Məhkəmə qərarları › İş №1(005)-296/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-296/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-296/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Ermənistanın Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 oktyabr 2017-ci il tarixdən başlayaraq 06.09.2006-cı il təvəllüdlü X1, 11.08.2008-ci il təvəllüdlü X3 və 28.01.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması, əlavə olaraq ondan 10,00 manat məbləğində dövlət rüsumu və 124,00 manat ekspertiza xərcinin dövlət büdcəsinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(005)-278/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 01 oktyabr 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 21.01.2021-ci il və 04.03.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09 mart 2021-ci il tarixə kimi, cəmi 15990,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən əməllə bağlı Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CMin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq işəmuzd tikinti işlərində usta kimi işləyir, aylıq gəliri təxmiən 250-300 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 02.07.2004-cü nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 06.09.2006-cı il təvəllüdlü Muhəmməd adlı, 11.08.2008-ci il təvəllüdlü Yusif adlı və 28.01.2014-cü il təvəllüdlü Əsnad adlı uşaqları var. Daha sonra Zərərçəkmiş şəxs ilə nikahları pozulmuş, sonuncu uşaqların saxlanmasına dair ondan aliment tələbi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 15 noyabr 2018-ci il tarixli 2(005)-278/2018 saylı qətnaməsinə əsasən, ondan 09 oktyabr 2017-ci il tarixdən başlayaraq övladları Muhəmmədin, Yusifin və Əsnadin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması, əlavə olaraq ondan 10,00 manat məbləğində dövlət rüsumu və 124,00 manat ekspertiza xərcinin dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamənin icrası üçün könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamışdır. Həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd usta kimi işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və sonuncu dəfə həmin məhkəmənin 01.10.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilmişdr. İnzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. İcra zamanı aliment üzrə heç bir ödəniş aparılmamış və icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 09.03.2021-ci il tarixədək aliment üzrə borcu 15990,00 manat təşkil etmişdir. Alimentin ödənilməməsinin səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla ona görüşməsinə imkan verməməsi, aliment miqdarının yüksək olması, həmçinin maddi imkanının olmamasıdır. Son olaraq əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2017-ci il tarixdən başlayaraq 06.09.2006-cı il təvəllüdlü X1, 11.08.2008-ci il təvəllüdlü X3 və 28.01.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(005)- 278/2018 saylı qətnaməsi çıxarılmışdır. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən dəfələrlə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bır ödəniş aparmamışdır. İcra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 15990,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, tikintidə işəmuzd usta kimi işləyir, kifayət qədər gəliri vardır, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır. Qətnamə üzrə yaranmış aliment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 278/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 06.09.2006-cı il təvəllüdlü X4, 11.08.2008-ci il təvəllüdlü X6 və 28.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 09.10.2017-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay, hər uşağa görə 130,00 manat, cəmi 390,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, əlavə olaraq borclu Təqsirləndirilən şəxs 10 manat məbləğində dövlət rüsumu və 124 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən icra sənədi 23.11.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin icraata daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, borclu qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmiş, borcun məcburi icrası üçün görülən tədbirlər müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuş, lakin borclu üzrlü səbəb göstərmədən çağrışa gəlməmişdir. Borclu Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1723/2019 saylı, 28.06.2019-cu il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirli billinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmiş, inzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenidən icra olunmadığından Nərimanov Rayon Məhkəmənin 20.10.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, yenidən Nərimanov Rayon Məhkəməsinin 3(005)-1912/2020 saylı, 01,10.2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirli billinərək 15 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Borclu Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)- 278/2018 saylı, 15.11.2018- ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş, aliment borcu 09.03.2021ci ilədək 15990,00 manat etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən 10,00 manat məbləğində dövlət rüsumu və 124,00 manat ekspertiza xərci dövlət büdcəsinə ödənilməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-278/2018 nömrəli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 06.09.2006-cı il təvəllüdlü X1, 11.08.2008-ci il təvəllüdlü X3 və 28.01.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 09.10.2017-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay, hər uşağa görə 130 (yüz otuz) manat, cəmi isə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 23.11.2018-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-278/2018 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1723/2019 nömrəli, 28 iyun 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun “Borclunun axtarılması haqqında” 02.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-573/2020 nömrəli, 20.10.2020ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-278/2018 nömrəli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1912/2020 nömrəli, 01.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir; 21 yanvar 2021-ci il tarixli cinayət məsuliyyəti barədə xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs icra qurumu tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-278/2018 nömrəli icra sənədinin icra edilməsi, əks təqdirdə CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməyi barədə müvafiq təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 30 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. 27.07.2020-ci il tarixdə CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Nərimanov RPİ-nin icraatında olan ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 nömrəli, 18.11.2020ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; “Qətimkan tədbiri seçmək haqqında” 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Bakı şəhər Probasiya İdarəsinin 14 iyul 2021-ci il tarixli məktubundan görünür ki, CMin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü və onun icrası barədə 09.12.2020-ci il tarixli göstərişi 15.01.2021-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmişdir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 25 (iyirmi beş) gün hissəsini çəkmiş, 08 (səkkiz) ay 05 (beş) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 oktyabr 2017-ci il tarixdən başlayaraq 06.09.2006-cı il təvəllüdlü X1, 11,08.2008-ci il təvəllüdlü X3 və 28.01.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması, əlavə olaraq ondan 10,00 manat məbləğində dövlət rüsumu və 124,00 manat ekspertiza xərcinin dövlət büdcəsinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(005)-278/2018 saylı qüvvəyə minmiş məhkəmə aktının olmasına və icraya yönəldilməsinə baxmayaraq icra ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə inzibati qaydada tənbeh tədbirlərinin tətbiq edilməsindən nəticə çıxarmamış, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla rəsmi qaydada yenidən xəbərdarlıq edilərək vaxt verilməsinə baxmayaraq hərəkətlərini davam etdirmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktında nəzərdə tutulmuş tələbin icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün hər hansı yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktlarını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayəti etiraf etməsini; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon 18 saylı MKİS tərəfindən verilmiş 12.02.2021-ci il tarixli xasiyyətnamə). Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası (19.03.2021-ci il tarixdən 15.07.2021-ci il tarixdək 03 ay 26 gününü çəkməsi nəzərə alınaraq), CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (8 (səkkiz) ay 04 (dörd) gün = 04 (dörd) ay 02 (iki) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (04 (dörd) ay 02 (iki) gün) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-276/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (04 (dörd) ay 02 (iki) gün) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 15 iyul 2021-ci il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar