Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-318/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi ”A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə, saat 11 radələrində ünvan 2 ünvanda yerləşən "Golden Life" otelinin yanında əvvəllər tanımaqla yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə söhbət edərək şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu təhqir etməsini əsas gətirib qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq S. Nağıyevanın sol göz yarığının daralması ilə müşayiət olunan, sol göz ətrafının şişkinlik halında əzilməsi-hematoması kimi xəsarətlər yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərində yaşamağa yeri olmadığından hazırda 2022-ci ilin fevral ayının əvvəllərindən ünvan 3 ünvanda yerləşən “Golden Life otelində müvəqqəti olaraq bir otaqda zirzəmidə qalır. Həmçinin daimi işi olmadığından Bakı şəhərində fəhləlik edib pul qazanır. Zərərçəkmiş şəxs təxminən 2 il olar ki, sosial şəbəkə vasitəsilə tanıyır, ilk əvvəllər onunla ailə qurmaq niyyəti olduğundan birlikdə onunla daimi yaşadığı Astara rayonu Təngərud kəndində valideynləri ilə tanışlıq olmuşdur. İlk əvvəl münasibətləri yaxşı olsa da sonradan 2021-ci ilin avqust ayından Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətlərə son qoyulmuş və bir birindən ayrılmışlar. Buna baxmayaraq, Zərərçəkmiş şəxs onun tanışları yanında barəsində xoşagəlməz sözlər danışdığından ona çatdırmışdır ki, artıq aralarında olan münasibət bitmişdir Belə ki, 26 fevral 2022-ci il tarixdə o, müvəqqəti yaşadığı “Golden Life” otelində olarkən Samirə dayanmadan onun telefonuna yığmış, lakin onun zənglərinə cavab verməmişdir. Həmin gün saat təxminən 11 radələrində otelin istifadəsində olan nömrəyə Zərərçəkmiş şəxs yığdığından onu telefona çağırmışlar. Telefona cavab verdikdə məlum olmuşdur ki, Samirədir və onu otelin qarşısında gözləyir. Bundan sonra oteldən çıxmış və görmüşdür kı, Zərərçəkmiş şəxs otel qarşısında onu gözləyir. Təqsirləndirilən şəxs Samirə ilə birlikdə otelin yan tərəfinə keçmişlər ki, özləri söhbət etsinlər. Samirə isə durmadan onu və ailə üzvlərini təhqir etmişdir. Bu səbəbdən o, əsəblərini cilovlaya bilməyib, Samirə Nağyevanı susdurmaqdan ötrü qəsdən olaraq onun sifət nahiyyəsinə bir dəfə sağ əlinin yumruğu ilə vurmuşdur. Buna baxmayaraq vurduğu üçün ondan üzr də istəmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs çıxıb getmiş və səhəri gün Nərimanov RPİ-nin 16-cı PB-nə onu dəvət etdikdə gedərək baş vermiş hadisə barədə ətraflı izahat yazmışdır.Əməlindən peşmandır, vurmaq niyyəti olmasa da üzbəüz onu təhqir etdiyindən qəsdən olaraq bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmiş və daha sonrakı günlərdə ona zəng vuraraq üzr istəsə də Zərərçəkmiş şəxs ondan 5000 manat pul tələb etmişdir. Həmin vaxt mübahisələrinə heç kimin müdaxilə etməmiş və kənar şəxslər yığışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən sosial şəbəkə vasitəsilə tanımış və niyyətləri ailə qurmaq olmuşdur. Lakin 2021-ci ilin avqust ayında arada yaranmış söz-söhbətə görə ayrılmalı olsalar da aralarında heç bir narazılıq qalmamışdır. Belə ki, ayrılmalarına baxmayaraq Təqsirləndirilən şəxs onun barəsində müxtəlif şəxslərin yanında həmçinin mobil nömrəsinin whatsappına yazaraq xoşagəlməz sözlər demişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə xəbərdar etsə də o, mütəmadi danışmışdır. Belə ki, 26 fevral 2022-ci il tarixdə o özü tək Təqsirləndirilən şəxslə görüşüb söhbət etmək üçün və bir daha onu narahat etməməsi səbəbindən taksi ilə Hikmətin işlədiyi ünvan 2 ünvanın qarşısına gəlmişdir. Orada Hikmətin mobil nömrəsinə zəng vursa da cavab vermədiyindən otelin ümumi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub cavab verən şəxsdən xahiş etmişdir ki, Hikmətə desin ki, onu küçədə gözləyirlər. Bundan sonra Hikmət oteldən çıxmış və ona tərəf gəldikdə ona demişdir ki, yan tərəfə keçək ona sözü vardır. Birlikdə onunla otelin yan tərəfinə keçmiş və orada Təqsirləndirilən şəxs demişdir ki, niyə onun barəsində kimin yanında gəldi xoşagəlməz söhbətlər edir. Bu mövzuda onlar təxminən 20 dəqiqəyə kimi söhbətlər etsələr də, nəticədə aralarında mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs qəsdən olaraq sağ əlinin yumruğu ilə onun sifətinin sol tərəfindən bərk zərbə ilə vurmuşdur. Bundan sonra o, taksi sifariş edib həmin ünvanı tərk etmiş, lakin həmin gün işləri ilə bağlı polisə müraciət edə bilməmiş və 27 fevral 2022-ci il tarixdə ərazi üzrə Nərimanov RPİ-nin 16-cı PB-nə Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün müraciət etmişdir. Onun müraciəti üzrə təhqiqatçı Namiq Salmanov tərəfindən almış olduğu xəsarətin dərəcəsi müəyyən edilməsindən ötrü Məhkəmə Tibbi Ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmçinin ona 2.000 manat maddi, 3.000 manat mənəvi zərər dəymişdir.Hazırda şikayətçidir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməl nəticəsində ona vurulmuş maddi zərər kimi 2.000 manatın, eləcə də mənəvi zərərə görə 3.000 (oıı min) manatın, ümumilikdə 5.000 (beş min) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 fevral 2022-ci il tarixli “Şifahi ərizə prokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində ünvan 4 ünvanda tanışı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar qanuni tədbir görülməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 27 fevral 2022-ci il tarixli, 200 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol göz yarığının daralması ilə müşayiət olunan, sol göz ətrafının şişkinlik halında əzilməsi-hematoması-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbirinin seçilməsinı dair”19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini; törətdiyi əməli etiraf edib səmimi peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər: Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilir. 150.0, 150.0.1, 150.0.2-cı maddələrinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmiş, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd edilməmişdir. Göründüyü kimi mülki iddia cinayət prosessual qanunvericliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş üzrə maddi sübut yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı zərər tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun Bakı şəhəri "xxxx" ASC-nin “Şuşa” filialında olan hesabına (H/h AZ22AİİB********************, Bank rekvizitləri: "xxxx" ASC-nin “Şuşa” filialı, VÖEN: **********, Kod: 200167) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-318/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-318/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver