Məhkəmə qərarları › İş №1(005)-313/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-313/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-313/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd odlu silah hesab edilən tapança, onun komplekt hissəsi olan 01 ədəd daraq və 02 ədəd döyüş sursatı hesab olunan patronu qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Massiv 4 küçəsində yerləşən “X1” Zavodunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 mart 2024-cü il tarixdə saat 17:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 19:23-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı bel nahiyəsindən A- 84834W nömrəli, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,65 mm kalibrli, Pietro Beretta 70 modelli, odlu yivli silah hesab edilən 01 ədəd tapança, həmin tapançanın içərisindən zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli Pietro Beretta 70 modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2003-2005-ci illərdə hərbi xidmətdə olmuşdur. Evlidir, dörd uşağı vardır. Hazırda işsizdir. Təxminən tutulmazdan bir həftə bundan əvvəl yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən qəbristanlığın ərazisində olan zaman giriş hissədə yerdə 01 ədəd tapança və iki ədəd patron olduğunu görmüşdür. Həmin tapança və patronları maraq oyatdığı üçün götürüb özündə saxlamışdır. 15 mart 2024-cü il tarixdə saat 17:25-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Massiv 4 küçəsində yerləşən X1 zavodunun yaxınlığında idarə etdiyi “Jeep" markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, üstündə tapança, cibində isə 02 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində hər hansı bir qanunsuz əşya və predmet olmadığını bildirdikdən sonra üzərində olan digər əşyaları çıxardıb masaya qoymağı təklif edilmişdir. Bu təklifdən sonra, o, üstündə silah olduğunu, həmin silahı bel nahiyəsində saxladığını bildirmişdir. Bundan sonra o, bel nahiyəsinin sağ tərəfində olan 01 ədəd tapançanı göstərmiş və həmin tapança aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin silaha baxış keçirilən zaman içərisində 01 ədəd darağ olması, daraq tapançanın içərisindən çıxarılan zaman həm darağın içərisində, həm də tapançanın içərisində patronun olmaması aşkar edilmiş və silah yoxlanılmışdır. Bundan sonra o, üstündə 02 ədəd güllə olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin güllələri təqdim etməyini istədikdə əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 02 ədəd patronu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra əynində olan göy cins şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilin 01 ədəd açarını, həmin cibindən yaşadığı evin açarlarını, əynində olan həmin şalvarın sol yan cibindən 40 manat pulunu, özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini, idarə etdiyi “Jeep” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin 01 ədəd qeydiyyat şəhadətnaməsini, üstündə 5522 0993 6571 4245 rəqəmləri qeyd olunmuş 01 ədəd “Azərbaycan Beynəlxalq Bankına məxsus plastik bank kartını, 01 ədəd üstündə “Smart Payment” yazıları qeyd olunmuş qaz sayğacının ödəniş kartını və əynində olan şalvarının sol arxa cibindən 01 ədəd “Samsung S22” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üstündən aşkar olunub götürülmüş tapançaya baxış zamanı metal korpusunun olması, üstündə "A84834W”, "Pietro Beretta” yazılarının qeyd olunması müəyyən edilmişdir. Daha sonra üstündən aşkar olunmuş həmin 01 ədəd tapança, 01 ədəd daraq, 02 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üstündən aşkar edilmiş özünə məxsus olan 01 ədəd "Samsung S22” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, idarə etdiyi “Jeep” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin 01 ədəd qeydiyyat şəhadətnaməsi, üstündə 5522 0993 6571 4245 rəqəmlən qeyd olunmuş 01 ədəd “Azərbaycan Beynəlxalq Bankı"na məxsus plastik bank kartı iş üzrə iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Üstündən aşkar edilmiş 01 ədəd üstündə “Smart Payment" yazıları qeyd olunmuş qaz sayğacının ödəniş kartı, 40 manat pul və ev açarları iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. İdarə etdivi avtomobilə məxsus 01 ədəd açar isə müvəqqəti olaraq ona geri qaytarılmışdır. Bu zaman idarə etdiyi “Jeep” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığı soruşulan zaman o, heç bir etirazının olmadığını və avtomobilində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş tapança, daraq və 02 ədəd gülləni təxminən bir həftə bundan öncə, atası Əmrulla Əliyevin məzarını ziyarətə gedərkən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən qəbristanlığın girişində yoldan tapdığını, həmin predmetləri silaha uşaqlıqdan marağı olduğu üçün götürdüyünü, həmin predmetlərdən indiyə qədər olan müddət ərzində istifadə etmədiyini, predmetləri tapdığı zaman orada 02 ədəd patron olduğunu, başqa patronun olmadığını, həmin predmetləri tapdığı zaman 02 ədəd patronun darağın içərisində olduğunu, hazırda isə həmin patronları tapançanın qəfildən atəş açılmasından ehtiyyat etdiyi üçün arxa sağ cibində daşıdığını, bu predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri maraqlı olduğu üçün üstündə gəzdirməklə daşıdığını bildirmişdir. Həmçinin bu predmetlərdən hər hansı bir qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, həmin tapançaya aid hər hansı bir hissəni kiməsə satmadığını, hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Jeep” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış prosessual hərəkəti davam etdirilərkən avtomobildən başqa qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən silahı və digər əşyaları qəbristanlığın ərazisində olan zaman tapmışdır və onda maraq oyatdığı üçün özündə saxlamışdır. Başqa hər hansı bir məqsədi olmamışdır. Aşkar edilmiş silahdan heç bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından heç kimin xəbəri olmamışdır. Aşkar edilən silahdan başqa heç yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin, soyuq silah saxlamır.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 mart 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üzərində gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X6 və X2 daxil edilmişdir. 15 mart 2024-cü il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Massiv 4 küçəsində yerləşən X1 Zavodunun yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 17:25-də həmin ünvanın yaxınlığında “Jeep" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və DİN-in BMCMl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən avtomobili ilə birlikdə onlarla BMCMİ-nə gəlmişdir, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində silah olduğunu və bel nahiyəsində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bel nahiyəsində saxladığı tapançaya oxşar dəmir predmet onun tərəfindən götürülmüş və yoxlanılmışdır. Yoxlama zamanı həmin predmetin içərisində 01 ədəd daraq olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində 02 ədəd güllə olduğunu bildirib əynində olan şalvarının ciblərindən 02 ədəd patrona oxşar predmeti, 01 ədəd avtomobil açarını, ev açarlarını, 40 manat pulu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd bank kartını, 01 ədəd ödəniş kartını və 01 ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş predmetlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd tapançaya oxşar predmet, 01 ədəd darağa oxşar predmet və 02 ədəd patrona oxşar predmet 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 01 ədəd bank kartı götürülmüşdür. Aşkar edilmiş 01 ədəd ödəniş kartı, 40 manat pul, ev açarları və avtomobil açarı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dəmir predmetləri təxminən bir həftə bundan öncə, atası Əmrulla Əliyevin məzarını ziyarətə gedərkən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən qəbristanlığın girişində yoldan tapdığını, həmin predmetləri silaha uşaqlıqdan marağının olduğu üçün götürdüyünü, həmin predmetlərdən indiyə qədər olan müddət ərzində istifadə etmədiyini, predmetləri tapdığı zaman orada 02 ədəd patrona oxşar dəmir predmet olduğunu, başqa patrona oxşar dəmir predmetin olmadığını, həmin predmetləri tapdığı zaman 02 ədəd patrona oxşar predmetin darağa oxşar dəmir predmetin içərisində olduğunu, hazırda isə həmin patrona oxşar predmetləri tapançaya oxşar dəmir predmetin qəfildən atəş açılmasından ehtiyyat etdiyi üçün arxa sağ cibində daşıdığını, bu predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri maraqlı olduğu üçün üstündə gəzdirməklə daşıdığını bildirmiş, həmçinin bu predmetlərdən hər hansı bir qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, həmin tapançaya oxşar dəmir predmetə aid hər hansı bir hissəni kiməsə satmadığını, hədiyyə vermədiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Jeep” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə yazmışdır. Daha sonra həmin avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxışdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobildə qanunsuz əşya və ya predmet olmadığını bildirib avtomobili baxışa təqdim etmişdir. Baxış zamanı həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan və “Şəxsi axtarış və götürmə aparılması haqqında" protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Massiv 4 küçəsində yerləşən X1 Zavodunun yaxınlığında, idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı, “Jeep" markalı avtomobilin yanında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 19:23-dən etibarən videoçəkiliş ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, bel nahiyəsində daşıdığı 01 ədəd tapançaya oxşar dəmir predmeti və əynində olan şalvarının sağ arxa cibindən 02 ədəd patronu, həmin şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilin 01 ədəd açarını, həmin cibindən yaçadığı evin açarlarını, əynində olan həmin şalvarın sol yan cibindən 40 manat pulunu, özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini, idarə etdiyi “Jeep” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin 01 ədəd qeydiyyat şəhadətnaməsini, üstündə 5522 0993 6571 4245 rəqəmləri qeyd olunmuş 01 ədəd “Azərbaycan Beynəlxalq Bankı”na məxsus plastik bank kartını, 01 ədəd üstündə “Smart Payment" yazıları qeyd olunmuş qaz sayğacının ödəniş kartını və əynində olan şalvarının sol arxa cibindən 01 ədəd “Samsung S22" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmetə baxış zamanı içərisində 01 ədəd darağa oxşar dəmir predmet müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş 01 ədəd tapançaya oxşar dəmir predmet, 01 ədəd darağa oxşar dəmir predmet və 02 ədəd patrona oxşar dəmir predmet 01 ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş 01 ədəd “Samsung S22” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, idarə etdiyi “Jeep” markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin 01 ədəd qeydiyyat şəhadətnaməsi, üstündə 5522 0993 6571 4245 rəqəmləri qeyd olunmuş 01 ədəd “Azərbaycan Beynəlxalq Bankf’na məxsus plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Aşkar edilmiş 01 ədəd üstündə ‘Smart Payment” yazıları qeyd olunmuş qaz sayğacının ödəniş kartı, 40 manat pul və ev açarları iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmış, idarə etdiyi avtomobilə məxsus 01 ədəd açar isə müvəqqəti olaraq geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 15 mart 2024-cü il tarixdə saat 19:23-də başlamış və həmin tarixdə saat 19:42-də başa çatmışdır. “Baxış və götürmə aparılması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Jeep” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının 16 mart 2024-cü il tarixli 24/586 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd A-84834W №-li silah zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Pietro Beretta 70 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar. (Bax: silahının tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Pietro Beretta 70 modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTl-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,65x17 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-400/2024 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(005)-828/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 15 mart 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd Pietro Beretta 70 modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 01 ədəd qalmış döyüş sursatı olan patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələləri həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd Pietro Beretta 70 modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 01 ədəd qalmış döyüş sursatı olan patron maddi sübut kimi tanınmış və saxlanması üçün DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə verilmiş, Şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk və Baxış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Jeep” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung S22” markalı mobil telefonun, 01 ədəd bank kartının, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 01 ədəd sürücülük vəsiqəsinin Təqsirləndirilən şəxs qardaşı X4 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 03 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd A-84834W №-li silah zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Pietro Beretta 70 modelli tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin qeydiyyatından keçmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd A-84834W №-li silah zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Pietro Beretta 70 modelli tapança Azərbaycan Respublikası Müdafiə Nazirliyinin elektron uçot sistemində qeydiyyatından keçmir. İş materiallarında olan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə yaşayır. Qeydiyyatda olduğu vaxtdan bu günədək 109 saylı MKİS-ə onun və ailəsi haqqında qonşular və digər şəxslər tərəfindən heç bir şikayət ərizəsi daxil olmamışdır. Yaşadığı məhəllədə özünü nizam-intizamlı aparmışdır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 109 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd yetkinlik yaşına çatmayan övladı və yaşlı anası vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: cinayəti etiraf etməsi, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cinayət işi üzrə maddi sübut – DİN BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Pietro Beretta 70 modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 01 ədəd qalmış döyüş sursatı olan patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, Şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk və Baxış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs istifadəsində olmuş “Jeep” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung S22” markalı mobil telefonun, 01 ədəd bank kartının, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 01 ədəd sürücülük vəsiqəsinin Təqsirləndirilən şəxs qardaşı X4 qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “ARBİTRİUM” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut -DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Pietro Beretta 70 modelli odlu silah, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və eksperimental atəşdən sonra 01 ədəd qalmış döyüş sursatı olan patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Jeep” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung S22” markalı mobil telefonun, 01 ədəd bank kartının, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 01 ədəd sürücülük vəsiqəsinin Təqsirləndirilən şəxs qardaşı X4 qaytarılması nəzərə alınsın. Şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd CD disk və baxış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd 01 ədəd CD diski cinayət işinin materiallarında saxılanılsın. Bakı şəhəri “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “ARBİTRİUM” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar