Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-297/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 21:10 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “Lavaş” restoranının arxasında tanımadığı Zərərçəkmiş şəxs keçmiş arvadı ilə birlikdə “Nənəmin Təndiri” kafesindən çıxmasını cüzi səbəb kimi bəhanə edib özünü başqalarından fərqlənməsini və üstün olmasını təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxslə mübahisəyə başlayıb onunun cibindən keçmiş arvadı ilə telefon vasitəsi ilə yazışmalarını əldə etmək üçün telefonu götürmək istəyərkən zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs məxsus 300 manatı salaraq itirmiş, ictimai, insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları kobud surətdə pozub Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə yumruqla vurub ona qarşı zor tətbiq olunması ilə müşayiət edilən və mübahisəyə başlaması ilə əlaqədar ətrafına toplanmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq, saymamazlıq və onların mənafeyinə toxunan hərəkətlər etmiş, Zərərçəkmiş şəxs burun sümüklərinin ikili yerdəyişmiş sınıqları, burun belinin 2 ədəd cırılmış yaraları, sağ göz ətrafının hematoması və ağlı qişaya qansızma kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2006-cı ildə Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 13 yaşlı oğlu Fəqan Rzayev və 11 yaşlı qızı Məryəm Rzayeva adlı övladları vardır. Aralarında olan narazılıqlara görə 2016-cı ildə rəsmi olaraq boşanmış, buna baxmayaraq aralarında əlaqə kəsilməmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:00 radələrində Rəvanə ona zəng vurub telefonla danışmış, hal-əhval etmişlər. Elə həmin gün, saat təxminən 21:10 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Nənəmin Təndiri” kafesinə gəlib oradan özünə qutab sifariş vermişdir. Bu zaman keçmiş arvadı Şahid1 tanımadığı şəxslə görmüşdür. Əvvəlcə onlara fikir verməmiş, lakin kafedən çıxandan sonra Rəvanə yüksək səslə “nə istəyirsən, nə mənim arxamca düşmüsən, biz boşanmışıq” ifadəsini işlətmişdir. O, Rəvanə ilə söhbət edən zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onların söhbətinə müdaxilə etmiş və bildirmişdir ki, xanım onunladır. Həmin şəxsə demişdir ki, bu xanım onun uşaqlarının anasıdır. Bundan sonra Fərmanın qolundan tutub birlikdə F.Yusifov küçəsində yerləşən 45 saylı orta məktəbin yaxınlığında olan “Lavaş” restoranının arxa tərəfinə keçmişlər. Bu zaman Fərman ona bildirmişdir ki, Rəvanəni işə düzəltmək üçün onunla tanış olmuş, məqsədi Rəvanəyə iş düzəltməkdir. O, həmin şəxsə demişdir ki, “telefonu versin onlar arasında olan yazışmaya baxsın”. Lakin Fərman ona telefonu verməkdən imtina etmiş, buna görə də Fərmanının qoltuq cibində olan sənədlərini götürmüşdür ki, telefonu versin sənədləri ona qaytarsın. Lakin Fərman telefonu verməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranmış və o, Fərmanın üz nahiyyəsindən vurmuşdur. Zərbədən Fərman əyildikdə əyilmiş vəziyyətdə yerindən yumruqla vurub arxa cibində olan “Redmi Note 8” markalı mobil telefonu götürmüş, Fərmana telefona baxdıqdan sonra qaytaracağını deyib hadisə yerindən uzaqlaşmışdır. Lakin telefon kodda olduğu üçün baxa bilməmiş, səhəri gün həmin telefonu və sənədləri bacısı Alagözə vermişdir ki, qarşı tərəfə versin. Sonradan polis əməkdaşlarının onu axtardığını eşidib Nərimanov RPİ-nin 17-ci PŞ-nə yaxınlaşmışdır. Fərmana məxsus mobil telefonu götürməkdə məqsədi Familin keçmiş arvadı ilə olan danışıqlara baxmağı olmuşdur. Sonda əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən təxminən iki gün öncə Şahid1 ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. 06 yanvar 2022-ci tarixdə, saat təxminən 21:10 radələrində Rəvanə ilə Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Nənəmin Təndiri” kafesində əyləşib yemək yemişlər. Yeməklərini yeyib kafedən çıxan zaman sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs ona yaxınlaşıb qoluna girmiş və demişdir ki, Rəvanənin uşaqlarının atasıdır. O, Famil adlı şəxsə demişdir ki, Rəvanə ilə iki gündür ki, tanış olmuş, aralarında heçnə olmamış, ona iş tapması üçün köməklik etmişdir. Birlikdə söhbət edən zaman Famil onun qoltuq cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, iş kartını və 300 manat pulunu götürmüş və demişdir ki, “telefonu ona versin ki, keçmiş arvadı ilə olan yazışmalara baxsın, telefonu verdikdən sonra sənədləri qaytaracaqdır”. O, Familə demişdir ki, “sənədləri qaytarsın telefonu ona baxmağa verəcəkdir”. Həmin vaxt Famil onun qoluna girib onu 45 saylı orta məktəbin yaxınlığında olan “Lavaş” restoranının arxa tərəfinə aparmışdır. Bu zaman Famillə aralarında mübahisə yaranmış və mübahisə zamanı Famil onun üz nahiyəsindən yumruqla vurmuşdur. O, zərbədən yerə əyilmiş və bundan sonra Famil yenidən onu əyilmiş vəziyyətdə sifət nahiyəsindən vurmuşdur. Bu zaman əyilmiş vəziyyətdə olduqda arxa cibində olan “Redmi Not 8” markalı mobil telefonunu Famil götürmüş və demişdir ki, keçmiş arvadının onunla yazışmalarına baxıb sənədlərlə birlikdə geri qaytaracaqdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra ərizə ilə Nərimanov RPİ nin 17-ci PŞ-nə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, qardaşı Famil 2006-cı ildə Şahid1 ilə ailə həyatı qurmuş və onların nikahından iki ovladı vardır. Sonradan 2016-cı ildə onların münasibəti pozulduğu üçün rəsmi qaydada boşanmışlar. 07 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Famil onların evinə gəlib bildirmişdir ki, 06 yanvar 2022-ci il tarixdə, axşam saatlarında Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən “Nənəmin Təndiri” kafesində təsadüfən qarşısına keçmiş arvadı Rəvanəni oğlanla görmüş, Rəvanə ona bildirmişdir ki, “sən kimsən mənim işimə qarışırsan, mən artıq səndən boşanmışam, məni niyə izləyirsən”. Buna görə də Rəvanənin görüşdüyü oğlanla mübahisə edərək vurduğunu, Rəvanə ilə əlaqələrini dəqiqləşdirmək üçün mobil telefonunu və sənədlərini götürdüyünü demişdir. O, həmin vaxt qardaşına məsləhət görmüşdür ki, əşyaları qaytarsın. Lakin qardaşı Famil qorxduğu üçün ona demişdir ki, həmin əşyaları o aparıb qaytarsın. O, həmin telefonu və sənədləri Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlib təhvil vermişdir. Qardaşı Famil söhbət əsnasında ona demişdir ki, telefonu yalnız keçmiş arvadı Rəvanə ilə görüşdüyü oğlan arasında olan yazışmalara baxmaq üçün götürmüşdür. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. Famillə 2006-cı ildə ailə qurmuş, birgə nikahdan 13 yaşlı oğlu Fəqan Rzayev və 11 yaşlı Məryəm Rzayeva adlı uşaqları vardır. 2016-cı ildə Təqsirləndirilən şəxs rəsmi olaraq boşanmışlar. 04 yanvar 2022-ci ildə “Tik- Tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonradan Fərmanla “Whatsapp” proqramı vasitəsi ilə danışmışlar. Belə ki, 06 yanvar 2022-ci il tarixdə, saat təxminən 21:10 radələrində Zərərçəkmiş şəxslə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə F.X.Xosyki küçələrinin kəsişməsində yerləşən “Nənəmin təndiri” kafesində görüşüb yemək yeyib oradan çölə çıxmışlar. O, Fərmanla küçəyə çıxan zaman keçmiş əri Famil oları görmüşdür. Bu zaman o, Familə ondan ayrıldığını, onun işinə qarışmamağı demişdir. Həmin vaxt Famil Fərmana yaxınlaşıb qoluna girib F.Yusifov küçəsində olan 45 saylı orta məktəbin yaxınlığında yerləşən “Lavaş” restoranının arxa tərəfinə aparmışdır. O, Famil və Fərmanının olduğu tərəfə gedərkən keçmiş əri Familin Fərmanı yumruqla vurub telefonu alıb uzaqlaşmasını görmüşdür. Həmin vaxt oraya tanımadığı şəxslər yığışmış, o, qorxduğu üçün oradan uzaqlaşıb çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs polisin 102 xidmətinə müraciət edərək 45 saylı orta məktəbin yaxınlığında Famil və digər şəxslər tərəfindən döyülməsini və “Xiaomi” markalı mobil telefonunun, şəxsiyyət vəsiqəsinin və TV məxsus iş kartının cibindən götürülməsi barədə məlumat vermişdir. Həmin məlumat ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 45 saylı orta məktəbin arxa küçəsində yerləşir. Sol tərəfdə “Lavaş” fast-food, düz istiqamətdə “Buta” univermaq var. Vətəndaş qeyd etmişdir ki, qeyd olunan ünvanda döyülmüş və ona məxsus əşyalar götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Könüllü təqdim etmə barədə” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ona məxsus olan “Redmi Note 8” markalı, İMEİ kodu **********18681/00 və **********18699/00 kodlu mobil telefonu, AA******* vətəndaş Zərərçəkmiş şəxs məxsus iş kartını Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət olunmuş, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs bacısı Şahid2 könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X4 13 yanvar 2022-ci il tarixli, 24 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüklərinin ikili yerdəyişmiş sınıqları, burun belinin 2 ədəd cırılmış yaraları, sağ göz ətrafının hematoması və ağılı qişaya qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi qərara alınmışdır. AZE 12807497 seriya və nömrəli və AZE 12804710 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 adlı 2 övladı vardır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında nikahın pozulması xx.xx.2019-cu il tarixdə 22 nömrə ilə qeydə alınmışdır. “Diskə baxış keçirilməsi haqqında” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-062 nömrəli kameralarının xx.xx.2022-ci il saat 21:00-dan 21:20 radələrində olan videogörüntülərə baxış keçirildi və baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda qaranlıq hava şəraitində iş üzrə əhəmiyyət kəsb edən görüntülər müəyyən olunmadı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həmin Məcəllənin 73-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Zərərçəkmiş şəxs 10 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, onun CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 06 yanvar 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla sonuncunun burun sümüklərinin ikili yerdəyişmiş sınıqları, burun belinin 2 ədəd cırılmış yaraları, sağ göz ətrafının hematoması və ağlı qişaya qansızma kimi həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X4 13 yanvar 2022-ci il tarixli, 24 saylı rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Nənəmin Təndiri” kafesinin qarşısında olarkən həmin kafedən keçmiş həyat yoldaşı Şahid1 əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə çıxmasını görmüş, daha sonra onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Şahid1 ilə aralarında olan mesajlara baxmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs buna etiraz etdikdən sonra onlar söhbət etmək üçün F.Yusifov küçəsində yerləşən 45 saylı orta məktəbin yaxınlığında olan “Lavaş” restoranının arxa tərəfinə keçmişlər, bundan sonra onların arasında mübahisə yaranmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini AR CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi heç bir ciddi əsaslı səbəb olmadan deyil, əksinə kifayət qədər əsaslı səbəbi olduğu halda, yəni keçmiş həyat yoldaşı Şahid1 Zərərçəkmiş şəxslə bir yerdə gördükdən sonra sonuncu ilə aralarında mübahisə yaranmış, daha sonra onu yumruqla vuraraq xəsarət yetirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 1 ünvanında yerləşən “Lavaş” restoranının arxa tərəfi ilə ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 1 ünvanında yerləşən “Lavaş” restoranının arxasında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız Zərərçəkmiş şəxs və Şahid1 olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 146.1-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini; - zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; - iki azyaşlı uşağının olmasını; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək tutma altında saxlanıldığı müddət (2 gün) bir günə iki gün hesabı ilə cəza müddətinə daxil olunmalı (CM-69.3), Təqsirləndirilən şəxs oğlunun üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-297/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-297/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver