Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-300/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 02 aprel 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda olarkən, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibində iki ədəd siqaretin gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda 3,970 qram, 2,890 qram olmaqla ümumilikdə 6,860 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 02.04.2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və söhbət zamanı şübhələndiklərinə görə onu Nərimanov Rayon Polis İdarəsirə gətirmişlər. Orada xidməti otaqda video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan gödəkçəsinin cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bildirmişdir ki, cibindən aşkar olunan marixuana ona məxsusdur, onu 01.04.2021-ci il tarixdə günorta vaxtlarında Yeni Günəşli qəsəbəsində yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobildə onun iştirakı ilə axtarış keçirilmişdir. Axtarış zamanı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmasa da, oradan bir ədəd işlək vəziyyətdə, bir ədəd isə işləməyən lampa aşkar olunmuş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 02.04.2021-ci il tarixdə saat 06:00 radələrində post yoldaşı Şahid2 ilə inzibati ərazidə xidmət aparan zaman Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında bir nəfərin **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edən zaman həmin şəxs özünü şübhəli apardığına görə onlar tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis İdarəsində olan zaman və saxlanılan vaxtı Təqsirləndirilən şəxs hərəkətləri və davranışı ilə özünü şübhəli apardığına görə xidməti otaqda video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş yaşılımtıl rəngli ot şəkilli kütləni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin siqaretin gümüşü rəngli kağız bükümündə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni 01.04.2021-ci il tarixdə Yeni Günəşli qəsəbəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə qablaşdırılmış, barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun iştirakı ilə axtarış keçirilmişdir. Axtarış zamanı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmasa da, oradan bir ədəd işlək vəziyyətdə, bir ədəd isə işləməyən lampa aşkar olunmuş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 02 aprel 2021-ci tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə protokol tərtib etmişdir. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 02.04.2021-ci il tarixdə saat 06:00 radələrində ünvan 4 ünvanın yaxınlığında Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq saat 06:20 radələrində Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd qara “SAMSUNG A10” və 01 ədəd qızılı rəngli “SAMSUNG J7” markalı mobil telefon cihazını, 02 (iki) ədəd gümüşü rəngli metaldan hazırlanmış üzüyü, 01 (bir) ədəd gümüşü rəngli metaldan hazırlanmış sırğanı, avtomobil açarını və həmin gödəkçənin sağ yan cibindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd içərisində spesifik qoxuya malik, ot şəkilli, yaşıl rəngli maddə olan bükümləri könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 02 (iki) ədəd bükümün içərisində olan maddələr istifadə etdiyi nəşə adı ilə tanınan “Marixuana”nı 01 aprel 2021-ci il tarixdə günorta vaxtlarında yaşadığı evin yaxınlığında yerdən tapmış və öz istifadəsi üçün əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibinə qoymuşdur. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd içərisində spesifik qoxuya malik, ot şəkilli, yaşıl rəngli maddə olan bükümlər iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 02 (iki) ədəd qara və qızılı rəngli “SAMSUNG A10” və “SAMSUNG J7” markalı mobil telefon, 02 (iki) ədəd gümüşü rəngli üzük, 01 (bir) gümüşü rəngli sırğa və avtomobil açarı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə otaq şəraitində, süni işıqlanmada aparılmışdır; “Avtomobildə axtarış və götürmə aparılması barədə” 02 aprel 2021-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6, Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə protokol tərtib etmişdir. Axtarış və götürmə başlamamışdan əvvəl 02.04.2021ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanın yaxınlığında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq saat 06:20 radələrində Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, istifadəsində olan “CHEVROLET CRUZE” minik markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bildirdi ki, “CHEVROLET CRUZE” minik markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qapısının iç hissəsində 01 (bir) ədəd içərisi boş lampa və 01 (bir) ədəd işlək vəziyyətdə olan lampa vardır. Vətəndaş Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 01 (bir) ədəd içərisi boş lapma və 01 (bir) ədəd işlək vəziyyətdə olan lampa iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Avtomobildə aparılan əlavə baxış və axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. İştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə açıq havada, süni işıqlanmada aparılmışdır; 02 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd qara rəngli “SAMSUNG A10” markalı və 01 (ədəd) qızılı rəngli “SAMSUNG J7” markalı mobil telefonları, 02 (iki) ədəd gümüşü rəngli üzüyü, 01 (bir) ədəd gümüşü rəngli sırğanı və avtomobil açarını qəbul etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 7/310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №44” dairəvi möhürlə möhürlənmiş, üzərində “İştirak etdi Şahid1 imza, ....Tərtib etdi T.Məmmədov imza” yazı və imzalar olan zərfdə təmiz çəkisi 3,970 qr və 2,890 qram olmaqla ümumi çəkisi 6,860 qram olan olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olub, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Zərfdə olan iki ədəd şüşə lampalardan uc hissəsində qara rəngli borucuq olan şüşə lampanın içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və təqdim olunan maddələrlə eynilik tədqiqatı aparmaq mümkün deyildir. Zərfdə olan digər şüşə lampanın üzərində narkotik vasitənin psixotrop maddənin izləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin 03 aprel 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “DVD-diskə baxış keçirilməsi haqqında” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş 02.04.2021-ci il tarixdə Nərimanov RPİ-yə dəvət edilmiş və üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, qəbulunda şübhəli bilinən 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli DVD diskə baxış keçirmişdir. Həmin DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün disk kompyuterin prosessoruna qoyulmuş və ekranda “25 456” KB rəqəmləri yazılmış fayl açılmışdır. Həmin fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülər 07 dəqiqə 55 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün faylın birinci dəqiqə 48-ci saniyəsində əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddəni təqdim edir və həmin siqaretin gümüşü rəngli kağız bükümün içində narkotik vasitə olduğunu, onu ünvan 8 ünvanının yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılır; “DVD-diskə baxış keçirilməsi haqqında” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş 02.04.2021-ci il tarixdə Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli DVD diskə baxış keçirmişdir. Həmin DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün disk kompyuterin prosessoruna qoyulmuş və ekranda “17 464” KB rəqəmləri yazılmış fayl açılmışdır. Həmin fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülər 04 dəqiqə 07 saniyə davam edir. Görüntünün 02-ci dəqiqə 34-cü saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qapısının iç hissəsindən bir ədəd içərisi boş lampa və bir ədəd işlək vəziyyətdə lapma aşkar olunur. Aşkar edilmiş lampalar axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılır; 03 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, “Chevrolet Cruze” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 həmin avtomobili saz vəziyyətdə qəbul etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Maddi sübut kimi tanıma haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 6,860 qram narkotik vasitə qurudulmuş marixuana və uc hissəsində qara rəngli borucuq olan şüşə lampa iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-yə verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 15 aprel 2021-ci il tarixli, 1126 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatalarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və idarə etdiyi avtomobildə axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 1(005)-300/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; “Axtarışda olan şəxsin tutulmasına dair” 06.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq 18-ci PŞ-yə gətirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/40-3227 nömrəli, 12 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 09.08.2021-ci il tarixdə saxlanılması üçün adı çəkilən müəssisəyə gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,860 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; ali təhsilli olmasını (əsas: iş materiallarında olan 019248 nömrəli nömrəli Gəncə Dövlət Universiteti tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş diplomun surəti); cinayəti etiraf etməsi və əməlindən peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 06:00 radələrində saxlanılmış və onun barəsində 03 aprel 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 03 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (02-03 aprel 2021-ci il), həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün (06 avqust-30 sentyabr 2021-ci il), cəmi 01 (bir) ay 26 (gün), azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi və uc hissəsində qara rəngli borucuq olan şüşə lampa məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobildə axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-in 93.1.2). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (02-03 aprel 2021ci il) və həbsdə saxlanıldığı 1 (bir) ay 24 (iyirmi dörd) gün (06 avqust-30 sentyabr 2021-ci il), cəmi 1 (bir) ay 26 (gün), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 3 (üç) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 2 (iki) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan qalıq çəkisi 6,760 qram olan narkotik vasitə qurudulmuş marixuana və uc hissəsində qara rəngli borucuq olan şüşə lampa məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobildə axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-300/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-300/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver