Məhkəmə qərarları › İş №1(005)-303/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-303/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-303/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax rayonunun Qırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağstafa rayonu, Qırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,416 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıyarkən 03 aprel 2022-ci il tarixdə, saat 02:50-də Nərimanov RPİ-nin PPXB-nün ərazidə xidmət aparan əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E 200” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə şübhəli şəxs qismində saxlanılıb, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və polis şöbəsində idarə etdiyi “Mercedes-Benz E 200” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman sürət qutusunun yanında plastik qabın içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,095 qr, 0,139 qr və 0,182 qr bükülüdə cəmi 0,416 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Bakı şəhərində idarə etdiyi “Mercedes-Benz E 200” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitəni mütəmadi olaraq “Nizami” metro stansiyasının yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Emin” adlı şəxsdən alırdı. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Emin” adlı şəxslə eyni yerdə görüşərək ondan 20 manat müqabilində narkotik vasitə olan “kokos” almışdır. Həmin narkotik vasitənin az bir hissəsini istifadə etmiş, qalan hissəni isə daha sonra istifadə etmək üçün idarə etdiyi avtomaşında saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhərə yaxın onunla eyni evdə qalan X7 ilə birlikdə idarə etdiyi avtomaşında əyləşdikləri zaman onlara polis əməkdaşları yaxınlaşaraq burada nə etdiklərini soruşmuşlar, onlar isə polis əməkdaşlarına maşında oturub söhbət etdiklərini, yaxınlıqda yaşadıqlarını bildirmişlər. Polis əməkdaşları onlara inanmamışlar və onları 18-ci PŞ-nə gətirmişlər. Bundan sonra Şöbədə onların üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onların üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilindən üç ədəd bükümdə narkotik vasitə aşkar olunmuşdur. Sonra bu barədə protokol tərtib olunmuşdur və protokol tərəfindən imzalanmışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Şahid2 və Şahid1 2 nəfər şübhəli şəxsi və onların “Mercedes- Benz E 200” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınını gətirərək PŞ-nə təhvil vermişlər. Şöbədə həmin şəxslərin şəxsiyyətləri müəyyən edilmiş, bundan sonra onların üzərində şəxsi axtarış və araşdırmanın aparılması təhqiqatçı Emin Quliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs və X5 üzərilərinə baxış keçirilməzdən əvvəl onlara üzərlərində olan əşyaları təqdim etmələri təklif olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs və X5 üzərlərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes-Benz E 200" markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının sürət qutusunun yanında plastik qabın içərisində olan 01 ədəd 1 manatlıq pul əskinası və 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar edilmişdir. Daha sonra avtomobildən 3 ədəd mobil telefon və bank kartı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomaşından aşkar edilmiş 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan «kakos» adı ilə tanınan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Nizami metrostansiyasının yaxınlığında anket məlumatını bilmədiyi, üzdən tanıdığı "Emin" adlı şəxsdən 20 manata özü qəbul etməkdən ötrü alıb idarə etdiyi "Mercedes-Benz E 200" markal **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru Şahid3 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən istifadə etdiyi “Samsung” markalı mobil telefonu təqdim etdi. Bundan sonra əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən heç bir digər əşya və ya predmet aşkar olunmamışdır. “Şübhəli şəxsin avtomobilində ərizə əsasında axtarış və götürmə aparılması haqqında” 03 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz E 200” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirildiyini, avtomaşının ön sol qapısı açıldıqda qapının saxlanc yerində, oturacağın üzərində, ayaqaltında, ön sağ qapı açıldıqda qapının saxlanc yerində heç bir şey aşkar olunmadı. Ayaqaltında taksi tablosu var idi. Sürət qutusunun yanında isə plastik qabın içərisində bükülü halda olan 1 manat pul əsginası olan və 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə olan “kokos” var idi. Avtomaşının saxlanc yerində isə istifadə etdiyi “Samsung Tab 3” markalı planşet, “Nokia” və “Sony Ericsson” markalı mobil telefonların, 4169 7385 9082 8459 nömrəli “Kapital banka” aid bank kartının, özünə məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin, AB 544810 seriya sürücülük vəsiqəsi və 01 ədəd alışqan var idi. Avtomaşının arxa sol qapısı açıldıqda oturacağın üzərində, ayaqaltında, həmçinin arxa sağ qapı açıldıqda oturacağın üzərində ayaqaltında və ön oturacaqlarının arxa ciblərində heç bir şey aşkar olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2022-ci il tarixli, 6/1788 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 44” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,095 qram, 0,139 qram, 0,182 qram ümumi təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. “Diskə baxış keçirilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “CD” formatlı diskə keçirilmiş baxış zamanı müəyyən edildi ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən istifadə etdiyi “Samsung” markalı mobil telefon aparatını çıxararaq masanın üzərinə qoyur və üzərində başqa heçnəyin olmadığını bildirir.Baxış zamanı müəyyən edildi ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntüdə polis şöbəsinin həyətində saxlanılmış etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E 200” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşının istifadə etdiyi “Samsung Tab 3” markalı planşet, “Nokia” və “Sony Ericsson” markalı mobil telefonların, 4169 7385 9082 8459 nömrəli “Kapital banka” aid bank kartının, özünə məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin, AB 544810 seriya sürücülük vəsiqəsi və 01 ədəd alışqan aşkar edilərək götürülür. Görüntüdə avtomaşının sürət qutusunun yanında plastik qabın içərisində bükülü halda olan 1 manat pul əskinası və 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə olan “kokos” adı ilə tanınan “heroinin” olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Nizami metro stansiyasının yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Emin” adlı şəxsdən aldığını öz istifadəsi üçün 20 manata alaraq avtomaşında saxladığını bildirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 04 aprel 2022-ci iil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin 04 aprel 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2022ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 05 aprel 2022-ci il tarixli, 1607 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb və qeydiyyatdan çıxarılıb. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilib. “Sübutların qiymətləndirilməsi haqqında” 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,326 qram narkotik vasitə heroinin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 03 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,326 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 31 iş saatına görə 186 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağstafa rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,326 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 iş saatına görə 186 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar