Məhkəmə qərarları › İş №1(005)-303/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-303/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-303/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa Şahid1 olaraq məlum olan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 10 manata əldə edib üzərində saxlayaraq 07 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığına daşımış, həmin tarixdə saat 21:40-da piyada olaraq ünvan 2 ünvanın yaxınlığında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİnin CAŞ-ın əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, burada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,495 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında bədənində ağrılar olduğu üçün əvvəldən tanıdığı Şahid1 ilə istifadəsində olan mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır və öz istifadəsi üçün 1 büküm metamfetamin istəmişdir. Daha sonra onlar Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında görüşmək qərarına gəlmişlər və xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində danışdıqları yerdə görüşərək Şahid1 10 manat qarşılığında 1 büküm metamfetamin almış və üzərində saxlamışdır. Həmin gün, saat 21 radələrində tanışı X9 ilə birlikdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 10 saylı ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişlər. İdarəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vsitəsi ilə qeydə alınmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanısa da, ona hər hansı bir metamfetamin satmamışdır. Lakin, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran vətəndaşı Adəm adlı şəxslə tanış olmuşdur. Adəm adlı şəxs Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin köməkliyi ilə ölkə ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə ona məlumat vermişdir. Onun şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almağa pulu olmadığından narkotik vasitə və psixotrop maddə əldə etmək üçün Adəm ilə işləmək istəmişdir. Bu səbəbdən, 2022-ci ilin aprel ayında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Adəm adlı şəxsin nömrəsinə zəng edərək, sonuncu ilə əlaqə saxlamışdır. O, Adəmə iş görmək istəməyini bildirmişdir. Onların görəcəkləri iş prinsipinə əsasən Adəm ona satmaq üçün narkotik vasitə və psixotrop maddə göndərməliymiş, o da, onları sataraq pulunu Adəmə göndərməliymiş, əvəzində isə hər dəfə ona bir qisim narkotik vasitə və ya psixotrop maddə qalacaqdı. Adəm narkotik vasitə və psixotrop maddə göndərən zaman narkotik vasitə və ya psixotrop maddənin hara qoyulmasını ona deyirdi, o da gedib oradan götürürdü. 05 yanvar 2023-cü il tarixdə o, Adəmin qeyd etdiyi yerdən təxminən, saat 01 radələrində içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı götürüb Nərimanov rayonu ərazisində yerləşən “ALP ınn” otelin 302 saylı otağına aparmışdır. O, narkotik vasitə və psixotrop maddədən çox az bir qismini satış məqsədi ilə bükümlər halında hazırlamışdır. Təqsirləndirilən şəxs 10 manatlıq psixotrop maddə almaq istəmişdir. 07 yanvar 2023-cii il tarixdə, saat 17 radələrində “Nərimanov” metrostansiyasının yaxınlığında Rəsul ilə görüşüb, sonuncuya 10 manat qarşılığında 1 bükümdə psixotrop maddə satmışdır. Bundan sonra “ALP ınn” otelə gedib otağına qalxmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs bədənində ağrılar olduğu üçün o, istifadə etməsi üçün Təqsirləndirilən şəxs 1 bükümdə narkotik vasitə vermişdir. Daha sonra, onlar birlikdə gəzmək üçün çölə çıxmışlar. 07 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 4 ünvanın yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişlər. İdarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolu olmadığından əynindəki qara rəngli cins şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sağ yan cibindən “Apple” markalı, “ıPhone 7 modelli mobil telefonunu, sol yan cibindən isə müvəqqəti olaraq qaldığı “ALP ınn” otelinin 302 saylı otağının giriş kartını təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, polis əməkdaşlarının təklifi ilə razılığı əsasında müvəqqəti olaraq qaldığı Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi 82B-də yerləşən “ALP ınn” otelin 302 saylı otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdakı qəhvəyi rəngli masanın üzərində bükümlər halında olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzi və bıçaq aşkar olunmuşdur. Bununla yanaşı, baxış zamanı dolabda saxladığı qara rəngli əl çantasında olan narkotik vasitə də, aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən otaqda yenə əlavə axtarış keçirilmişdir. Bu zaman otaqdan hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən baxış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçisi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Baxış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞın kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2 və Şahid4la xidməti zərurətlə əlaqədar olaraq Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 10 saylı ünvanın yaxınlığında olduqları zaman, iki nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduqlarını görüb onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edərək Nərimanov RPİnin CAŞ-ın əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduqlarını soruşmuşlar. Lakin, həmin şəxslərin hərəkətlərində özlərini şübhəli apardıqlarını görmüşlər. Özlərini təqdim etməsini təklif edən zaman həmin şəxslər danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışıqlarından narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olduqlarından və üzərilərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnib - onları Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsləri o, Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2 və Şahid4la birlikdə xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirərək həmin şəxslərin Təqsirləndirilən şəxs və X9 olmasını müəyyən etmişlər. Bu barədə raportla idarənin rəisinə məruzə eldikdən sonra, raportun icrası Nərimanov RPİ-nin TŞ-in təhqiqatçısı Toğrul Məmmədova həvalə edilmişdir. Bundan sonra X4 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək X8 təqdim edilmiş və X9 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X4 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. X9 üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. X9 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni 07 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğu üçün “Nərimanov” metrostansiyasının yaxınlığında tanışı Şahid1 öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən X4 üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən X4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün X9 və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X4 üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zurnan başqa çıxış yolunun olmadığını görərək əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 07 yanvar 2023-ci il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğu üçün “Nərimanov” metrostansiyasının yaxınlığında tanışı Şahid1 öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları Şahid2 və Şahid4 Müşfiq oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid4 Müşfiq oğlunun ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 71-72-ci vərəqələrində olan “Tutma haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 79-80-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 07 yanvar 2023-ci il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğu üçün Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında tanışı Şahid1 öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin İ cildinin 176-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8 yanvar 2023-cü il tarixli, 6/98 nömrəli rəydən görünür ki tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N44” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,495 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin, vətəndaş Şahid1 aşkar edilmiş metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Cinayət işinin İİ cildinin 14-15-ci vərəqələrində olan ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl, Qudadlı və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin İİ cildinin 75-77-ci vərəqələrində olan “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məkəməyə təqdimat verilməsi haqqında vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5 09 yanvar 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 102-103-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçiləsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 153-cü vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskin üzərində əlyazma ilə «xx.xx.2023», «Təqsirləndirilən şəxs» və «Nərimanov RPİ» sözləri yazılmışdır. «HP 2011 x» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 07 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində bədənində ağrılar olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında tanışı Şahid1 öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin İİ cildinin 186-189-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aşkar edilmiş ümumilikdə 2502,853 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,912 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzi və bıçağın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin narkotik vasitələr və psixotrop maddələrin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissələri, həmçinin 1 gümüşü rəngli elektron tərəzi və bıçağın cinayət işinə əlavə edilməsi və saxlanınılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 224-225-ci vərəqələrində olan olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ cildinin 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 1018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 61-72-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəzsi axtarış və götürülmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,495 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, Cəbrayıl, Qudadlı və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.445 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar