Məhkəmə qərarları › İş №1(005)-311/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-311/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-311/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Nərimanov rayonu, İ. Abışov küçəsi 16, mənzil 12 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. İttihama görə o, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Nərimanov rayonu İ.Abışov 16 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus «Qardaşlar» adı altında fəaliyyət göstərən marketə müştəri qismində daxil olub, orada satıcı işləyən Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən itələyərək, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə kassada olan 142 manat pulu və vitrindən 1 qutu 3 manat 70 qəpik dəyərində «Sobranie» markalı siqareti götürüb qaçaraq, özgənin əmlakını açıq talayıb zərərçəkmişə ümumilikdə 145 manat 70 qəpik zərər vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluq əyatı yaşamışdır. 2017-ci ildə həbsdən azad olunmuşdur. Həbsdən azad olunduqdan sonra heç bir yerdə işləməmişdir. Yaşadığı ünvanın yaxınlığında Almas adlı şəxsə məxsus “Qardaşlar” adlı mağaza yerləşir. Bir neçə dəfə Almasdan nisyə olaraq mal götürüb bəzilərinin pulunu ödəmişdir. Pulu olmayanda həmin mağazanın işçiləri də ona nisyə olaraq mal vermişlər. Orada çalışan işçiləri üzdən tanısa da adlarını konkret olaraq bilmir. xx.xx.2020- ci il tarixdə saat 13 radələrində özünə “Vinçester” markalı siqater almaq məqsədilə qeyd olunan mağazaya getmiş, içəridə gözündə eynək olan cavan işçidən xahiş etmişdir ki, nisyə olaraq “Vinçester” markalı siqaret versin. Bu zaman o müdirlə əlaqə saxlayaraq müdirin icazə vermədiyini bildirmişdir. O, işçinin bu hərəkətinə əsəbiləşərək, siqareti götürmək üçün saqaretlər olan tərəfə keçmək istədikdə işçi, əli ilə onu saxlamağa çalışmış, bu zaman o işçini sağ əli sinəsindən itələyərək, ona “Almaza sən verməsən mən götürərəm” deməsini bildirmişdir. Daha sonra rəfin üzərindən bir ədəd “Sobranie” markalı siqaret götürmüş və bundan başqa əsəbi olduğundan ona dərs olsun deyə pul olan dolabdan əlinə keçən müəyyən məbləğdə pulu da götürmüşdür. Oradan götürdüyü 142 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş, gecəni tanışının evində qalmış, səhəri gün xx.xx.2020-ci il tarixdə axşam saatlarında isə yaşadığı evə qayıtmışdır. Bundan bir müddət sonra gecə polis əməkdaşları onu taparaq 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada törətdiyi əməli səmimi etiraf etmişdir. Son olaraq əməlindən çox peşman olmasını, habelə zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Hüseyndən onun əvəzinə marketdə işləməyi, şəxsi işləri oldğunu bildirmişdir. Saat təxminən 13 radələrində Hüseyn ona zəng edərək İsa adlı həmin şəxsin marketə gəlib ona siqaret istədiyini bildirmiş, o isə ona heç bir mal nisyə olaraq verməməyini demişdir. Bir neçə dəqiqə sonra Hüseyn yenə zəng edərək həmin şəxsin onu itələyərək mağazadan pul və siqareti götürdüyünü bildirmişdir. O, da bu barədə dərhal DİN-in 102 Xidmətinə məlumat vermiş, sonra isə 17-ci Polis Şöbəsində bu barədə ərizə və izahat vermiş, bir qədər sonra marketə gəlmiş və həmin vaxt artıq polis əməkdaşları marketdə olmuşlar. İsanı marketdən nisyə olaraq mal götürdüyünə və müştəri olduğuna görə tanıyır, lakin onunla hər hansı münasibəti yoxdur, əvvəllər belə bir hal baş verməyib. Ümumilikdə ona 145 manat ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Almas onun əvəzinə marketdə işləməsini, şəxsi işlərinin oldğunu bildirdiyindən o da saat təxminən 10 radələrindən həmin marketdə olmuşdur. Saat təxminən 13 radələrində İsa adlı həmin şəxs marketə gələrək “Vinçester” markalı siqaret istəmiş, o, isə Almasın ona heç bir malı nisyə olaraq verməməyi tapşırdığını bildirmişdir. Bundan sonra İsa onun bu sözündən əsəbləşərək mübahisə etməyə başlamış, onun dayandığı yerə yaxınlaşmaq istədikdə İsaya mane olmaq istəmiş, lakin o yaxınlaşaraq əli ilə onun sinəsindən itələyərək bir qutu siqaret və kassada olan pulları götürmüşdür. Daha sonra İsa marketdən çıxıb getmişdir. O, dərhal bu barədə marketin sahibi Almasa məlumat vermişdir. Daha sonra polis əmkdaşları gələrək hadisə yerinə baxış keçirərək marketin fotoşəkillərini çəkmişlər. Bundan sonra o və Almas 17-ci Polis Şöbəsində hadisə barədə izahat vermişlər. Hadisə vaxtı İsanın əlində hər hansı alət olmamışdır. O sadəcə olaraq qəflətən onun sinəsindən itələmiş və o, müvazinətini itirib divara söykənmişdir. Hadisə zamanı özünü itirdiyi üçün İsaya müqavimət göstərməmişdir. Həmin vaxt yaxınlıqda və marketdə başqa adam olmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v. 1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 32-33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində hər-hansı bir xəsarət aşkar edilmədi. ( i.v. 56-58); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 59-60); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(005)- 882/2020 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 2 ay müddətində həbs qətimkan tədibri seçilmişdir. ( i.v. 77-79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 80-81); Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CMnin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilməklə yeni məzmunlu ittihamın elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin əsaslı olduğundan dəyişdirilməməsi qərara alınmışdır. ( i.v. 123-126) Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 128-129) Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş zərər ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmış və ona dəymiş zərər ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin dispozisiyasında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: ”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 23. Həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək(əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir..” Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə cinayətini törətməsi ilə bağlı məhkəməyə hər-hansı bir sübüt təqdim edə bilməmişdir. Belə ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq orqanında verdikləri ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yalnız əli ilə sinəsindən itələyərək mağazadan pul və siqaret götürərək uzaqlaşmış, sonuncu yerə yıxılmamış, heç-bir bədən üzvü əzilməmiş və xəsarət almamışdır. Zərərçəkmiş şəxs2 bədəni üzərində hər-hansı bir xəsarətin olmaması həmçinin məhkəmətibbi ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əli ilə sinəsindən itələməsi hərəkəti həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək, yəni döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək, habelə əmlakın götürülməsinə maneçilik edən Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun əmlakını açıq talamaqla soyğunçuluq etməsi ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı hər hansı digər mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən CM-nin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 16053,11 ABŞ dolları (12614,53 manat) məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin olunmuş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına tam toplamaq yolu ilə üzərində qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “ƏFV” Sərəncamına əsasən cəzasının çəkilməmş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 2017-ci il tarixli 816-VQD saylı Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına düşmüşdür. Belə ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş olur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində nəzərdə tutulmuş müddəalar Təqsirləndirilən şəxs şamil edilməli və onun cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2017-ci il tarixdən yeni cinayət törətdiyi günədək iki il keçdiyi nəzərə alınaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar