Məhkəmə qərarları › İş №1(005)-305/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-305/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-305/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirən zaman Təqsirləndirilən şəxs bildirdi ki, o, Qazaxıstan Respublikasının vətəndaşıdır, təhsilini rus dilində almış və rus dili sektorunda müəlliməliklə məşğul olmuşdur. Rus dillidir, həmin dildə danışmaq və yazmaq ona rahatdır. Azərbaycan dilində danışılanları çox az başa düşür, amma bu dildə sərbəst danışa və ya yaza bilmir, yəni azərbaycan dilində yazılan sənədləri oxuyub başa düşmür. İstintaq zamanı müstəntiq özü rusdilli olduğundan onunla rus dilində danışmış, onunla istintaq hərəkətləri aparılan zaman tərcüməçi iştirak etməmişdir. Yalnız istintaqın sonunda müstəntiq qapıda dayanan bir nəfər şəxsi ona təqdim edərək həmin şəxsin tərcüməçi olduğunu, işin bütün materiallarının onun tərəfindən tərcümə ediləcəyini bildirmişdir. O, iş materialları ilə tanış olmayıb, ittiham aktının surəti heç bir dildə ona təqdim olunmamışdır. Nədə ittiham olunduğunu belə dəqiq bilmir, ümumi şəkildə bilir ki, nəyə görə müstəntiq onu çağırıb. Ancaq ona qarşı irəli sürülmüş ittihamın mahiyyətindən xəbəri yoxdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Axmadjanovnanın CM-in 178.2.1,178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirli bilinir ondan ötrü ki, qabaqcadan bir qrup şəxslərlə əlbir olaraq, dəfələrlə, xeyli miqdarda, etibardan sui-istafadə etməklə vətəndaşların şəxsi əmlaklarını mənimsəmişdir. Hesab edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (bundan sonra - CPM) ilə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmədə istintaqın əvvəlindən onun müdafiə hüququnun pozulduğu və vaxtında vəkil ilə təmin olunmadığı müəyyən edildi. Bundan əlavə, Təqsirləndirilən şəxs vaxtında tərcüməçi təqdim edilməmişdir. Həm də, Təqsirləndirilən şəxs ittiham aktı vaxtında nə rus dilində, nə də azərbaycan dilində çatdırılmışdır. Nəticədə Təqsirləndirilən şəxs nədə ittiham olunduğunu bilmir. Bütün bunları istintaq orqanı tərəfindən yol verilən kobud prosessual pozuntular hesab edir. Hesab edir ki, iş istintaqa prosessual rəhbərliyi həyata keçirən orqana yenidən göndərilməlidir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin mdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsinə etiraz etdi və bildirdi ki, cinayət işini materiallarından göründüyü kimi istintaqın bütün mərhələsində tərcüməçi iştirak etmiş və bütün sənədlərə təqsirləndirilən şəxslə bərabər o da imza etmişdir. Təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin olunmaması barədə dəlilləri əsassızdır və heç bir sübutla öz təsdini tapmır. Vəsatətin rədd edilməsini və cinayət işinin baxılması üçün məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16 ayrı-ayrılıqda təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin rədd edilməsini və cinayət işinin baxılması üçün məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısının təşəbbüsü ilə dindirilmiş tərcüməçi X3 bildirdi ki, o, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə tərcüməçi qismində 4 dəfə - Təqsirləndirilən şəxs şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən, ibtidai istintaqın qurtarması ona elan olunarkən və iş materialları ilə tanış olarkən iştirak etmiş və ona tərcüməçi kimi xidmət göstərmişdir. İş materiallarının da tərcümə olunması onun tərəfindən aparılmış, lakin bəzi hüquqi terminləri dəqiq bilmədiyi üçün tərcümə zamanı başqa şəxsin də köməyindən istifadə edərək iş materiallarını tərcümə etmişdir. Verilən suallara cavab olaraq X3 bildirdi ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olması 1 saat yarımdan artıq, təxminən 2 saat çəkmişdir, yəni beş saat heç bir halda çəkə bilməzdi. Həmin vaxt o da iştirak edərək Təqsirləndirilən şəxs başa düşmədiyi bütün məqamları tərcümə etmişdir. Müstəntiq özü rusdilli olduğundan Təqsirləndirilən şəxs ilə rus dilində danışırdı. Təqsirləndirilən şəxs rus dilində danışdığı üçün ifadəsini də rus dilində vermişdir. Yəni, Təqsirləndirilən şəxs azərbaycan dilində danışmaq və yazmaqda çətinlik çəkmişdir. Məhkəmə, hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək və verilmiş vəsatətin dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Əlibala Hacıyev tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət təqibi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinə əsasən hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. CPM-in: 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: - cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək; - ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək; 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir; 91.5.11, 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. Cinayət işinin materiallarından göründüyü kimi: 04 noyabr 2020-ci il tarixli qərarla X3 tərcüməçi qismində dəvət edimiş və onun cinayət prosesində iştirakının təmin edilməsi qərara alınmışdır (cild İ,161-ci vərəq); 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə istintaq orqanına müraciət edərək rus dlini mükəmməl bildiyi üçün rus dilli tərcüməçi dəvət edilməsini xahiş etmişdir (cild İ, 148-ci vərəq); 25 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmişdir. Şahidin dindirilməsi protokolundan göründüyü kimi, ifadə azərbaycan dilində kompyuterdə çap edilmiş, təqsirləndirilən şəxs, tərcüməçi tərəfindən imzalanmışdır. Protokolda “tərcüməçinin iştirakı ilə ucadan oxunması, əlavə və düzəliş daxil olmaması, doğruluğunun imzalarla təsdiq olunması” qeyd olunmuşdur (cild İİ, 151- 156-ci vərəq); 14 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi protokolundan göründüyü kimi, ifadə azərbaycan dilində kompyuterdə çap edilmiş, təqsirləndirilən şəxs, tərcüməçi tərəfindən imzalanmışdır. Protokolda “tərcüməçinin iştirakı ilə ucadan oxunması, əlavə və düzəliş daxil olmaması, doğruluğunun imzalarla təsdiq olunması” qeyd olunmuşdur (cild İV, 32-37-ci vərəq); “Qətimkan tədbiri seçilməsi haqqında” 14 iyun 2021-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilən qərar Təqsirləndirilən şəxs bildiyi dilə tərcümə edilməmişdir (cild İV, 38-ci vərəq); 14 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam”a imza etmişdir. Göstərilən sənəd rus dilinə tərcümə edilməmişdir (cild İV, 40-cı vərəq). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azərbaycan dilini bilmədiyi və bu dildə yazıb oxuya bilmədiyi halda, şahid qismində, həmçinin təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini azərbaycan dilində verə və ya azərbaycan dilində yazılmış ifadəni oxuyaraq başa düşə bilməzdi. X4 göstərilən ifadələrin onun tərəfindən tərcümə edildiyini bildirsə də, bu iş materialları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs bildiyi dildə sərbəst olaraq ifadə verməli və həmin ifadəni də oxuyaraq imza etməli, sonra bu ifadə tərcüməçi tərəfindən cinayət prosesinin aparıldığı dilə tərcümə olunaraq iş materiallarına əlavə edilməli idi. Həmçinin, qətimkan tədbirinin seçilməsi barədə qərar, başqa yerə getməmək haqqında iltizam kimi prosessual sənədlər ümumiyyətlə Təqsirləndirilən şəxs bildiyi dilə tərcümə olunmamışdır. Bu isə Təqsirləndirilən şəxs həmin sənədlərin məzmunundan xəbəri olmadığını, sözügedən sənədləri formal olaraq imzaladığını təsdiq edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs dedikdə, cinayət mühakimə icraatının aparıldığı yazılı və şifahi nitqi bilməyən şəxs başa düşülür. Təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs olduğu üçün, qanunvericiliyin tələbinə əsasən bütün prosessual sənədlər ona bildiyi dilə tərcümə olunaraq və tərcüməçi tərəfindən imzalanmaqla təqdim edilməli, həmçinin ifadə verərkən yalnız bildiyi dildə ifadə verməli, ümumiyyətlə onunla aparılan bütün prosessual hərəkətlərdə tərcüməçinin iştirakı təmin edilməli idi. Lakin məhkəmə hazırlıq iclasında müəyyən edildiyi və cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə prosessual sənədlər Təqsirləndirilən şəxs bildiyi dilə tərcümə olunmamış, ona azərbaycan dilində olan həmin sənədlərə imza etdirilmişdir. CPM-in: 99.1-ci maddəsinə əsasən tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər; 99.2-ci maddəsinə əsasən tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili və tərcümə olunan dili də sərbəst bilməlidir. Məhkəmə iclasında tərcüməçi X3 iş materiallarında olan sənədləri tərcümə edərkən, bəzi hüquqi terminləri başa düşmədiyi üçün digər şəxsin köməyindən istifadə etdiyini bildirmişdir ki, bu da onun tərcümə olunan dili sərbəst bilməsini şübhə altına alır. Həmçinin istintaqı aparan müstəntiq rus dilini bilsə belə, üzərinə tərcüməçi vəzifəsini götürə bilməzdi. Təqsirləndirilən şəxsin və tərcüməçinin izahatından göründüyü, istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsi dindirərkən rus dilində danışmış, yəni CPM-in 92.2ci maddəsinin tələblərini pozaraq tərcüməçi vəzifəsini qismən də olsa, öz üzərinə götürmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 18 iyun 2021-ci il tarixli protokolda tanış olmanın saat 09:10-da başlandığı, saat 16:35-də başa çatdığı, yəni 7 saatdan çox davam etdiyi göstərilsə də, tərcüməçi X3 tanış olmanın təxminən 2 saat çəkdiyini, bu prosesin heç bir halda 5 saat olmadığını bildirmişdir. Bu isə tərcüməçinin təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olan zaman həqiqətən də iştirak etməsini şübhə altına alır. Təqsirləndirilən şəxs ittiham aktının surətini almadığı barədə dəlilləri də məhkəmə hazırlıq iclasında öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ittiham aktının və onun tərcümə olunmuş surətini alması barədə hər hansı sənəd mövcud deyildir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı ittiham aktının surətini almadığını bildirmiş və həmin sənəd ona rəsmi qaydada məhkəmə tərəfindən hazırlıq iclasında təqdim edilmişdir. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, o cümlədən bildiyi dildən və tərcüməçinin köməyindən istifadə etmək kimi hüquqları aradan qaldırılmayacaq dərəcədə əsaslı və kobud şəkildə pozulmuşdur. İstintaqı aparmış müstəntiq tərəfindən Təqsirləndirilən şəxs bildiyi dildə sərbəst ifadə vermək, cinayət mühakimə icraatının aparıldığı və tərcümə olunan dili sərbəst bilən tərcüməçinin köməyindən istifadə etmək, prosessual sənədlərin, həmçinin ittiham aktının bildiyi dilə tərcümə olunmuş surətini almaq kimi hüquqları kobud şəkildə pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (sübutların mümkünlüyü). İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125-ci maddəsi). Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı CPM-in cinayət mühakimə icraatının aparıldığı dil prinsipinin (maddə 26), həmçinin digər şərtlərinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olur (CPM-in 9.2-ci maddəsi). CPM-in: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3, 303.3.2 və 303.3.7-ci maddəsinə əsasan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 306.1, 306.1.1, 306.1.2 və 306.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilməli, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Əlibala Hacıyev məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verdiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ibtidai istintaq zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Əlibala Hacıyev barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar