Məhkəmə qərarları › İş №1(005)-308/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-308/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-308/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində fəhlə kimi işlədiyi və müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 2095 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi sellofan sexindən sonuncuya məxsus dəyəri 500 manat olan 2022-ci il istehsalı olan “Bosch” markalı, disk diametri 230 mm-lik, 2100 watt gücü olan laqonda, dəyəri 450 manat olan 2021-ci il istehsallı “TEH” markalı, “TWG400- MİG-MAG-MMA160” modelli, güc gərginliyi “AC160V-270V” olan 01 ədəd qaynaq aparatı və 01 ədədin dəyəri 450 manat olan 3,7 kv-lıq “Teco” markalı, 03 ədəd motor reduktorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında işləmək üçün Bakı şəhərinə gəlib iş axtarmış və ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi sellofan sexinə fəhlə kimi işə düzəlmişdir. Beləliklə, 2022-ci ilin aprel ayından etibarən aylıq 600 manat maaşa həmin sexdə işləməyə başlamışdır. Yaşamaq üçün evi olmadığına görə Zərərçəkmiş şəxs xahiş edib elə həmin sexdə də qalmışdır. Bu minvalla xx.xx.2022-ci il tarixə kimi həmin sexdə işləmişdir. O, işlədiyi müddətin 1 aydan artıq müddətində maaşı Məhəmməd tərəfindən ona ödənilməmişdir, onunda maddi ehtiyacları olmuşdur. Buna görə də həmin sexdəki bəzi avadanlıqları oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə hamının işdən evə getməsini gözləmiş, işçilərin hamısı getdikdən sonra bir ədəd “laqonda” deyilən kəsici aparatı və bir ədəd elektriklə işləyən “qaynaq aparatı”nı götürüb sexdən getmişdir. Daha sonra oğurladıqları əşyaları tanımadığı şəxsə 500 manata satmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 ay öncə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O öz işi ilə əlaqədar olaraq fəhlə axtarmış və bu səbəbdən onlar tanış olmuşdur. Zöhrab ona ehtiyac olduqda gəlib sexdən kənarda köməklik göstərmişdir. Bir gün Zöhrab ona müraciət edərək gecə yatmağa yeri olmadığı üçün sexdə ona şərait yaratmağını istəmişdir. Oda Zöhrabın evsiz olduğunu bilib xx.xx.2022-ci il tarixdə ona köməklik göstərmək üçün bir gecə sexdə yatmasına icazə vermişdir. Həmin gün gecə saatlarında o telefon vasitəsi ilə sexdə quraşdırdığı kameralara nəzarət edərkən sexin qapısının açıq olmasını görmüşdür. Bundan sonra həmin kameraları geri çəkərək baxdıqda görmüşdür ki, Zöhrab ona məxsus olan sexdən özünə məxsus dəyəri 500 manat olan Bosch markalı laqonda, dəyəri 450 manat olan qaynaq aparatı və 01 ədədin dəyəri 450 manat olan 03 ədəd motor reduktorunu oğurlamasını aşkar etmişdir. Bu səbəbdən o 21,07.2022-ci il tarixdə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə müraciət etmişdir. Qeyd etmişdir ki, ona ümumilikdə 2300 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. “Əşyanın götürülməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Vaqif oğlu tərəfindən könüllü olaraq təqdim edilmiş bir ədəd DVD disk götürülmüşdür. “Axtarışda olan şəxsin tutulması barədə” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə təhvil verilmişdir. “Təqdim edilən video görüntüyə baxış keçirilməsi haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd diskə baxış keçirilərək aşağıdakılar müəyyən edilmişdir. Videogörüntünün ilk saniyələrində əynində qara rəngli şalvar, göy rəngli qısaqol köynək olan, xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxs həmin sexin giriş qapısından sexə daxil olaraq sexin divarının qarşısında olan avadanlıqlar yığılması üçün nəzərdə tutulan masaya yaxınlaşıb divardan asılmış bir ədəd laqonda deyilən kəsici aləti götürür, daha sonra həmin masanın yanında yerə qoyulmuş qaynaq aparatını elektrik cərəyanından ayırıb sexin giriş qapısından çıxaraq oradan uzaqlaşır. Sexin giriş qapısından çıxan zaman əlində bir ədəd laqonda və bir ədəd qaynaq aparatının olduğu müəyyən edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində sexdə olan Zərərçəkmiş şəxs məxsus bir ədəd laqonda deyilən kəsici aparatı və bir ədəd elektriklə işləyən qaynaq aparatını götürüb sexdən çıxaraq yaxınlıqdakı avtomobil yoluna çıxmış və tanımadığı taksiyə əyləşərək “Dərnəgül” bazarı deyilən yerə getmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onun dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/2801 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1300 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, hadisə görüntülərinin əks olunduğu zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-308/2023 nömrəli, 23 iyun 2023cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilmiş və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 19 iyul 2023-cü il tarixli, 3-16-17/40/2-3510/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını (əsas: iş materiallarına əlavə edilmiş portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və yenidən analoji cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı bir gün (16 mart 2023-cü il – 17 mart 2023-cü il) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir., Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar