Məhkəmə qərarları › İş №1(005)-312/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-312/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-312/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq hadisədən iki gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 1,023 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa müəyyən olunmamış mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 01 mart 2024-cü il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində olan zaman özünü şübhəli apardığı üçün Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə, xeyli miqdarda, təmiz çəkisi 1,023 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 01 mart 2024-cü ildə saat təxminən 16:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsində yaşadığı evin yaxınlığında gəzərkən iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin an üzərində psixotrop maddə metamfetamin olması səbəbindən həyəcanlanmışdır. Bu zaman polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində gəzdirdiyi metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Daş karxanası deyilən ünvanda Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə xidmətdə olduqları zaman bir şəxsin hərəkət və davranışları ilə özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərməklə özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin davranışı və hərəkətləri, eləcə də, verilmiş suallara qeyri-müəyyən cavab verməsi onun narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsi onlarda şübhə yaratmışdır. Ona görə də, həmin şəxsdən onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına getməyi xahiş etmişlər. Həmin şəxs onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərində qoymuşdur. Sonra isə o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd göy rəngli "Honor" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra, o, bildirmişdir ki, üzərində başqa əşya yoxdur. Bundan sonra isə onun üzərinə baxış keçirilmiş, heç bir əşya müəyyən edilməmişdir. Onun təqdim etdiyi ağ rəngli kağız bükülünün içərisinə baxış keçirilmişdir. Həmin maddənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “şüşə”dir və iki gün əvvəl Montin qəsəbəsi adlanan ərazidə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş büküm qablaşıdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakları ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhəri Nərimanov RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərində qoymuşdur. Sonra isə o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd göy rəngli "Honor" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi ağ rəngli kağız bükümün içinə baxış keçirilmişdir. Həmin maddənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “şüşə” dir və iki gün əvvəl Montin qəsəbəsi adlanan ərazidə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ondan əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etməməsi soruşulduqda, o bildirmişdir ki, əvvəllər də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1264 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksləri, “Vət.Təqsirləndirilən şəxs aşkar edilmiş büküm...” yazıları və imzalar olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,023 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimli tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərində qoymuşdur. Sonra isə o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd göy rəngli "Honor" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi ağ rəngli kağız bükümün içinə baxış keçirilmişdir. Həmin maddənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə “şüşə” dir və iki gün əvvəl Montin qəsəbəsi adlanan ərazidə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ondan əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etməməsi soruşulduqda, o bildirmişdir ki, əvvəllər də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi – 1,023 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,973 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şübhəli şəxsin üzərində axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı qeydə alınmış görüntülərin əks olunduğu bir ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsi tətbiq edilmiş və 06 ay sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 il 06 ay şərti sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2017-ci ildə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 17 aprel 2024-cü il tarixli, 2436 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,023 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəuyğundur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 05 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 80 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0,973 qram metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı – 0,973 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar