Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-308/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonunun Kijəbə qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 22 aprel 2021-ci il tarixdə, saat 23:30 dəqiqədə ünvan 2 ünvanda yerləşən “Qədim Bakı” adı ilə fəaliyyət göstərən çay evinin yaxınlığında saxlanılmış “Vaz 2104” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, yəni sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün ondan qisas almaq məqsədilə üzərində saxladığı əlamətləri istintaqa məlum olmayan divar kağızı kəsən bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrini kəsmiş, nəticədə Zərərçəkmiş şəxs burun belinin, sol gözaltı və sol almacıq nahiyələrinin, burun ucunun sağ yarısının, üst dodağın ön səthinin sağ və sol yarısının, boynun ön səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 7 ildən artıqdır tanıyır. 22 aprel 2021-ci il tarixdə, saat 23:30 radələrində o, Kamil adlı şəxsə məxsus olmaqla sonuncunun ünvan 4 ünvanda yerləşən “Qədim Bakı” adı ilə fəaliyyət göstərən çay evinin yaxınlığında saxladığı “Vaz 2104” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs və tanıdığı Şahid ilə birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etmiş, yemək yeyən zaman spirtli içki qurtardığından, Şahid spirtli içki alması üçün Zərərçəkmiş şəxs pul istəmiş, sonuncu taksi ilə evə gedə bilməsi üçün üzərində 2 manat pulun olduğunu deyib, onu verə bilməyəcəyini qeyd edəndə, Şahidla aralarında mübahisə yaranmış və onlar birbirilərini qarşılıqlı söymüşlər. Bu vaxt Zərərçəkmiş şəxsla onun arasında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyindən və spirtli içkinin təsiri altında olduğu üçün hirsləndiyindən, üzərində olan divar kağızı kəsən bıçağı çıxarıb Vahidin sifətini bir neçə dəfə kəsmiş, həmin vaxt Şahid araya girib onları ayırdıqdan sonra, Zərərçəkmiş şəxs qaçaraq oradan uzaqlaşmışdır. Həmin mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, olanlar avtomobilin salonunda baş vermiş, səs-küy yaranmamış, ətrafda heç kim olmamışdır. Əvəllər də CM-in 127 və 128-ci maddələri ilə barəsində iş olmuş, lakin zərərçəkmiş şəxslərlə barışdığı üçün icraata xitam verilmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 7 ilə yaxındır tanıyır. 22 aprel 2021-ci il tarixdə, saat 23:30 dəqiqədə Kamil adlı şəxsə məxsus olmaqla sonuncunun ünvan 2 ünvanda yerləşən “Qədim Bakı” çay evinin yaxınlığında saxladığı “Vaz 2104” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Təqsirləndirilən şəxs və tanıdığı Şahid ilə birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etmiş, yemək yeyən zaman spirtli içki qurtardığından, Şahid spirtli içki alması üçün ondan pul istəmiş, o, taksi ilə evə gedə bilməsi üçün üzərində 2 manat pulun olduğunu deyib pul verə bilməyəcəyini qeyd etmişdir. Şahidla aralarında mübahisə yaranmış və bir-birilərini qarşılıqlı söymüş, bu vaxt Təqsirləndirilən şəxs onun Şahid ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib ona iradını bildirəndə, aralarında mübahisə yaranmışdır. Hər ikisi spirtli içkinin təsiri altında olduqlarından, gözlənilmədən Təqsirləndirilən şəxs cibindən divar kağızı kəsən bıçağı çıxarıb onun sifətini və boğazını bir neçə dəfə kəsmişdir. Həmin vaxt orada olan Şahid araya girib onları ayırdıqdan sonra, o, qaçaraq oradan uzaqlaşmışdır. Proses təxminən 2-3 dəqiqə davam etmiş, hadisə avtomobilin salonunda baş verdiyindən səs-küy yaranmamış və hadisəni Şahid heç kim görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir müddətdir tanımaqla onlarla münasibəti yaxşıdır və bir yerdə fəhləlik etmişlər. 22 aprel 2021-ci il tarixdə, saat 23:30 dəqiqədə o, Kamil adlı şəxsə məxsus olmaqla sonuncunun ünvan 2 ünvanda yerləşən “Qədim Bakı” adı ilə fəaliyyət göstərən çay evinin yaxınlığında saxladığı “Vaz 2104” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etmiş, yemək yeyən zaman Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olduğu üçün nalayiq ifadələr işlətdiyindən, ilk öncə onunla, daha sonra Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadələr işlətdiyindən, sonuncu əynindəki şalvarın sağ arxa cibində olan divar kağızı kəsən bıçağı çıxarıb Zərərçəkmiş şəxs sifətini bir neçə dəfə kəsmişdir. Həmin vaxt o, araya girib onları aralaşdırandan sonra, Zərərçəkmiş şəxs oradan qaçaraq getmişdir. Göstərilən vaxtda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə və sonuncunun birinciyə xəsarətlər yetirməsi prosesi təxminən 2-3 dəqiqə davam etməklə, olanlar avtomobilin salonunda baş verdiyindən və orada səs-küy yaranmamaqla ətrafda heç kim olmadığından, ondan başqa məlum hadisənin şahidi olan olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/4947 nömrəli, 23 aprel 2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə olan işin icraatına 24.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.2.2-ci maddəsinə, 26.02.2018-ci il tarixdə CM-in 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-in 39.1.11-ci maddəsinə, 16.12.2019-cu il tarixdə isə CM-in 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 03 iyun 2021-ci il tarixli, 247 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - burun belinin, sol gözaltı və sol almacıq nahiyəsinin, burun ucunun sağ yarısının, üst dodağın ön səthinin sağ və sol yarısının, boynun ön səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 22.04.2021-ci il tarixdə divar kağızı kəsən bıçağın tiyəsinin iti kənarının təsirindən əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aiddir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 1(011)-407/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsində həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və CM-in 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Astara rayon İHB-nin Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli xasiyyətnamə); himayəsində azyaşlı, yəni 11.01.2016-cı il təvəllüdlü uşağının olmasını (əsas: iş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şahadətnamənin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-308/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-308/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver