Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-313/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri, Lefortovo Rayon Məhkəməsinin 24 aprel 2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 2-ci hissəsi və 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qərarı tanınıb əməli Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilib qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 10 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ********* nömrəli, AK-103 modelli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomat hesab edilən bir ədəd yivli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 10 ədəd ştat patronlarını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai İX 35” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2022-ci il tarixdə saat 20:46-da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə özünün razılığı və iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ********* nömrəli, AK-103 modelli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomat hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 10 ədəd ştat patronları avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən 1 ay öncə yaşadığı Masazır qəsəbəsi ərazisində yerləşən yeni binaların birinin həyətində bir ədəd “Kalaşnikov” tipli avtomatı, bir ədəd sandıqça və 10 ədəd patron tapmışdır. O, silah-sursatı qara rəngli sellofana büküb idarə etdiyi “Hyudai İX35” markalı avtomobilin yük yerində gizlədib gəzdirməyə başlamışdır. 22 fevral 2022-ci il tarixdə saat 18:30-da Xətai rayonu, Lütfi Zadə küçəsində idarə etdiyi avtomobilin qarşısında dayandığı zaman ona 3 nəfər daha əvvəllər tanımadığı şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmaqlarını bildirmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi avtomobil ilə birlikdə polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ardınca üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı onun üzərində odlu silah, döyüş sursatı və ya digər qanunla qadağan olunmuş əşya və ya predmeti olub-olmaması sual edilmişdir. O, cavab vermişdir ki, üzərində qanunla qadağan olunmuş heç bir əşya olmasa da, idarə etdiyi və saxlanılan zaman onunla birlikdə Baş İdarəyə gətirilmiş avtomobilin yük bölməsində özünə məxsus avtomat vardır. Şəxsi axtarış zamanı ona məxsus “İphone 13 Pro” markalı mobil telefon, idarə etdiyi avtomobilin açarı və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Əlavə olaraq şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 120 manat nağd pul özünə qaytarılmışdır. Daha sonra o, ərizə yazaraq idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir və onlar Baş İdarənin həyətyanı sahəsində saxladığı avtomobilə baxış keçirilməsi üçün getmişlər. Orada idarə etdiyi “Hyundai İX35” markalı avtomobilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilin yük bölməsini açaraq oradan qara rəngli sellofan paketi çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin paketin içərisində özünə məxsus avtomat vardır. Paketin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, orada 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər vardır. Şifahi sorğu zamanı idarə etdiyi avtomobilin yük bölməsindən aşkar olunan predmetlərin özünə məxsus olduğunu, həmin 01 ədəd avtomata bənzər dəmir predmeti, sandıqçanı və 10 ədəd patrona bənzər dəmir predmetləri təxminən bir ay əvvəl yaşadığı Masazır qəbəsində yerləşən yeni tikili binaların birinin yaxınlığından tapdığını, silaha marağı olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, silahı tapması və götürərək özündə saxlaması barədə polisə və digər şəxslərə heç bir məlumat vermədiyini bildirmişdir. Bundan sonra idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd qara rəngli bağlamanın içərisində qablaşdırılıb möhürlənərək imzalanmışdır. Şəxsi axtarış və avtomobilə baxışın nəticələri protokolla rəsmiləşdirildikdən sonra o, hər iki protokolu oxuyub imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Samir adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX 35” markalı avtomobillə ünvan 4 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin gün saat 18:30 radələrində həmin ünvanının qarşısında “Hyundai İX 35” markalı ** HX *** nömrə nişanlı avtomobilin yanında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində və ya idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah və döyüş sursatı daşıması barədə məlumat daxil olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə BMCMİ-nə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə etiraz etmədiyini bildirmiş, ardınca Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd idarə etdiyi və saxlanılan zaman onunla birlikdə Baş İdarəyə gətirilmiş “Hyundai İX 35” markalı avtomobilin açarını, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 120 manat nağd pulu masanın üzərinə qoyaraq təqdim etməklə üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını, lakin saxlanılan zaman idarə etdiyi və Baş İdarəyə gətirilmiş “Hyundai İX 35” markalı ** HX *** qeydiyyat nişanlı avtomobilin yük bölməsində avtomatın olmasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah olmasa da dostu Fəxriyə məxsus və iki aydır onun istifadəsində olan “Hyundai İX 35” markalı ** HX *** qeydiyyat nişanlı avtomobilin yük bölməsində özünə məxsus “Kalaşnikov” tipli avtomatın olduğunu, həmin avtomatı təxminən bir ay öncə yaşadığı Masazır qəsəbəsində tikinti aparılan yerlərinin birinin yaxınlığında tapdığını, silaha marağı olduğu üçün götürüb özündə saxladığını, həmin silahdan istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, silah tapması barədə heç kəsə məlumat vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonun iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar olunmuş 120 manat nağd pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə prosessual hərəkətinin nəticələri rəsmiləşdirildikdən və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, idarə etdiyi avtomobildə olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs avtomobilin yük bölməsini açaraq oradan qara rəngli sellofan paketi çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin paketin içərisində özünə məxsus avtomat vardır. Paketin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, orada üzərində ********* rəqəmləri olan 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük bölməsindən aşkar olunan predmetlərin özünə məxsus olduğunu, həmin 01 ədəd avtomata bənzər dəmir predmeti, sandıqçanı və 10 ədəd patrona bənzər dəmir predmetləri təxminən bir ay əvvəl yaşadığı Masazır qəbəsində yerləşən yeni tikili binaların birinin yaxınlığında tapdığını, silaha marağı olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, silahı tapması və götürərək özündə saxlaması barədə polisə və digər şəxslərə heç bir məlumat vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai İX 35» markalı, ** HX *** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş üzərində 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd qara rəngli bağlamanın içərisində qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 21-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd idarə etdiyi və saxlanılan zaman onunla birlikdə Baş İdarəyə gətirilmiş “Hyundai İX 35” markalı ** HX *** qeydiyyat nişanlı avtomobilin açarını, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsini və 120 manat nağd pulu masanın üzərinə qoyaraq təqdim etməklə üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını, lakin saxlanılan zaman idarə etdiyi və Baş İdarəyə gətirilmiş “Hyundai İX 35” markalı ** HX *** qeydiyyat nişanlı avtomobilin yük bölməsində avtomatın olmasını bildirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah olmasa da dostu Fəxriyə məxsus və iki aydır onun istifadəsində olan “Hyundai İX 35” markalı ** HX *** qeydiyyat nişanlı avtomobilin yük bölməsində özünə məxsus “Kalaşnikov” tipli avtomatın olduğunu, həmin avtomatı təxminən bir ay öncə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində tikinti aparılan yerlərinin birinin yaxınlığında tapdığını, silaha marağı olduğu üçün götürüb özündə saxladığını, həmin silahdan istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, silah tapması barədə heç kəsə məlumat vermədiyini, idarə etdiyi avtomobilə dair etibarnaməsinin olmadığını, sürücülük vəsiqəsinin olmasını, istifadəsində olan avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonun iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürüldü. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə edilməsi üçün götürüldü. Şəxsi axtarış zamanı aşkar olunmuş 120 manat nağd pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Cinayət işinin 34-36-cı vərəqələrində olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, idarə etdiyi avtomobildə olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin yük bölməsini açaraq oradan qara rəngli sellofan paketi çıxararaq təqdim etdi və bildirdi ki, həmin paketin içərisində özünə məxsus avtomat vardır. Paketin içərisinə keçirilən baxış zamanı müəyyən edildi ki, orada üzərində ********* rəqəmləri olan 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük bölməsindən aşkar olunan predmetlərin özünə məxsus olduğunu, həmin 01 ədəd avtomata bənzər dəmir predmeti, sandıqçanı və 10 ədəd patrona bənzər dəmir predmetləri təxminən bir ay əvvəl yaşadığı Abşeron rayonu, Masazır qəbəsində yerləşən yeni tikili binaların birinin yaxınlığında tapdığını, silaha marağı olduğu üçün həmin predmetləri götürərək özündə saxladığını, həmin predmetlərdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, silahı tapması və götürərək özündə saxlaması barədə polisə və digər şəxslərə heç bir məlumat vermədiyini, idarə etdiyi avtomobilin dostu Fəxriyə məxsus olduğunu, iki aydır onun istifadəsində olduğunu, həmin avtomobili idarə etməsi üçün etibarnaməsinin olmadığını, sürücülük vəsiqəsinin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai İX 35» markalı, ** HX *** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş üzərində ********* rəqəmləri olan 01 ədəd “Kalaşnikov” tipli avtomata oxşar qara rəngli dəmir predmet, 01 ədəd sandıqça və 10 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd qara rəngli bağlamanın içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin 50-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/174R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ********* N-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş AK-103 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Həmin daraq tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, ********* №-li AK-103 modelli avtomatın komplekt hissəsi hesab edilmir. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Həmin patronlar tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, ********* №-li AK-103 modelli avtomatın ştat patronları hesab edilmir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 10 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 86-90-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-257/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci madddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 22 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, 22190083 №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı və tədqiqtdan sonra 07 ədəd qalmış patronun saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 129-cu vərəqində olan xx.xx.2012-ci il tarixli, 835120 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X1 qeyd edilmişdir. Cinayət işinin 131-ci vərəqində olan xx.xx.2010-cu il tarixli, 892644 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X1 qeyd edilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 7(101)-43/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Rusiya Federasiyası Moskva şəhəri, Lefortovo rayon məhkəməsinin 24 aprel 2014-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində icraya qəbul edilməklə Rusiya Federasiyası CM-nin 126-cı maddəsinin 2-ci hissəsinin «a, v, q və z» bəndləri və 162-ci maddəsinin 2-ci hissəsi ilə tanınması və Azərbaycan Respublikasının qanunvericiliyinə tənzimlənərək (uyğunlaşdırılaraq) Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 181.2.1, 181.2.5-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 06 il 06 ay müddətə, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə ona qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin, bu müddətə onun Rusiya Federasiyasında çəkdiyi cəza müddəti də hesaba alınmaqla 10 fevral 2013-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində hökm Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan əməllərə görə məhkum edilmiş şəxslər üçün olduğu kimi hüquqi nəticələri yaratmasının təsdiq edilməsi qərara alınmışdır. Cinayət işinin 139-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Moskva şəhəri Lefortovo rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 126-cı maddəsinin 2 hissəsi, “A,V,Q,Z” bəndləri ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qərarına əsasən Rusiya Federasiyası CM-nin maddələri Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 181.2.1, 181.2.5-ci maddələrinə tövsif edilərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 142-149-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı və tədqiqatdan sonra 07 ədəd qalmış patronların sübut kimi tanınması və DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman və idarə etdiyi avtomobilə baxış keçirilən zaman çəkilmiş videoçəkiliş disklərinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o Moskva şəhəri Lefortovo Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2 hissəsinin “A,V,Q,Z” bəndləri ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qərarına əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi Azərbaycan Respublikasının qanunvericiliyinə tənzimlənərək (uyğunlaşdırılaraq) Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 181.2.1, 181.2.5-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli bu müddətə onun Rusiya Federasiyasında çəkdiyi cəza müddəti də hesaba alınmaqla 10 fevral 2013-cü il tarixdən hesablanmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 22 fevral 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı, və 07 ədəd patron hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və onun idarə etdiyi avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd avtomat darağı, və 07 ədəd patron hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və onun idarə etdiyi avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-313/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-313/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver