Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-30/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1962-ci ildə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 6, R.Axundov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü iş adamı kimi təqdim edib, ona Qazaxıstan Respublikasından münasib qiymətə iribuynuzlu heyvanlar gətirəcəyinə yalandan vəd verib inandırmaqla aldadıb, həmin heyvanların gətirilməsi üçün hissə-hissə olmaqla 07 may 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Sənaye filialının inzibati binasında Zərərçəkmiş şəxs tərəfindən AZ86MUGA**********00236AZM69 nömrəli hesabına köçürülmüş 25.000 manat pulu həmin günü 508904 nömrəli çeklə həmin ünvanda ələ keçirib, sonra isə 25 may 2020-ci ildə güya gətiriləcək heyvanlara vergi ödənilməsi adı ilə Zərərçəkmiş şəxs onun hesabına köçürdüyü 2.000 manat pulu ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Sənaye filialının inzibati binasında xəzinədən çıxararaq ələ keçirdikdən sonra 2020-ci ilin iyul ayında guya Qazaxıstan Respublikasından gətirdiyi arpa və iribuynuzlu heyvanlara görə gömrük rüsumunun ödənilməsi adı ilə Zərərçəkmiş şəxs aldadaraq ünvan 2 ünvanında yerləşən “Nərimanov” istirahət parkında 18.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs cəmi 45.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin aprel ayının ortalarında Mahir ona zəng vurub demişdir ki, heyvandarlıq təsərrüfatı yaratmaq və bu məqsədlə xaricdən heyvan gətirmək istəyir. «Bank Respublika»da olduğu zaman onun telefon nömrəsini ona veriblər. Mahirə "xxxx"ın Sənaye şöbəsinin Xətai rayonunda yerləşən şöbəsində olduğunu və ünvanı ona demiş və Mahir oraya gəlmiş, söhbət etmişlər. Mahir heyvan almaq istədiyini bildirmiş, qaydaları ona başa salmış, yəni demişdir ki, Mahir pulu "xxxx"ın Sənaye şöbəsində onun hesabına keçirir, o da xarici ölkədən inək və qoyun gətizdirib ona verir. Hesablayıb ilkin olaraq 50 baş inək gətirmək üçün 27.000 manat pulun "xxxx"ın Sənaye şöbəsinə avans kimi köçürülməsini, heyvan gətiridikdən sonra isə Mahir qalan pulu köçürməli idi. 25 may 2020-ci il tarixdə Mahir 25.000 manat pulu "xxxx"ın Sənaye şöbəsində onun hesabına köçürmüş, ondan bir neçə gün sonra qalan 2.000 manat pulu iki dəfəyə, hər dəfə 1.000 manat olmaqla onun hesabına köçürmüşdür. Həmin vaxt artıq o, 49.000 manat pulu Qazaxıstana köçürmüşdü. Mahirdən aldığı 27.000 manat pulu da həmin şirkətin hesabına köçürməli idi, oradan da heyvanlar gəldikdən sonra Mahirə verməli idi. Mahirdən aldığı 27.000 manat pulu Qazaxıstana köçürmüşdür. Ondan bir müddət sonra Qazaxıstan Respublikasında ölkədən heyvan çıxarılmasına qadağa qoyulmuş və bu barədə Mahirə bildirmişdir ki, bununla əlaqədar Qazaxıstana rəsmi müraciət edəcək, mal gəldikdən sonra onun mallarını verəcək. Ona görə də gözləməli olmuşlar və Qazaxıstanın müvafiq orqanlarına şikayət məktubları göndərmişdir. Qazaxıstandan gələn cavabda bidirilmişdir ki, ölkədən heyan çıxarılmasına qadağa götürüləndən sonra ödədikləri pulun müqabilində heyvan göndəriləcəkdir. Bu barədə Mahirə demiş, o isə bildirmişdir ki, «vaxt çox uzanır, mənim pulumu qaytar». Mahirə demişdir ki, hazırda pulu yoxdur, hamısını Qazaxıstana köçürmüş, Ağakişi adlı şəxsin ona 24.000 manat borcu var, onunla tanış etsin, Ağakişi həmin pulu ona versin. Mahir bu təkliflə razılaşdığı üçün Ağakişini dəvət etmiş, 3-cü mikrorayon dairəsində görüşüb onları tanış etmiş, Ağakişi bildirmişdir ki, Mahirə 27.000 manat pulu verəcəkdir. Ağakişi Mahirə söz vermişdir ki, beton işinə baxır, betonu satıb Mahirin pulunu verəcəkdir. Lakin həmin ərəfədə pandemiya ilə əlaqədar tikintidə iş dayandığı üçün Ağakişi Mahirə pul verə bilməmiş, ondan sonra Mahir yenə pulunu istəmiş, o da 12 yanvar 2021-ci il tarixdə 7.000 manat pulu Mahirin hesabına köçürmüş, ona 20.000 manat borcu qalmışdır. Mahirə bildirmişdir ki, Qazaxıstana müraciət etmiş, heyvanlar gələndən sonra qalan pulu verəcək. Hazırki vaxtda artıq Qazaxıstandan heyvanın çıxarılmasına icazə verilib, mövcud müqavilə əsasında heyvanlar göndəriləcək, heyvanların gətirilməsi, karantindən keçməsi təxminən 2 ay çəkəcək və ondan sonra Mahirin 20.000 manat pulunu verəcəkdir. Lakin Qazaxıstandan malların gəlməsi gecikmiş, Mahir isə pulunu tələb etdiyi üçün ona 7.000 manat qaytarmışdır. O, daha sonra göstərmişdir ki, Mahirdən əlavə olaraq 18.000 manat pul almamış, ona cəmi 20.000 manat borcu qalmışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dayısı oğlu Şirvan Allahverdiyev ilə birlikdə Bakı kəndləri ərazisində torpaq sahəsi alıb fermer təsərrüfatı yaratmaq istəmiş və Təqsirləndirilən şəxs adlı şəxsin xaricdən Azərbaycana damazlıq heyvanlar gətirilməsi ilə məşğul olması barədə məlumat alıb soraqlaşaraq onun telefon nömrəsini tapıb onunla əlaqə yaratmış, ona zənginin məqsədini bildirmiş, o da təsdiq etmişdir ki, həqiqətən da bu işlə məşğul olur. Allahverdini Xətai metrosunun yaxınlığında yerləşən iş yerinə dəvət etmiş, Allahverdi işi barədə ətraflı danışmış, onun danışığından ağlı bir şey kəsməmişdir. Bundan bir neçə gün sonra Allahverdi yenə onun iş yerinə gəlmiş, söhbət zamanı "xxxx"da müdir işləyən Hacı adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş, ona Hacını demiş və ondan sonra getmişdir. Bundan təxminən 10-15 gün sonra Allahverdi zəng edib Hacının bankında olduğunu bildirib onun də oraya gəlməyini xahiş etmişdir. Hacını tanıdığından oraya gəldikdə Allahverdinin Hacının kabinetində oturduğunu görmüşdür. Hacı bildirmişdir ki, «bu adamı mən çoxdan tanıyıram, tenderlər udur, xarici ölkələrdən cins mallar gətirir, hər gün 50.000- 100.000 manat mənim bankım vasitəsilə köçürmələr edir.» Hacı həmçinin demişdir ki, «mən sənin arxanda durmuşam, səni heç kim aldada bilməz, bu adama da mən zaminəm». Bu söhbətdən sonra Hacıya fikirləşib cavab verəcəyini demişdir. Evə getdikdən sonra saat 21 radələrində Hacı zəng vurub, yenə həmin sözləri təkrar edib demişdir ki, Allaherdiyə arxayın ola bilərsən, onunla iş görə bilərsən. Ona, fikirləşib cavab verəcəyini bildirmişdir. Sonra böyük qardaşı Mustafanın yanına gedib bu barədə ona demiş, Mustafa da demişdir ki, Hacı zamin durursa, bu işə girişmək olar. Növbəti gün Hacıya zəng vurub bu işə başlamaq üçün nə qədər pul lazım olduğunu soruşmuş, o demişdir ki. 70.000 manat pul lazımdır. O qədər pulu olmadığından 25.000 manat pul götürüb qardaşı Mustafa ilə birlikdə Hacının iş yerinə, Xətai rayonu ərazisində yerləşən "xxxx"a gedib, Hacının kabinetində pulu ona vermiş, o da pulu seyfə qoyub Allahverdini çağırmış, onlar öz aralarında söhbət etmişlər, həmin söhbət barədə bilməmişdir. Allahverdi demişdir ki, 20 günə heyvan gələcək, o da inanıb gözləmişdir. Bu 2020-ci ilin may ayının əvvələrində olmuşdur. Ondan sonra bir neçə dəfə Allahverdi ilə telefon əlaqəsi saxlamış, o, hər dəfə demişdir ki, «narahat olma, sən heyvanlar üçün yer tap». Ona inandığı üçün Bakının bir neçə kəndində yer axtarmağa başlamış, onların vəd etdiyi 20 gün keçmiş, Allahverdi zəng vurub demişdir ki, 10 gün də gözlə. Bundan sonra Hacı zəng vurub demişdir ki, vergiyə ödəmək üçün 3.000 manat pul lazımdır. Hacıya telefonda öz narazılığını bildirmiş və onun yanına gedib, nə məsələ olduğunu soruşub, hələ heyvanlar gəlməmiş yenə 3.000 manat pul istədiyini demişdir. O isə bildirmişdir ki, «iş görmək istəyirsənsə pul xərcləmək lazımdır». Ona pulunun olmadığını bildirsə də, məcburiyyət qarısında qaldığı üçün əvvəl 1.000 manat, daha sonra isə yenə 1000 manat pulu aparıb Hacıya vermiş, Hacı yenə arxayın edib bildirmişdir ki, «get gözlə». Bundan sonra çox gözləmiş, lakin onlardan bir cavab olmamış, telefoln danışıqlarında isə hər dəfə 10-15 günə işin düzələcyinə söz verib aldatmağa başlamışlar. İşin təxminən 2-3 ay iş uzandığını görüb, ondan pulunu tələb etmiş, Hacı demişdir ki, «heyvan işi düzəlmir, sənin üçün arpa vura bilərəm». Onun bu təklitl ilə razılaşmayıb, ancaq hevan lazım olduğunu ona demişdir. Bu söbətdən 10-15 gün sonra Allahverdi zəng vurub bildirmişdir ki, «hevan və arpa vurmuşam, gəlib, yolda qalıb, mənə 20.000 manat əlavə pul ver. mən onları gömrükdən çıxarım». Hətta onu da bildirmişdir ki, «arpa tez satılır, mən hər həftə 7-8 vaqon satıram». Onun təklifini götür-qoy edib, məcburiyyət qaşısında pul axtarmağa başlamış və 18.000 manat pul tapıb onunla zəngləşmiş, onun təklifi ilə dəqiq tarixi xatırlamadığı 2020-ci ilin iyul aynıda Nərimanov rayonu ərazisində yerləşən «Cənnət Bağı» restoranında görüşüb, yemək yedikdən sonra isə «Nərimanov parkı»na gəlib, orada 18.000 manat pulu sayıb ona vermiş və sonra da aralanmışdır. Bu minvalla 2-3 ay da keçmiş, hər dəfə ona zəng etdikdə o, «2-3 günə heyvanları götürəcəksən» deyib aldatmışdır. Bir müddət keçdikdən sonra Allahverdiyə zəng etmiş, onunla görüşdükdə, onun yanında olan 2-3 nəfəri də göstərərək heyvanları onlara sata biləcəyini bildirmişdir. Ona heyvaları satmaq üçün yox, saxlamaq üçün aldığını bildirmiş və bir müddət gözlədtikdən sonra Allahverdinin onu aldatdığını görüb Hacının yanına getmişdir. Hacı Allahverdi ilə əlaqə saxlayıb demişdir ki, «narahat olma, o yalançı adam deyil, yaxın vaxtlarda heyavanlar sənə təhvil veriləcək». Onun sözü ilə yenə gözləmiş, bunun da bir nəticəsi olmadığı üçün təkrarən Hacının yanına gedib, ona demişdir ki, “siz məni aldadırsız, pulu ödəyməyimdən 7-8 keçib, heç bir nəticəsi yoxdur.”. Hacı isə bildirmişdir ki, «mənlik deyil, mən sənə desəm get özünü dağdan at, atacaqsan?» Onun sözündən sonra ona şikayət edəcəyini deyib çıxıb getmiş, Allahverdini axtararaq tapıb pulunu tələb etmiş, o demişdir ki, Ağakişi adlı şəxsdən alacağı var, «gedək ondan pulumu alıb, sənin pulunu verim». Onunla birlikdə «Həzi Aslanov» metrosunun yanına gedib Ağakişi ilə görüş zamanı Ağakişi bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşıdır, eyni zamanda tikinti işləri ilə də məğul olur, həmçinin bildirmişdir ki, «narahat olma, Allahverdiyə verəcəyim pul var, onun əvəzində sənə pulu mən qaytaracağam.». Evə gəlib, ailənin tanışı olan Aybənizlə söhbət zamanı o, bildirmişdir ki, «həmin adamları mənə göstər, sənin pulunu alıb qaytarım». Aybənizi Allahverdi ilə görüşdürmüş, o, demişdir ki, «mənim Mahirə 45.000 manat borcum var, gecikdirdiyim üçün əlavə olaraq 10.000 manat da olmaqla cəmi 55.000 manat pul verəcəyəm». Bu görüşlər bir neçə dəfə təklarlanmış, hər dəfə Allahverdi eyni sözləri təkrar etmişdir. O, həmçinin göstərmişdir ki, Aybənizlə birlikdə növbəti dəfə Allahverdini tapıb, pulu tələb eldikləri zaman Allahverdi bir nəfərə zəng edib oraya çağırdığı şəxs gəlib adının Səyyaf olduğunu və Korrupsiya idarəsinin əməkdaşı olduğunu bildirib, demişdir ki, «Allahverdini həbs edirəm, siz narahat olmayın, sizin pullarınızı mən alıb verəcəyəm, mənim zəngimi gözləyin». Səyyaf adlı şəxs Allahverdini öz maşınına mindirib aparmış, axşam üstü Səyyaf zəng edərək «20 Yanvar» ərazisində yerləşən «Kapital Bank»ın yanında görüşməyə dəvət etmiş, Aybəniz və Rasim adlı şəxslə ora gedib onunla görüşdükdə o, bildirmişdir ki, «narahat olmayın, hər şey öz qaydasında gedir, 1-2 günə mən sizin pullarınızı qaytaracağam.». Bu hal bir neçə dəfə təkrarlansa da, heç bir nəticəsi olmamış və şikayət etmək qərarına gəlmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam ödənilmədiyini və bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, kiçik qardaşı Mahir dayısı oğlu Şirvan Allahverdiyev ilə birlikdə Bakı kəndləri ərazisində torpaq sahəsi alıb fermer təsərrüfatı yaratmaq istəmişdir. Mahir demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin xaricdən Azərbaycana damazlıq heyvanlar gətirilməsi ilə məşğul olması barədə məlumat almışdır. Mahir soraqlaşıb Allahverdinin telefon nömrəsini tapıb onunla əlaqə yaratmış, onunla zəngləşib məqsədini bildirdikdə o da təsdiq etmişdir ki, həqiqətən da bu işlə məşğul olur və onunla Xətai metrosunun yaxınlığında yerləşən iş yerində görüş təyin etmişdir. Allahverdi oraya gəlib, söbət eldikdə o işi barədə ətraflı danışmış, lakin onun danışığı xoşuna gəlməmiş, çünki bütün dedikləri ilə razılaşırdı. Mahirə demişdir ki, ondan əl çək, bu fırıldaqçı adama oxşayır. Allahverdi həmçinin demişdir ki, "xxxx"ın Xətai filialı ilə işləyir, həmin bankın müdiri də onların yerlisidir, adı da Hacıdır. Bir müddətdən sonra Mahir demişdir ki, Hacı zəng vurub onu çağırıb. Mahirlə birlikdə "xxxx"ın Xətai filialına gedib Hacı ilə görüşdükdə o, demişdir ki, «Allahverdi sizin barənizdə mənə deyib, o etibarlı adamdır, niyə onunla işləmirsiz, günə 60.000-80.000 manat dövriyyəsi olur. Kənd Təsərrüfatı Nazirliyi işə işləyir, istəyirsinizsə sizə kömək edə bilərəm, pulu gətirib verin, Allahverdi damazlıq heyvan gətirəcək». Hacı konkret məbləğ tələb etməmiş, bildirmişdir ki, bir maşın mal üçün 50.000- 6000 manat pul lazımdır. Mahir 25.000 manat pulu 07 may 2020-cu il tarixdə aparıb Hacıya vermiş, o söz vermişdir ki, «narahat olmayın, başımla cavabdehəm». Ondan bir neçə gün sonra Hacı Mahirə zəng vurub demişdir ki. heyvanların gətirilməsi üçün rüsum ödəmək üçün pul lazımidir və Mahir də 2.000 pul tapıb Hacıya vermişdir. Ondan sonra Mahir mütəmadi olaraq Allahverdi ilə telefon əlaqəsi saxlamış, o hər dəfə işlə əlaqədar konkret söz deməyib, yalan vədlər verib vaxtı uzatmışdır. Bundan sonra isə Allahverdi Mahirdən 18.000 manat istəmiş və Mahir də həmin pulu aparıb «Nərimanov parkı»nda Allahverdiyə vermişdir. Ondan sonra Allahverdi vaxtı uzatmağa başlayıb, cürbəcür bəhanələr gətirirdi. Bununla da Allahverdi Mahirin 45.000 manat pulunu ələ keçirmişdir. Qardaşı Mahirlə birlikdə bir neçə dəfə Allahverdi ilə görümüş, o hər dəfə inandırıb demişdir ki, “siz tövlə tapın, heyvan gəlir.”. Lakin sonradan Allahverdinin aldatdığını başa düşüb Mahir şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, ailəvi dostdur. 2020-ci ilin may ayında o, Mahirdən 20.000 manat borc istəmiş, Mahir bildirmişdir ki, Allahverdi adında şəxsin ona 45.000 manat borcu var və həmin pulu ondan ala bilmir. Pulu Allahverdiyə xarici ölkədən heyvan gətirmək üçün verib, lakin Allaverdi vədinə əməl etməyib, pulu da qaytarmır. Mahir bildirmişdir ki, Allahverdidən pulu alandan sonra ona 20.000 manat borc verəcək. Vəziyyəti belə görüb, Allahverdiyə zəng edərək Mahirin ona verdiyi 45.000 manat pulu onlan tələb etmiş və Allahverdiyə bildirmişdir ki, həmin pul ona məxsusdur. Allahverdi ondan müəyyən bir vaxt istəmiş və 5 ay ərzində ona müxtəlif yalanlar deyərək yayınmışdır. 2020-ci ilin avqust ayında Mahirlə birlikdə «Memar Əcəmi» metrosunun yaxınlığında Allahverdi ilə görüş zamanı o, bildirmişdir ki, Agakişi adlı şəxs ona pul borcludu və onların yanında Ağakişini yığıb, ondan olduğu yeri soruşmuş, Agakişi isə bildirmişdir ki, halhazırda Dərnəgüldədi və pul ilə birlikdə gəlir, lakin müəyyən vaxt keçdikdən sonra gəlməmişdir. Allahverdi bildirmişdir ki, indi həkimə gedir, onlara orada Ağakişini gözləsinlər. Ağakişiyə zəng vurub pulu tələb edəndən sonra o, 3 gün vaxt istəmiş, lakin 3 gün sonra da pulu gətirib verməmiş və bir neçə ay aldatmışdır. Mahirlə birlikdə Allahverdinin yaşadığı binanin garşısına gedib Allahverdini taparaq pulu tələb etmişlər. Allahverdi isə bildirmişdir ki, həmin pulu Agakişi verəcək. Danışdıqları zaınan 2 nəfər naməlum şəxs yaxınlaşmış, onlardan biri özünü Korrupsiyaya Qarşı idarənin müstəntiqi Abiyev Səyyaf kimi təqdim edib bildirmişdir ki, sənədlə bağlı Allahverdini banka aparmalıdır və öz nömrəsini saxlamış, sonradan ona zəng edib haraya, hansı kabinetə yaxınlaşmalarını soruşmuş, Səyyaf Abiyev isə bildirmişdir ki, otaqda deyil, maşındadı və 4cü mikrarayonda yerləşən «Kapital Bank»ın garşısında görüşmələrini təklif etmişdir. Görüş zamanı Səyyaf bildirmişdir ki, 10 gün ərzində Allahverdi xarici ölkənən ona heyvan gətirəcək, o, həmin heyavanları satdıqdan sonra Mahirin 45.000 manat pulunu özü verəcək. Səyyafın dediyi 10 gün keçdikdən sonra ona zəng vurub hansı kabinetdə oturmasını soruşmuş, Səyyaf qolu liftdə sınıb işdə deyil, evdə xəstə olduğunu demişdir. Bundan sonra Səyyafa zəng vurub yenə onunla görüşmək istədiyini bildirdikdə o, görüşmək istəmədiyini, həmin pulu da verməyəcyini bidirmiş, ondan nəyə görə pulu verməyəcəyini soruşmuş, o bildirmişdir ki, Mahirin 45.000 manat pulu Agakişidədir, pulu gedib ondan alın. Ona Aagakişini tanımadığını, Mahir pulu Allahverdiyə verib, pulu da onlan tələb etdiyini, elə isə nə səbəbə Allahverdini qaçırdığını bildirmişdir. Səyyaf demişdir ki, «bankda iş var idi, ona görə də onu apardım». Ona özünü Korrupsiya İdarəsinin baş müstiəntiqi kimi təqdim etdiyini, Allahverdini buradan qaçırmasını bildirib şikayət edəcəyini demiş, o isə bildirmişdir ki, «hara istəyirsənsə get şikayət elə.». İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-19Ə vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekab 2017-ci il tarixli, 1(101)-1191/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona həmin maddə ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 8 (səkkiz) ay 10 (on) gün müddətin bu cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi və 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 02 il müdətinə sınaq müddəti təyin edilməklə 04 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 38-39-cu vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin CD diskin içərisində 01 ədəd fayl vardır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə olan faylda 60 saniyə danışıq var. Həmin danışıqda yəni fonoqramda olan mətndə Şahid2 və Təqsirləndirilən şəxs danışıqlarının olması ehtimal edilir. Şahid2 həmin səs yazısında Təqsirləndirilən şəxs ilə danışığı olmasını bildirdi. - (Aybəniz) Mahir deyir mənə qırx beş min verəcək mən ev almaq istəyirəm deyir verərəm darıxma - (Allahverdi) Evi alarsan narahat olma Mahirə əlli beş min verəcəm. - (Aybəniz) Mahirə qırx beş min verəsisən? - (Allahverdi) Mahirə əlli beş min manat pul veriləcək -(Aybəniz) Mahirə əlli beş min manat pul veriləcək? Evi danışmışamda baxmışamda - (Allahverdi) Sən beşcə dəqiqə gözlə Miri babanın goru haqqı.... - (Aybəniz) Miri babanın goru olsun məni., bizi belə gilinc eliyənlərə -(Allahverdi) yox. yox.yox sən allah o kişiyə istinad eliyib mənə qarğış eləmə sən balanın canı -(Aybəniz) mən qarğış eləməyim mən nağarım- Cinayət işinin 68-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması və üzərinə baxış keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:40 radələrində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 77-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur tutulmuşdur. Cinayət işinin 98-99-cu vərəqələrində olan “Şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəəxs Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 160-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 198-206-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-254/2022 saylı qərardan görünür ki, vəsatət və təqdimatın təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalndan dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 207-208-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona 45.000 AZN maddi zərər vurulmuş, həmin maddi zərərdən cəmi 17.000 AZN ona ödənilmişdir. Qalan məbləğin ona tam ödənilməsini tələb edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barədə EMİS-dən çıxarılmış məlumatlardan görünür ki, ona 1-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini və 1-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-30/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-30/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver