Məhkəmə qərarları › İş №1(005)-310/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-310/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-310/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X4 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, məhkum olunmayan, Samux rayonu, Tatlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixli müqavilə əsasında X1 icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” adlı kafenin birinci kabinetində qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edib otağa kənar şəxslərin daxil olmasının qarşısını almaqla pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq 09 fevral 2024-cü il tarixdə saat 23 radələrindən etibarən Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid9 kafenin eyni kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2024-cü il tarixdə saat 00:26-da onun razılığı və iştirakı ilə həmin kafenin kabinetinə baxış və götürmə aparılan zaman orada Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8 və Şahid9 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1691 manat və 800 ABŞ dolları məbləğində pul vəsaitləri, istifadə olunmuş oyun kartları və 01 ədəd istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” adlı kafenin müdiri işləyir. Kafe 2023-cü ilin fevral ayının 4-dən etibarən fəaliyyət göstərir. “Manhattan” kafesində ondan əlavə əmək müqaviləsi əsasında Şahid3 və Şahid2 ofisiant, Şahid5 qeydiyyatçı işləyir. Şahid10 Əliş oğlunu ortaq dostları vasitəsi ilə tanımış və dostluqları yaranmışdır. Şahid11 da Süleymanla eyni vaxt tanımışdır. Süleyman və Emil onun müdiri olduğu kafeyə tez-tez gəlmiş və orada müxtəlif ad günü məclislərini də qeyd etmişlər. 09 fevral 2024-cü ildə yenidən müdir kimi işlədiyi “Manhattan” kafesinə Süleyman, Emil və onların dostları gəlmişlər. Həmin gün Süleymangilin dostu Şahid9 ad günü olmuşdur. Qeyd olunan şəxslər başqa bir restoranda ad günü keçirmiş, sonra onun müdir kimi işlədiyi “Manhattan” kafesinə gələrək kartla “duraka” oynamaq istəmişlər. O da işçilərinə Süleyman və dostlarına yüksək səviyyədə xidmət göstərmələrinə dair tapşırıq vermişdir. O da kafenin 1-ci kabinetini həmin şəxslərin istirahət etmələri üçün onlara vermiş, çünki həmin kabinet daha geniş imiş, kabinetdə geniş stol da olmuşdur. Həmin vaxt kafenin işçisi Mehdi adlı şəxs onları qarşılamış, o, həmin vaxt kafenin qarşısında yerləşən idman zalında olmuş, yəni kafeyə daxil olarkən həmin şəxsləri qarşılaya bilməmişdir. Həmin şəxslər kabinetdə əyləşdikdən sonra o, idman zalından çıxıb kafeyə gəlmişdir. Həmin şəxslərin əyləşdiyi kabinetə ofisiant olaraq Eltac və İzzət qulluq etmişlər. Həmin şəxslər onun dostları olduqları üçün onlardan hər hansı pul vəsaiti almamışdır. Lakin məsələnin bu qədər ciddi olacağını düşünməmişdir. O həmin şəxslərin pulla qumar oynamalarını bilməmiş, sadəcə kartla “duraka” oynamalarını bilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə dostu Şahid9 Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” adlı restoranda ad günü yığıncağı olmuşdur. Ondan başqa həmin yığıncaqda X9, Şahid8, Şahid10 Əliş oğlu, Şahid11, Şahid7, Şahid6, X10, X11 da iştirak etmişdir. Həmin ad günü yığıncağında qeyd edilənlərdən əlavə tanımadığı başqa şəxslər də olmuşdur. Onlar həmin yığıncaqda saat 19.00-dan gecə radələrinədək olmuşlar. Həmin yığıncaqda yeyib-içdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsi qurub kart oynasınlar. Bunun üçün Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə getmək qərarına gəlmişlər. Həmin kafenin sahibi Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında o və dostları 1 manatdan duraka oynayan zaman “Manhattan” kafesinə DİN-in əməkdaşları daxil olaraq özlərini təqdim etmiş və qeyd olunan şəxsləri kafenin kabinetində qumar oynadıqları zaman aşkar etmişlər. Qumar oynanılan masanın üzərində olan pul vəsaitləri və oyun kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” adlı kafedə 2023-cü ilin oktyabr ayından etibarən əmək müqaviləsi üzrə ofisiant işləyir. Həmin kafenin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Ondan əlavə kafedə Şahid3 ofisiant, Şahid5 qeydiyyatçı işləyir. Həmin kafeyə Təqsirləndirilən şəxs bir çox dostları asudə vaxtlarını keçirmək üçün gəlirlər. xx.xx.2024-cü il tarixdə də gecə radələrində bu məqsədlə Təqsirləndirilən şəxs dostları kafeyə gəlmişlər. Həmin şəxslərdən Şahid10 Əliş oğlunu tanıyır. Süleymandan əlavə sonradan adları ona məlum olan Tural, Rauf, Emil, Sirac, Akif, Nicat, Sabit, Anar, Emil, Elçin adlı şəxslər də Süleymanla birgə kafeyə gəlmişlər. Təqsirləndirilən şəxs kafe işçilərinə həmin şəxslərə xüsusi olaraq xidmət göstərilməsinə dair tapşırıq vemişdir. Həmin şəxslər kafenin kabinetində əyləşdikdən sonra o, həmin şəxslərə çay və mürəbbə gətirmişdir. Sifarişləri mətbəxdən kabinetə gətirən zaman masanın üzərində qumar oynanılması üçün nəzərdə tutulmuş oyun kartları görmüşdür. Lakin fikirli olduğundan həmin şəxslərin kabinetdə qumar oynadıqlarını dərk etməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında işlədiyi “Manhattan” kafesinə DİN-in əməkdaşları daxil olaraq özlərini təqdim etmişlər. Qumar oynanılan kabinetdə olan masanın üzərində pul vəsaitləri və qumar oynanılmasında istifadə olunan oyun kartları aşkar edilərək sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesində 2023-cü ilin noyabr ayından etibarən əmək müqaviləsi üzrə ofisiant işləyir. Həmin kafenin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Ondan əlavə kafedə Şahid2 ofisiant, Şahid5 qeydiyyatçı işləyir. xx.xx.2024-cü il tarixdə də gecə radələrində Təqsirləndirilən şəxs dostları kafeyə gəlmişlər. Həmin şəxslərdən Şahid10 Əliş oğlunu tanıyır. Təqsirləndirilən şəxs kafe işçilərinə həmin şəxslərə xüsusi diqqət ayrılmasına dair tapşırıq vermişdir. Həmin şəxslər kafenin kabinetində əyləşdikdən sonra ofisiant Şahid2 onlar üçün çay və mürəbbə, o isə qazlı su gətirmək üçün kabinetə daxil olmuşdur. Kabinetə daxil olan zaman masanın üzərində qumar oynanılması üçün nəzərdə tutulmuş oyun kartları görmüşdür. Lakin fikirli olduğundan həmin şəxslərin kabinetdə qumar oynadıqlarını dərk etməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında işlədiyi “Manhattan” kafesinə DİN-in əməkdaşları daxil olaraq özlərini təqdim etmiş və qumar oynanılan kabinetə kafenin müdiri Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilən zaman qumar oynanılan masanın üzərindən pul vəsaitləri və oyun kartları aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə dostu olan Şahid9 ad günü idi. Bu məqsədlə Elçin yığıncaq təşkil edirdi. Ad günü yığıncağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” restoranda olmalı idi. Şahid9 onunla birgə X9, Şahid7, Şahid10 Əliş oğlu, Şahid11, Şahid1, Şahid4, Şahid6, X10, X5 da dəvət etmişdir. Həmin ad günü məclisində onlardan da başqa da şəxslər var idi. Onlar həmin məclisdə 19.00-dən gecə radələrinədək orada olmuşlar. Həmin məclisdə yeyib-içdikdən, asudə vaxtılarını keçirdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsində otursunlar, həm də kartla duraka oynasınlar. Çay süfrəsində oturmaq üçün əvvəl də getdikləri Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə gəlmək qərarına gəlmişlər. Kafenin sahibi Təqsirləndirilən şəxsdur. Həmin kafedə Eltac və İzzət ofisiant kimi onlara bundan öncə də qulluq ediblər. Birinci dəfə deyildir ki, “Manhattan” kafesinə gəlirmişlər. Həmişə kafenin 1-ci kabinetində oturmuşlar, çünki həmin kabinet daha genişdir, həmçinin kart oynanılması üçün geniş stol da vardır. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında o və dostları ilə 1 manatdan “duraka” oynayan zamanı “Manhattan” kafesinə DİN-in əməkdaşları içəri daxil olaraq özlərini təqdim etmişlər. Masanın üzərindən oyun kartlarını aşkar etmişlər. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və onlar idarəyə dəvət edilmişlər. Kafeyə gələndə kart dəstini onlar özləri ilə gətirmişlər. Təqsirləndirilən şəxs onlarla qumar oynamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə dostu Şahid9 Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” adlı restoranda ad günü yığıncağı olmuşdur. Ondan başqa həmin yığıncaqda X9, Şahid8, Şahid10 Əliş oğlu, Şahid11, Şahid1, Şahid7, Şahid6, X10, X11 da iştirak etmişdir. Həmin ad günü məclisində qeyd edilənlərdən əlavə tanımadığı başqa şəxslər də olmuşdur. Onlar həmin məclisdə saat 19.00-dan gecə radələrinədək olmuşlar. Həmin yığıncaqda yeyib-içdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsi qurub kartla da duraka oynasınlar. Bunun üçün Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə getmək qərarına gəlmişlər. Həmin kafenin sahibi Təqsirləndirilən şəxs olmuşdur. Onları “Manhattan” kafesində heç kəs qarşılaşmamış, oraya daxil olduqdan sonra birbaşa kabinetə daxil olmuşdular. Şahid4 həmin vaxt sərxoş olmuşdur. Şahid4 kafedə kabineti heç kəsin göstərmədiyini, uşaqlardan 2-3 dəqiqə sonra kabinetə girəndə uşaqların artıq əyləşdiyini və qumar oynanıldığını bildirmişdir. Kabinetdə olarkən onların bir qismi çay içir, qəlyan çəkirdilər. Elçin, Akif, Sirac, Nicat və Rauf qumarı 1 manatdan oynamışdır. O özü qumar oynamamış, çay içmişdir. Onun dostu Şahid1 yas mərasim yerini işlədir, onun pulunu çıxardıb şəxslər arasında paylamışdılar. Təqsirləndirilən şəxs hadisə baş verən anda orada olmamış, onu görməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında “Manhattan” kafesinə DİN-in əməkdaşları daxil olaraq özlərini təqdim etmiş və qeyd olunan şəxsləri kafenin kabinetində qumar oynadıqları zaman aşkar etmişlər. Qumar oynanılan masanın üzərində olan pul vəsaitləri və oyun kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə dostu olan Şahid9 ad günü idi. Bu məqsədlə Elçin yığıncaq təşkil edirdi. Ad günü yığıncağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” restoranda olmalı idi. Elçin onunla ilə birgə X9, Şahid7, Şahid10 Əliş oğlu, Şahid11, Şahid1, Şahid4, X3, X10, X5 da dəvət etmişdir. Həmin ad günü məclisində onlar da başqa da şəxslər var idi. Onlar həmin məclisdə 19.00-dən gecə radələrinədək orada olmuşdular. Həmin məclisdə yeyib-içdikdən, asudə vaxtını keçirdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsində otursunlar, həm də 1 manatdan kart duraka oynasınlar. Çay süfrəsində oturmaq üçün əvvəl də getdikləri Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə gəlmək qərarına gəlmişdilər. Kafenin sahibi Təqsirləndirilən şəxsdur. Həmin kafedə Eltac və İzzət ofisiant kimi onlara bundan öncə də qulluq ediblər. Həmişə kafeyə gələrək 1-ci kabinetdə oturmuşlar, çünki həmin kabinet daha genişdir, həmçinin kart oynanılması üçün geniş stol da vardır. Həmin vaxt resepşnda işləyən Mehdi onları qarşılamışdır. xx.xx.2024- cü il tarixdə təxminən gecə saatlarında Şahid6 və dostları qumar oynayan zamanı “Manhattan” kafesinə DİN-in əməkdaşları içəri daxil olaraq, özlərini təqdim etmişlər. DİN-in əməkdaşları oyunu dayandırmağı və qumar oynamaqları ilə bağlı onlara suallar vermişdilər. Onlar özlərini təqdim etmişlər. Videoçəkiliş aparılmış, stolda olan kart və əşyalar götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki,09 fevral 2023-cü il tarixdə dostu olan Şahid9 ad günü idi. Bu məqsədlə Elçin yığıncaq təşkil edirdi. Ad günü yığıncağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” restoranda olmalı idi. Şahid9 onunla birgə X9, Şahid6, Şahid10 Əliş oğlu, Şahid11, Şahid1, Şahid4, X3, X10, X5 da dəvət etmişdir. Həmin ad günü məclisində onlar da başqa da şəxslər var idi. Onlar həmin məclisdə 19.00-dən gecə radələrinədək orada olmuşdular. Həmin məclisdə yeyib-içdikdən, asudə vaxtını keçirdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsində otursunlar, həm də 1 manatdan kartla duraka oynasınlar. Çay süfrəsində oturmaq üçün əvvəl də getdikləri Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə gəlmək qərarına gəlmişlər. Kafenin sahibi Təqsirləndirilən şəxsdur. Həmişə kafeyə gələrək 1-ci kabinetdə otumuşlar, çünki həmin kabinet daha genişdir, həmçinin kart oynanılması üçün geniş stol da vardır. xx.xx.2024- cü il tarixdə təxminən gecə saatlarında “Manhattan” kafesinə DİN-in əməkdaşları içəri daxil olaraq, özlərini təqdim etmişlər. DİN-in əməkdaşları oyunu dayandırmağı və qumar oynamaqları ilə bağlı onlara suallar vermişlər. Onlar özlərini təqdim etmişlər. Videoçəkiliş aparılmış, stolda olan kart və əşyalar götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə onun ad günü idi. Bu məqsədlə o, yığıncaq təşkil edirdi. Ad günü yığıncağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” restoranda olmalı idi. O, X9, Şahid6, Şahid10 Əliş oğlu, Şahid11, Şahid1, Şahid4, X3, X10, X5 da dəvət etmişdir. Həmin ad günü məclisində onlardan başqa da şəxslər var idi. Onlar həmin məclisdə 19.00-dən gecə radələrinədək orada olmuşlar. Həmin məclisdə yeyib-içdikdən, asudə vaxtını keçirdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsində otursunlar, həm də 1 manatdan kartla duraka oynasınlar. 2 qutu kart onun üstündə olmuş və duraka oynamaq istəmişlər. Onlar 1 manatdan oynamışlar. Stolda 2-3 manat pul var idi. O, Təqsirləndirilən şəxs tanımadığını və onun olanlarla heç bir əlaqəsi olmadığını bildirmişdir. xx.xx.2024- cü il tarixdə təxminən gecə saatlarında o və dostları qumar oynayan zamanı “Manhattan” kafesinə DİN-in əməkdaşları içəri daxil olaraq, özlərini təqdim etmişlər. DİN-in əməkdaşları oyunu dayandırmağı və qumar oynamaqları ilə bağlı onlara suallar vermişdilər. Onlar özlərini təqdim etmişlər. Videoçəkiliş aparılmış, stolda olan kart və əşyalar götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Əliş oğlu ifadəsində bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə tanışı olan Şahid9 ad günü idi. Bu məqsədlə Elçin yığıncaq təşkil edirdi. Ad günü yığıncağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” restoranda olmalı idi. Elçin onunla birgə Şahid8, Şahid7, Şahid11, X9, Şahid1, Şahid4, Şahid6, X10, X5 da dəvət etmişdir. Həmin ad günü məclisində onlar da başqa da şəxslər var idi. Onlar həmin məclisdə 19.00-dən gecə radələrinədək orada olmuşdular. Həmin məclisdə yeyib-içdikdən, asudə vaxtını keçirdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsində otursunlar, həm də kart oynasınlar. Çay süfrəsində oturmaq üçün əvvəl də getdikləri Təqsirləndirilən şəxs müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə gəlmək qərarına gəlmişdilər. Kafenin sahibi Təqsirləndirilən şəxsdur. Həmin kafedə Eltac və İzzət ofisiant kimi onlara bundan öncə də qulluq ediblər. Həmişə kafeyə gələrək 1-ci kabinetdə otumuşlar, çünki həmin kabinet daha genişdir, həmçinin kart oynanılması üçün geniş stol da vardır. Həmin vaxt resepşnda işləyən Mehdi onları qarşılamışdır. xx.xx.2024- cü il tarixdə təxminən gecə saatlarında Şahid6 və dostları kartla duraka oynayan zamanı “Manhattan” kafesinə DİN-in əməkdaşları içəri daxil olaraq, özlərini təqdim etmişlər. DİN-in əməkdaşları oyunu dayandırmağı və qumar oynamaqları ilə bağlı onlara suallar vermişlər. Onlar özlərini təqdim etmişlər. Videoçəkiliş aparılmış, stolda olan kart və əşyalar götürülmüşdür. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2024-cü il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis leytenantı Bağır Bağırlının tərtib etdiyi 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 10 fevral 2024-cü il tarixdə saat 00.26-da Bakı şəhəri, Nərimnaov rayonu, X7 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” adlı kafeyə baxış keçirilərkən kafe müdiri Təqsirləndirilən şəxs adı qeyd olunan kafedə qumar oyunlarının təşkil edilməsi ilə bağlı daxil olmuş məlumatın doğru olub-olmadığı sual edildikdə, o, təsdiqləyərək hazırda da həmin ünvanda olan 1-ci kabinetdə qumar oyunlarının keçirildiyini bildirir. Həmin kabinetə daxil olarkən içəridə olan şəxslər – Şahid9, Şahid1, Şahid4, Şahid7, Şahid8, Şahid6 özlərini təqdim edərək qumar oynadıqlarını bildirirlər. Həmin şəxslərə kimin qulluq etməsi ilə bağlı sual verildikdə Şahid2 və Şahid3 kafedə ofisiant işlədiklərini və həmin şəxslərə qulluq etdiklərini bildirirlər. Qumar oynanılmasında istifadə olunan və qumar oynanılan masanın üzərində olan 1 ədəd istifadə olunmuş kart dəsti, 1 ədəd istifadə olunmamış bağlı kart dəsti, 8 ədəd 100 dollarlıq, 10 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq, 8 ədəd 20 manatlıq, 7 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 16 ədəd 1 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı Fərid Ağayev tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə qanunauyğun hesab edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd, Şahid2, Şahid3, Emil Əliyevin videoçəkiliş vasitəsilə verdiyi ifadələrinin əks olunduğu 03 ədəd, ümumilikdə 04 ədəd disk, baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1691 manat və 800 ABŞ dolları məbləğində pul vəsaitləri, istifadə olunmuş oyun kartları və 01 ədəd istifadə olunmamış oyun kartı dəsti iş üzrə maddi sübut hesab edilmiş, pul vəsaiti və kart dəstləri Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, disklər isə cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxsdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs dayısı X2 uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə xarakter daşımasını və məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. CM-in 244-1.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf edib peşman olmasını, himayəsində yaşlı ana-atasının və himayəsində bir azyaşlı övladının olmasını yüngülləşdirən hal kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdırılan hallar mövcud deyil. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmasa da, CM-in 46.2-ci maddəsini tətbiq etməklə cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmək cəzasını əlavə cəza növü kimi təyin etməlidir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd, Şahid2, Şahid3, Emil Əliyevin videoçəkiliş vasitəsilə verdiyi ifadələrinin əks olunduğu 03 ədəd, ümumilikdə 04 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, (CPM-132), KMBİnin saxlama kamerasına təhvil verilmiş 1691 manat və 800 ABŞ dolları məbləğində pul vəsaitləri dövlət nəfinə müsadirə edilməli, istifadə olunmuş oyun kartları və 01 ədəd istifadə olunmamış oyun kartı dəsti məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5.000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - KMBİ-nin saxlama kamerasına təhvil verilmiş 1.691 manat və 800 ABŞ dolları məbləğində pul vəsaitləri hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut istifadə olunmuş oyun kartları və 01 ədəd istifadə olunmamış oyun kartı dəsti hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd, Şahid2, Şahid3, Emil Əliyevin videoçəkiliş vasitəsilə verdiyi ifadələrinin əks olunduğu 03 ədəd, ümumilikdə 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar