Məhkəmə qərarları › İş №1(005)-303/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-303/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-303/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 4,745 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə naməlum mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, onun bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:50-də ünvan 2 ünvanında yerləşən “Neon” şadlıq sarayının həyətində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 17 fevral 2021-ci il tarixdə saat 16:34-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən ümumilikdə 4,745 qram təmiz çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 2,349 qram və 2,396 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, tanışları Əfqan, Aydın və Camal ilə birlikdə Nizami rayonu ərazisindəki “Neon” şadlıq sarayının həyətində dayandığı zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları həmin vaxt ona, Aydına, Əfqana və Camala demişlər ki, onların qanunsuz narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, qanunsuz odlu və soyuq silah gəzdirmələri barədə özlərində məlumat olduğu üçün onları saxlamış və şübhəli olduqları üçün onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində iki ədəd bükümdə psixotrop maddə olan «şüşə», yəni metamfetamin olmuşdur. Sonra isə hər birinin üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı onlara bildirilmiş, onlar etiraz etməmişlər. Daha sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə varsa çıxarıb təqdim etsin, o da etiraf edib bildirmişdir ki, üzərində «şüşə», yəni psixotrop maddə metamfetamin var. Bunun ardınca o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümlərdə olan metamfetamini, gödəkcəsinin sol içəri cibindən özünün 01 ədəd “Samsung” markalı mobil telefonunu, şalvarının sağ yan cibindən isə 22 manat şəxsi pulunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi həmin bükümləri də açıb baxmış və metamfetamini aşkar etmişlər. Ondan bu barədə soruşduqda bildirmişdir ki, həmin metamfetamini səhər saatlarında yaşadığı Lökbatan qəsəbəsi ərazisində, yaşadığı evə yaxın yerləşən avtobus dayanacağından tapmışdır və özü qəbul etmək üçün götürüb saxlamışdır. Polis əməkdaşları Baş idarədə onun üzərində şəxsi axtarış da aparmış, lakin başqa heç nə aşkar etməmiş, içərisində metamfetamin olan bükümləri götürüb zərfə qoyub möhürləmişlər. Ona məxsus 22 manat pulu da özünə qaytarmışlar, lakin “Samsurg” markalı mobil telefonunu götürmüşlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində X3, X6, X7 və Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də həmin şəxslərin üzərilərində şəxsi axtarış və götürmə aparılması proseslərində bilavasitə iştirak etmişdir. Belə ki, 17 fevral 2021-ci il tarixdə xidmət etdiyi Baş idarəyə adları qeyd olunan şəxslərin qanunsuz olaraq narkotik və psixotrop maddələr, hahelə odlu və soyuq silahlar, döyüş sursatları əldə edib saxlamaları, üzərilərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuş, özü həmin məlumatı xidmət etdiyi Baş idarənin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra həmin şəxslərin qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid6 həvalə olunmuşdur. Əməliyyat qrupunun digər üzvləri həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı həmin gün, yəni 17 fevral 2021-ci il tarixdə saat 12:50-də xarici əlamətlərinə görə Əfqan Quliyevə, Aydın Aydınlıya, Camal Həsənova və Təqsirləndirilən şəxs oxşar şəxsləri Nizami rayonunda yerləşən “Neon” şadlıq sarayının həyətində müəyyən edib onları dərhal saxlamışlar. Belə ki adları göstərilən şəxslərin həmin vaxt qeyd edilən şadlıq sarayının həyətində birlikdə olmaları barədə əlavə məlumat almışlar. Həmin şəxsləri saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim etmişlər. Sorğu sual zamanı saxlanılan həmin şəxslər də ardıcıl olaraq özlərini təqdim edib X9, X11, X12 və Təqsirləndirilən şəxs olduqlarını təsdiq etməklə anket məlumatlarını söyləmişlər. Özləri onlara saxlanılmalarının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla da tanış etmiş və dərhal da həmin şəxsləri özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarənin inzibati binasına gətiriləndən sonra Əfqan Quliyev, Aydın Aydınlı, Camal Həsənov və Təqsirləndirilən şəxs Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onların hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət edilib onlara təqdim olunmuşdur. Bundan sonra özü də daxil olmaqla əməliyyat qrupunun digər üzvlərinin və vəkillərin iştirakları ilə Əfqan Quliyevin, Aydın Aydınlının, Camal Həsənovun və Təqsirləndirilən şəxs üzərilərində birgə şəraitdə videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkəti aparılmağa başlanmışdır. Bu proses başlanmazdan əvvəl baş təhqiqatçı Mirata Seyidov tərəfindən həmin şəxslərə hüquq və vəzifələri izah olunmaqla müvafiq qərar da onlara elan olunmuşdur. Videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı əvvəlcə Əfqan Quliyevə təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxladığı əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Əfqan Quliyev də səmimi şəkildə bildirmişdir ki, əynindəki şalvarının arxa kəmər hissəsində özünün saxladığı bir ədəd tapançası var, həmçinin gödəkcəsinin cibində də “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin vardır. Bunu deyib Əfqan Quliyev əynindəki qara rəngli cins şalvarının kəmərinin arxa hissəsindən, gödəkcəsinin altında gizləldiyi bir ədəd gümüşü rəngli tapançanı, qara gödəkcəsinin sol içəri cibindən isə hər birinin içində ağ kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddələr olan 05 ədəd şəffaf sellofan bükümləri, eləcə də gödəkcəsinin sol yan cibindən özünün 02 ədəd “Samsung” markalı mobil telefonlarını və şalvarının sağ yan cibindəki 30 manat şəxsi pulunu çıxardıb baxışa təqdim etmişdir. Baxış keçirilən zaman həmin tapançanın üzərində model və nömrəsinin qeyd olunmadığı, lakin içərisində 07 ədəd patronları olan 01 ədəd sandıqçasının olduğu müəyyən edilmişdir. Həmçinin 05 ədəd şəffaf sellofan bükümlər də açılıb baxılmış, bükümlərin hər birinin içərisində metamfetaminə bənzər maddələr olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Əfqan Quliyev bildirmişdir ki, həmin tapançanı patronları ilə birlikdə 2012-ci ildə özünün mərhum qardaşı oğlu Amil Quliyevdən almışdır, odlu silaha marağı olduğu üçün sadəcə maraq xətrinə saxlamışdır. Əfqan Quliyev bükümlərdəki maddələr barədə isə bildirmişdir ki, həmin maddələr metamfetamindir, onu iki gün qabaq özü günorta saatlarında yaşadığı Xətai rayonu, S.Ə.Şirvani küçəsində 78 saylı binanın həyətindən təsadüfən tapmışdır, metamfetamini sadəcə hərdən özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır. X15 üzərində də şəxsi axtarış edilmiş, lakin başqa qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş həmin tapança sandıqçası və patronları ilə birlikdə, həmçinin metamfetamin olan bükümlər də götürülüb zərflərdə qablaşdırılmışdır. 30 manat şəxsi pulu Əfqan Quliyevin özünə qaytarılmış, 02 ədəd “Samsung” markalı mobil telefonları isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra proses davam etdirilərək eyni qaydada Camal Həsənova təklif olunmuşdur ki, üzərində, paltarlarının ciblərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Təklifdən sonra Camal Həsənov da səmimi bildirmişdir ki, üzərində bir ədəd bıçaq və “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin var. Bunu deyərək Camal Həsənov özü əynindəki qara rəngli cins şavarının sağ kəmər hissəsində gödəkçəsinin altında gizlətdiyi bir ədəd bıçağı, həmçinin qara rəngli gödəkçəsinin sağ içəri cibindən 05 ədəd şəffaf sellofan bükümlərdə metamfetaminə bənzər maddələri, gödəkçəsinin sol yan cibindən özünün 01 ədəd “İphone” markalı mobil telefonunu və şalvarının sağ yan cibindəki 30 manat pulunu çıxardıb təqdim etmişdir. Həmin bıçağa və 05 ədəd bükümlərdə olan maddələrə də açılıb baxış keçirilmiş, bükümlərdə həqiqətən də ağ kristal formalı metamfetaminə bənzər maddələr olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Camal Həsənov bildirmişdir ki, bükümlərdə olan metamfetamin maddəsini özü bir gün qabaq yaşadığı Xətai rayonunda, Qafqaz küçəsində, evinin yaxınlığında təsadüfən tapmışdır, özü qəbul etmək məqsədi ilə götürüb üzərində saxlamışdır, bıçağı isə sadəcə marağı olduğu üçün 8-ci kilometr qəsəbəsindəki bazardan almışdır. Camal Həsənovun üzərində də şəxsi axtarış edilmiş, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunmuş həmin bıçaq və metamfetaminə bənzər maddələr olan bükümlər isə götürülüb qablaşdırılmışdır. Camal Həsənovun 30 manat pulu onun özünə qaytarılmış, 01 ədəd “İphone” markalı mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs də təklif edilmişdir ki, üzərində, paltarlarının ciblərində hər hansı qanunsuz saxladığı əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs səmimi olaraq bildirmişdir ki, üzərində yalnız «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin var, təqdim edə bilər. Bunun ardınca Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə olan metamfetaminə bənzər maddələri, eləcə də gödəkçəsinin sol iç cibindən özünün 01 ədəd “Samsung” markalı mobil telefonunu, şalvarının sağ yan cibindən isə 22 manat pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər də açılıb baxış keçirilmiş, hər birinin içində kristal formalı metamfetaminə bənzər maddələr olduğu müəyyən edilmişdir. Bu barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 02 bükümdə olan metamfetamini özü elə həmin gün səhər saatlarında yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində evinin yaxınlığındakı avtobus dayanacağından tapıb götürmüşdür, ara-sıra özü qəbul etmək üçün üzərində saxlamışdır. Sonra üzərində şəxsi axtarış edilərkən Təqsirləndirilən şəxs başqa qanunsuz heç nə aşkar olunmamış, içərisində metamfetaminə bənzər maddələr olan həmin bükümlər də götürülüb zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs 22 manat pulu özünə qaytarılmış, lakin “Samsung” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Daha sonra eyni qaydada Aydın Aydınlıya da təklif edilmişdir ki, üzərində qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Aydın Aydınlı da bildirmişdir ki, üzərində özünün bir ədəd beşbarmaq aləti və narkotk maddə heroin vardır. Bunu deyərək Aydın Aydınlı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümlərdə heroinə bənzər maddələri, şalvarının arxa sağ cibindən isə dəmir materialdan olan beşbarmaq alətini, gödəkçəsinin sağ iç cibindən isə özünün bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonunu, eləcə də şalvarının sağ arxa cibindəki 17 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. Aydın Aydınlının təqdim etdiyi həmin bükümlər də açılıb baxış keçirildikdə hər birinin içərisində kəskin iyli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilmişdir, gümüşi rəngli beşbarmaq alətinə də baxış keçirilmişdir. Aydın Aydınlı bildirmişdir ki, özü həmin heroin bükümlərini bir gün qabaq axşam saatlarında Nərimanov rayonu ərazisində metrostansiyasının yaxınlığında “Ömər” adlı hansısa şəxsdən özü qəbul etmək üçün almışdır, öz istifadəsi üçün saxlamışdır, beşbarmaq alətini isə əvvəllər özü Pirşağı qəsəbəsində dəniz kənərında gəzişərkən təsadüfən tapmışdır. Üzərində əlavə şəxsi axtarış edilərkən Aydın Aydınlıdan başqa qanunsuz heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin beşbarmağ aləti və heroinə bənzər maddələr olan bükümlər də götürülüb qablaşdırılmış, 17 manat pulu Aydın Aydınlının özünə qaytarılmış, lakin mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sonda şəxsi axtarış və götürmə hərəkətləri baş çatmış elan olunaraq videoçəkiliş dayandırılmış, həyata keçirilmiş bu prosesə və aşkar edilənlərə dair baş təhqiqatçı Mirata Seyidov tərəfindən protokol yazılaraq iştirakçılara ucadan oxunmuş, özü və digər iştirakçılar da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid5 digər şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid6, Şahid3 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid6, Şahid3 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 59-cu vərəqində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 83-87-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, maddələri, odlu silahı, döyüş sursatları və soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sol iç cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibində olan 22 manat pulu çıxardıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixatrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 17.02.2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 24 ünvanının yaxınlığında yerləşən avtobus dayanacağından təsadüfən tapdığını və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 22 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin İ cildinin 162-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2021-ci il tarixli, 6/714 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,349 qr., 2,396 qr., ümumi təmiz çəkisi 4,745 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Cinayət işinin İİ cildinin 162-168-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 4(005)-202/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsrləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 17 fevral 2021-ci ildən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 173-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 25.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 267-ci vərəqində olan Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli, 13 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİİ cildinin 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair 19.04.2021-ci il tarixli, 1133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 273-304-cü vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi haqında” 28 may 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər X3, X7, X6 və Təqsirləndirilən şəxs hər birinin barələrində Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində ayrıca icraata ayrılacaq cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə yenidən ittiham elan olunması, X3, X6, Təqsirləndirilən şəxs və X7 üzərilərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşakr edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalan 4,545 qram metamfetaminin maddi sübut hesab edilməsi və maddi sübutlarla tanış olma mərhələsi başa çatdıqdan sonra saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddə metamfetaminin ümumi təmiz çəkisi 4,745 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - X3, X6, Təqsirləndirilən şəxs və X7 üzərilərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (09 ay 28 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,545 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan X3, X6, Təqsirləndirilən şəxs və X7 üzərilərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar