Məhkəmə qərarları › İş №1(005)-299/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-299/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-299/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış və 06 may 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-nə gətirilmiş, polis idarəsində video çəkiliş vasitəsi ilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kağız bükümdə təmiz çəkisi 1,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 3 ildir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 05 may 2021-ci il tarixdə, saat təxminən 17:45 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron şəhərciyi, 2 saylı evin yaxınlığında məişət tullantıları atılan yerin yanından keçərkən yerdə 01 (bir) ədəd siqaretin qara rəngli kağız parçasına bükülmüş bükülü görmüş və bükülünün içərisində narkotik vasitə olduğunu ehtimal edərək yerdən götürüb açmışdır. Bükülünün içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olmuş və həmin maddəni tanıdığı üçün metamfetamin maddəsi olduğunu görüb onu götürmüşdür. Məqsədi ehtiyacı olduğu vaxtlarda istifadə etmək olmuşdur. 06 may 2021-ci il tarixdə, təxminən saat 21:45 radələrində ünvan 4 ünvanında yerləşən “Daymond” otelin yaxınlığında gəzərkən mülki geyimdə 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirmiş və ondan adını, soyadını və həmin yerdə nə üçün dayanmağını soruşmuşlar. Üzərində metamfetamin olduğundan o, narahat olmuşdur. O, polis əməkdaşları ilə qısa danışıb uzaqlaşmağa çalışmış və həyəcanlanmışdır. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onlarla birlikdə Nərimanov RPİ-yə getməyini bildirmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-yə gəlmişdir. Polis İdarəsində xidməti otaqların birində ona bildirilmişdir ki, üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparılacaqdır. Daha sonra vəkilin iştirakı ilə üzərində axtarış və götürmə aparılmağa başlanılmışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o, 05 may 2021-ci il tarixdə, təxminən saat 17:45 radələrində yaşadığı evin yaxınlığında, məişət tullantıları atılan yerin yanında yerdən tapdığı içərisində metamfetamin olan 01 (bir) ədəd bükülünü və digər şəxsi əşyalarını könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində metamfetamin maddəsi olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış, möhürləyərək götürüb bu barədə protokol tərtib etmişdir. Üzərindən aşkar olunmuş digər əşyalar isə özünə qaytarılmışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə saat 22:00 radələrində Nərimanov RPİ-nin CAŞ üzrə kiçik inspektoru Şahid2la birlikdə ünvan 2 ünvanda olarkən bir nəfər şəxs davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və yayınaraq uzaqlaşmaq istəmişdir. Daha sonra həmin şəxsin getməsinə imkan verməmiş, onu Nərimanov rayon Polis İdarəsinə dəvət etdikdə, narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Nərimanov RPİ-yə gəlmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması baş təhqiqatçı Rafiq Ağəliyevə həvalə edilmişdir. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edilmiş və sonuncu əynindəki şalvarının cibindən siqaret kağızına bükülmüş 01 ədəd bükülünü könüllü təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən özünə məxsus şəxsi əşyalar da aşkar olunmuşdur. Həmin təqdim edilmiş bükümün içərisində kristal şəkilli maddə olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bükümdə olan maddənin nə olduğu soruşulanda, o, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 05 may 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evin yaxınlığında məişət tullantıları qutusunun yanından tapdığını bildirmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Proses zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qisimndə göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5, NMB-i üzrə baş əməliyyat müvəkkili Şahid1, cinayət axtarış şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 06 may 2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 5 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin qara rəngli kağız parçasına bükülmüş 01 (bir) ədəd bükülünü könüllü çıxarıb bildirdi ki, təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin var. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bükülünü açıb içərisinə baxdıqda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükülünün içərisində olan metamfetamin maddəsini 05 may 2021-ci il tarixdə, təxminən saat 17:45 radələrində yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron şəhərciyi, 2 saylı evin yaxınlığında məişət tullantıları atılan yerin yanından tapmış və içərisini açıb baxdıqda metamfetamin olduğunu görüb gələcəkdə özünün istifadə etməsi üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən Təqsirləndirilən şəxs adına verilmiş BB 202505 nömrəli sürücülük vəsiqəsini, G 30347704 nömrəli 01 (bir) nominallı əskinası, 01 (bir) ədəd bənövşəyi rəngli şüşə materialından olan alışqanı, üzərində “Rothmans” yazılmış 01 (bir) qutu siqareti və 01 (ədəd) “Nokia” modelli mobil telefon aparatını da könüllü olaraq təqdim etdi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 (bir) ədəd bükümdə olan maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırıldı və DİN-in 44 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi G 30347704 nömrəli 01 (bir) nominallı əskinas, 01 (bir) ədəd bənövşəyi rəngli şüşə materialından olan alışqan, üzərində “Rothmans” yazılmış 01 (bir) qutu siqaret və 01 (ədəd) “Nokia” modelli mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarıldı. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli, 6/1857 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №44 dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 1,056 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 1,056 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,006 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; “Diskə baxış keçirilməsi barədə” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən diskin baxışını aparmışdır. CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ilkin mərhələsində 06 may 2021-ci il tarixdə, saat 22 radələrində Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 06 may 2021-ci il tarixdə protokola əlavə edilmiş 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışını aparmağa başlamışdır. Həmin disk dairəvi formasında olmaqla “HP” markalı kompyuterdə video çəkilişə baxılarkən aydın oldu ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kağız bükümü təqdim edir. Daha sonra onun üzərinə baxış keçiriləsə də, 1 manat pul, alışqan, siqaret, Nokia markalı mobil telefon aşkarlansa da, digər qanunsuz heç bir əşya və ya maddə aşkar olunmur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-459/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 08 may 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd kağız bükümdə təmiz çəkisi 1,056 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 1,006 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 08 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də CM-in 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi 20.06.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir; Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2020 nömrəli, 07.08.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 17 (on yeddi) gün, həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gün bərabər tutulmaqla, ona təyin edilən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq ona 1 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 27 may 2021-ci il tarixli, 1618 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər Probasiya İdarəsinin 21-1-3-66-52/12 nömrəli, 03 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Əbilov X2 Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli 1(012)-437/2020 saylı hökmünə əsasən CM-in 234.1-ci maddəsi iiə təqsirli bilinərək 01 il 04 ay 26 gün müdətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə Binəqədi Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və cəza müddətinin sonu 26.03.2022-ci il tarix hesablanmışdır. Məhkum cəzasının 06 ay 06 gününü çəkmişdir. 06 may 2021-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 10 ay 20 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 1,056 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2020 nömrəli, 07.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası (30.10.2020-ci il tarixdən 06.05.2021-ci il tarixdək 06 ay 06 gününü çəkməsi nəzərə alınaraq), CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (10 (on) ay 20 (iyirmi) gün = 5 (beş) ay 10 (on) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2020 nömrəli, 07.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (5 (beş) ay 10 (on) gün) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CMin 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2020 nömrəli, 07 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (05 (beş) ay 10 (on) gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 1,006 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar