Məhkəmə qərarları › İş №1(005)-297/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-297/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-297/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasının, Kirov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023cü il tarixdə, saat 11:30 radələrində ünvan 2 ünvanında yerləşən “Sky” adlı oteldə həmin psixotrop maddənin bir hissəsini istifadə etdikdən sonra otelin işçiləri tərəfindən huşsuz vəziyyətdə aşkar edilmiş, daha sonra hadisə yerinə gəlmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla, təmiz çəkisi 0,279 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində bədənində ağrılar olduğundan narkotik vasitə almaq qərarına gəlmiş, bunun üçün Kubinka deyilən yerdə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat müqabilində “Patı” kimi tanınan metamfetamin və bir kapsul “Preqabalin” tərkibli dərman preparatı almışdır. Həmin vaxt Elməddin adlı tanışı ilə birlikdə olmuşdur. Eləməddin də onun kimi narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitələri aldıqdan sonra birlikdə istifadə etmək üçün Elməddinlə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “SKY” adlı otelə getmişlər. Oteldə özləri üçün bir otaq götürmüş və həmin otaqda narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitənin təsirindən huşsuz vəziyyətdə yıxılıb qalmışdır. Bir müddət sonra otel işçilərinin onu oyatdığını hiss etmişdir. Daha sonra oraya polis əməkdaşları gəlib Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına özünü təqdim edərək narkotik vasitələrdən istifadə etdiyini, bu səbəbdən huşsuz vəziyyətdə qaldığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə dəvət etdiklərində heç bir etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə olarkən polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyini təklif etmişdir. Həmin zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd kapsulda dərman preparatı və 01 ədəd ağ-qızılı rəngli kağız büküm olan şəffaf rəngli sellofan paketi çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan dərman kapsulu preqabalin tərkibli dərman preparatıdır, kağız bükümdə olan maddə isə “Patı” kimi tanınan metamfetamindir, həmin metamfetamini və preqabalin tərkibli dərman preparatını öz şəxsi istifadəsi üçün bir gün əvvəl Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 30 manata almış və bir hissəsini oteldə olarkən istifadə etmişdir. Bundan sonra üzərində axtarış aparılmış və əynində olan cins şalvarının arxa cibindən “Huawei” markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm və 01 ədəd kapsulda preqabalin tərkibli dərman preparatı zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri özü və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. İstifadəsində 055 ***-**-** saylı mobil nömrə olmuşdur. Həmin mobil nömrəni üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş “Huawei” markalı mobil telefondan istifadə etmişdir. Lakin, həmin mobil telefon kreditdə olduğundan və krediti ödənilmədiyi üçün sistem tərəfindən bağlanmışdır. Buna görə də, həmin mobil telefonda hər hansı bir mobil nömrəni istifadə etmək mümkün olmur. Bu səbəbdən, bir müddətdir ki, həmin mobil nömrəni tanışı Şövqü başqa bir mobil telefonda istifadə etmişdir. Həmçinin həmin nömrə tanışı Şövqünün adınadır. 055 ***-**-** saylı mobil nömrənin yalnız “Whatsapp” tətbiqindən istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 11 dekabr 2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 40 ünvanında yerləşən “SKY” adlı hoteldə bir nəfər qadın müştərinin qaldığı otaqda huşsuz vəziyyətdə olması barədə məlumat daxil olmuşdur. Bundan sonra saat 11:30 radələrində 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə “SKY” adlı hotelə getdikdə Təqsirləndirilən şəxs müştəri qismində qaldığı otaqda psixotrop maddə qəbul edib huşunu itirməsini və hotelə gəldikləri zaman artıq ayılmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlamasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün Nərimanov RPİnin 17-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Nərimanov RPİ-nin 17-ci PŞ-nin YYÇ-la iş üzrə inspektoru, polis baş leytenantı X8 da dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd balaca sellofan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paket açılarkən, içərisində bir ədəd “Preqabalin” dərman kapsulu və bir ədəd gümüşü rəngli kağız büküm olması aşkar olunmuşdur. Aşkar edilmiş bir ədəd kağız büküm açılarkən, içərisində ağ rəngli, kristal halında maddə olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının arxa sağ cibindən bir ədəd “Huawei” markalı mobil telefon aşkar olunmuş, başqa əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qızma ilkin sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdəki ağ rəngli, kristal halında olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni və üzərindən aşkar edilmiş “Preqabalin” dərman kapsulunu axşam radələrində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kristal şəkilli, ağ rəngli maddə olan büküm və bir ədəd “Preqabalin” dərman kapsulu təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri özü və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞnin təhqiqatçısı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Nərimanov RPİ-nin 17-ci PŞnin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin YYÇ-la iş üzrə inspektoru X5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - Təqsirləndirilən şəxs, vəkil X3 iştirakları ilə Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 5 ünvanında yerləşən Sky” hotelində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 dekabr 2023-cü il tarixli qərara əsasən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində bir ədəd ağ-qızılı rəngli kağızdan olan büküm və 1 ədəd üzərində P150 yazısı olan ağ-narıncı rəngli kapsuldan ibarət dərman preparatı olan şəffaf rəngli sellofan paketi çıxarıb masa üzərinə qoymuşdur. Həmin paket tərəfindən açılaraq içərisindəki bükümə baxış keçirilmiş, büküncə ağ rəngli krıstalşəkilli kütlə aşkar olunmuş, həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” adlanan narkotik vasitədir. Həmin paketdə aşkar olunmuş 1 ədəd kapsul dərman preparatının nə olduğu soruşulduqda isə Təqsirləndirilən şəxs həmin preparatın “Preqabalin” adlanan psixotrop dərman olduğunu bildirmişdir. Daha sonra X4 üzərində K.Yusibova tərəfindən şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən “Huavei” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, sənəd və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütləni və 1 ədəd kapsulda olan dərman preparatını xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən ərazidə üzdən tanıdığı şəxsdən 30 manata əldə etdiyini və şəxsi istifadə üçün üzərində saxladığını, həmin vaxt “Sky” hotelinə gedərək orada otaqların birində əldə etdiyi maddələrin bir hissəsini istifadə etdiyini, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan kütlə və 1 ədəd kapsulda olan dərman preparatı içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, DİN-in 219 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd “Huavei” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə tərəfindən götürülmüşdür. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/6356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,279 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş üzərində “P 150” göstəricisi olan 1 ədəd ağnarıncı rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,15 qram olduğu müəyyən edildi (üzərindəki göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır). Cinayət işinin 74-75-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Fuad Babayevin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 3500 (üç min beş yüz) manat cərimə cəzalarına məhkum edilmiş, xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2013-cü il tarixdə cərimə cəzasını tam dövlət büdcəsinə ödəmişdir. Cinayət işinin 118-126-cı vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 1(006)-312/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaların qismən toplanılması və üzərində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökümü ilə təyin olunmuş 3500 manat cərimə cəzası yeni təyin edilmiş cəzaya birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökümü ilə təyin olunmuş 3500 manat cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 mart 2013-cü il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Cinayət işinin 129-cu vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 31 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 152-157-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 4(005)-445/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimatın qismən təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 31 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 2560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 173-180-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,279 qram psixotrop maddə olan metamfetaminin və təsir maddəsinin ümumi miqdarı 0,15 qram, güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatının iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,229 qram psixotrop maddə olan metamfetaminin və 1/2 ədəd qalıq qalmış preqabalin tərkibli dərman preparatının saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəxsi metamfetaminin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müvafiq olaraq psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,279 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin və 1/2 ədəd qalıq qalmış preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (6 ay 10 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,229 qram olan psixotrop maddə olan metamfetamin və 1/2 ədəd qalıq qalmış preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar