümumi dəyəri 700 (yeddi yüz) manat təşkil edən 6 ədəd qutuda 36 ədəd «Frizz 3500» markalı və ümumi dəyəri 400 (dörd yüz) manat təşkil edən 04 ədəd qutuda 16 ədəd «Elifbar» markalı elektron siqaret məmulatlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, cinayət işinə əlavə edilmiş protokollar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının sonlarında müştəri kimi ünvan 1 ünvanında yerləşən «Rossmann» mağazasına daxil olub baxdıqda kassa aparatının yerləşdiyi piştaxtanın üzərində qutularda «Frizz» və «Elifbar» markalı elektron siqaret məmulatlarını oğurlamışdır. Bu məqsədlə 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək bir neçə dəfə müştəri kimi siqaret almaq bəhanəsi ilə həmin mağazaya daxil olub satıcıların başını qataraq piştaxtanın üzərinə qoyulmuş qutularda olan «Frizz» və «Elifbar» markalı elektron siqaret məmulatlarını gizlincə götürüb əlində tutduğu sellofan torbaya qoymaqla oğurlamışdır. Satıcılar şübhələnməsin deyə piştaxtanın qarşısında dayanan zaman adətən müxtəlif bəhanələrlə onlardan vitrində olan digər mallar barədə soruşmuş və onların bir anlıq diqqətlərinin yayınmasından istifadə edərək cəld şəkildə elektron siqaret məmulatlarını gizlincə götürmüşdür. Hər dəfə mağazaya daxil olanda 2-3 (iki-üç) manat dəyərində alış-veriş edib sağollaşaraq mağazanı sakitcə tərk edirmiş. Bu üsulla 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək həmin mağazadan ümumilikdə təxminən 4-5 qutuda içərisində 5-6 ədəd olan «Frizz» və «Elifbar» markalı elektron siqaret məmulatları oğurlamışdır. Oğurladığı elektron siqaret məmulatlarını elə Bakı şəhərində tanımadığı şəxslərə müxtəlif məbləğlərdə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ittihamda qeyd edilən miqdarda elektron siqaret oğlurlamamış, həmçinin zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı maddi çətinlik çəkdiyi üçün ödəməmişdir. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili (mülki iddiaçı) Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən müəssisəyə vurulmuş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddia ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək 2300 manat məbləğində dəymiş zərərin və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2343 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci ildən etibarən əmək müqaviləsi "xxxx" MMC-nin satış şöbəsində mağaza müdirinin müavini vəzifəsində işləyir. 2023-cü ilin sentyabr ayından 23 oktyabr 2023-cü tarixədək "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən filialına nəzarət ona həvalə olunmuşdur. Həmin müddətdə faktiki olaraq qeyd olunan mağazanın fəaliyyətinə rəhbərlik etmişdir. Təxminən 40-45 yaşlarında kişi cinsli şəxs 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində bir neçə dəfə ünvan 1 ünvanında yerləşən «Rossman» mağazasına müştəri qismində daxil olaraq satıcının məşğul olmasından sui-istifadə edib kassa aparatının yanında masanın üzərindən ümumilikdə 2300 (iki min üç yüz) manat dəyərində «Elifbar» və «Frizz» markalı elektron siqaret məmulatlarını oğurlamışdır. Bu barədə 08 oktyabr 2023-cü il tarixdə həmin filialın əməkdaşları ilə birgə mağazada mövcud olan videomüşahidə sistemi vasitəsilə qeydə alınmış videogörüntülərə baxan zaman xəbər tutmuş və elə həmin gün Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq iş üzrə digər şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişlər. Şahid2 və Şahid3 ibtidai istintaqda verdiyi ifadələri elan edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid1 Nərimanov rayonu ərazisində işlədiyi mağazadan 2500 manat məbləğində oğurluq hadisəsinin olması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan, foto cədvəllərdən görünür ki, Nərimanov rayonu, N.Hacıyev küçəsi 34 ünvanında yerləşən "xxxx" adlı mağazada oğurluq hadisəsi baş vermişdir. Məhkəmədə tədqiq olunan “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, 35-40 yaşlarında kişi cinsli, arıq bədən quruluşlu şəxsin 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Rossmann» mağazasına müştəri qismində daxil olmaqla oradan «Frizz» və «Elifbar» markalı elektron siqaret nəmulatları gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə tədqiq olunan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mağazaya 2300 manat məbləğində zərər vurulmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və foto cədvəllərdən görünür ki, Azizov X3 rayonu, N.Hacıyev küçəsi 34 ünvanında yerləşən "xxxx" adlı mağazada oğurluq etməsi faktını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-57/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının cəkilməmiş qalan 24 (iyirmi dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli “Tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq olunan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-295/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutukaraq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına göndərilmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ilə bağlı ərizəsindən görünür ki, 2300 manat məbləğində dəymiş zərərin və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2343 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs "xxxx" mağazasından yalnız 4-5 qutuda içərisində 5-6 ədəd olan «Frizz» və «Elifbar» markalı elektron siqaret məmulatları oğurlaması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda qismən təqsirli bildiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, oğurluq hadisəsinin qeyd alındığı “DVD” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə müxtəlif vaxtlarda mağazaya daxil olması və bağlı formada işçərisində elektron siqaretlər olan qutuları götürdüyü müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadəsini, həmçinin iş materiallarında olan müəssisəyə vurulmuş zərərlə bağlı aktı, oğurluq hadisəsinin qeyd alınmış “DVD” diskdə olan görüntülərlə, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətmiş olduğu əməli qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir Təqsirləndirilən şəxs əvvələr eyni xarakterli cinayət törətməsi ilə bağlı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə baxmayaraq cinayət törətməkdə davam etməsi və islah yoluna qədəm qoymaması, məhkəmə çağırışlarına gəlməyərək istintaqdan yayınması, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı ödəməyərək barışıq əldə etməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtiadi istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (26-27 mart 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 saylı qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi, həmçinin həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdə hesablanması nəzərə alınmalıdır. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə "xxxx" MMC-yə 2.300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, maddi ziyana görə "xxxx" MMC-yə 2300 (iki min üç yüz) manat məbləğində dəymiş zərərin və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2343 (iki min üç yüz qırx üç) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut – hadisənin görüntüsünün əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 53 (əlli üç) iş saatı üçün 318 (üç yüz on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (26-27 mart 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 2300 (iki min üç yüz) manat məbləğində dəymiş zərərin və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2343 (iki min üç yüz qırx üç) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə maddi sübut – hadisənin görüntüsünün əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 53 (əlli üç) iş saatı üçün 318 (üç yüz on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar