Məhkəmə qərarları › İş №1(005)-309/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-309/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-309/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 saylı inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 avqust 2024cü il tarixdə saat 18:15 radələrində ünvan 2 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi “Vivani” qızılzinət əşyaları mağazasına müştəri qismində daxil olaraq, satıcının başqa müştərilərə başının qarışmasından istifadə edərək, vitrinin üzərindən Zərərçəkmiş şəxs məxsus olan və dəyəri 1400 manat olan 585 əyarlı, 11,25 qram çəkidə bir ədəd qolbağı satıcının xəbəri olmadan cibinə qoyub gizli olaraq talayaraq, oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən inzibati binada qeydiyyatda olsa da, ünvan 4 ünvanında övladı X2 ilə birlikdə yaşayır. 08 avqust 2024-cü il tarixdə əvvəldən tanıdığı Elçin adlı şəxs həyat yoldaşı Şahid4 ilə birlikdə onun yaşadığı evə qonaq gəlmiş, həmin gecəni onun yaşadığı evdə qalmışdır. 09 avqust 2024-cü il tarixdə o, Şahid4 qızı Sofiya Babayeva üçün sırğa almaq istədiyini bildirmiş, birlikdə qızıl-zinət əşyası satılan mağazaya getməyi təklif etmişdir. Saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 31 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinə gələrək orada qızıl-zinət əşyaları satılan mağazaya daxil olmuşlar. O, mağazada sırğalara baxıb bəyəndiyi sırğanı kənara qoymasını xahiş edərək bir-iki gün ərzində gəlib alacağını demişdir. Satıcı onun seçdiyi sırğanı paketin içərisində kənara qoyarkən satıcının başının qarışmasından istifadə edib vitrinin üzərində olan qızıl qolbağı götürüb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymaqla oğurlamışdır. Bundan sonra Şahid4 ilə mağazadan çıxıb bir qədər kənarlaşdıqdan sonra cibindən bilərziyi çıxarıb Şahid4 göstərək mağazadan oğurladığını demişdir. Şahid4 ona bilərziyi aparıb qaytarmasını təklif etmiş, lakin o, bilərziyi qaytararsa, tutulacağını söyləyib onun təklifindən imtina etmişdir. Onlar piyada “28 Mall” ticarət mərkəzi istiqamətində gələrkən yolda olan zaman tanışı Rəşad adlı şəxslə əlaqə saxlayıb qızıl satmaq üçün şəxsiyyət vəsiqəsini götürüb “28 Mall” ticarət mərkəzinin qarşısına gəlməsini istəmişdir. “28 Mall” ticarət mərkəzinin adını xatırlamadığı qızıl-zinət əşyaları satılan mağazaya gedib orada bilərziyi 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti qarşılığında satmışlar. O, Rəşada bilərziyin oğurluq yolu ilə əldə etdiyi barədə məlumat verməmiş, qızılın özünə məxsus olduğunu demişdir. Rənaya oğurladığı qızıla görə əldə etdiyi puldan heç bir məbləğdə pul verməmişdir. Həmçinin oğurladığı bilərziyi satan zaman alıcıya onu oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmişdir. Əməlindən peşmandır. Bir qız övladı var, onu tək başına böyüdür. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin sentyabr-oktyabr aylarından etibarən “Vivani” mağazasının müdiri olaraq fəaliyyət göstərir. 2024-cü ilin aprel ayından etibarən ünvan 2 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində qızıl-zinət əşyalarının pərakəndə satışını həyata keçirir. 10 avqust 2024-cü il tarixdə saat 17 radələrində mağazada satıcı işləyən Şahid3 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, mağazadan oğurluq olmasından şübhələndiyini bildirib mağazaya quraşdırılmış video müşahidə kameraları ilə qeydə alınmış görüntülərə baxmaq üçün onu mağazaya dəvət etmişdir. O, mağazaya yaxınlaşıb qeydə alınmış video görüntülərə baxan zaman 09 avqust 2024-cü il tarixdə mağazaya müştəri qismində daxil olan şəxsin vitrinin üzərində olan bilərziyi gizli olaraq götürüb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyduğunu aşkar etmişdir. Belə olan halda oğurluq etmiş şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması məqsədi ilə Şahid3 əvvəlcə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş, daha sonra o, hadisə barədə Nərimanov RPİ-nə şikayət etmişdir. Müdiri olduğu mağazadan oğurlanmış qızıl bilərzik 1400 (bir min dörd yüz) manata satışda olmuş və hadisə nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. İbtidai istintaq vaxtı qeyd olunan qızıl əşya ona qaytarıldığına görə vurulmuş ziyan aradan qaldırılmış, ona görə də hazırda təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi və elan edilmiş ifadəsindən görünür ki, o, 2023-cü ilin oktyabr ayından etibarən ünvan 2 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Vivani” qızıl-zinyət əşyaları mağazasında satıcı işləmişdir. 09 avqust 2024-cü il tarixdə saat 18 radələrində bir nəfər kişi və bir nəfər qadın müştəri qismində mağazaya daxil olub klon ilə maraqlanmış və baxmışlar. Bir qədər sonra mağazaya digər müştərilər daxil olduğu üçün o, həmin müştəri ilə maraqlanmağa başlamışdır. Bir qədər əvvəl mağazaya daxil olmuş kişi və qadınla mağazanın digər satıcısı Lamiyə maraqlanmışdır. Həmin kişi vitrinin üzərində olan qızıl dəstin ümumi çəkisi və qiymətini soruşmuş, Lamiyə isə ona qızıl dəstini tərəzi üzərində çəkən zaman həmin şəxs bilərziyi götürüb bilərzik dəstinin çəkisini ölçməməsini istəmişdir. Lamiyə qızıl dəstin çəkisini çəkən zaman həmin şəxs bilərziyi əlində saxlayaraq çəkisinin yüngül olduğunu söyləmiş, özünü həmin bilərziyi vitrinin üzərinə qoyurmuş kimi göstərmişdir. Onlar bir qədər də məhsullarla maraqlandıqdan sonra bir ədəd qızıl klon və bir ədəd qızıl sırğanın kənara qoyulmasını və hissə-hissə olmaqla ödənişi bitirdikdən sonra məhsulu təhvil alacağını bildirmişdir. Bundan sonra həmin şəxslər mağazanı tərk edib getmişlər. Növbəti gün, yəni 10 avqust 2024-cü il tarixdə mağazada məhsulları sayan zaman çatışmazlıq olduğunu və bir ədəd bilərziyin olmamasını aşkar etmişlər, mağazaya quradırılmış video kameralar ilə qeydə alınmış görüntülərə baxış keçirilərkən 09 avqust 2024-cü il tarixdə mağazaya müştəri qismində daxil olmuş həmin şəxslərdən birinin bilərziyi gizli olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq oğurladığını müəyyən etmişlər. Məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi və elan edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi və elan edilmiş ifadəsindən görünür ki, o, 10 ildən çoxdur ki, Bakı şəhəri Nəsimi rayonu, ünvan 6 ünvanında yerləşən “Mobifon” mağazasında bir hissəni kirayəyə götürüb orada qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuşdur. 09 avqust 2024-cü il tarixdə 19 radələrində 3 nəfər tanımadığı şəxs birlikdə ona yaxınlaşıb qızıl bilərzik satmaq istədiklərini bildirmişlər. O, onların təqdim etdiyi bilərziyə baxıb onun həqiqətən də qızıl olmasını müəyyən etmiş, 11,2 qram çəkidə bilərzik üçün 770 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxslər bilərziyin dəyərinin 770 manatdan baha olduğunu bildirsələr də, o, onlara alış qiymətinin dəyişməyəcəyini söyləmişdir. Bundan sonra həmin şəxslər onunla razılığa gəldiklərinə görə o, onlardan biri olan X1 şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla qızıl bilərziyi həmin şəxslərdən 770 manat məbləğində pul vəsaiti qarşılığında almışdır. Həmin şəxslər bilərziyi satmaq istəyən zaman onun oğurluq yolu ilə əldə edilməsi barədə ona heç bir məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri Nərimanov RPİ-nə müraciət edərək, xx.xx.2024-cü il saat 18 radələrində ona məxsus mağazaya müştəri qismində daxil olan bir nəfər kişi cinsli şəxsin 1400 manat dəyərində qadın üçün qızıl qolbağı oğurladığını bildirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Vivani” qızıl-zinyət əşyaları mağazasıdır. 01 ədəd DVD diskə baxış keçirilməsi barədə 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, diskdə bir ədəd “Видео Whatsapp 2024-08-12 в 20.13.12_e7b3ef87” adlı fayl vardır. Fayldakı görüntülər 00 dəqiqə 54 saniyə davam edir. Görüntüdə ağ rəngli köynək və qara rəngli şalvar geyinmiş şəxsin vitrinin üzərindən götürərək əlində saxladığı bilərziyi satıcının başının qarışmasından istifadə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyması görünür. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə olan ağ rəngli köynək və qara rəngli şalvar geyinmiş şəxsin onun özü olmasını təsdiq etmişdir. 26 may 2025-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə baxış protokolundan görünür ki, video görüntü 08 avqust 2024-cü il tarixdə “VİVANİ” qızıl alqı-satqı mağazasında görüntüləri əks etdirir. Video görüntü 00:00:53 dəqiqə davamlı olmuşdur. Video görüntü 01 hissədən ibarətdir və həmin görüntülərdə ağ qolu uzun köynək və qara rəngli şalvar geyinmiş şəxs mağazanın vitrinin üzərinə qoyulmuş kiçik həcmli bir ədəd qızıl sandığından qızıl qolbaq götürməsi və götürdükdən sonra sağ yan cibinə qoyaraq mağazanı tərk etməsi əks olunmuşdur. DVD diskinə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə təsvir olunan vitrinin üzərindən 01 ədəd qızıl qolbağı götürən şəxsin onun özünün olduğunu, satıcının baş qarşıqlığından istifadə edərək həmin qızıl qolbağı oğurladığını bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:00-da Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd DVD disk və 01 ədəd qızıl qolbaq sübut kimi tanınmış, qızıl qolbağın saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs; Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR Cinayət Məcəlləsinin 207 mad.3,39-cu maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarı ilə CM-nin 8-ci maddəsinin “a” bəndinə əsasən azad edilmiş, Ali Məhkəmənin xx.xx.1986-cı il tarixli qərarı ilə hökm dəyişdirilib 143-cü maddəsinin 3-cü hissəsinə əsasən 9 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR Cinayət Məcəlləsinin 226-1 mad.2 maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə CM-nin 226-1-ci maddəsindən 1-ci hissəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək cəzası 3 ilə endirilmişdir. xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR Cinayət Məcəlləsinin 226-1 mad.3; 55 maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1995-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Komis. Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR Cinayət Məcəlləsinin 143 mad.3; 215; 38 maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ******* №-li icra vərəqəsi üzrə 50 manat cərimə olunmuşdur. Hacıyev E.Ə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 09 avqust 2024-cü il tarixdə saat 18:15 radələrində ünvan 2 ünvanında yerləşən “Şərq Bazarı” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Vivani” qızıl-zinət əşyaları mağazasından oğurlanmış 01 ədəd qolbağı müstəntiq Çingiz Qurbanov tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2024-cü il tarixli 6/4234-9/6868 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, buta formalı elementləri olan qolbaq-üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 11,25 qramdır. Təqdim olunmuş qolbaq kustar üsulla hazırlanmışdır, qolbağın orta bazar qiyməti ilə dəyəri təxminən 956,0 manat müəyyən edilir. Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ekspertiza rəyində qeyd olunan qiymətlə razı deyil. Oğurluq nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın 1400 manat kimi nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticələri əsaslandıran hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə və video görüntüyə baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hadisənin xx.xx.2024-cü il tarixdə törədilməsini nəzərə alaraq qeyd edir ki, 13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2025-ci il, “Azərbaycan” qəzeti, 26 iyun 2025-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 538) Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyada edilmiş dəyişiklik şəxsin vəziyyətini ağırlaşdırdığına görə 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1968) ilə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsi tətbiq edilməlidir. Belə ki, hadisənin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının Mərkəzinin 26 avqust 2024-cü il tarixli 6/4234-9/6868 saylı rəyindən görünür ki, 01 ədəd 585 əyarlı qızıl qolbağın orta bazar qiyməti ilə dəyəri təxminən 956 manat müəyyən olunsa da, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda həmin mobil telefonun dəyəri 1400 manat kimi göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə zərərçəkmiş şəxs qızıl-zinət əşyalarının satışı ilə məşğul olur və oğurlanmış əmlakının satış dəyəri 1400 manat miqdarında müəyyən edilmişdir. Belə olan halda bu əmlakın faktiki dəyəri haqqında məlumat olduğuna görə qiymətinin müəyyən edilməsi üçün xüsusi biliyə zərurət aradan qalxır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini etiraf edərək səmimi peşmanlıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə mülki iddianın olmadığını və vurulmuş ziyanın ödənilməsini, habelə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 33 iş saatı üçün 363 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 1 gün müddət 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 33 iş saatı üçün 363 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar