Məhkəmə qərarları › İş №1(005)-316/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-316/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-316/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3,402 qram çəkidə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə və vaxtda əldə edib iki ədəd bükümdə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 aprel 2021ci il tarixdə saat 14:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 18 ünvanında yerləşən “MM” marketin yaxınlığında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıdığı, eyni tərkibli - təmiz çəkisi 3,402 qram narkotik vasitə olan heroin əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən iki ədəd polietilen material kəsiyində 1,743 qram və 1,659 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08.04.2021-ci il tarixdə səhər saatlarında iş axtarmaq üçün Binəqədi qəsəbəsində bir neçə yerə getmiş, iş axtarmağına baxmayaraq iş tapa bilməmiş və axşam saatlarında yaşadığı evə qayıtmaq istəmişdir. Həmin gün axşam saatlarından dayanacaqda avtobus gözləyən zaman ona bir nəfər şəxs yaxınlaşmış və bir ünvan soruşmuşdur. O da ünvanı başa salmış və həmin şəxs ona təşəkkür edərək onun adını soruşmuş, o da adını ona deyəndə həmin şəxs də özünün təqdim edərək Tərlan olduğunu bildirmişdir. Bu zaman həmin şəxs narkotik vasitə istifadə etdiyini, onun da narkotik vasitə istifadə edənə oxşadığını deyərək özündə bütün növ narkotik vasitələrdən və psixotrop maddələrdən olduğunu deyərək lazım olsa onları sata biləcəyini bildirmişdir. İlk başlarda həmin şəxsdən qorxmuş, lakin həmin şəxs ondan qorxmamağını deyərək üzərində olan narkotik vasitələrdən və psixotrop maddələrdən ona sata biləcəyini demişdir. O da narkotikin qramını neçəyə satdığını soruşanda, həmin şəxs heronin qramını 20 manata, psixotrop maddə metamfetaminin qramını isə 30 manata satdığını bildirmişdir. Daha sonra o üzərində 40 manat olduğunu və həmin şəxsdən 2 qram narkotik vasitə verməsini xahiş etmişdir. Həmin şəxs onu kənara, heç kimin olmadığı yerə dəvət etmiş və əlində olan əl çantasının içərisindən 2 ədəd bükümü ona verərək onların içərisində 2 qramdan artıq narkotik vasitə olduğunu bildirmişdir. O da bunun qarşılığında 40 manat pul verib, sağollaşıb, ayrılmışdır. Narkotik vasitələri isə gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün evə getmiş, lakin narkotik vasitələrdən istifadə etməmişdir. 09.04.2021-ci il tarixdə saat 14:20 radələrində evə gedən zaman Binəqədi rayonu, Mədən 1, Korpus 18 ünvanında yerləşən “MM” marketin yaxınlığında olanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu BMCMİ-yə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-yə gəlmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyaları təqdim etməyi xahiş etmişdir. O da üzərində narkotik vasitə heroin olduğunu deyərək 2 ədəd mobil telefonu, 20 manat pulu və əynində idman şalvarının sol cibindən 2 ədəd bükümü təqdim edərək onların içərisində narkotik vasitə heroin olduğunu, onları “Tərlan” adlı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Həmin bükümlər qablaşdılaraq götürülmüş və pulu özünə geri qaytarılsa da, mobil telefonları götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 09 aprel 2021-ci il tarixdə Binəqədi rayonu, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2 da daxil olmuşdur. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə onlar qeyd olunan yerə getmişlər. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 18 ünvanında yerləşən “MM” marketin yaxınlığında olduqları vaxt saat 14:20-də radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onun BMCMİ-yə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BMCMl-nə gəlmişdir. BMCMİyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Rüstəm Diniyevin xidməti iş otağına aparmış, orada dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunaraq konfidensial ünsiyyət saxlamaları üçün şərait yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi xahiş olunmuş, bundan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan gödəkcənin cibindən 02 ədəd mobil telefon, idman şalvarının cibindən pul vəsaiti, habelə həmin şalvarın digər cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, təqdim olunan mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmış, ardınca təqdim olunan pul vəsaitinə baxış keçirilmiş və 1 ədəd 20 manatlıq əskinaz olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra 02 ədəd bükümə baxış keçirilməsinə başlanılmış, şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və 1 gün əvvəl Binəqədi qəsəbəsi ərazisindən tanımadığı “Tərlan'” adlı şəxsdən hər biri üçün 20 manat ödəməklə 40 manata aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış qurtardıqdan sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir, həmin protokol hər bir iştirakçıya ucadan oxunmuş, əlavə və düzəliş olmadığından protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması barədə” 09 aprel 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-34-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-in 51.2, 51.3, 86.4.2, 207.4, 236 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi «Yusifbəyli və partnyorları» vəkil bürosunun vəkili X10 iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə 09 aprel 2021-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 14:20-də Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 18 ünvanında yerləşən “MM” marketin yaxınlığında saxlanılmışdır. Saxlanıldığı zaman anket məlumatları soruşulduqda özünü təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Şəxsi axtarış və götürmə 09.04.2021-ci il tarixdə saat 17:14-də «Sony» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı, şübhəli şəxs tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildi, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən ifadə ediləcəyi bildirildi. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkcənin sağ cibindən 02 ədəd mobil telefon, tünd göy rəngli mavi şalvarının sağ cibindən pul vəsaiti, habelə həmin şalvarın sol cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 02 ədəd mobil telefona baxış zamanı onların “Samsung J3” markalı və “Jinga” markalı mobil telefonlar olduğu müəyyən edildi, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirdi. Mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildi və 1 ədəd 20 manatlıq əskinaz olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarıldı. Bundan sonra 02 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və 1 gün əvvəl Binəqədi qəsəbəsi ərazisindən tanımadığı “Tərlan” adlı şəxsdən hər biri üçün 20 manat ödəməklə 40 manata aldığını dedi. Bükümlərə baxış zamanı kağız bükülü halda olmaqla içində spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd mobil telefonlar araşdırma zəruriyyəti olaraq saxlanıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə 09.04.2021-ci il tarixdə saat 17:26-də başa çatdı və videoçəkiliş dayandırıldı. Protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş, odur ki, imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 48-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2021-ci il tarixli 6/1405 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd polietilen material kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 1,743 qram, 1,659 qram ümumi təmiz çəkiləri 3,402 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 87-91-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-357/2021 saylı, 10.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 aprel 2021-ci iltarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 113-cü vərəqində olan Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 113-cü vərəqində olan Binəqədi qəsəbə inzibati ərazi idarəsi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 115-ci vərəqində olan AZ-İ seriyalı, 939597 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 28.07.2005-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X11 qeyd edilmişdir. Cinayət işinin 116-cı vərəqində olan AZE seriyalı, 18241437 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımova Nuray 24.03.2013-cü il tarixdə anadan olmuşdur. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında Qasımova Xəyalə qeyd edilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsinin Ambulator X1 dair 07 iyun 2021-ci il tarixli, 1783 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-127-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işin tövsif edilməsi haqqında” 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra ümumi təmiz çəkisi 3,322 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması və təqsirləndirilən şəxsi tanış etdikdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diskinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd diskə baxış keçirilərkən onun əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 02 ədəd polietilen material kəsiyində heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,402 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,322 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar