Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-295/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Femida Vəkil Bürosunun vəkili Müdafiəçi Abdulxaliq oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə metadon əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Secad” adlı şəxsdən 90 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd qara rəngli sellofan bükümdə, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” sözləri qeyd edilmiş 01 ədəd blisterdə “F/M 402 göstəricili, ümumilikdə sayı 10 ədəd olan xeyli miqdarda narkotik vasitə olan metadon dərman həblərini əldə edərək üzərində saxlamaqla həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanına daşımış və həmin tarixdə saat 20:00da Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılaraq, orada üzərinə videoçəkilişdən istifadə etməklə keçirilən baxış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin 01 ədəd qara rəngli sellofan bükümdə, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” sözləri qeyd edilmiş 01 ədəd blisterdə “F/M 40” göstəricili, ümumilikdə sayı 10 ədəd olan xeyli miqdarda narkotik vasitə olan metadon dərman həbləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunaraq barəsində 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 3 gün şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Son zamanlar bədənində ağrılar olduğundan “Metadon” adlanan həblərdən istifadə etmişdir. Həmin həbləri lazım olanda “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Secad” adı ilə tanıdığı şəxsdən almışdır. “Secad”la “Whatsapp Messenger” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, ödəniş pulunu göndərdiyi kart hesabına “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürdükdən sonra narkotik vasitənin yerləşdirildiyi yerin məkan göstəricisi ona göndərilmiş, o göndərilən konumda olan yerə gedib həmin yerdən predmeti götürüb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə günorta vaxtlarında “Secad”la əlaqə saxlayıb 10 ədəd metadon həbi istəmiş, eyni qaydada 90 manat pul ödədikdən sonra “Secad” onun nömrəsinə konum göndərmiş və o, həmin gün saat 19 radələrində narkotik vasitənin yerləşdirildiyi yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyi yerə gədib içərisində 10 ədəd metadon həbi olan qara rəngli sellofan bükümü oradan götürüb əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur. Bundan sonra o, həmin yerdən aralaşıb piyada hərəkət edərkən saat 20 radələrində Nərimanov rayonu, Arazlı küçəsi 8 ünvanının yaxınlığında ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə daşımaqda şübhəli olduqlarını bildirib üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməyi təklif etmişlər. O, polislərin sözündən sonra əynindəki gödəkcənin sol yan cibindəki içərisində 10 ədəd “Metadon” həbi olan qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, bundan sonra polis əməkdaşları üzərini yoxlamış, başqa qanunsuz əşya tapmamış, “Samsung” markalı mobil telefonu götürmüşlər. Polislərə qara rəngli sellofan bükümün içərisindəkinin 10 ədəd “Metadon” həbi olduğunu, həmin həbləri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Bütün bu hərəkətlər polis əməkdaşları tərəfindən videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra polis əməkdaşları aşkar olunmuş metadon həblərini qablaşdırmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə aşkar olunmuş və götürülmüş “Metadon” həblərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Elsəvər oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. xx.xx.2025-ci il tarixdə işlədiyi şöbəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı əməliyyat yolu ilə yoxlamaq məqsədilə əməliyyat qrupunun yaradılması və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Polis şöbəsinin rəisinə bu barədə raportla müraciət etdikdən sonra onun, işlədiyi şöbənin baş əməliyyat müvəkkili Şahid3 və Nərimanov RPİ-nin ekspert-kriminalisti Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş və məlumatda göstərilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra o və şöbənin digər əməkdaşları əməliyyat məlumatında göstərilənləri dəqiqləşdirmək məqsədilə xx.xx.2025-ci il saat 20 radələrində ünvan 5 ünvanının yaxınlığına gəlmişlər. Həmin vaxt zahiri görünüşünün əlamətlərinə görə məlumatda göstərilən Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısına yaxınlaşdığını görüb video çəkiliş apararaq Təqsirləndirilən şəxs yaxınlaşmağa başlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqda özlərini təqdim edib onda qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən qara rəngli sellofanın içərisində 10 ədəd olmaqla üzərindən “Metadhone 40” yazıları olan 1 list həbi çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan qara gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs qara rəngli sellofanın içərisində 10 ədəd olmaqla üzərindən “Metadhone 40” yazıları olan 1 list həbi haradan əldə etməsini soruşduqda sonuncu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onlar tərəfindən aşkar olunmuş “Metadhone 40” yazıları olan 1 list həb zərfə qoyularaq qablaşdırılmış və möhürlənib, üzərini iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş sellofan torbadan qeyd olunan əşyanın aşkar olunması polis əməkdaşları tərəfindən videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş və götürülmüş “Metadhone 40” yazıları olan 1 list həbə videoçəkiliş aparmaqla baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra imzalarla təsdiq edilmiş, həmin predmet yenidən qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin ekspert-kriminalisti Şahid2 və baş əməliyyat müvəkkili Talıbov X2 Elmar Elsəvər oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 20:00-da Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında saxlanıldıqdan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən qara rəngli sellofanın içərisində 10 ədəd olmaqla üzərində “Metadhone 40” yazıları olan 1 list həbi çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs “Methadone 40” yazılı 1 (bir) list həbi haradan əldə etməsi soruşulduqda, sonuncu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 10 ədəd olmaqla üzərində “Metadhone 40” yazıları olan 1 list həbə baxış keçirilmiş və yenidən zərfə qoyularaq möhürlənməklə qablaşdırılıb götürülmüşdür. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, görüntülər müvafiq olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 5 fevral 2025-ci il tarixli və “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokolların məzmunu həmin görüntülərlə eynilik təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/541 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219” dairəvi möhür əksləri olan, “əməliyyat müvəkkilləri: polis mayoru Şahid3 “imza”; polis baş leytenantı Şahid1 “imza; Tərtib etdi: təhqiqatçı, polis leytenantı R.Rəhimli “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki: - üzərində “Methadone 40” sözləri qeyd edilmiş 01 (bir) ədəd blisterdə “F/M 40” göstəricili ümumilikdə sayı 10 (on) ədəd olan dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş üzərində “Methadone 40” sözləri qeyd edilmiş 01 (bir) ədəd blisterdə “F/M 40” göstəricili ümumilikdə sayı 10 (on) ədəd olan dərman həbinin və “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim edilmiş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, üstünün yoxlanılması, təqdim edilmiş əşyaya baxış keçirilməsi, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarın 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən metadonun aşağı həddi 0,02 qram olduqda xeyli, 1,6 qram olduqda külli, aşağı həddi 160 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin gün saat 20:00-dan şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 5 ay 3 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1230/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-1522/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından 1 il 5 ay 3 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1522/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1230/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 3 gün hissəsindən vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətdiyindən cəzadan şərti olaraq azad etmə ləğv edilməli və məhkumluğu ödənilmədən yenidən cinayət əməlini törətdiyindən əməlində cinayətlərin residivinin olması nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edərkən nəzərə alır ki, o, əvvəllər eyni kateqoriyalı cinayət əməlini törətdiyinə görə məhkum edilmiş və barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona göstərilmiş humanist yanaşmadan düzgün nəticə çıxarmamış, məhkumluğu ödənilmədən şərti azad etmə müddətində yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir. Bütün bunlar onun formalaşmış şəxsiyyətində hüquqa qarşı davamlı hörmətsiz münasibətin mövcudluğuna dəlalət edir. Şəxsin islah olunması üçün cəmiyyətdən təcrid edilmədən cəza təyin edilməsinin səmərəsiz olacağı və cəzanın məqsədlərinə nail olmağa imkan verməyəcəyi barədə məhkəmədə əsaslı daxili inam yaradır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsəsən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1522/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1230/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 1 il 5 ay 3 gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu, cəmi 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 09 ədəd metadon dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim edilmiş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 89 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (CPM-in 198.1) CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi Abdulxaliq oğluna sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 40 iş saatı üçün 440 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1522/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1230/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalan 1 il 5 ay 3 gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1230/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 5 ay 3 gün hissəsi hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu, cəmi 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün elan olunduğu, yəni 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 09 ədəd metadon dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim edilmiş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 89 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi Abdulxaliq oğluna sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 40 iş saatı üçün 440 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-295/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-295/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver