Məhkəmə qərarları › İş №1(005)-312/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-312/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-312/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim XXXXXXXXXXXXXXXX sədrliyi, XXXXXXXXXXXXXXXXXXX katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikasının Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 “A” ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1., 178.2.2., 320.1. və 320.2. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və qanunsuz olaraq hüquq verən rəsmi sənədləri hazırlama və bu cür sənədi satma cinayətlərini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olunmayan "Ruslan" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə, 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Albalılıq - 2 bağ sahəsində 200 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi 4500 manat müqabilində alıb verəcəyinə dair yalan vəd verib aldatmış, 2019-cu ilin fevral ayında 2000 və 600 manat, mart ayında 800 manat, aprel ayında 500 manat, may ayında 600 manat pulu ünvan 3 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında alıb ələ keçirmiş, əvəzində o, "Ruslan” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd hesab edilən, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1, 1001A nömrəli bağ sahəsinin Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olması hüquqi faktının mövcudluğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi idarəsi tərəfindən xx xxxxxx 2017-ci ildə qeydiyyata alınmış ******* nömrəli saxta "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı’' və “Torpaq sahəsinin planı və ölçüsünə dair cizgi”-ni təqdim etməklə satmış, bununla da Zərərçəkmiş şəxs vahid qəsdlə əhatə olunan 4500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, zərərçəkmiş və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, son bir neçə il ərzində Ruslan adlı tanışı ilə birlikdə müxtəlif şəxslərin müraciətləri əsasında onlardan pul alaraq bağ evlərinə və torpaq sahələrinə DƏDRX-dən çıxarışlar almışlar. 2018-ci ilin dekabr ayında müştəri qismində Zərərçəkmiş şəxs adlı şəxs ona zəng edərək Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-ci Albalılıq bağ sahəsində 2 sot torpaq sahəsi olduğunu və ora çıxarış almağa sənədləşdirmədə kömək etməsini xahiş etmişdir. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs zəng edərək 2000 manat pul hazırladığını bidirdikdən sonra onlar Nərimanov rayonunda yerləşən Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında görüşmüşlər və sonuncu həmin pulu ona vermiş, o isə torpaq sahəsinə çıxarışı alacağına söz verərək, Ruslan adlı tanışının olduğunu və onun 1 saylı Bakı Ərazi İdarəsində işlədiyini bildirmişdir. O, aldığı 2000 manat pulu və Zərərçəkmiş şəxs məxsus digər sənədləri Ruslana vermiş, sonuncu isə dərhal sənədləşdirmə işlərinə başlayacağını bildirmişdir. Həmin ilin fevral ayından başlayaraq Zərərçəkmiş şəxs ona hər ay hissə-hissə 400-800 manat, cəmi 4500 manat pul vermişdir. 2019-cu ilin may ayında onlar görüşdükdə Ruslan sözügedən torpaq sahəsinə görə aldığı çıxarışı Zərərçəkmiş şəxs vermiş, lakin 1 ay keçdikdən sonra sonuncu çıxarışın saxta olduğunu bildirmiş və onlar Nərimanov rayonundakı 1 saylı Bakı Ərazi İdarəsinə getmişlər. Orada Ruslan adlı şəxsin idarədə işləmədiyi, çıxarışın saxta üsulla hazırlandığı məlum olduqda Zərərçəkmiş şəxs ondan pulunu istəmiş, sonuncuya bu işdən ona haqq kimi çatan 400 manat pul qaytara biləcəyini, qalan pulu isə Ruslandan tələb etməsini bildirmişdir. Bundan sonra 400 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildə o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq 2 bağ sahəsindən 9 sot torpaq sahəsi almış, 2016-cı il ərzində müxtəlif vaxtlarda həmin torpaq sahəsindən hissəhissə olmaqla 7 sotunu satmış və özünə 2 sot torpaq sahəsi saxlamışdır. 2018-ci ilin dekabr ayında 3 nəfərə satdığı torpaq sahəsində ev inşa edildiyini görüb və orada olan şəxslərdən tikinti aparılması ilə əlaqədar icazə barədə maraqlandıqda Təqsirləndirilən şəxs adlı şəxsin vasitəsi ilə tikintiyə dair sənəd aldıqlarını bildirmişlər. Onlardan Cavanşirin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini alaraq zəng etmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq 2 bağ sahəsində 2 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinə çıxarış almaq istədiyini bildirib, bu barədə köməklik edə biləcəyini soruşduqda, cavabında Cavanşir 4500 manat pul müqabilində kömək edə biləcəyini bildirmişdir. O, razılaşaraq hazırda pulunun olmadığını, bir aydan sonra pulun bir hissəsini, qalan məbləği isə hissə-hissə verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Hər dəfə pulu Cavanşirə Nərimanov rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında olmaqla, 2019-cu ilin fevral ayının ortalarında 2000 manat, ayın sonunda 600 manat, mart ayında 800 manat, aprel ayında 500 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdikdə qalan 600 manat pulu isə sənəd düzələndən sonra verəcəyini demiş, sonuncu bununla razılaşmışdır. 2019cu ilin may ayının ortalarında Cavanşir ona zəng edərək torpaq sahəsinin sənədlərini aldığını bildirmiş və onlar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında görüşmüşlər. Sonuncu ona bir vərəqdə çıxarış, bir vərəqdə isə torpaq sahəsinin planı və ölçüsü olan sənədləri vermişdir. Təxminən bir aydan sonra Cavanşirin verdiyi çıxarışı və torpaq sahəsinin planı və ölçüsünə dair sənədi Sumqayıt şəhərində yerləşən ASAN xidmətdə yoxlatmış, nəticədə sənədlərin saxta olduğu bildirilmişdir. Bundan sonra Cavanşirə zəng edərək onun verdiyi sənədlərin saxta olduğunu demiş, Cavanşir isə təəcüblənərək bunun mümkünsüz olduğunu bildirmiş və onlar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısında görüşüb sənədlərin düzgünlüyünü yoxlatmaq üçün birgə həmin idarəyə daxil olmuşlar. Cavanşir sənədləri idarədə bir nəfər qadına göstərmiş və qadın da sənədlərə baxan kimi onların saxta olduğunu demişdir. O, Cavanşirdən pulunu geri tələb etməyə başlamış, Cavanşir isə pulu geri verəcəyini, ancaq indi imkanının olmadığını bildirmişdir. Bundan sonra o Cavanşirə ara-sıra zəng edərək pulunu tələb etməkdə davam etmiş, 2019-cu ilin avqsut ayında sonuncu ona 400 manat göndərmiş, yerdə qalan pulu isə hissə-hissə verəcəyini vəd etmişdir. Lakin bundan sonra bir daha telefonlarına cavab verməmiş və qalan pulu geri qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində Zərərçəkmiş şəxs ilə iş yoldaşı olmasını, söhbət əsnasında Zərərçəkmiş şəxs 2019-cu ildə Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi üçün Cavanşir adlı şəxsə pul verdiyini, sonradan torpaq üçün verilən çıxarışın saxta olduğunu, Cavanşirin isə pulu geri qaytarmadığı məlum olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, zərərçəkənlə uzun illərdir dostluq münasibətindədir. Zərərçəkmiş şəxs şəxsən özündən Buzovna qəsəbəsində torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin xüsusi mülkiyyətinə keçirməkdən ötrü çıxarış almaq üçün Cavanşir adlı şəxsə 4500 manat pul verdiyi, lakin sonradan çıxarışın saxta olduğunu bildikdə pulunu sonuncudan geri ala bilmədiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı 1, 1001 A nömrəli bağ sahəsi (torpaq sahəsi) xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs adına xüsusi mülkiyyət kimi 112 nömrəli reyestr kitabının 44138 nömrəli vərəqində qeydiyyata alınmışdır (cild 1, iş vər.16). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş, **********72 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəddən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı 1, 1001 A nömrəli bağ sahəsi (torpaq sahəsi) hüquqi sahibi Zərərçəkmiş şəxs olmaqla xx.xx.2018-ci il tarixdə ona təqdim edilmişdir (cild 1, iş vər.17). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********24 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın idarə tərəfindən verilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi – 34). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adından Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli “RX” seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqlnda daşınmaz əmlakın dövlət reyestridən çıxarış” və “torpaq sahəsinin planı və ölçüsünə dair cizginin qanunsuz hazırlanmasını və saxta sənəd olmasını nəzərə alaraq, həmin saxta sənədlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 267-273). İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X9 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil (astenik pozuntu) onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərək etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 143-146). İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-307/2020 saylı Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.2. 178.2.4. və 320.1. maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2. maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-307/2020 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.2. 178.2.4. və 320.1. maddələri ilə məhkum edilməsinə dair xx.xx.2020-ci il tarixli, 1(008)-307/2020 saylı hökmündən apellyasiya şikayəti və protesti verilməmiş, hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X12 dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 347 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X12 Dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi - 265). İş materiallarına əlavə olunmuş 5 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş seriya AZ İV № 504053, akt qeydləri kitabında 5431 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədən görünür ki, xx xxx 2015-ci il təvəllüdlü X2, Təqsirləndirilən şəxs övladıdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İlk növbədə məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə ittihamdan imtina etməsini nəzərə alır. Dövlət ittihamçısı ittihamın bu hissəsindən imtinasını onunla əsaslandırmışdır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.2.2. maddəsi ilə ittiham Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işi üzrə törədilən dələduzluq cinayəti nəzərə alınmaqla verilmiş, həmin iş üzrə isə Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1. 178.2.2. 178.2.4. və 320.1. maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası CM-nin 16.1. və 16.3. maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittihamından CM-nin 178.2.2. maddəsi xaric edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər idarəetmə qaydası əleyhinə olan cinayətlərə aid edilərək, həmin maddədə rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, həmçinin sənədləri saxtalaşdırmaqla ondan istifadə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddə ilə qanunsuz hərəkətlərin dairəsi müəyyən edilməklə bu əməllərə həmçinin sənədləri saxtalaşdırmaqla ondan istifadə etmək məqsədi də daxil edilmişdir. Cinayət Məcəlləsinin 320.2. maddəsinin tərkib hissəsi həmin Məcəllənin 320.1. maddəsində göstərilmiş sənədlərdən bilə-bilə istifadə edilməsi zamanı yaranır. Yəni, şəxs digər şəxs tərəfindən hazırlanmış sənədin saxta olduğunu bilə-bilə həmin sənəddən istifadə edir. Rəsmi sənədi saxtalaşdırmış şəxsin özü ondan istifadə edərsə, onun əməli yalnız CM-nin 320.1. maddəsi ilə tövsif edilməlidir. Bu əsaslara görə də, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamından CM-nin 320.2. maddəsi xaric edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlləri məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspert və tibbi rəylər, eləcə də işdə olan digər obyektiv dəlillərlə sübuta yetirilmiş və məhkəmə belə nəticəyə gəlir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1. 320.1. maddələrinə uyğundur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1. və 320.1. maddələri ilə ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan uşağının və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 320.1. maddəsi ilə nəzərdə tutulmuş əməli cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi isə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-nin 178.2.1. və 320.1. maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2. maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin maddəni rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cəza, cəzaları qismən toplamaq yolu ilə təyin olunmalıdır. CM-nin 66.5. maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza müddətinə hesablanır. İş materialları ilə müəyyən edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 178.2.2., 178.2.4., 320.1. və 320.2. maddələri ilə cinayət əməli törətdiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həbs olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1008)-307/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1., 178.2.2., 178.2.4. və 320.1. maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu əsaslara görə də həmin cəza Cinayət Məcəlləsinin 66.5. maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2. maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1. maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1. maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1. və 320.1. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə vəkil X1 ödənilməlidir. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci ildə qeydiyyata alınmış ******* nömrəli saxta çıxarış, bağ sahəsinin planını təsdiq edən xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış AA 061046 seriya nömrəli saxta torpaq sahəsinin planı və ölçüsünə dair cizgi cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1. və 320.1. maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1. maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay, CM-nin 320.1. maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5. maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 320.2. maddələri xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 Bakı şəhəri 14 saylı Vəkil Bürosu vasitəsilə 240 (iki yüz qırx) manat ödənilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci ildə qeydiyyata alınmış ******* nömrəli saxta çıxarış, bağ sahəsinin planını təsdiq edən xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış AA 061046 seriya nömrəli saxta torpaq sahəsinin planı və ölçüsünə dair cizgi cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim XXXXXXXXXXXXXXXXXXXX

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar