Məhkəmə qərarları › İş №1(005)-309/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-309/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-309/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının 15-də, saat 10:00 radələrində ünvan 3 ünvanında yerləşən “Adana” restoranında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq ona başın sol gicgah - təpə nahiyəsinin hematomaları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qabyuyan işlədiyi Nərimanov rayonu, Təbriz küçəsi 17 ünvanında yerləşən “Adana” restoranını açıb işlərini görməyə başlamışdır. Həmin vaxt restoranı təzə açdığı üçün içərisi boş olmuş və özündən başqa heç kəs olmamışdır. Saat 10:00 radələrində “Adana” restoranında mətbəxdə qabları yuyarkən restoranın zalından adının çəkildiyini və nalayiq ifadələr deyildiyini eşitmişdir. Mətbəxdən zala keçdikdə Zərərçəkmiş şəxs mobil telefon ilə video çəkiliş apardığını və ünvanına təhqirlər etdiyini görmüşdür. O həmin vaxt çox əsəbiləşmiş və Zahidənin çəkiliş aparmağına mane olmaq üçün üstünə getmiş, lakin Zahidəni vurmamışdır. Ondan video çəkilişi dayandırmağını istəsə də, öz əməllərinə davam etdiyi üçün daha çox əsəbiləşmiş və Zahidəni restorandan çölə qovmuşdur. Bundan sonra Zahidə qaçaraq yolun qarşı tərəfinə keçib uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri X9 ilə 2008-ci ildə evlənmişlər və iki azyaşlı övladları var. Təxminən iki ildir əri Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi sevgi münasibəti yaşamışdır. O, bu barədə ötən il bilmişdir. Lakin Afinanın yerini bilmədiyi üçün üzbəüz görməsə də, əri ilə olan şəkillərini görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində ünvan 4 ünvanında avtobus dayanacağında dayanarkən yolun qarşı tərəfində yerləşən "Adana" restoranında Təqsirləndirilən şəxs orada işlədiyini görmüşdür. O Afina ilə görüşüb üzbəüz söhbət etmək və ərindən əl çəkməyini demək istəmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs ilə görüşmək üçün onun işlədiyi "Adana" restoranına daxil olmuşdur. Onu ərindən uzaqlaşdırmaq üçün telefonunda video çəkiliş apararaq çağırmağa başlamışdır. Bir neçə dəqiqə sonra Afina mətbəxdən çıxmış və restoranın zalına gələrək onun üstünə hücum edərək yumruqla başına dəfələrlə möhkəm zərbələr vurmuşdur. O isə özünü qorumaq üçün qollarını ilə sifətini tutmuşdur. Sonra Afinanın əlindən çıxıb qaçmış və yolun qarşı tərəfinə keçərək yaşadığı mənzilə getmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və xx.xx.2023-cü il tarixdə 18-ci polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X7 tərəfindən hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Təbriz küçəsi 17 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Adana” restoranıdır. Retoranın 1 əsas giriş qapısı var. Girişin sağ tərəfində isə dönər satışı aparılan pəncərə vardır. Restorana daxil olduqda sağda vitrinlər və mətbəx otağı, solda isə ümumi zalda masa və oturacaqlar, tam qarşıda isə kassa və boş sahədir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 570 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: başın sol gicgah – təpə nahiyəsinin hematomaları küt şyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 49-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı 614431 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 anası Təqsirləndirilən şəxsdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı 189043 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 anası Təqsirləndirilən şəxsdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxsdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə keçirilmiş hərəkətlərin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalı, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar