Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-307/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetimin əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,444 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 27 fevral 2024-cü il tarixdə saat 22:40 radələrində ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində saxlamış olduğu salfetə bükülmüş 04 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,116 qram, 0,022 qram, 0,115 qram və lampaya bənzər predmetin şüşə qırıntılarının üzərindən ayrılaraq təmiz çəkisi 0,021 qram olduğu müəyyən edilən ümumi təmiz çəkisi 0,444 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə metamfetimdən istifadə edir. Sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə təsadüfən tanış olmuşdur. Həmin şəxslə sosial şəbəkə vasitəsi ilə danışan zaman onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrənmişdir. Həmin şəxs onun da narkotik vasitə istifadəçisi olduğunu bildikdən sonra Bakı şəhərində müxtəlif yerlərə qoymaqla ona narkotik vasitə sata biləcəyini bildirmişdir. Razılaşmalarına əsasən həmin şəxs narkotik vasitənin gizlədildiyi yerin məkan məlumatlarını ona sosial şəbəkə vasitəsi ilə göndərəcəkmiş, o da həmin narkotik vasitənin pulunu onun dediyi bank kartına göndərib, daha sonra narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürəcəkmiş. Beləliklə də, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən həmin şəxslə danışıqları zamanı ondan 30 manatlıq psixotrop maddə metmafetmin istəmişdir. Həmin şəxs isə 30 manat qarşılığında təxminən yarım qram çəkidə psixotrop maddə metamfetamin verə biləcəyini və həmin metamfetimini xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən götürməli olduğunu bildirmişdir. Bundna sonra həmin şəxsin hazırda xatırlamadığı bank kartına 30 manat pul göndərmiş, həmin şəxs isə narkotik vasitəni götürəcəyi yerin məkan məlumatlarını ona göndərmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedib orada sifariş etdiyi psixotrop maddə metamfetimini gizlədildiyi yerdən tapıb götürmüşdür. Belə ki, onun götürdüyü psixotrop maddə metamfetamin “Rothmans” markalı siqaret qutusunun içərisində olan salfetə bükülmüş 5 ədəd sellofan bükümlərdə olmuşdur. Psixotrop maddəni götürdükdən sonra həmin ərazidən uzaqlaşmışdır. Götürdüyü psixotrop maddə bükümlərindən birini gün ərzində istifadə etmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində ünvan 3 ünvanın qarşısına gəlmiş, həmin vaxt götürdüyü psixotrop maddə metamfetamin və metamfetamin istifadə edərkən istifadə etdiyi şüşə lampa üzərində olmuşdur. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik maddə istifadə etdiyindən şübhələndiklərini bildirib, onlarla Nərimanov RPİ-nin 16-cı PŞ-ə getməyini xahiş etmişlər. Şöbədə ona bildirmişlər ki, üzərində narkotik vasitə və psixotrop maddə olmasında şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nin 16-cı PŞ-ə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Poco” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, 01 ədəd “Leo” bank kartını və şalvarının sağ yan cibində saxlamış olduğu, içərisində 04 ədəd şəffaf sellofana bükülmüş bükümlər və kənarlarında şəffaf rəngli maddə yayılmış 01 ədəd kiçik lampa şüşəsi olan “Rothmans” markalı siqaret qutusunu təqdim etmişdir və “patı” adı ilə tanınan metamfetamini xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxsin vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən 30 manat qarşılığında əldə etdiyini bildirmişdir. Polis əməkdaşı təqdim etdiyi 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri və 01 ədəd lampa şüşəsini zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. Hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişdir. Narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddələr bükümlər halında olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığına görə özünü qismən təqsirli bilir, peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:40 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə olarkən ünvan 3 ünvanın qarşısında 1 nəfər şəxsin hərəkətlərindən özünü şübhəli aparmasını görüb, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan оlmuş, Təqsirləndirilən şəxsdur. Bu barədə raportla PŞ-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X1 və onun iştirakı ilə Nərimanov RPİ-nin 16-cı PŞnin baş təhqiqatçısı, polis mayoru Asif Abışov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs baş təhqiqatçı Asif Abışov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Poco” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, 01 ədəd “Leo Bank” bank kartını, şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Rothmans” yazısı yazılmış qara rəngli siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etmiş olduğu həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə, oradan ağ rəngli salfet kağızında, içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik 04 ədəd şəffaf sellofona bükülmüş bükümlər və kənarlarında şəffaf rəngli maddə yayılmış 01 ədəd kiçik lampa şüşəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki, eləcə də kiçik lampa şüşəsi üzərində olan maddələrin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən 30 manat qarşılığında öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş psixotrop maddə iştirakçıların iştirakı ilə qablaşdırılıb, 218 nömrəli möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində olduğu zaman ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasına iş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, poli kapitanı Şahid2 şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin şöbənin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asif Abışov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman baş təhqiqatçı Asif Abışov tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Poco” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, 01 ədəd “Leo” bank kartını, şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Rothmans” yazısı yazılmış qara rəngli siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə oradan ağ rəngli salfet kağızında, içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik maddə olan 04 ədəd şəffaf sellofana bükülmüş bükümlər və kənarlarında şəffaf rəngli maddə yayılmış 01 ədəd kiçik lampa şüşəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetmini xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxsin vasitəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən 30 manat qarşılığında əldə etdiyini bildirmişdir. Bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, protokolla tanış olduqdan sonra hər kəs protokola imza etmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1187 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” dairəvi möhür əksləri, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfdə qablaşdırılmış, “Rothmans” siqaret qutusunun içərisində salfetə bükülmüş 04 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,116 qram, 0,022 qram, 0,115 qram olan ağ, rəngli, kristallik maddə kütlələri və lampaya bənzər predmetin şüşə qırıntılarının üzərindən ayrılaraq təmiz çəkisi 0,021 qram olduğu müəyyən edilən ağ, rəngli kristallik maddə kütləsi kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, ümumi təmiz çəkisi 0,444 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahə İ) daxildir. Qeyd: Metamfetaminin üm. təmiz çəkisi - 0,444 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq üm- 0,394 qram. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o MSY-dən azad edilmişdir. “Telefon danışıqlarına baxış keçirilməsi” barədə 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrəyə daxil olan “SMS” mətnlərinin olduğu fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********18 saylı mobil nömrəyə xx-xx-2023-cü il tarixdə, saat 18:20:41-də +**********88 saylı mobil nömrədən “Menem.qaqa.sehriyar” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 03:51:25-də +**********88 saylı mobil nömrədən “**********487456.kaptal” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 22:50:55-də +**********05 saylı mobil nömrədən “**********407113.liyo” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 04:24:11-də +**********98 saylı mobil nömrədən “Evdəyəm Cixiram tərəziyə atım cıxıram 5 dəyqəyə” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 04:25:00-da +**********04 saylı mobil nömrədən “QAQA 5 DUSURƏM TƏRƏZİYƏ QOYURAM” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 20:58:55-də +**********05 saylı mobil nömrədən “Tural.kafededi” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 20:59:18-də +**********05 saylı mobil nömrədən “Diyir.yigiram.adboy.verir” məzmunlu, xx-xx-2024-cü il tarixdə, saat 20:23:53-də +**********77 saylı mobil nömrədən “Qaqa məni yaddan çıxarma” məzmunlu və xx-xx-2024-cü il tarixdə, saat 18:04:36-da +**********98 saylı mobil nömrədən “Ay Qaqa utun goturəsiyəm” məzmunlu “SMS”-lərin daxil olduğu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrədən xx-xx-2024-cü il tarixdə, saat 16:39:01-də +**********88 saylı mobil nömrəyə “qaqaş mene zeng eleyib söz deyirsen maraqlanıb yerbeyer eleyirem sonra qebuluna düşe bilmirem getmeliyik dükan baglanır” məzmunlu və xx-xx-2024-cü il tarixdə, saat 04:26:08-də +**********98 saylı mobil nömrəyə “Ay qaqaş mərfətin olsun meni gözləyirlər məndə maşında oturub səni gözləyirəm” məzmunlu “SMS”-lərin göndərildiyi, Təqsirləndirilən şəxs istifadəsində olan +**********18 saylı mobil nömrənin anten əhatə dairəsənə dair məlumatların iş materialları ilə uyğun təşkil etidiyi, +**********18 saylı mobil nömrənin Təqsirləndirilən şəxs, +**********98 saylı mobil nömrənin Etibar Əliyevə, +**********04 saylı mobil nömrənin isə X2 məxsus olduğu müəyyən edilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında” 14 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-653/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq müddəti həddində, yəni 11 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli 1894 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 7 ünvanda yaşadığı müddət ərzində rəsmi olaraq onun haqqında qonşulardan 5 saylı MİS-nə heç vaxt şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,444 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd lampaya bənzər predmet cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla ümumi təmiz qalıq çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd lampaya bənzər predmet saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi və “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında 29 fevral 2024-cü il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddətdə daxil olan zənglər, anten məlumatları, SMS siyahısı və SMS mətnlərinin əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün (27 fevral 2024-29 fevral 2024-cü), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 0,394 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd lampaya bənzər predmet məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddətdə daxil olan zənglər, anten məlumatları, SMS siyahısı və SMS mətnlərinin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan təmiz çəkisi 0,394 psixotrop maddə qram metamfetamin və 01 ədəd lampaya bənzər predmet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddətdə daxil olan zənglər, anten məlumatları, SMS siyahısı və SMS mətnlərinin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-307/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-307/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver