Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-314/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 Xüsusi ittihamçının nümayəndəsi və vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətini onunla əsaslandırmışdır ki, şikayətçinin əri Babaşov Bəxtiyar Baxış oğlu 09 mart 2023-cü ildə tutulub. CM-nin 234.4.3cü maddəsi ilə ittiham edilib. 2023-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli qərarı ilə cəza müddəti 3 ilə endirilib. Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. 08 iyun 2025-ci ildə X8 Tiktok sosial şəbəkəsində “tarixin bir günü” adlı profili ilə “Alirahimov03" və “Adil Black" adlı şəxslərin olduğu canlı yayıma qoşulub. Həmin canlı yayımda söhbət zamanı məhbus ailələrini nalayiq formada təhqir edib və söyüb. Sözü gedən canlı yayıma minlərlə insan baxıb. Bu günə kimi həmin videolar bütün sosial şəbəkələrdə mövcuddur. Tarix Əliyevin məhbus ailələrini nalayiq ifadə işlətməklə təhqir etməsi şikayətçini hiddətləndirmiş və onun əri də məhbus olduğu, hər həftə onunla görüşməsi səbəbindən bu hərəkətdən narazı olmuşdur. Düşünür ki, tanınmış şəxsin cəmiyyətin həmin üzvlərinə qarşı açıq şəkildə söyüşü ağır cinayət əməlidir. Tarix Əliyevin əməlində sosial ədavətin salınması barədə cinayət var. X2 qarşı CM-nin 283.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün müvafiq qurumlara şikayət edib. Şikayətçi bir məhbus ailəsi olaraq özünü təhqir edilmiş hiss edib. Bu səbəbdən şikayətinin icraata qəbul edilməsini və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 və vəkili Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişlər ki, ittiham tərəfinin sübutu iş materiallarına əlavə edilmiş videogörüntüdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, ilk növbədə şikayət qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmiş, şikayətçi tərəfindən imzalanmamış, şikayətə faktı təsdiq edən sübutlar əlavə edilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs xüsusi ittihamçıya qarşı təhqir işlətməmişdir. Bu səbəbdən şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş edir. X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(101)-1449/2023 saylı hökmünün surətindən görünür ki, şikayətçinin əri Babaşov Bəxtiyar Baxış oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, şikayətçi X6 ilə məhkum Babaşov Bəxtiyar Baxış oğlu rəsmi nikahda olmuşlar. 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, lakin həmin diskdə X5 08 iyun 2025-ci il tarixində “TikTok” sosial şəbəkəsində canlı yayımda iddia olunan təhqiramiz ifadələri işlətməsini təsdiq edən hər hansı video və ya audio yazı aşkar edilməmişdir. Şikayətçi tərəfindən sübut kimi təqdim edilmiş 11 iyul 2025-ci il tarixli ekran görüntüsündən müəyyən edilir ki, "Google" axtarış portalında "tolik söydü" sorğusu üzrə axtarış aparılmış və nəticələr tapılmışdır. "Realpress.az" saytından əldə edilmiş 28 iyun 2019-cu il tarixli "Tolik efirdə söyüş söydü - VİDEO" başlıqlı məqalənin ekran görüntüsündən görünür ki, məqalədə aparıcı Tarix Əliyevin "Hər şey daxil" verilişində xoşagəlməz ifadələr səsləndirdiyi iddia edilir. "Publik.az" adlı "İnstagram" səhifəsindən əldə edilmiş "Tolikdən 78 ailə şikayət edib" başlıqlı paylaşımın ekran görüntüsü iş materiallarına əlavə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasındakı mövqelərini hərtərəfli tədqiq edərək, məhkəmə baxışının təyin edilməsinin mümkünsüzlüyü və şikayətin məhkəmə icraatına qəbulundan imtina edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə mühakimə icraatının istənilən mərhələsi, o cümlədən xüsusi ittiham üzrə icraatın başlanması, qanunvericinin müəyyən etdiyi ciddi prosessual formalizmə riayət olunmasını tələb edir. Bu formalizm, özbaşınalığın qarşısını almaq və tərəflərin hüquq bərabərliyini təmin etmək məqsədi daşıyır. Təqdim edilmiş şikayət bir sıra fundamental prosessual tələblərə cavab vermir: Şikayətin tərtibindəki yanlışlıqlar: Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən, internet informasiya ehtiyatında yayılan məlumatlarla bağlı şikayətlərə, həmin resursun hüquqi ünvanı məlum olmadıqda, məlumatı yaymış şəxsin yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmalıdır. X1 qeydiyyat ünvanı olaraq ünvan 1erə dair məlumat verilməmişdir. Habelə, şikayət materiallarına nəzər saldıqda görünür ki, şikayətin verildiyi tarix (il, ay və gün) və yer kimi texniki göstəricilər də əlavə edilməmişdir. CPM-nin 293.3.7-ci maddəsi şikayətin "şikayəti vermiş şəxs", yəni X6 tərəfindən imzalanmasını imperativ tələb kimi müəyyən edir. (CPM 293.3.7) Təqdim edilmiş şikayət isə bilavasitə zərərçəkmiş tərəfindən deyil, onun nümayəndəsi Müdafiəçi1 tərəfindən imzalanmışdır. Lakin, daha fundamental pozuntuları nəzərə alaraq, məhkəmə bu məsələlərin ətraflı təhlilini zəruri hesab etmir. Sübutetmə vəzifəsinin yerinə yetirilməməsi: CPM-nin 293.3.4-cü maddəsi tələb edir ki, şikayətdə iddia olunan hallar “hansı şahid ifadələri ilə..., hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi” konkret göstərilsin. Hazırkı şikayət isə bu tələbə ziddir. Şikayətçi tərəfindən bir nəfər belə şahidin adı və ünvanı göstərilməmiş, təqdim edilən DVD diskə məhkəmə hazırlıq iclasında baxış zamanı təhqir faktı aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında cinayət təqibində sübutların təqdimi vəzifəsi xüsusi ittihamçının üzərindədir. Bu prosessual pozuntular məcmu halında, CPM-nin 302.1.3-cü maddəsinə əsasən, şikayətin icraata qəbulundan imtina üçün müstəqil və yetərli əsas yaradır. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin prima facie (ilk baxışda) cinayət tərkibi yaradıbyaratmadığını da müəyyən etməlidir. Cinayət prosesinin fundamental prinsiplərindən biri də in dubio pro reo (bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir) prinsipidir. Xüsusi ittihamçının təqdim etdiyi materiallar – media portallarından və xəbər saytlarından çıxarışlar birbaşa sübut olmamaqla bərabər, cinayət hadisəsinin özünün baş verməsini yox, məlumatın yayılması faktını təsdiq edir. Qeyd olunduğu kimi, təqdim edilmiş DVD diskdə də faktı təsdiq edən sübut aşkar edilməmişdir. Məhkəmə cinayət əməlinin törədildiyini təsdiq edən heç bir mötəbər sübuta malik deyil. Məhkəmə, sübuta yetirilməmiş faktlar üzərində mühakimə qura bilməz. Bu baxımdan, təqdim edilmiş şikayətdə CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv tərəfinin əsas əlamətləri yoxdur. Bu isə, CPM-nin 302.1.6-cı maddəsinin (“əməldə cinayət əlamətləri olmadıqda”) və 302.1.7-ci maddəsinin (“şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə”) tətbiqi üçün birbaşa əsasdır. "Şikayətçi öz müraciətində "İnsan Hüquqlarının və X4 haqqında" Konvensiyanın 6cı (ədalətli məhkəmə araşdırması) və 8-ci (şəxsi və ailə həyatına hörmət) maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 8-ci maddəsi dövlətdən şəxsin şərəf və ləyaqətini qorumaq üçün effektiv mexanizmlər yaratmağı tələb edir. Lakin bu, heç bir halda o demək deyil ki, məhkəmə sübuta yetirilməmiş iddialar əsasında cinayət təqibi başlatmalıdır. Əksinə, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası tələb edir ki, şəxsin təqsiri qanuni prosedurlar çərçivəsində mötəbər sübutlarla sübuta yetirilsin. Ona görə də, mövcud işdə şikayətin icraata qəbulundan imtina edilməsi Konvensiyanın ruhuna və prinsiplərinə tamamilə uyğundur." Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin imperativ prosessual normalarının pozulması ilə tərtib edilmiş, həm də maddihüquqi baxımdan əsassızdır. Çünki iddia olunan əməldə təhqir cinayətinin tərkibi yoxdur və ən əsası, cinayət hadisəsinin baş verməsi faktı hər hansı mötəbər və yolverilən sübutla təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-314/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-314/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver