Məhkəmə qərarları › İş №1(005)-306/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-306/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-306/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR-nın Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR-nın Babək rayonu Zeynəddin kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünün narkotik vasitəyə olan təlabatını ödəmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla, təmiz çəkisi 0,349 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvanına daşımış, 31 mart 2024-cü il tarixdə gecə saat 00:50-də Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən o, ünvan 2 ünvanında saxlanılaraq ünvan 4rimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş və həmin şöbənin inzibati binasının xidməti otağında üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəfaf sellofan kəsiyi bükümündə xeyli miqdarda 0,349 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə təqsirli bilmiş və bildirmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. 29 mart 2024-cü il tarixdə təxminən axşam saatlarında öz istifadəsi üçün “İnstagram” sosial şəbəkəsində olan xarici nömrə ilə istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə əlaqə saxlayaraq, 30 manata heroin sifariş etdiyini bildirmişdir. Həmçinin adını bilmədiyi naməlum şəxsə həmin vaxt Sumqayıt şəhərində olduğunu bildirdiyini vəm bundan sonra həmin naməlum şəxsin ona göndərmiş olduğu hal-hazırda xatırlamadığı və həmin xarici mobil telefonu yaddaşından sildiyi hesab nömrəsinə 30 manat pulu göndərdikdən sonra həmin naməlum şəxs sifariş etmiş olduğu heroinin Sumqayıt şəhəri, Sumqayıt şəhər avtovağzalın yaxınlığında daşın altına qoyduğu yerin şəkillərini və konumunu “Whatapps” ilə ona göndərdiyini, daha sonra qeyd olunan yerə gedərək oradan həmin 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini götürüb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 31 mart 2024-cü il tarixdə saat 00:50 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edib, ondan şübhələndiklərini, kim olduğunu soruşduqda, o, özünü itirdiyini və həmin vaxtı az miqdarda narkotik vasitə təsiri altında olduğundan onlar onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etdiklərini bildirmişdir. O, onlarla birlikdə polis bölməsinə gəlmiş, xidməti otaqda təhqiqatşı tərəfindən şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinun izah edildiyini, onun xahişi ilə dövlət hesabına müdafiəçi dəvət edildiyini bildirmişdir. Şəxsi- axtarışın başlanıldığını, sonra ona üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu təqdim edilməsi təklif edildiyini, o, da könüllü surətdə əynindəki qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus “Samsung A2” markalı mobil telefonumu və sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf selofana bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. İçərisində narkotik vasitə olan bir ədəd bükümdə heroin olduğunu bildirdiyini və sonra həmin büküm polis tərəfindən qablaşdırılaraq protokola əlavə edildiyini və iştirakçılarla bərabər o, da protokolun doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni özünün istifadə etmək məqsədilə əldə etdiyini, təxminən bir ildir narkotik vasitə istifadə etməsini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını, yəni həmin şəxsin adını, onunla bağlı digər məlumatları bilmədiyini demişdir. O, onunla yalnız yadında saxlamadığı “İnstagram” sosial şəbəkəsində tanış olduğunu, həmin şəxsə aid xarici nömrə ilə əlaqə saxladığını və sonradan həmin yazışmaları özünün təhlükəsizliyi məqsədi ilə sildiyini bildirmişdir. O etdiyi əmələ görə peşmandır. O, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamış, əldə etdiyi narkotik vasitədən heç kəsə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nazım oğlu bildirmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 31 mart 2024-cü il tarixdə saat 00:50 radələrində o, 16-cı PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə xidməti ərazidə olduğu zaman ünvan 7 ünvanın qarşısında əvvəllər tanımadığı bir nəfər şəxsin yerişi, davranışları və hərəkətləri onun narkotik vasitə aludəçisi olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi yaratdığından, ona yaxınlaşaraq özlərini təqdim edib və ondan özünü təqdim etməsini xahiş etdiklərini bildirmişdir. O da özünü təqdim etdikdən sonra, ona verilən suallara rabitəsiz cavab verməsi onun narkotik vasitə aludəçisi olmaqla yanaşı üzərində narkotik vasitələrin ola biləcəyi şübhəsi olduğundan, üzərinə şəxsi - axtarış keçirilməsi üçün 16-cı PŞ-nə dəvət etdiklərini bildirmişdir. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədiyini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində onun onun anket məlumatlarının müəyyən edildiyini və bununla bağlı raportla şöbənin rəhbərliyinə məruzə edildiyini bildirmişdir. Bundan sonra həmin şəxs şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələrinin izah edildiyini, üzərinə video - çəkilişlə şəxsi-axtarış və götürmə aparılacağı bildirildiyini, onun hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə müdafiəçi xidmətindən istifadə etmə hüququnun olması izah edilməklə, onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi təyin edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış keçiriləcəyinə dair qərarla tanış edildiyini və o, buna etiraz etmədiyini, polis şöbəsinin xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi - axtarışa başlanıldığını bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qeyri- qanuni əşya və ya maddə varsa könüllü təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung-A2” markalı mobil telefonu və sağ yan cibindən içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan toz şəkilli maddə olan şəffaf selofanana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qablaşdırıldığını və möhürləndiyini, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalandığını demişdir. Bundan başqa üzərində heç bir qiymətli əşya, pul və ya predmetin olmadığını, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə “kakos” adlanan heroin olduğunu və onu 29 mart 2024-cü il tarixdə sosial şəbəkədə onlayın olaraq 30 manat pul göndərdiyi tanımadığı şəxs tərəfindən onun mobil telefonuna vatçap proqramı vasitəsi ilə heroin bükümünün şəkillərini göndərdikdən sonra, o, narkotik vasitəni Sumqayıt şəhərində olan avtovağzalın yanında daşın altından götürüb əldə etdiyini bildirdiyini demişdir. Sonra həmin narkotik vasitədən bir az istifadə etdikdən sonra qalanını sonra istifadə etmək məqsədi ilə şalvarının cibində saxladığını demişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə və telefon iş üçün əhəmiyyət kəsb etdiyinə görə əşyayı dəlil kimi götürülərək təhqiqatçı tərəfindən qablaşdırıldığını və DİN-nin 218 nömrəli möhürü ilə möhürləndiyini demişdir. Daha sonra bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokolun ucadan oxunduğunu və iştirakçılarla birlikdə protokolun doğruluğunu imzaları ilə təsdiq edildiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 Nazım oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA-üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş 31 mart 204-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 00:50 radələrində PŞ-nin CA-üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə inzibatı ərazidə olarkən ünvan 8 ünvanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını gördüklərini, və bu səbəbdən ona yaxınlaşaraq, özlərini təqdim edib 16-cı PŞ-nin əməkdaşları olduqlarını, bundan sonra həmin şəxs özünü təqdim etməsini istədikdə, onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələdiklərinə görə onu 16-cı PŞ-nə dəvət etiklərini, polis şöbəsində həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü Naxçıvan MR-nın Babək rayonunun Zeynəddin kəndində qeydiyyatda olduğu və ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, daha sonra onun barəsində araşdırma aparılması üçün şöbənin rəhbərliyinə məruzə edildiyi qeyd olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" 31 mart 2024-cü il tarixli protokoldan şəxsi - axtarış və götürmə protokoluna əlavə edilmiş və həmin şəxsi- axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs, hüquq və vəzifələri izah edildiyi, müdafiəçisinin iştirakı ilə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü təqdim etməsi təklif olunduğu, Nərimanov RPİ-nin 16-cı PŞnin əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarışın başlanıldığı müşahidə edildi. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung-A2” markalı mobil telefonu və sağ yan cibindən içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan toz şəkilli maddə olan şəffaf selofanana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etdiyi, aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırıldığı və möhürləndiyi, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalandığı, bundan başqa üzərində heç bir qiymətli əşya, pul və ya pcrcdmetin olmadığı, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə “kakos” adlanan heroin olduğunu və onu 29 mart 2024-cü il tarixdə sosial şəbəkədə onlayın olaraq 30 manat pul göndərdiyi tanımadığı şəxs tərəfindən onun mobil telefonuna vatçap proqramı vasitəsi ilə heroin bükümünün şəkillərini göndərdikdən sonra, o, narkotik vasitəni Sumqayıt şəhərində olan avtovağzalın yanında daşın altından götürüb əldə etdiyini bildirdiyi, həmin narkotik vasitədən bir az istifadə etdikdən sonra qalanını sonra istifadə etmək məqsədi ilə şalvarının cibində saxladığını dediyi qeyd olunmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtanş və götürmə protokolunda hər hansı bir qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 42 dairəvi möhür əksləri olan, «Şübhəli şəxs: imza Təqsirləndirilən şəxs...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,349 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi-0,349 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,299 qram. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 05 aprel 2024-cü il tarixli, 2217 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi” haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,349 qram narkotik vasitəheroinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, heroindən ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra qalan 0,299 qram hissəsinin məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,349 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini və peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (31 mart-01 aprel 2024-cü il 1 sutkadan çox,) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,299 qram olan narkotik vasitə-heroin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş ) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar