Məhkəmə qərarları › İş №1(005)-298/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-298/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-298/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 27 yanvar 2021-ci il tarixdə saat 10:00-da Sumqayıt şəhəri ərazisində yerləşən “Göyərçin” istirahət parkında istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 20 manata bir ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 3,047 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 50 manata təmiz çəkisi 2,835 qram olan ağ rəngli kristalik formada olan maddə metamfetamini əldə etmiş, həmin tarixdə 3,047 qram narkotik vasitə heroini təmənnasız olaraq istifadə etməkdən ötrü qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Şahid1 vermiş, 2,835 qram olan ağ rəngli kristalik formada olan maddə metamfetamini isə öz istifadəsi üçün üzərində saxlayaraq daşımış, 27 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:45-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq adı çəkilən Baş İdarəyə aparılıb, üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd gümüşü rəngli dairəvi formalı qabın içərisində saxladığı, külli miqdarda, təmiz çəkisi 2,835 qram olan ağ rəngli kristalik formada edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddələri anket məlumatlarını bilmədiyi şəxsdən müxtəlif məbləğlərə almışdır. Tez-tez psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə görüşməmək və onlarla təmasda olmamaqdan ötrü çox miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin alır. Təxminən 1 il olar ki, Şahid1 ilə tanış olmuş, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Nurlananın birinci nikahından bir azyaşlı övladı var. Həmin uşaq Nurlananın anası ilə birlikdə qalır. O, Nurlana ilə birlikdə ünvan 3 ünvanda yerləşən 75 nömrəli mənzildə kirayədə yaşamışdır. Tutulmamışdan təxminən 4-5 ay əvvəl metamfetamindən istifadə etməyə başlamışdır. Nurlana isə bir müddətdir ki, heroin və metamfetamindən istifadə edir. O, narkotik vasitə və psixotrop maddələri alıb istifadə etməsi üçün Nurlanaya da vermişdir. 27 yanvar 2021ci il tarixdə saat 10:00-da istifadə etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Göyərçin” istirahət parkında anket məlumatlarını bilmədiyi, sifətdən tanıdığı “Ülvü” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata psixotrop maddə metamfetamin və 20 manata narkotik vasitə olan heroin almışdır. Psixotrop maddə metamfetamini istifadə etmək üçün üzərində saxlasa da, narkotik vasitə heroini əvəzsiz olaraq Nurlanaya vermişdir. 27 yanvar 2021-ci il tarixdə Şahid1 ilə birlikdə yaşadıqları ünvan 3 ünvanında yerləşən 75 nömrəli mənzildən çıxarkən binanın qarşısında olan zaman bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onlardan anket məlumatları ilə maraqlanmışlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirmişlər. Daha sonra onları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra əvvəl onun, daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan öncə şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi onlara bildirilmişdir. Etirazları olmadığını bildirdikdən sonra şəxsi axtarışa başlayaraq onun üzərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya varsa həmin əşyaları könüllü surətdə təqdim etməsini təklif edilmişdir. O, əynində olan cins şalvarının cibində saxladığını gümüşü rəngli metal qabı, mobil telefonunu və 20 manat pulunu çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin metal qabın içərisində metamfetamin aşkar edilmişdir. Metamfetamini necə əldə etməsi barədə ətraflı məlumat vermişdir. Bundan sonra üzərindən aşkar olunmuş metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş 20 manat pul ona geri qaytarılmış, mobil telefonu isə götürülmüşdür. Daha sonra Şahid1 üzərində olan bütün əşyaları təqdim etməsi təklif edilmiş, Nurlana da əynində olan gödəkçəsinin cibində heroin olduğunu bildirmişdir. Nurlana əynindəki gödəkçəsinin cibində olan bir ədəd şəffaf sellofan bükümü, şəxsi əşyalarını çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşlarına Nurlanaya narkotik vasitə heroinin onun tərəfindən təmannasız verildiyini demişdir. Şahid1 üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə olan heroin müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadə etsə də, heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tutulmamışdan bir müddət qabaq Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla qeyri rəsmi ər-arvad münasibətində yaşamışdır. Əvvəlki həyat yoldaşından bir azyaşlı övladı var, övladı Gəncə şəhərində yaşayan anasının himayəsindədir. Elçinlə birlikdə ünvan 3 ünvanında yerləşən 75 nömrəli mənzildə kirayədə yaşamışdır. Tutulmamışdan bir müddət əvvəl heroin və metamfetamindən istifadə etməyə başlamışdır. Elçin isə metamfetamindən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri Elçin alıb ona vermişdir. 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında Elçin narkotik vasitə və psixotrop maddə almaq üçün evdən çıxmışdır. Bir müddət sonra Elçin bir bükümdə narkotik vasitə olan heroin alıb gətirib istifadə etməsi üçün ona vermişdir. Elçin özünə isə psixotrop maddə metamfetamin almışdır. Elçinin narkotik vasitələri kimdən əldə etdiyini bilmir. 27 yanvar 2021-ci il tarixdə Elçinlə birlikdə yaşadıqları mənzildən çıxarkən binanın qarşısında bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onlardan anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onları tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra əvvəl Elçinin, daha sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan öncə şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi onlara bildirilmişdir. Buna etirazlarının olmadığını bildirdikdən sonra şəxsi axtarışa başlayaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya varsa həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Elçin də əynindəki şalvarının cibindən bir ədəd dairəvi formalı gümüşü rəngli metal qabı, mobil telefonu və 20 manat pulu çıxarıb təqdim etmişdir. Baxış zamanı Elçinin təqdim etdiyi metal qabın içərisində metamfetamin aşkar edilmişdir. Elçin metamfetamini necə əldə etməsi barədə ətraflı məlumat vermişdir. Bundan sonra Elçinin üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli metal qabda olan psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş 20 manat pul Elçinə geri qaytarılsa da, mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra ona təklif edilmişdir ki, üzərində olan bütün əşyaları təqdim etsin. Polis əməkdaşlarına əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib, gödəkçəsinin cibində olan bir ədəd şəffaf sellofan bükümü, mobil telefonu, 25 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini, mənzilin açarını çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroin aşkar edilmişdir. Narkotik vasitə heroin Elçin tərəfindən ona təmannasız olaraq verilmişdir. Üzərindən aşkar olunmuş heroin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mobil telefon istisna olmaqla üzərindən aşkar olunmuş digər əşyalar ona qaytarılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, işlədiyi Baş İdarəyə 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs və Şahid1 müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs və Şahid1 olması ehtimal edilən ünvan 3 ünvanının qarşısına gedərək orada əməliyyat mövqeyi seçilmişdir. 27 yanvar 2021-ci il tarixdə saat 16:45 radələrində həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs və Şahid1 müəyyən edilərək saxılanılmışlar. Onlara özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah etmiş və onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə dəvət edilmiş vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda iştirak etmiş Şahid1 üzərində axtarış keçiriləcəyi üçün şəxsi axtarışa Baş İdarənin bir nəfər qadın əməkdaşı da dəvət edilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd dairəvi formalı gümüşü rəngli qabı, şalvarının sol yan cibindən mobil telefonu və 20 manat pulu çıxarıb təqdim etmişdir. Elçin təqdim etdiyi qabın içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd metal qabın qapağı açıldıqda qabın içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd metal qabda olan psixotrop maddə olan metamfetamini 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən “Göyərçin” istirahət parkında anket məlumatlarını bilmədiyi “Ülvü” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli metal qabda olan psixotrop maddə metamfetaminə oxşar maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. 20 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, bir ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid1 üzərində olan bütün əşyaları təqdim etməsi təklif edilmişdir. Şahid1 əynində olan gödəkçəsinin cibindən bir ədəd şəffaf sellofan bükümünü, mobil telefonu, pulu, özünə məxsus şəxsiyyət vəsiqəsi və mənzil açarını çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid1 da üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs və Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat daxil olsa da, sonradan bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X4, baş əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4, polis baş serjantı X1, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - Təqsirləndirilən şəxs. barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - Şahid1, müdafiəçilər - X3, X5 iştirakı ilə protokol tərtib etmişdir. Daxil olmuş məlumat əsasında 27 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 16:45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs və Şahid1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 yanvar 2021-ci il tarixli qərarlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 barəsində 27 yanvar 2021-ci il tarixdə saat 19:26-da şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd dairəvi formalı gümüşü rəngli metal qabı, şalvarının sol yan cibində olan “Xiaomi” markalı “Redmi” modelli mobil telefonu, şalvarının sağ arxa cibində olan 20 manat pulu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli metal qabın içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd metal qabın qapağı iştirakçıların şahidliyi ilə açıldıqda qabın içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd metal qabda olan metamfetamini 27 yanvar 2021-ci il tarixdə səhər vaxtı Sumqayıt şəhəri ərazisində yerləşən “Göyərçin” istirahət parkında anket məlumatlarını dəqiq bilmədiyi “Ülvü” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata aldığını, psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli metal qabda olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Xiaomi” markalı “Redmi” modelli telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 6/384 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,047 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd gümüşü rəngli dairəvi formalı təmiz çəkisi 2,835 qram olan ağ rəngli kristalik formada olan maddə metamfetamindir. Heroinin təmiz çəkisi - 3,047 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,997 qram. Metamfetaminin təmiz çəkisi - 2,835 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,785 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-106/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut hesab etmə haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 aşkar edilmiş ümumi təmiz çəkisi - 3,047 qram heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 2,997 qramı və Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi - 2,835 qram metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 2,785 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 18 mart 2021-ci il tarixli, 860 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli, 1(005)-297/2021 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 6/384 nömrəli ekspertiza tədqiqatının dəyərinin 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsi Şahid1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 2,835 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Sumqayıt bələdiyyəsi 21-ci mikrorayon üzrə 2 saylı məhəllə komitəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 6/384 nömrəli rəyindən görünür ki, tədqiqat Təqsirləndirilən şəxs və Şahid1 barəsində aparılmış və ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli, 1(005)-297/2021 nömrəli hökmü ilə həmin dəyərin 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsinin Şahid1 tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Bu halda məhkəmə hesab edir ki, həmin məbləğin digər hissəsi, yəni 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsi hazırki iş üzrə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və qalıq çəkisi 2,785 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərcinin 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar