Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-305/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X1 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2024-cü ilin iyun ayında sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs ilə sevgi münasibəti görüntüsü yaradaraq sonuncunun çılpaq foto və video görüntülərini “Whatsapp” ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ələ keçirməyə nail olduqdan sonra həmin fotogörüntünü və videogörüntünü sosial şəbəkə vasitəsilə internet üzərindən yayıb ictimailəşdirəcəyi və ailə üzvlərinə göstərəcəyi, bu şəkildə onu rüsvay edəcəyi barədə Zərərçəkmiş şəxs hədəqorxu gəlib onun barəsindəki həmin rüsvayedici məlumatların yayılmaması qarşılığında ondan yaşadığı ünvan 1 ünvanından 10 mart 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma və mübadilə sistemi vasitəsi ilə telefon əlaqəsi saxlayıb hədə-qorxu yolu ilə 300 manat pul tələb etdikdən sonra Zərərçəkmiş şəxs tərəfindən 11 mart 2025-ci il tarixdə 50 manat məbləğində pul vəsaitini “Birbank” mobil tətbiqi vasitəsi ilə istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5522 0993 6322 5590 nömrəli bank kartına göndərilmək üsulu ilə, daha sonra, 13 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalından özünün bildirdiyi istintaqa məlum olmayan kart hesabına 50 manat məbləğində pul vəsaitini göndərilmək üsulu ilə hədə-qorxu yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 100 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə məhkəməyə verilməsini, işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə aid olmasını, işin dayandırılması, yaxud xitam edilməsi üçün heç bir əsasın olmamasını bildirmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin bitməsini nəzərə alaraq, onun barəsində “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasını və işin məhkəmə baxışına təyin edilməsini təklif etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona hədə-qorxu gəldiyi vaxtda Binəqədi rayonunda yerləşən mənzilində olduğunu və sonuncu dəfə pul vəsaitini də məhz həmin ərazidə yerləşən ödəniş terminallarından biri vasitəsilə göndərdiyini qeyd edərək işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X3 işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, hədəqorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, cinayət prosesi tərəflərinin mövqelərini dinləyərək, iş materiallarını hərtərəfli və tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir və işin baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bu nəticə aşağıdakı hüquqi və faktiki əsaslarla şərtləndirilir: Cinayətin törədilmə yeri və məhkəmə aidiyyətinin fundamental prinsipləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bu, ədalət mühakiməsinin fundamental prinsiplərindən olan qanunla müəyyən edilmiş məhkəməyə aidiyyət prinsipinin (Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi) təzahürüdür. Cinayətin törədilmə yerinin düzgün müəyyən edilməsi, iş üzrə sübutların toplanması və tədqiqinin effektivliyi, proses iştirakçılarının hüquqlarının təminatı və nəticə etibarilə ədalətli məhkəmə araşdırması hüququnun reallaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə cinayətkar əməlin (actus reus) başlanğıc nöqtəsi (təqsirləndirilən şəxsin hədəni ifadə etdiyi yer - Ağstafa şəhəri) ilə onun tamamlanma (başa çatma) nöqtəsi (zərərçəkmiş şəxsin hədəni qəbul etdiyi və onun təsiri altında tələb olunan hərəkətlərin bir hissəsini icra etdiyi yer - Bakı şəhəri, Binəqədi rayonu) arasında məkan fərqi mövcuddur. Belə hallarda, cinayətin törədilmə yerinin müəyyən edilməsi üçün cinayət tərkibinin hüquqi təbiəti və onun başa çatma anı təhlil edilməlidir. Hədə-qorxu ilə tələb etmə cinayətin hüquqi təbiəti və başa çatma anı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə, öz hüquqi təbiətinə görə formal tərkibli cinayətdir. Bu o deməkdir ki, cinayətin başa çatması üçün tələb olunan əmlakın və ya əmlak hüquqlarının təqsirkara faktiki verilməsi şərt deyil. Cinayət, qanunda göstərilən hərəkətlərin özünün icra edildiyi andan bitmiş hesab olunur. Bu məsələyə aydınlığı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hədəqorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli Qərarının 3-1-ci bəndi gətirir. Həmin bəndə əsasən, "Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq ... tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir." Hədə-qorxu ilə tələb etmə kommunikativ xarakterli bir aktdır. O, təqsirkarın şüurunda yaranan niyyətin zərərçəkmişin şüuruna çatdırılması ilə tamamlanır. Tələbin və onu müşayiət edən hədənin zərərçəkmiş tərəfindən qavranılması, onda qorxu və həyəcan hissi yaratması və iradəsinə psixoloji təsir göstərməsi, cinayətin obyektiv tərəfinin tamamlayıcı və zəruri elementidir. Ağstafa şəhərində göndərilən ani mesajlar (Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə) cinayətin başlanğıc fazasıdır. Cinayət özü isə zərərçəkmiş Zərərçəkmiş şəxs tələbi qəbul etdiyi, onun təsiri altına düşdüyü, qorxu və həyəcan keçirdiyi, bunun nəticəsində 13 mart 2025-ci il tarixdə "MilliÖn" ödəmə terminalından pul vəsaitini köçürdüyü (cinayətin başa çatması üçün əhəmiyyət kəsb etmir) Bakı şəhəri, Binəqədi rayonu ərazisində başa çatmışdır. Beləliklə, cinayətin törədildiyi yer məhz Binəqədi rayonudur. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri məsələsinin həlli: Məhkəmənin hazırlıq iclasında, CPM-nin 299.3.5-ci maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin taleyi ilə bağlı məsələyə baxılması məcburidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbirinin müddəti 18 iyul 2025-ci il tarixdə başa çatır. Cinayət işinin məhkəmə aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi, orada icraata qəbul edilməsi və məhkəmə hazırlıq iclasının təyin edilməsi müəyyən prosessual müddət tələb etdiyindən, təqsirləndirilən şəxsin məhkəmədən gizlənə biləcəyi və ədalət mühakiməsinin həyata keçirilməsinə mane ola biləcəyi ehtimalı aradan qalxmır. CPM-nin 174.2-ci maddəsinə əsasən, məhkəmə işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraat zamanı tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq etmək, dəyişdirmək və ya ləğv etmək səlahiyyətinə malikdir. Məhkəmə, mövcud vəziyyətdə işin digər məhkəməyə göndərilməsi ilə əlaqədar olaraq, ədalət mühakiməsinin məqsədlərinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını zəruri və əsaslı hesab edir. Bu qərar işə Binəqədi Rayon Məhkəməsində baxılana və həmin məhkəmə tərəfindən qətimkan tədbiri ilə bağlı yeni qərar qəbul edilənədək qüvvədə qalmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, ittihamda qeyd olunan əməl Təqsirləndirilən şəxs tərəfindən Binəqədi rayonunun ərazisində törədildiyindən (hədə çatdırıldığından), hazırkı cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işinin aidiyyəti məhkəməyə göndərilməsi barədə məsələ CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-305/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-305/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver