Məhkəmə qərarları › İş №1(005)-296/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-296/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-296/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 saylı ünvanda Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətiriləndən sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən daimi yaşayış yeri olmadığından küçələrdə yaşamışdır. Əvvəllər narkotik vasitədən istifadə etdiyi və oğurluq etdiyi üçün məhkum olunmuşdur. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu G.Qədirbəyova küçəsində yerləşən “Günaydın” restoranının yaxınlığında yerləşən yerdə məişət tullantıları yığarkən sellofan torbanın içərisində 2,5 ml şpris, içərisi boş olan plastik qab və gümüşü rəngli siqaret kağızına bükülü tapmışdır. Həmin siqaretin kağızına bükülünü açdıqda içərisində digər iki ədəd bükülü də olduğunu görmüşdür. Həmin bükülülərin içərisində isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan onları tanımışdır. Həmin bükülüləri götürərək sollofan torba, boş qutu və şpris ilə birlikdə tünd boz rəngli şalvarının sol cibinə qoymuşdur ki, sonra özü istifadə edər. Daha sonra həmin gün saat təxminən 15:30 radələrində “Günaydın” restoranının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq karantin rejimi ilə bağlı icazəsinin olub-olmadığını soruşmuşlar. O isə üzərində narkotik vasitə və psixotrop maddə olduğundan həyəcanlanmış və polis əməkdaşlarından qaçmaq istəmişdir. Lakin polis əməkdaşları qaçmağının səbəbini soruşduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gəlmişdir. Orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O, “Günaydın” restoranının yaxınlığında məişət tullantıları içərisindən tapdığı və əynində olan tünd boz rəngli şalvarının sol cibinə qoyaraq saxladığı sellofan torbanın içərisində olan boş qutunu, şprisi, gümüşü kağıza bükülü olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini könüllü təqdim etmişdir. Bundan əlavə cibindən 13 manat pulu və “Bakı kart”a məxsus avtobus kartını da təqdim etmişdir. Həmin heroin və metamfetamini təqdim edərkən polis əməkdaşları tərəfindən videoçəkliş də aparılmışdır. Təqdim etdiyi heroin və metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin PPXB-nin tağım komandiri Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası ərazisində yayılacaq “koronavirus” epidemiyasının qarşısının alınması məqsədi ilə Bakı şəhər ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2la xidmət aparan zaman ünvan 4 saylı ünvanda yerləşən “Günaydın” restoranının yaxınlığında sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından və onları gördükdə isə qaçdığından yaxınlaşıb özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə onlarda spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmışdır. Daha sonra Təqsirləndirilən şəxs yayınaraq getməsinə imkan verməyib onu Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gəlmişdir. Polis Şöbəsində bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbənin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevə həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs xidməti otağa aparmışlar. Daha sonra təhqiqatçının dəvəti ilə ora vəkil gələndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əynindəki tünd boz rəngli şalvarının sol cibindən şəffaf sellofan torbanı təqdim etmişdir. Həmin torba içərisində bir ədəd içərisi boş olan qab və 01 ədəd istifadə edilməmiş 2,5 ml ölçüdə şpris olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisində 2 ədəd büküm olmuşdur. Həmin bükümün içərisindən isə 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəklində maddə və 01 ədəd siqaretin gümüşü kağızına bükülü olan ağ rəngli maddə aşkar edilmişdir. Həmin vaxt sellofanın içərisində nəyin olduğu Təqsirləndirilən şəxs soruşulanda, o, bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları xx xxxx 2020-ci il tarixdə səhər saatlarında “Günaydın” restoranı yaxınlığında məişət tullantıları qutusunun yanından tapdığını deyib özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sağ cibindən isə 13 manat pul və Bakı karta məxsus avtobus kartı da aşkar olunmuşdur. Bundan sonra, təhqiqatçı onların iştirakı ilə protokol tərtib etmiş, həmin narkotik vasitəni və psixotrop maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü və zərfin üstünü imzasıyla təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 RPİ-nin PPXB-nin tağım komandiri, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə vardırsa könüllü təqdim etmək təklif olunmuş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs bundan sonra əynindəki tünd boz rəngli şalvarın sol cibindən şəffaf sellofan torbanın içərisində olan 01 ədəd plasmasdan içərisi boş olan qabı, 01 ədəd istifadə edilməmiş şprisi, 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilində, spesifik qoxuya malik maddəni, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində kristal şəklində, ağ rəngli, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bükümlərin içərisində narkotik vasitə olan “kakos” və “şüşə” vardır. Həmin narkotik vasitələr özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitələri bu gün səhər saatlarında “Günaydın” restoranının yanında zibillikdən zibil yığarkən tapmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ cibindən 13 manat pul, “BakıKart” yazısı olan avtobus kartı aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1191 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbacan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 224” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,019 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi - 0,189 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,139 qram. Metamfetaminin təmiz çəkisi - 0,019 qram, sərf edildi: 0,005 qram, qalıq - 0,014 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir; “Diskə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X5 Şöbəsinin müstəntiqi, polis mayoru X4, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən diskə baxış keçirərək protokol tərtib etmişdir. Video çəkilişə baxılarkən aydın oldu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki şalvarının sol yan cibindən bir ədəd sellofan torbanı təqdim edir və həmin sellofan torbanın içərisində isə bir ədəd şpris, boş olan qutu və büküm olması müəyyən edilir. Həmin bükümün içərisi açıldıqda isə iki ədəd bükümün olduğu məlum olur. Qeyd olunandan başqa onun üzərindən 13 manat pul, “Bakı kart” aşkar olunur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-766/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi uzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. 01 ədəd bükümdə təmiz çəkisi 0,189 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə psixotrop maddə metamfetamindən aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,139 qram heroin və 0,014 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxx 2020-ci il tarixli, 1965 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-260 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət çıxılmaqla ona qəti olaraq 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2019-cu il tarixdə bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,189 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 0,019 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdarda olmadığından həmin əməl cinayət məsuliyyətinə səbəb olmur və bu əmələ görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə, psixotrop maddə ilə bağlı müddəaların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama daxil edilməsini əsassız sayır və hesab edir ki, bu hal ittihamdan xaric olunmalı və maddi sübut kimi tanınan psixotrop maddənin taleyi həll olunmadan hazırki hökmün surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün müvafiq orqana göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayəti etiraf etməsini və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram olan psixotrop maddə metamfetaminə görə şəxsin inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün hökmün surəti Nərimanov rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X8 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X6 iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,139 qram heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat (altmış beş) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına (AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98a, mənzil 4, hesablaşma hesabı AZ39AİİB******************** “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı, kod - 200093, VÖEN **********) köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,019 qram olan psixotrop maddə metamfetaminə görə şəxsin inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün hökmün surəti Nərimanov rayon Polis İdarəsinə göndərilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar