Məhkəmə qərarları › İş №1(005)-319/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-319/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-319/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə Dəvəçi rayonu Eynibulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, “Rodos” çay evinin icarədarı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qumar oyunları təşkil edib keçirmiş, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü ünvan 3 ünvanında fəaliyyət göstərən “Rodos” çay evinin kabinetində 4 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda müştərilər Şahid1, Şahid2, Şahid3 və X1 qumar oyunu oynamaları üçün kart dəstləri verib qida və içki məhsulları təqdim edərək, qumar oynanılan müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kabinetdə kart vasitəsilə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirəri nəticəsində 4 aprel 2024-cü il tarixdə saat 23:40-da onun razılığı və iştirakı ilə həmin kabinetə baxış və götürmə aparılan zaman orada Şahid1, Şahid2, Şahid3 və Ramil Bədəlovun qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 2 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq pul əskinasları, istifadə olunmuş oyun kartları və 1 dəst istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı təzyiq altında ifadə verərək özünü təqsirli bildiyini bildirmişdir. Şahid qismində ifadə vermiş şəxslər onun çayxanasının daimi müştəriləridir. Zalda masaların üzərində yalnız domino oyunu olmuşdur. Xususi ayrılmış otaqda isə masanın üzərində iki dəst kart olmuşdur. Dəstlərdən biri açılmamış vəziyyətdə olmuşdur. Polis əməkdaşları gəldikdə otaqda Ramil, Aydın, Bahadur və Həsən olmuşlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları çayxanaya gələn zaman çayxana açıq olmuşdur. Onun haqqında heç bir qonşu, sakin və digər şəxs tərəfindən şikayət daxil olmamışdır. Bu mümkün bir şey deyil. O, polis əməkdaşları tərəfindən şərlənmişdir. Onlar çayxanada kart oyunlarını özləri üçün həvəsə oynamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Rodos” çay evinə çay içmək üçün gəlmişdir. O, həmin ünvana daxil olmuşdur. Həmin ünvanda çay evinin müdiri olan Təqsirləndirilən şəxs da orada imiş. X2, Şahid2, Şahid3 ilə birgə çay süfrəsində əyləşmişlər. Daha sonra onlara Şahid4 da qoşulmuşdur. Onlar həmin məclisdə təxminən 22.00-22.30-dan gecə radələrinədək orada olmuşlar. Məclisdə çay içərək asudə vaxtlarını keçirərkən qərara gəlmişlər ki, məclisdən sonra qumar oynasınlar. Qumar oynamaq üçün çay evini işlədən Təqsirləndirilən şəxs onları kafenin içərisində olan xüsusi ayrılmış kabinetə dəvət etmiş və onlar, yəni Mehman, Ramil, Bahadur, Aydın və Şahid4 ilə birlikdə orada oturmuşlar. Həmin gün, yəni 4 aprel 2024-cü il tarixdə saat 23 radələrində onlar kartla qumar oyunları oynamağa başlamışlar. Oyunda o, Mehman, Ramil Bədəlov, Bahadur və Aydın iştirak edirmişlər. Qumar oyununu “seka” olaraq 1 manatdan oynayırmışlar. Həmin kafedə elə onlara qulluq edən də Təqsirləndirilən şəxs olmuşdur, onlara çay süfrəsini hazır etmişdir. Bundan əvvəl həmin kafedə qumar oynamamışlar. Onlar əsasən həmin kafeyə qumar oynamaq üçün deyil, asudə vaxtlarını keçirtmək üçün gedirmişlər. Təqsirləndirilən şəxs 30 ildən artıqdır ki, tanıyır, onunla əvvəl qonşu olmuşlar. Qeyd etmişdir ki, Şahid4 onlar qumar oynayarkən həmin kabinetdə olsa da, o, orada oyuna baxmışdır, qumar oynamamışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında o və dostları olan X2, Şahid3, Şahid2 və həm “Rodos” çay evinin müdiri olan, həm də dostları olan Təqsirləndirilən şəxs ilə qumar oynayan zamanı ünvan 5 ünvanında yerləşən “Rodos” çay evinə DİN-in əməkdaşları içəri daxil olaraq, özlərini təqdim etmişlər. DİN-in əməkdaşları oyunu dayandırmağı tələb etmişlər və qumar oynamaqları ilə bağlı onlara suallar vermişlər. Onlar özlərini təqdim etmişlər. Masanın üzərindən pul vəsaitləri və oyun kartları aşkar etmişlər. Əməkdaşlar tərəfindən onlardan, yəni qumar oynayanlardan bu şəraitin kim tərəfindən yaradıldığını soruşduqda, Təqsirləndirilən şəxs tərəfindən təşkil edildiyini bildirmişlər. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və onlar polis orqanına dəvət edilmişlər. Əməlinin qanunsuz olduğunu bilir və məsuliyyətini dərk etmişdir. Onlara qumar oynamaq üçün yeri Təqsirləndirilən şəxs öz işlətdiyi çay evində təşkil etmişdir. Qeyd etmişdir ki, yalnız bir dəfə həmin ünvanda qumar oynamışlar. Qumar oynamaqları üçün otaq təşkil etməsinə, şərait yaratmasına görə Təqsirləndirilən şəxs “seka” pulu olaraq onlar qumarı 1 manat ilə oynamışlar. Hətta “seka” pulu olaraq 10 manat pul vəsaiti Təqsirləndirilən şəxs onlara yer təşkil etdiyinə görə oyun zamanı əldə etmişdir. Təxminən 15-20 dəqiqə qumar oynamışlar. Qumar oynamaq üçün kart dəstini onlara ünvan 5 ünvanında yerləşən “Rodos” çay evinin müdiri Təqsirləndirilən şəxs vermişdir. Qeyd edilən ünvanda kartla qumar oynamışlar. Qumarxanada qumar oyunlarının oynanılmasında maddi marağı olmuşdur. Qumarxanada oyunun qalibinin kim olacağı əvvəlcədən heç cür bilinmirdi, bilinə də bilməzdi. Çünki qalibin kim olacağı həmişə qeyri-müəyyən olurdu, yəni kimin kartında rəqəm böyük olardısa, həmin şəxs də qalib olurdu. Qumarxanada qumar oynayan şəxslərin qalib gəlməsi oyunçunun əlində olan kartlardakı rəqəmlər digər şəxslərin kartlarındakı rəqəmlərdən böyük olardısa, onda həmin şəxs qalib olurdu. Bir sözlə bu təsadüfdən və bəxtdən asılıdır, əgər oyunçunun əlindəki kartlarda olan rəqəmlər böyük olardısa, onda həmin şəxs qalib olurdu. Qumar oynanılan otaqda Təqsirləndirilən şəxs onlarla birgə qumar oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə saat 01:15-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 5 ünvanında yerləşən “Rodos” adlı çay evinə baxış keçirilən zaman otaqda masa ətrafında və kənarda şəxslərin oturması, masa ətrafında qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 01 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs qumar oyunlarının keçirilməsi üçün yer təşkil etdiyinə görə “seka” pulu adı ilə təqdim edilmiş 01 ədəd 10 manatlıq əskinası, həmçinin qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar 01 dəst və istifadə olunmamış 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs qumar oyunlarının keçirilməsi üçün yer təşkil etdiyinə görə “seka” pulu adı ilə təqdim edilmiş 01 ədəd 10 manatlıq əskinası, həmçinin qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı və 04 ədəd disk maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası DİN-in Kibercinayəkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama - beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in Kibercinayəkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs qumar oyunlarının keçirilməsi üçün yer təşkil etdiyinə görə “seka” pulu adı ilə təqdim edilmiş 01 ədəd 10 manatlıq əskinası, həmçinin qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Cinayət işi üzrə maddi sübut – 04 ədəd disk disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Kibercinayəkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd 10 manatlıq, 09 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs qumar oyunlarının keçirilməsi üçün yer təşkil etdiyinə görə “seka” pulu adı ilə təqdim edilmiş 01 ədəd 10 manatlıq əskinası, həmçinin qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut - 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar