Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-296/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,749 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla 05 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsi 1 ünvanına daşımış, 05 aprel 2025-ci il tarixdə saat 05:10 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq M.ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş təmiz çəkisi 0,749 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 05:10 radələrində ünvan 6 ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynimdə olan şalvarın sağ yan cibindən bir ədəd üzərində “21” yazıları olan sarı rəngli kağıza bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamini (patı) könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şalvarının sağ yan cibindən aşkar olunan sarı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Nərimanov rayonu Ulduz metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 50 manata özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlə möhürlənərək bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi və ya digər bir üsulla təsir göstərən olmadığını bildirmişdir. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 05:10 radələrində Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri post yoldaşı Şahid2 ilə Nərimanov Rayon Polis İdarəsinin inzibati ərazisində xidmət aparan zaman ünvan 7 ünvanının qarşısında olarkən bir nəfər adını sonradan bildiyi “Elman” adlı şəxs onları görüb özünü şübhəli apardığına görə polis ənməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti tam dəqiqliyi ilə müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsində olan zaman və saxlanılan vaxtı Təqsirləndirilən şəxs hərəkətləri və davranışı ilə özünü şübhəli apardığına görə Nərimanov RPİ- nin 17-ci PŞ-nin rəisinə məruzə olunmuş və polis əməkdaşları tərəfindən raport tərtib olunaraq Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xaiş etmişlər. Bundan sonra xidməti otaqların birində video kamera çəkilişinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərində “21” yazıları olan sarı rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu həmin madəni xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Nərimanov rayonu Ulduz metrosansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman nə onun tərəfindən nədə ki, başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxutda psixi təsir göstərən olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində 21 yazıları olan 01 ədəd sarı rəngli kağız bükümü təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2025-ci il tarixli, 3-16/16/2-6/1268/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs (imza)..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,749 qram ağ rənngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir. 06 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “CD-diskə baxış keçirilməsi haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində 21 yazıları olan 01 ədəd sarı rəngli kağız bükümü təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. “Maddi sübut kimi tanıma haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,749 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,649 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 17 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 05 aprel 2025-ci il tarixli, 1895 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X3rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Layıcov Azərbaycana qarşı işi (Layijov v. Azerbaijan, № 22062/07, 10 aprel 2014cü il): Bu işdə Avropa Məhkəməsi, ərizəçinin saxlanılması ilə onun avtomobilinə baxış keçirilməsi arasında təxminən 30 dəqiqəlik zaman fasiləsinin olmasını Konvensiyanın 6cı maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etmişdir ki, bu zaman fasiləsi sübutların (narkotik vasitələrin) avtomobilə sonradan qoyulması ehtimalı ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində ərizəçi və onun avtomobili tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə vurğulamışdır ki, sübutların əldə edilməsi prosesindəki bu cür qüsurlar, xüsusilə də təqsirləndirilən şəxsin ittihamı rədd etdiyi hallarda, müdafiə hüququnu ciddi şəkildə pozur və məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirir. Ramanauskas Litvaya qarşı işi (Ramanauskas v. Lithuania, [GC], № 74420/01, 5 fevral 2008-ci il): Bu fundamental qərarda Avropa Məhkəməsi polis təhriki (entrapment) məsələsinə aydınlıq gətirmişdir. Məhkəmə müəyyən etmişdir ki, gizli agentlərin fəaliyyəti passiv xarakter daşımalıdır. Əgər şəxsin cinayət törətməsinə dair ilkin məlumat və ya əsaslı şübhə olmadan, polis əməkdaşları onu cinayət törətməyə təhrik edərsə, bu, təhrik hesab olunur. Təhrik nəticəsində əldə edilmiş sübutlardan istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyini pozur və Konvensiyanın 6-cı maddəsinin tələblərinə ziddir. Məhkəmənin qənaətinə görə, təhrik iddiası irəli sürüldükdə, ittiham tərəfi təhrikin olmadığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti (actus reus), yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı şalvarının cibindən ümumi çəkisi 0,749 qram olan psixotrop maddə – metamfetaminin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2025-ci il tarixli, 3-16/16/2-6/1268/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 0,749 qram olmaqla, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu, qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Cinayətin subyektiv cəhəti (mens rea), yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin (dolus directus) mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 05 aprel 2025-ci il tarixli, 1895 nömrəli rəyi ilə Təqsirləndirilən şəxsda "Opioidlərin, kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu"nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. X1 Tənqidi Qiymətləndirilməsi: Məhkəmə, Müdafiəçi məhkəmə çıxışında irəli sürdüyü dəlilləri hərtərəfli və obyektiv təhlil edərək, onları aşağıdakı əsaslara görə əsassız və cinayət işinin materialları ilə təkzib olunan hesab edir: Şəxsi axtarışın keçirilmə yeri və vaxtı ilə bağlı dəlillərin əsassızlığı: Müdafiə tərəfinin şübhəli şəxsin saxlanıldığı yerdə deyil, polis şöbəsində axtarılması və bu prosesdə yaranan zaman fasiləsinin sübutların saxtalaşdırılmasına imkan yaratması barədə iddiası hüquqi və faktiki əsaslardan məhrumdur. CPM-nin 246.2.1-ci maddəsi şübhəli şəxsin tutulduğu və polis orqanına gətirildiyi halda məhkəmə qərarı olmadan şəxsi axtarışın aparılmasına birbaşa imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında şəxsin tutulduğu yerdə üzərində axtarış aparılması və bu yol ilə Avropa Məhkəməsinin presedentinə uyğun davranışı nəzərdə tutsa da, bu əsasən əməliyyat-axtarış fəaliyyəti prosesinə aiddir. Qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən yox, Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə dəvət edilmişdir. Bu halda isə qanunvericilik şəxsi axtarışın müstəsna olaraq saxlama yerində aparılmasını imperativ tələb kimi müəyyən etmir. Əksinə, polis şöbəsində müvafiq prosessual təminatların (videoçəkiliş, hüquqların izahı və s.) təmin edilməsi şəraitində aparılan axtarış, şəxsin hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir. Sübutların saxtalaşdırılması kimi ağır bir ittiham isə sadəcə ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. CPM-nin 125.8-ci maddəsinə əsasən, sübutların yolverilməzliyinin əsaslandırılması vəzifəsi mübahisə edən tərəfin üzərinə düşür. Müdafiə tərəfi isə bu iddianı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Zaman fasiləsi və sübutların mümkünlüyü: Məhkəmə hesba edir ki, şəxsin saxlanılma anı ilə şəxsi axtarış arasında keçən müddət, şübhəli şəxsin saxlanıldığı ünvandan polis şöbəsinə gətirilməsi və ilkin sənədləşmənin aparılması üçün zəruri olan ağlabatan müddət çərçivəsindədir. Sübutların saxtalaşdırılması iddiası isə heç bir dəlillə möhkəmləndirilməmiş fərziyyədən ibarətdir. Ən əsası, Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə iclasında heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, psixotrop maddənin ona məxsus olduğunu və onu şalvarının cibindən könüllü olaraq özünün çıxarıb təqdim etdiyini birmənalı şəkildə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin bu səmimi etirafı, sübutun sonradan "qoyulması" ehtimalını tamamilə istisna edir. Müdafiə tərəfinin istinad etdiyi Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarı hazırkı işə şamil edilə bilməz, çünki həmin işdə sübutun əldə edilməsi şəraiti ilə bağlı əsaslı şübhələr mövcud olduğu halda, bu işdə təqsirləndirilən şəxsin özü sübutun ona məxsusluğunu və könüllü təqdim etdiyini təsdiqləmişdir. Videoçəkiliş və hal şahidi məsələsi: CPM-nin 245.3-cü maddəsinə əsasən, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Qanun videoçəkilişi aparan şəxsin statusuna xüsusi tələb müəyyən etmir. Polis əməkdaşının xidməti vəzifəsi çərçivəsində istintaq hərəkətini videoçəkilişlə sənədləşdirməsi onun CPM-nin 96-cı maddəsində nəzərdə tutulan "mütəxəssis" statusunu alması demək deyildir. Videoçəkilişin özü istintaq hərəkətinin obyektiv və qərəzsiz gedişatına təminat verir. Məhkəmə tərəfindən tədqiq edilmiş videogörüntü təsdiq edir ki, Təqsirləndirilən şəxs heç bir məcburiyyət olmadan, könüllü şəkildə bükümü cibindən çıxarıb təqdim etmişdir. Bu, istintaq hərəkətinin qanunauyğunluğunu təsdiq edən mötəbər sübutdur. İfadələrin eyniliyi və etibarsızlığı dəlili: Müdafiəçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının eyniliyinə istinad edərək onların etibarsızlığı barədə iddiası da əsassızdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə həmin ifadələrin məzmununu tam təsdiq etmiş, hadisənin hallarını eyni ardıcıllıqla danışmışdır. İfadələr arasındakı ardıcıllıq və uyğunluq onların saxtalığına deyil, əksinə, təqsirləndirilən şəxsin hadisə ilə bağlı mövqeyinin sabit və dəyişməz olmasına dəlalət edir. Ən əsası, məhkəmə hökm çıxararkən CPM-nin 25.3-cü maddəsinə uyğun olaraq, ilk növbədə məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin məhkəmədə verdiyi səmimi etirafına əsaslanır. Müdafiəçinin iştirakı və hüquqların izahı ilə bağlı dəlillərin təkzibi: Müdafiəçinin iddiasının əksinə olaraq, iş materialları, o cümlədən "Şəxsi axtarış və götürmə aparılması haqqında" 05 aprel 2025-ci il tarixli protokol və həmin istintaq hərəkətini əks etdirən videogörüntü sübut edir ki, təqsirləndirilən şəxsə hüquqları izah edilmiş və o, könüllü olaraq psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs özü də məhkəmədə ona qarşı hər hansı qanunsuzluğa yol verilmədiyini təsdiqləmişdir. Məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlar məcmu halında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirliliyini şübhəsiz təsdiq edir. Müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə prosessual qanunvericiliyin yanlış təfsirinə əsaslanır, iş üzrə toplanmış mötəbər sübutlarla, xüsusilə də təqsirləndirilən şəxsin özünün məhkəmədəki etirafı ilə tamamilə təkzib olunur və bu səbəbdən məhkəmə tərəfindən rədd edilir. Məhkəmə polis əməkdaşlarının ifadələrinin özlüyündə mümkün sübut hesab edilibedilməməsinə münasibətdə qeyd edir ki, polis əməkdaşlarının ifadələri, iş üzrə toplanmış digər sübutlarla – xüsusilə təqsirləndirilən şəxsin öz etirafedici etirafı, aşkar edilmiş maddi sübutlar və ekspertiza rəyləri ilə təsdiqləndiyindən və dəstəkləndiyindən, onların etibarlılığı şübhə doğurmur və AİHM-in yuxarıda qeyd olunan presedentlərinə uyğun olaraq sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, müdafiə tərəfinə məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ifadələrinə etiraz etmək üçün tam və bərabər imkan yaradılmışdır. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməlləri düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 01 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 05 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixədək, cəmi 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X2 saxlanılan psixotrop maddənin qalığı – 0,649 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 81 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 27 iş saatı üçün cəmi 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 04 (dörd) gün), təyin edilmiş 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X2 saxlanılan psixotrop maddənin qalığı – 0,649 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 81 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 27 iş saatı üçün cəmi 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-296/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-296/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver